İmkan verməməliyik ki, məscidləri cəsus yuvasına çevirsinlər -

“İmkan verməməliyik ki, məscidləri cəsus yuvasına çevirsinlər”

Qüdrət Həsənquliyev: “Dövlət xarici xüsusi xidmət orqanlarına işləyən 5-6 nəfər adamın qarşısından qaçmamalıdır”


“Düşünürəm ki, Hesablama Palatası öz fəaliyyətinin öhdəsindən gəlir. Əlbəttə biz çox istəyərdik ki, aşkar olunmuş qanun pozuntuları ilə bağlı daha ciddi tədbirlər görülsün”.
Bu fikirləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin plenar iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun hesabatına münasibət bildirərkən deyib. BAXCP sədri prezidenti İlham Əliyevin Hesablama Palatasının hesabatının birinci səhifəsində yer alan fikirlərinə diqqət çəkib: “Hesabat Azərbaycan prezidentinin “Bizim maliyyə nəzarəti daha da gücləndirilıməlidir. Xüsusilə Hesablama Palatasının işi daha səmərəli şəkildə təşkil edilməlidir” sözləri ilə başlayır.
Burada çox üzücü fakt isə ondan ibarətdir ki, auditin aparıldığı bütün dövlət orqanlarında bu və ya digər maliyyə pozuntuları aşkar edilir. Deməli ölkədə maliyyə nizam-intizamı ilə bağlı ciddi problemlər var. Bu barədə mütəmadi olaraq Milli Məclisdə deputat həmkarlarımız danışırlar. Amma elə Hesablama Palatasının özünün hesabatlarında da bu barədə qeyd olunur. Bununla belə görünən odur ki, vəziyyət düzəlmir. Vaxtilə mən təəssüflə söyləmişdim ki, düzəlmək ehtimalı da yoxdur”.
Qüdrət Həsənquliyevin sözlərinə görə, Hesablama Palatasının hesabatının 62-ci səhifəsində göstərilir ki, nəzarət tədbirlərinin nəticəsi olaraq audit olunan qurumlar tərəfindən bir sıra inzibati tənbeh tədbirləri tətbiq edilib: “O cümlədən 33 nəfər işdən azad edilib, 51 nəfərə şiddətli töhmət, 220 nəfərə töhmət verilib, 18 nəfərə ciddi xəbərdarlıq, 115 nəfərə xəbərdarlıq edilib, 2 vəzifəli şəxs aşağı vəzifəyə keçirilib, 4 vəzifəli əməkdaşın vəzifə maaşının azaldıldığı bildirilib. Yəni tətbiq olunan cəzalar bundan ibarətdir. Əvvəla burada bilinimir ki, 33 nəfər işdən necə çıxarılıb. Yol verdiyi nöqsanlara görə, yoxsa ərizəsi yazdırıldığına görə? O da bir yerdən çıxıb gedib başqa yerdə işə düzəlir. Elə yeni işə düzəldiyi yerdə də köhnə qaydada olduğu kimi işləməyə başlayır. Xüsusi qərarla çıxarılsa da belə, bizim qanunvericilikdə onun başqa yerdə işləyə bilməməsi ilə bağlı məhdudiyyət nəzərdə tutulmur. Belə bir məhdudlaşdırıcı norma da yoxdur. Büdcə vəsaitlərini xərcləyən insanlar vəzifəli şəxs, savadlı insanlardırlar. Bu adamlar bizdəki bu prosesləri izləyirlər və hər dəfə çəkinmədən maliyyə pozuntularına yol verirlər. Onlar da hesablayırlar ki, əməlləri aşkar olunacağı təqdirdə ala biləcəkləri ən ağır cəza nə olacaq: Ya töhmət veriləcək, ya işdən çıxarılacaq, ya aşağı maaşlı işə keçiriləcək, ya da maaşından tutulmalar olacaq. Nəticədə isə çəkinmirlər və fikirləşirlər ki, bu cəzanın qarşılığında pul oğurlayaram, özümün, ailəmin və bütün gələcək nəslimin güzəranını düzəldərəm. Ona görə də burada neçə nəfərin cinayət məsuliyyətinə cəlb olunması, neçə işin istintaqının aparılması üçün Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi qeyd olunmalı idi”.

 

“Milli Məclisin büdcə və büdcəyə nəzarət komitəsi yaradılsın”

 

Qdrət Həsənquliyev bütün nöqsanların Hesablama Palatasından asılı olması fikri ilə razılaşmadığını bildirib: “Ona görə ki, Hesablama Palatası yalnız büdcə vəsaitlərinin xərslənməsinə nəzarət edir. Bu səbəbdən təklif edirəm ki, Milli Məclisin büdcə və büdcəyə nəzarət komitəsi yaradılsın. Çünki büdcəni Milli Məclis qəbul edir və ali qanunverici orqan kimi də onun icrasına nəzarət edir. Yəni bu, bizim birbaşa vəzifəmizdir. Hesablama Palatası əlbəttə, Milli Məclis tərəfindən formalaşdırılır, ora yüksək ixtisaslı mütəxəssislər, auditorlar cəlb olunur. Amma deputatlar büdcənin hazırlanması prosesində və nəzarət funksiyasının həyata keçirilməsində birbaşa iştirak etmirlər”.
BAXCP sədri bildirib ki, belə komitələr bütün ölkələrdə var və adətən inkişaf etmiş ölkələrdə bir qayda olaraq büdcə və büdcəyə nəzarət komitəsinə parlamentdəki müxalifət nümayəndələri rəhbərlik edirlər: “Yəni bu məsələ praktika da tətbiq olunur. Ona görə də hesab edirəm ki, biz də bir sivil ölkə kimi bu barədə düşünməliyik. Dövlət əmlakını mənimsəyənlər, maliyyə pozuntusuna yol verib dövlətin, xalqın vəsaitini oğurlayanlar ciddi şəkildə cəzalandırılmalıdırlar”.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədova müraciət edən BAXCP sədri qeyd edib ki, onun oğurlanan vəsiatlərin geri qaytarılması məsələsini öz qarşısına vəzifə kimi qoymasını müsbət dəyərləndirir: “Amma vəsaitin qaytarılması ilə yanaşı, ilk növbədə maliyyə pozuntusuna yol verən şəxslər də cəzalındırılmalıdırlar”.
Millət vəkili həmçinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestiri haqqında” qanuna dəyişiklilə bağlı da öz fikirlərini bildirib.
O “biz Milli Məclisin sonuncu iclasında qərar qəbul etdik ki, bank sirləri maliyyə nəzarət palatasına və kənar auditorlara da verilir. Əgər onu qəbul etmişiksə o zaman burada da kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar da həmin qurumlara verilə bilər”, - deyə vurğulayıb.
Qüdrət Həsənquliyev “Sovetski”də məscidlə bağlı yaranan məsələyə də öz münasibətini bildirib: “Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları polisə müqavimət göstərən saqqallıları araşdırsa bəlli olacaq ki, onlar bu və digər dövlətin xüsusi xidmət orqanlarına bağlıdır. Biz imkan verməməliyik ki, bizim məscidləri cəsus yuvasına çevirsinlər. Bütün Azərbaycan xalqının ən çox alqışladığı bu hökumətin qərarlarından biri də “Sovetski”nin yenidən qurulımasıdır. Biz bilirdik ki, orada vəziyyət nə yerdədir. Üfunət, antisanitariya, birmərtəbəli binalar... Vaxtilə Nardaranda da müəyyən adamlar hökuməti şantaj etməyə çalışırdı. Orada Azərbaycana müttəfiq olan dövlətlərin bayraqlarını yandırırıdılar, hər cür addım atırdılar. Dövlət hər dəfə bir addım atmaq istəyəndə deyirdilər ki, bu dindarlara qarşıdır. Hökumət də bu səbəbdən geri addım atırdı. Sonda da bu, təəssüf qanlı hadislərə gətirib çıxardı. Ona görə də dövlət indiki halda xarici xüsusi xidmət orqanlarına işləyən 5-6 nəfər adamın qarşısından qaçmamalıdır. Cənubi Qafqazda ən böyük məscid – Heydər Məscidi Bakıda tikilib. Kifayət qədər geniş yer var. Təzə Pir məscidi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dediyi kimi qeydiyyatda olmayan məsciddən 100 metr aralıdadır. Namaz qılmaq üçün də kifayət qədər yer var”.
Millət vəkili çıxışının sonunda Mətbuat Şurasını jurnalistlərin fəaliyyəti ilə bağlı monitorinq keçirməyə, treninqlər təşkil etməyə çağırıb: “ Mən o kadrlara baxanda dəhşətə gəldim. Yəni gələcəyi, perspektivi qabaqda olan gənc jurnalistin icra başçısı ilə, ağsqqal bir adamla o formada davranması təəccüb doğuran bir məsələdir. Ona görə də Mətbuat Şurası bəzi jurnalistlərin peşəkarlığının artırılması və onlara peşə etikasının öyrədilməsi istiqamətində müəyyən treninqlər keçirsə çox yaxşı olar”.


BayMedia.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !