Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edib - + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Aprelin 27-də Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəranda cənub bölgəsinin sakinlərinin qəbulunu keçirib.


Qəbuldan öncə Ə.Qarayev və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhərin Heydər Əliyev Xatirə Parkında Ümummilli Liderin abidəsini ziyarət ededərək, önünə gül dəstəsi qoyublar.


Sonra Lənkəran şəhərindəki Mədəniyyət Mərkəzində Lənkəran da daxil olmaqla, qonşu Astara, Lerik, Masallı, Cəlilabad və Yardımlı rayonları sakinlərinin qəbulu keçirilib. Nazirliyin məsul əməkdaşlarının iştirak etdikləri qəbulda 30-dan çox vətəndaşın müraciətinə baxılıb. Müraciətlərin əksəriyyəti yerlərdə mədəniyyət müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılması, tarixi-mədəni abidələrin təmir-bərpası, bölgələrin turizm imkanlarının inkişaf etdirilməsi və digər məsələlərlə bağlı olub.


Lənkərandan qəbula yazılan vətəndaşlar tərəfindən respublikada qeydə alınmış tarix və mədəniyyət abidələri haqqında geniş məlumatları əks etdirən internet portalının yaradılması, uşaq rəssamlıq məktəbinin 35 illik yubileyinin keçirilməsi, əməyin qiymətləndirilməsini xahiş ediliblər.


Astara rayonundan qəbula gələnlər kitabxana mütəxəssislərinin online attestasiyasının təşkili, region üzrə "Ən fəal kitabxana" müsabiqəsinin keçirilməsi, ölkə daxili turistlərin statistikasını əks etdirən vahid elektron mərkəzin yaradılması və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.


Lerik sakinlərinin müraciətləri rayonda ikinci uzunömürlülər festivalının keçirilməsi, Kələxan kəndində yerləşən qalanın mühafizə olunan abidələr siyahısına daxil edilməsi, Heydər Əliyev Mərkəzinin kitab fondunun artırılması kimi məsələlərlə bağlı olub.


Masallı rayonundan qəbula gələn vətəndaşlar rayonun mədəniyyət kollektivlərinin xarici ölkələrdə keçirilən folklor festivalənda iştirakı, bölgələr arasında "regionlar günləri"nin keçirilməsi barədə xahiş ediblər.


Cəlilabad rayonundan qəbula gələnlər respublika istedad mərkəzinin yaradılması, Heydər Əliyev Mərkəzindəki kino salonunun dövlət sifarişi ilə çəkilən filimlərin verilməsi, rayon mərkəzi kitabxanasının gözdənəlillər üçün kitablarla təchiz edilməsi və digər məsələlər barədə müraciətlərini diqqətə çatdırıblar.


Yardımlıdan qəbula yazılan vətəndaşlar tərəfindən xalq yaradıcılığı paytaxtları proqramının 2018-ci ildə də davam etdirilməsi, nazirlik tərəfindən nəşr olunan kitabların elektron versiyasının kitabxanalara verilməsi, uşaq musiqi və incəsənət məktəbləri müəllimlərinin diaqnostik qiymətləndirilməsinin təşkilinə köməklik göstərilməsi xahiş edilib.


Qəbulda vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan digər məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlərisə aidiyyəti qurumlara çatdırılmaqdan ötrü qeydiyyata alınıb.
Ağaddin BABAYEV,

Lənkəran.

 

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !