Akif AĞAYEV : - ARZUSUNA ÇATAN ELŞAD + FOTO

Akif AĞAYEV : ARZUSUNA ÇATAN ELŞAD + FOTO

ELŞAD AĞAYEV – 50


ARZUSUNA ÇATAN ELŞAD


Aprelin 18-də Hişkədərə kənd tam orta məktəbində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərərək “Azərbaycan Bayrağı” ordeninə layiq görülmüş şəhid Elşad Aşur oğlu Ağayevin anadan olmasının 50 illiyinə həsr edilmiş anım mərasimi keçirildi.
Şəhidin adını daşıyan təhsil ocağında keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətininin, rayon təhsil şöbəsinin rəsmiləri, millət vəkili Elmira Axundova, ağsaqqal və ziyalılar, şəhidin doğmaları, müəllim və şagirdlər, KİV nümayəndələri iştirak edib.
Mərasim öncəsi iştirakçılar məktəb həyətində BVM-də həlak olanların və Qarabağ şəhidlərinin xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri qoydular.
Məktəbin iclas zalında davam edən tədbir açıq elan edildikdən sonra qəhrəman Elşad Ağayevin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra şəhidin həyat və qəhrəmanlığından bəhs edən videoçarx nümayiş olundu.
Məktəbin direktoru İlham Ağayev şəhid Elşad Ağayevin şərəfli ömür və döyüş yolu haqqında məlumat verdi. Bildirildi ki, 1967-ci ilin 18 aprelində Hişkədərə kəndində anadan olan E.Ağayev orta təhsilinin burada alıb. 1985-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri İnstitutuna daxil olub, həmin ilin noyabrında sovet ordusu sıralarına çağırılıb. Xidmət zamanı xüsusi kurs keçərək rabitə-kəşfiyyat hərb sənətinin incəliklərinə yiyələnib. Vətənə döndükdən sonra ali təhsilini (axşam şöbəsində) davam etdirməklə yanaşı bir müddət 28 May xəstəxanasında təsərrüfat müdiri, Bakı BTİ-nin 4 nömrəli tikinti-quraşdırma sahəsində sex rəisi vəzifəsində çalışıb.
Lakin torpaqlarımıza qarşı erməni təcavüzü Elşada rahatlıq verməyib. 1992-ci ilin martında könüllü olaraq Milli Ordu sıralarına yazılıb. Həmin ilin yayında Goranboy və Ağdərənin işğalçılardan təmizlənməsi əməliyyatında iştirak edib. Xüsusi təyinatlı mühafizə dəstəsinin tərkibində neçə-neçə döyüşdən mətanətlə çıxıb.
1992-ci ilin dekabrında diplom müdafiəsilə əlaqədar komandanlığın razılığı ilə ordudan tərxis edilib. 1993-cü ilin iyulunda ali təhsilini başa vuran Elşad tikinti mühəndisi ixtisasına yiyələnib.
Vətənin ağır günlərində respublika Prezidenti Heydər Əliyevin xalqa müraciətinə səs verən Elşad Ağayev bədənində gəzdirdiyi mərmi qəlpəsinə məhəl qoymadan yenidən silaha sarılıb. O, ikinci dəfə könüllü olaraq cəbhəyə yollanıb, Binəqədi batalyonunun tərkibində II bölük komandiri kimi Beyləqan bölgəsinin müdafiəsinə qalxıb. Bu ərazidə, 1993-cü il dekabrın 10-da saat 9-a yaxın düşmən 18 zirehli texnika və xeyli canlı qüvvə ilə hücuma keçib. Baş leytenant E.Ağayev döyüşçü dostaları ilə birgə qarşı tərəfin gözlənilməz zərbəsini dəf etməyə nail olub. Dəfələrlə yağı üzərinə şahin kimi şığıyan igid eloğlumuz düşmənin bir çox döyüş nöqtəsini susdurub, onlarca erməni məhv edib.
Yaralansa da döyüş mövqeyini tərk etməyən Elşad cəbhədaşları ilə 8 saat erməni quldurlarının qarşısını saxlayıb, onların Beyləqan istiqamətində irəliləməsinə imkan verməyib. Köməyə gələn əlavə qüvvələrlə birləşən əsgərlərimiz əks hücumla düşməni geri oturdub. Lakin bu döyüş E.Ağayevin son döyüşü olub – qumbara ilə düşmən tankını vurmaq istərkən namərd gülləsinə tuş gəlib.
Doğulduğu kənddə torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli fərmanı ilə Ağayev Elşad Aşur oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Ordeni ulu öndər Heydər Əliyev şəhidin anası Dilşad xanıma təqdim edib.
Vaxtilə təhsil aldığı Hişkədərə kənd tam orta məktəbi 1994-cü ildən onun adını daşıyır. Bir övladı var. 25 yaşlı Ərşad ali təhsillidir, Bakıda işləyir...
Sonra Masallı RİHB aparatının İctimai-siyasi məsələlər və humanitar şöbəsinin baş məsləhətçisi Nuranə Əliyeva rayon rəhbərliyi adından iştirakçıları salamladı, belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirdi.
Şəhidin dayısı Tofiq Babayev, qardaşı Rəşad, bacıları Aybəniz və Şəfahət yubileyin təşkilinə görə rayon rəhbərliyinə, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürlərini bildirib, xatirələrini söylədilər.
E.Ağayevin sinif yoldaşı Nazim Ağacanov qəhrəmanın vətənpərvər və alicənab bir insan olduğunu vurğuladı.
Millət vəkili Elmira Axundova Elşad Ağayevin timsalında Azərbaycan oğullarının cəsurluğu və rəşadətini Vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirdi. Natiq şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına diqqət çəkərək bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını nəzərə çatdırdı, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı əminliklə vurğuladı.
Məktəbin tarix müəllimi Bahadur Abdullayev sevimli şagirdi E.Ağayevin təhsil və idman uğurlarını xatırlatdı.
Masallı Xalq Teatrının aktyoru Cəmaləddin Əliyev və məktəbin bədii qiraət dərnəyinin üzvləri Ceyran, Şükür, Elnur, Alsu, Sayalı, Elvina, Mətin, Rəşad, Aygün, Kamil, Hacıağa və başqaları qəhrəmana həsr olunmuş vətənpərvər ruhda şeirlər, nəğmələr səsləndirərək tədbir iştirakçılarına duyğulu anlar yaşatdılar.
Sonda şəhidin xatirəsinə həsr olunmuş şeir, inşa, rəsm müsabiqəsində fərqlənən şagirdlərə tədbirin təşkilat komitəsinin Fəxri fərmanları təqdim edildi.


Akif AĞAYEV,


MASALLI. 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !