NƏSİBƏ ZEYNALOVA: - TƏRƏF MÜQABİLLƏRİMİN HAMISI TEATR VƏ KİNO KORİFEYLƏRİDİR

NƏSİBƏ ZEYNALOVA: “TƏRƏF MÜQABİLLƏRİMİN HAMISI TEATR VƏ KİNO KORİFEYLƏRİDİR

 Dünyada bir çox aktyorlar var ki, öz sənəti ilə həyatda şan-şöhrət qazanıbb, milyonlarla insanın qəlbinə yol açıb, həmin qəlbi işıqlandırıb. Üstən illər keçsə də, həmin sənətkarı yada salanda insanın qəlbi nurla dolur. Belə aktyorlardan biri də Azərbaycanın xalq artisti, əvəzolunmaz sənətkar, tamaşaçıların sevimlisi Nəsibə xanım Zeynalovadır. Hərdən öz sənətkarlarımız haqqında düşünəndə belə qənaətə gəlirəm ki, dövlətimiz onlara nə edibsə - mükafat, fəxri adlar – bütün bunlar azdır. Amerikanın Hollivud kinoindustriyasında böyük və qibtə ediləsi sənətkarlar çoxdur. Bizim sənətkarlar onlardan heç də geridə qalmırlar. Bu, həqiqi sözümdür. Tam səmimiyyətimlə deyirəm. Nəsibə xanım da bu əvəzolunmaz aktyorlar silsiləsinə daxildir. Onu sənətini həmişə uca tutmuşam, zirvə saymışam. Onun qoyub getdiyi sənət yolu bəlkə də böyük bir universitetdir. Gənclərimiz bu universitetdən çox çey öyrənməlidirlər.
Taleyimdən çox razıyam. Ona görə ki, jurnalis kimi şərəfli bir peşənin sahibiyəm. Əlimdə qələm neçə-neçə maraqlı insanlarla ünsiyyətdə olmuşam, müsahibə almışam, daxilən zənginləşmişəm, saflaşmışam. Tale elə gətirdi ki, Nəsibə xanım Zeynalovadan müsahibəni 1989-cu ilin aprel ayında Sumqayıt superfosfat zavodunda alası oldum. Müəssisəyə kimyaçılarla görüşə gəlmişdi. Fəhlələr onu gül-çiçəklə, alqışlarla qarşıladılar. Ayrı-ayrı tamaşalardan səhnəciklər göstərdi. Onu zaldan buraxmaq istəmirdilər. Saat yarımlıq görüş 3 saat çəkdi. Bu, Nəsibə xanıma qarşı olan böyük hörmətin və ehtiramın bariz nümunəsi idi. Görüşdən sonra çoxlu suallar verildi, hamısı aydın və dolğun şəkildə cavablandırıldı. Görüşdən sonra direktor Nərçə Ağayevin (Dünyasını dəyişib. Allah rəhmət etsin!) kabinetində çay süfrəsi arxasında ondan müsahibə aldım.
İlk sualm belə oldu.


-Nəsibə xanım, bəzi sənət adamları Sumqayıta gəlməkdən imtina edirlər, bunu onunla əsaslandırırlar ki, Sumqayıt kimyaçılar şəhəridir, hava çirklidir və sair. Siz isə... (sözümü kəsdi)


-Bala, bir dayan. Nə demək istədiyini anladım. Mənim üçün ilk növbədə tamaşaçının arzu və istəyidir. Onlar məndən nəsə tələb edirlərsə, sözlərini necə yerə salım? Bu zavodda çaılışanların əksəriyyətinin, ola bilsin, Bakıya gəlib tamaşaya baxmağa vaxtı və yaxud imkanı olmasın. Bu, təbiidir. Biz onların görüşünə getməliyik, onlarla ünsiyyətdə olmalıyıq. Onu da deyim ki, Sumqayıta gələndə hava çox təmiz idi. Çox da məsələni şişirtmək lazım deyil. İnsanın gərək qəlbi təmiz olsun, başa düşürsən, oğlum? Sumqayıt gözəl şəhərdir. Burada bir neçə dəfə olmuşam. Hətta çalışdığım Azərbaycan Dövlət Musiqili Dram Teatrı burada qastrol səfərlərində çıxış edib.


-İlk müəllimlərinizi və ifa etdiyiniz rolları xatırlayırsınızmı?


-Əlbəttə. Onları unutmaq olar? A.Tuqanov, R.Təhmasib, M.Həşimov, A.Gərəybəyli. Ölməz sənətkarlardır. Azərbaycan mədəniyyətinin parlaq ulduzlarıdır. İlk rollarımdan danışanda Şekspirin “Şıltaq qızın yumşalması”-nda Katarina, Molyerin “Don Juan”-nda Elvira, Şillerin “Mariya Stüart”-nda Yelizavetanı və başqalarını misal çəkə bilərəm. Hansını deyim, birdir, ikidir. Hər halda gəncliyimin parlaq səhifələri idi.


-Sizin atanız da məşhur aktyor olub. O, teatr sənətində böyük iz qoyub gedib. Cahangir müəllimin qızı Nəsibə xanım da aktyor sənətini seçdi. Sizin də oğlunuz Cahangir artıq püxtələşmiş hamı tərəfindən sevilən aktyor və rejissordur. Ailə sülaləsinin bir sənətdə birləşməsinə necə baxırsınız?


