Sona Vəliyeva : - Qürurum

Sona Vəliyeva : Qürurum

( Çingiz Aytmatovun “ Qırmızı yaylıqlı qovağım mənim əsərinə )

 

Sevgidən ucada durar qürurum,
Yarıcan gedərəm, yardan gedərəm.
Soyuq yalanların buzunu qırıb,
Qəlbində yox olan vardan gedərəm...

 

Bir ömür yığdığım sərvət,var kimi
Yığıb xatirəni çıxıb gedərəm.
Əzabla qurduğum inam qalamı
Gözümün yaşıyla yıxıb gedərəm.

 

Nəfəsi, əlləri üstündə əsən
Bir qadın yoxluğu titrədər səni.
Bəlkə də , bir əşya itkisi kimi
Yaddaşın nə vaxtsa bitirər məni.

 

Son kərə qapının çırpılması da
Ömrünü – gününü alt üst eyləyər.
Hər gün qarış – qarış uzaqlaşmağın
Yol çəkən gözündə nöqtəyə dönər.

 

Qalmaq da getmək də ayrılıqdırsa,
Dağılan könlümü qurmağın çətin
Yuva qorumağa baş qarışınca
Nəyi unutmuşdu görən diqqətin ?

 

Yanıqlar, yaralar yağışa həssas,
Gözümün yaşından için nəm çəkər
Leysantək yağaram yuxularına
İlğım xəyallardan ümid göyərər.

 

Varammı, yoxammı nə fərq eyləyər,
Getməyim onsuz da arzulananmış.
Həsrətli sevginin ağrı – acısın
Yaxşı ki, ovudan qürur varıymış.

 

Sona Vəliyeva