Koreya səfiri Masallıda - + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Koreya səfiri Masallıda + FOTO (AZpress.AZ - Əlihüseyn Şükürov, Masallı)

Mayın 2-də Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun Masallı rayonunda səfərdə olub.
Səfər zamanı səfiri jurnalist Ə.Şükürov və fotomüxbir V.Novruzoğlu da müşayiət etmişdir.
Koreya səfiri Kim Çanq-Gyun və Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla anıblar.
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov tərəfindən səmimi qarşılanan səfirlə işgüzar görüş keçirilib.
Görüş zamanı rayon rəhbəri bu sahədə görülən işləri Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan və Koreya arasında qurduğu uğurlu siyasətin və dostluq əlaqələrinin bəhrəsi kimi dəyərləndirib. R.Hüseynov Azərbaycan və Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. Qeyd olunub ki, son 10 ildə iki ölkə arasında əlaqələr intensiv xarakter daşıyır, Azərbaycan dövləti Koreya Respublikasını iqtisadi əməkdaşlıq baxımından prioritet ölkə kimi qiymətləndirir. Azərbaycanla Koreya arasında iqtisadi əməkdaşlıq infrastruktur, energetika, inşaat, nəqliyyat, informasiya texnologiyaları, ətraf mühit, alternativ enerji kimi sahələrdə daha möhkəmdir. Siyasi və iqtisadi sahələrlə paralel olaraq mədəni, elmi-texniki və humanitar əməkdaşlıq da genişləndirilir.
Azərbaycan-Koreya münasibətlərinin inkişafında dövlət başçılarının rolunun xüsusi qeyd edildiyi görüşdə bütün istiqamətlərdə olduğu kimi, iqtisadiyyat sahəsində də əməkdaşlığın əhəmiyyəti vurğulanıb, əlaqələrin inkişaf perspektivləri barədə ətraflı fikir mübadiləsi aparılıb.
İcra başçısı Masallının tarixi, kənd təsərrüfatı və sənaye potensialı, mədəniyyəti, sakinləri, onların məşğuliyyəti haqqında geniş məlumat verib. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 sentyabr 2016-cı il tarixdə doqquzuncu dəfə Masallı rayonuna səfəri çərçivəsində Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin, “ASAN həyat” kompleksinin, Tarix-Diyarşünaslıq Muzeyinin, uşaq-incəsənət məktəbi, Masallı şəhərinin içməli su təchizatı layihəsinin açılışında iştirak edib. Ölkə rəhbərinin hər tarixi gəlişi yeni infrastrukturların qurulmasının planlaşdırılması və rayonun gələcək inkişafı üçün tövsiyələri ilə yadda qalır.
Rafil Hüseynov Prezident İlham Əliyevin tövsiyələrinə əsaslanıb rayonun mərkəzində 2034-cü ilə qədər baş planın təsdiqi və kəndlərdə yol strukturunun yaxşılaşdırılması, Viləşçay dəryaçasının ikinci növbəsinin tikintisi, çayçılığın və faraş tərəvəzçiliyin əvvəlki şöhrətinin bərpası, tütünçülük təsərrüfatlarının inkişafı məsələlərinə də aydınlıq gətirib.
Rayon rəhbəri Masallıda turizm üçün yaxşı şəraitinin olmasını qeyd edib.
Görüşdə çıxış edən cənab Kim Çanq-Gyun cənubun mirvarisi Masallıda səmimi qarşılanmaya görə RİH başçısına minnətdarlığını ifadə edib, Azərbaycan və Koreya xalqlarının mənəvi yaxınlığından danışıb. Ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini deyən koreyalı səfir Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həllini tapmasında maraqlı olduqlarını vurğulayıb. Səfir deyib:
– Ölkəmizin iqtisadiyyatının sənayeləşmə dövrünün başlanğıcı hesab edilən 1962-ci ildə Koreyada adambaşına düşən ümumi daxili məhsul 62 dollar idi. Bu rəqəmdə son 50 ildə 450 dəfə artım olub və 27.633 dollara qədər qalxıb. Belə yüksək göstərici və artım uzaqgörən və güclü liderliklə bərabər, Koreya xalqının çalışqanlığı və əqidə möhkəmliyi ilə mümkün olub.
Masallıya ilk dəfə səfər etdiyini deyən diplomat rayonun onda xoş təəssüratlar yaratdığını, maraqlı müzakirələrin keçirildiyini söyləyib. O, ölkəsi ilə Masallı arasında əməkdaşlığa, humanitar istiqamətlərdə müxtəlif layihələrin genişlənməsinə dəstəyini əsirgəməyəcəyini diqqətə çatdırib.
Səfir bundan sonra da Masallı-Koreya əlaqələrinin genişlənəcəyinə əminliyini ifadə edib.
Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun səmimi görüşə və yüksək qonaqpərvərliyə görə Masallı RİH başçısı cənab Rafil Hüseynova minnətdarlıq edib. O, deyib ki, Azərbaycanla Koreya arasında siyasi, iqtisadi və humanitar əməkdaşlıq üzrə əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılıb. Turizm ən vacib sahələrdən biridir. Gərək insanlar biri-birini görsünlər, tanısınlar ki, iki ölkə arasında əlaqələr buna uyğun inkişaf etdirilsin. İl ərzində 20 milyona yaxın koreyalı ölkədən xaricə turizm məqsədilə səfər edir.
Koreya səfiri elə həmin gün Heydər Əliyev Mərkəzini gəzib, uşaq-incəsənət məktəbində, Tarix-Diyarşünaslıq Muzeyində, “ASAN həyat” kompleksində, Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyində, boks və taekvondo mərkəzlərində olub, Masallının gözəl və əsrarəngiz təbiətini gəzib, hündürlükdən seyr edib. Səfir Masallı Tarix-Diyarşünaslıq Muzeyinin "Xatirə kitabı"nda ürək sözlərini yazlb. Muzeydə yaradılmış maraqlı guşələrdən biri də bu il 85 yaşı tamam olacaq “Yeni həyat” qəzetinin fəaliyyətini əks etdirən guşədir. Bu guşədə 1932-ci ildən bəri rayonun həyatını işıqlandıran, Masallının salnaməsinə dönən, inkişafına, gündəlik həyatına ayna tutan, baş verən olaylara münasibət bildirən əhalinin maarifləndirilməsi, müasir həyata inteqrasiya olunmasında xidmətləri, mətbu orqanın həyatının ayrı-ayrı anları əks olunur.
RİH başçısı R. Hüseynov Koreya səfirinə xatirə olaraq Masallı rəmzləri sayılan hədiyyələr təqdim edib.
Qeyd edək ki, görüş və Masallı ilə tanışlıq süfrə arxasında davam edib. Koreyalı səfir Masallı qonaqpərvərliyinə heyran qaldığını bildirib. Açıq havada, Heydər Əliyev parkında “Halay” ansamblının konsertinə və məktəbli oğlanlardan ibarət rəqs qrupuna tamaşa edib.
Qeyd edək ki, qonaq diplomat mayın 3-də Masallı və yerləri ilə tanışlığı davam etdirib.
Cənubi Koreya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-Gyun Masallıdan iki günlük səfərindən xoş təəssüratla ayrılıb.



ƏLİHÜSEYN ŞÜKÜROV.
Masallı.
Xüsusi olaraq "AZpress.AZ" üçün.
V.Novruzoğlu (foto). 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !