“Ya məni öldürməli idilər, ya da Rauf Arifoğlunu” Azər Həsrətlə VİDEO MÜSAHİBƏ - + VİDEO

“Ya məni öldürməli idilər, ya da Rauf Arifoğlunu” – Azər Həsrətlə VİDEO MÜSAHİBƏ + VİDEO

 

Azər Həsrət: "Milliyətçi kəsim Elmar Hüseynovu sevmirdi"

 

Əməkdar jurnalist Azər Həsrət Unikal.org-a geniş videomüsahibə verib. O, söhbətində günün aktual məsələləri ilə yanaşı, Elmar Hüseynovun qətlindən sonra keçirilən mətbuat konfransında səsləndirdiyi fikirlər, Xədicə İsmayılın niyə ermənilər tərəfindən müdafiə olunması, vaxtilə hansı səbəbdən İsa Qəmbəri və sonradan İlham Əliyevi dəstəkləməsi barədə danışıb.

 

 


 

 

 

Ümumrusiya Azərbaycan Konqresinin ləğvi ilə bağlı Rusiyanın qəbul etdiyi qərara münasibət bildirən müsahibimiz qeyd edib ki, biz Rusiya dövlətinə o şəraiti yaratmamalı idik: "ÜAK azərbaycanlıların diaspor təşkilatı kimi fəaliyyət göstərməli idi. Onlar 2013-cü ildə Azərbaycandakı seçkiyə qarışdılar. Hətta prezidentliyə namizəd irəli sürdülər, onu dəstəklədilər. "Milyonerlər İttifaqı” deyə bir qurum yaratdılar. Yəni, siyasi oyunlara alət oldular. Bu da onların zəifləməsinə gətirib çıxardı, fikir ayrılıqları dərinləşdi. Zəifləmiş təşikaltı da məhv etmək və ləğv etmək asan məsələdir. Görünür, Rusiya hökumətinin də özünün gələcəklə bağlı planları var. O planlar əsasında təşkilatın ləğvinə şərait yaradıb. Burada üçüncü qüvvələrin də rolu istisna deyil. Xüsusən də erməni diasporunun. Ona görə də diasporumuzun güclənməsi üçün birlik olmalıdır və bu istiqamətdə çalışmalıyıq. Elə etməliyik ki, o ölkələrin dövlət qurumları bizim təşkilatların ləğvi və küncə sıxışdırılması barədə qərar qəbul etmək fikrinə düşməsin. Mən özüm də 2013-cü ildə ÜAK-ni tənqid etmişəm. Onların namizədi Rüstəm İbrahimbəyovla İlham Əliyevi müqayisə edirdim. Ciddi şəkildə fərq var. Mən o təşkilatın ciddiliyini şübhə altına alırdım. Necə olur ki, onlar İlham Əliyev kimi təcrübəli, 10 il prezidentlik təcrübəsi olan, yetişmiş bir siyasətçinin qarşısına Rüstəm İbrahimbəyov kimi siyasətdə əməyi olmayan bir adamı çıxarırlar. O tənqidlərə bu gün də yer var. Azərbaycan hökuməti bunun bir diaspora təşkilatı olduğunu düşünərək, umu-küsünü bir kənara atıb, təşkilatı müdafiə etməyə çalışır”.


 


 

 

 

Kəşfiyyat xidmətlərinin Xədicə İsmayıla konkret material verdiyini bildirən əməkdar jurnalist, bunun dövlətə qarşı təzyiq vasitəsi kimi istifadə edildiyini vurğulayıb: "Xədicə İsmayıl həmişə araşdırma jurnalistikası deyib, korrupsiyadan filandan yazır. Əslində mən o yolları bilirəm. Kəşfiyyat xidmətləri konkret olaraq bunun qarşısına hazır material qoyur. Xədicəgilin mənsub olduğu araşdırma jurnalistikası ilə bağlı olan təşkilat Mərkəzi Kəşfiyyat İdarəsindən başlayaraq müxtəlif kəşfiyyat xidmətlərinin ortaya atdığı bir layihədir. Kəşfiyyat xidmətləri adətən başqa dövlətləri nəzarətdə saxlamaq üçün səbəblər uydurarlar. Misalçün, Azərbaycan dövlətini, prezidentini nəzarətdə saxlamaq üçün onun qüsurlarını tapmaq lazımdır. İnsan haqqları, demokratiya və.s məsələlərlə bağlı məqamları uydurub əldə saxlamaqla prezident İlham Əliyevə təzyiq etmək üçün qarşısına qoysunlar ki, sənin ölkəndə bu problem var. Xədicənin korrupsiya araşdırması məsələsi də həmin qəbildəndir. Kəşfiyyat xidmətləri bu təşkilatı qurublar və lazım olanda ona müvafiq məlumatları ötürürlər ki, guya hardasa Azərbaycan prezidentinin 47 milyardlıq varidatı var. Mən bir dəfə onlara sual vermişəm. Azərbaycan dövlətinin büdcəsi hələ 20 milyardı keçməyib. Bu 47 milyardı haradan oğurladı? Burada dövlət büdcəsindən 2-3 dəfə artıq məbləğdən söhbət gedir. Bu tamamilə absurd bir ittihamdır”.

 

 


 

 

 

A.Həsrət Xədicə İsmayılla "Əl-Cəzirə” kanalında üz-üzə gəlməsindən də danışıb : "Xədicə İsmayıl Əl-Cəzirədə bir yazı yazıb. Onlar da bu yazını 3 May Dünya Mətbuat Azadlığı Gününə həsr olunmuş yazılar silsiləsindən yayıblar. Orada heç bir mənbəyə əsaslanmadan Xədicə sözün həqiqi mənasında ağzını qoyub Allah yolunda. Heç bir mənbə yoxdur göstərsin ki, filan sənəddə belə yazılıb. Mən də ona cavab olaraq jurnalistikanın prinsipləri haqqında bir yazı yazmışam. Qeyd etmişəm ki, jurnalistika belə məqamları sevməz. Faktın varsa, buyur qoy ortaya, yoxdursa, susmalısan. Ehtimallarla bağlı yazı yazırsansa, qarşı tərəfə fikrini ifadə etməyə imkan verməlisən. Xədicə bunları etməyib. Burada söhbət bitməli idi. Ancaq nə baş verdi? Xədicə sosial şəbəkələrdə işarə verdi ki, "hakimiyyətin sözçüsü mənə cavab verib”. Axı, mən hakimiyyətin sözçüsü deyiləm. Mən jurnalistəm. Ola bilər hakimiyyətə simpatiyam görünür, hiss olunur. Onun sosial şəbəkədəki işarəsi ilə ermənilər hərəkətə keçdi və məni təhqir etməyə başladılar. Məntiq ondan ibarətdir ki, Xədicə həmin adamlara işarə veribsə, onlar da hərəkətə keçibsə, deməli onlar birgə fəaliyyət göstərirlər. Biz belə məsələlərdə təmkinliyik, dözümlüyük. Əxlaqdan kənar heç bir reaksiya vermirik. Şəxsən mən o ermənilərin heç birinə reaksiya vermədim. Xədicə yazır ki, Azər Həsrət rüşvətlə dolanır. Mən də buna təəccüblə cavab vermişəm ki, rüşvət almaq üçün adamın əlində bir səlahiyyət olmalıdır. Mən müstəqil jurnalistəm. Mətbuat Şurasında təmsil olunuram. Orada da rüşvət verilməsi üçün heç bir səbəb yoxdur. Hazırda İctimai Yayım Şurasına üzv seçilmişəm. Burada da biz televiziyanın işinə qarışmırıq, sadəcə nəzarət edirik. Digər tərəfdən mən Güney Qafqaz Söz Azadlığı şəbəkəsinin sədriyəm. O da ictimai birlikdir, jurnalistləri birləşdirir. Burada da kiminsə mənə işi düşmür ki, rüşvət versin”.

 

Hakimiyyət haqqında radikal fikirlər səsləndirdiyi videonu özünün yaydığını diqqətə çatdıran A.Həsrət qeyd edib ki, keçmişinə görə utanmır, peşiman deyil, keçmişində səsləndirdiyi ən radikal fikirlərin heç bir sətrini silmək istəməzdi: "Əsgərliyim də var, 20 Yanvar hadislərində ən sərt şəkildə iştirak etmişəm, fərd olaraq bütün Meydan Hərəkatında iştirakım, Qarabağ Müharibəsi zamanı könüllü dəstələrə qoşulmaq cəhdlərim olub, tələbəlik dövründə kəskin radikal mövqe nümayiş etdirmişəm. Heç birindən də imtina etmirəm. Əbülfəz Elçibəyin getməsi və Heydər Əliyevin gəlməsi mənim universitet tələbəliyim dövrünə düşmüşdü. O dövrdə də çox fəal idim. Özümə görə jurnalistikada daha irəli getmişəm. İctimai fəaliyyətimdən qalmıram, siyasətdə də addımlarım var. Mənim tez-tez bir videomu yayırlar. Elmar Hüseynovun ölümü ilə bağlı keçirilən mətbuat konfransında səsləndirdiyim fikirlər əks olunan görüntüləri nəzərdə tuturam. Məsələ orasındadır ki, həmin videonu mən özüm yaymışam. Bəzən özünü tanımayan insanalar bunu qarşıma atırlar ki, bunu göstərək kiməsə? Deyirəm, ay Allahın bədbəxti, bunu mən özüm "YouTube”da dərc etmişəm. Sən nəyi kimə göstərirsən? Mən bunu gizlətməli olsaydım, çəkinsəydim, bunu silmək istəsəydim ki, hakimiyyət görməsin, bunu niyə yayırdım? Şəxsən özüm pul verib o videonu tapmışam. Həmin video ilə məni vurduqlarını düşünən insanlar var. Orada müqayisə üçün həmin çıxışımla İlham Əliyevi təriflədiyim fikirləri birləşdirib yayıblar ki, bu dünən elə danşırdı bu gün başqa cür danışır. Onlara cavab da vermişəm. Birinci, Elmar Hüseynovun ölümü bizdən birinin ölümüdür. Səhər tezdən biz Beynəlxalq Mətbuat Mərkəzinə yığışıb söhbət etmişik, danışmışıq, fikir bildirmişik. Mən orada nə deməli idim? Deməli idim yaxşı edib öldürüblər? Əlbəttə, orada ən sərt sözləri səsləndirməli idim. Mən o gün başımı baltanın altına qoymuşam. O kəslər ki, bu gün məni tənqid edib söyürlər, o adamların heç biri orada yox idi. Əli Kərimli, İsa Qəmbər, Eldar Namazov başqaları da həmin tədbirdə idi. Ancaq mənim qədər cəsarətli çıxış edən olmadı. Hamı da məni alqışladı. Çünki orada yığışanların hamısının ürəyindən keçənləri demişdim”.

 

 



 

Azər Həsrət deyir ki, 2015-ci ildə Əməkdar Jurnalist adı alması bəzi insanlarda qısqanclıq hissi yaradıb: " Təbii ki, bu ad çalışmalarıma görə idi. Mən həqiqətən də bunu haqq etmiş insanam. 1994-cü ildən bu yana jurnalistikadayam. Mən qısa bir müddətdə beynəlxalq səviyyəyə çıxmışam. Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə biləcək jurnalistəm. Bunu dövlət də görür, qiymətləndirir. Ona görə də mənə Əməkdar Jurnalist adı verildi. Cənab prezident İlham Əliyev bu adı özü təqdim etdi. Haqqımda danışanları yandıran əsas məqam var idi. Mən çıxıb AzTv-də demişdim ki, çox sevinirəm bunu mənə hansısa başqa dövlət deyil, öz dövlətim verir. Buna mən sevinməməliyəm? Bu adı mənə Amerika, Avropa verməyib. Verdikləri adı qəbul etmişəmsə, təşəkkürümü bildirməliyəm. Bu nəzakət qaydasıdır. Həmin adamlar bu dediklərimi müqayisə edirlər”.

 

Müsahibimiz hakimiyyətə münasibətinin dəyişməsinin səbəblərini də açıqlayıb: "2003-cü ildə İlham Əliyev prezident seçiləndə mən İsa Qəmbəri dəstəkləyirdim. Heydər Əliyev güclü, oturuşmuş, əzmi olan, sözü keçən, SSR kimi mürəkkəb bir ölkənin ən ali rəhbərliyində təmsil olunan bir şəxsiyyət idi. Yəni, Azərbaycan kimi balaca ölkənin idarə olunmasında onun problemi olmamalı idi. Ona görə də Heydər Əliyev məlum problemləri həll etməyi bacardı. Mən düşünürdüm ki, İlham Əliyev Rusiyada böyüyüb, o mühitin adamıdır, bizim milli mühitimizə yaxın olmaz, xüsusən türkçülük ideologiyasına zidd ola bilər. Ona görə İsa Qəmbəri dəstəkləmişdim. İllər keçdikcə mən gördüm ki, İlham Əliyev türkçülüyə də yabancı deyil, Azərbaycanın dövlət maraqlarını heç də zəif müdafiə etmir. O, Azərbaycanın müstəqil dövlət kimi tanıdılması, ayaqda durması üçün gecə-gündüz çalışır. Bu gün mənim nəzərimdə İlham Əliyev tam milli bir liderdir. Ailəsi ilə birgə Azərbaycanın dövlət maraqlarına xidmət edir. Mən 2003-cü ildə elə düşünürdümsə, durum ondan ibarət idisə, bizim yanlış təsəvvürümüz vardısa, illər keçdikdən sonra bu təsəvvürlərimiz alt-üst olubsa, mən niyə bunu etiraf etməməliyəm? Bu gün Azərbaycan barmaqla sayılıb seçilən bir ölkədir. O vaxt bizim ölkəni tanımırdılar. İndi Azərbaycan sözünü demək yetərlidir. Əgər mən dünən demişəmsə ki, bunlar adam öldürüblər, asıb-kəsiblər, bu zamanın tələbi idi”.

 

 

 

 

 

"Onlar ya məni, ya da Rauf Arifoğlunu öldürməli idilər”

 

Azər Həsrət:"Bu gün də tələb edirəm ki, Elmar Hüseynovun qətli açılsın. Amma ikinci variant haqqında bizdə heç kim danışmadı. Bu hadisəyə qədər Gürcüstanda, Ukraynada jurnalist öldürüldü və bundan sonra həmin ölkələrdə inqilab oldu. Jurnalistlərin ölmündən sonra ölkədə ictimai rəy körükləndirildi, əhali ayağa qaldırıldı, küçələrə töküldü ki, baxın, mətbuata basqı var, jurnalistlər öldürülürlər. Elmar Hüseynovun qətli də həmin silsilədən ola bilər. Üçüncü qüvvələr ölkə əhalisini ayağa qaldırmaq üçün jurnalisti qətlə yetirdilər. Elmar da kifayət qədər tanınmış, səs-küylü jurnalist idi. Sonradan mən dedim ki, əgər bunu edən üçüncü qüvvədirsə, Elmarı öldürməkdə səhv ediblər. Onlar ya məni,ya da Rauf Arifoğlunu öldürməli idilər. Çünki Elmar Hüseynov milli kəsimdə dəstək jurnalist adam idi. Milliyətçi kəsim Elmar Hüseynovu sevmirdi. Mən özüm də Elmarla həmişə məsafə saxlayırdım. Çünki onlar fərqli düşüncəyə, təfəkkürə malik insanlar idilər. Milliyətçi cameədən kimisə öldürsəydilər, bəlkə də inqilab olardı. Şükürlər olsun ki, bu baş tutmadı”.

 

H.Babayev


Unikal.org