-Çox yaxşı. Mən respublikada neftçilər, rəssamlar, yazıçılar sülaləsini tanıyıram. Teatr sənətində niyə olmasın ki? Atam haqqında dediniz, çox sağ olun, oğlumun adını çəkdiniz buna görə də sağ olun. Bu sənət bizim alın yazımızdır. Biz onun daşıyıcılarıyıq. Amma bunu necə daşıyırıq, bax bu başqa məsələdir, bunu tamaşaçılar daha yaxşı bilir.


-Tamaşaçılar bunu yüksək qiymətləndirir. Nəsibə xanımın adı çəkiləndə insanları sifətinə təbəssüm, dodaqlarına zərif gülüş qonur. Hamı sizi sevir, alqışlayır. Bunu sirri nədədir?


-Bunun heç bir sirri yoxdur. Sənət sənət xətrinə ucala bilməz. Sənət ürəyinin bir parçasında yer tutmalıdır, ürək döyündükcə o da döyünməlidir. Başa düşürsən oğlum?


-Nəsibə xanım, 1974-cü ildə mən Azərbaycan Dövlət Universitetinin ikinci kursunda oxuyurdum. Bir gün Azərbaycan Dövlət Musiqili Dram Teatrında Sabit Rəhmanın “Hicran” komediyasına baxmağa getdim. Həmin gün Azərbaycan Kommunust Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev də iştirak edirdi. Yaratdığınız “Qızbacı” obrazı hamı tərəfindən alqışlarla qarşılandı.


-Düzdür. Tamaşadan sonra Heydər Əliyev pərdə arxasına gəldi. Yaradıcı heyətlə görüşdü, hamını təbrik etdi. Ümumiyyətlə H.Əliyev bütün tamaşalara baxır və öz fikrini söyləyirdi. Bu bizə yeni ruh, yeni qüvvə verirdi. 1974-cü ildə yaratdığım Qızbacı obrazına görə Azərbaycanın Dövlət mükafatına layiq görüldüm.


-Siz bədii filmlərə də şəkilmisiniz. Əksəriyyətində epizodik rollarda oynasanız da, tamaşaçıların yaddaşında qalmısınız. “Ögey ana”da Fatmanisə, “Qanun naminə”də Şəhla xanım, “Böyük dayaq”da Telli, ”Ulduz”da Züleyxa, “Bizim Cəbiş müəllim”də Suqra.


-Mənim üçün böyük, kişik rol yoxdur. Mənim üçün teatrın səhnəsi və tamaşaçısı var. Gərək öz oyununla hamının rəğbətini qazanasan.


-Əfsuslar olsun ki, bəzi aktyorlarda bu alınmır. Onlar rejissorlardan böyük rollar tələb edirlər, verilməyəndə incik düşürlər, kiməsə qısqanırlar. Sizin fikrinizi bilmək istərdim.


-Teatrda belə hallar olur. Mənə elə gəlir ki, bundan incimək olmaz. Hər bir obraz kiminsə boynuna biçilir, başqasında bu rol süni görünür.


-“Qayınana”da Cənnət xala kimi.


(Gülür) Rayonlara gedirəm, məni öz doğmaları kimi qarşılayırlar. Evlərə qonaq dəvət edirlər, süfrə açırlar. Hərdən çaşıb Nəsibə xanım demək əvəzinə, Cənnət xala deyə müraciət edirlər. Bu, mənim üçün xoşdur.


-Sizin Lütfəli Abdullayevlə duetiniz hamının yaddaşındadır. “Ulduz” filmindəki Züleyxa və Məhəmməd obrazları sanki filmin ana xəttini təşkil edir. Nəsillər biri-birini əvəz etdikcə yaratdığınız obrazlar necə də səmimi və inandırıcı görünür. Adam baxmaqdan yorulmur.


-Çox baxmısan o filmə?


-Bəli, azı 10 dəfə.


-Deməli, xoşuna gəlib?


-Əlbəttə.


-Bu rejissor uğurudur.


-Aktyor ansamblı uğursuz seçilsəydi, film uğurlu alınardımı?


-Məsələ ondadır ki, rejissorun seçimi aktyorların yaşına, oyun tərzinə, xarakterinə uyğun seçilib. Baş rolda Bəşir Səfəroğlu oynayıb. Əfsuslar olsun ki, vaxtından əvvəl dünyasını dəyişdi. Heyif ondan. Qaldı Lütfəli Abdullayevə o, böyük sənətkar idi. Əfsuslar olsun ki, o da dünyasını tez dəyişdi. O, canlı klassik idi. Onun ölümü ilə sanki səhnəmizdə bir boşluq yarandı. Bunu etiraf etməliyik. Ümumiyyətlə teatr və kino həyatımda tərəf müqabillərim professional aktyorlar olub. Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Mobil Əhmədov, Əliağa Ağayev, Mustafa Mərdanov, Hacıbaba Bağırov və başqaları.


-Sumqayıtlılara arzunuz?


-Ürək dolusu gülüş. Tibb elmi deyir ki, gülüş insanın ömrünü uzadır. Canınız sağ, ömrünüz uzun olsun.

Eyruz Məmmədov,
Pespublikanın əməkdar jurnalisti
(1989)

 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !