Əbülfət MƏDƏTOĞLU : - MASAZIRDAN GÖNDƏRİLƏN İSMARIC

Əbülfət MƏDƏTOĞLU : MASAZIRDAN GÖNDƏRİLƏN İSMARIC

İstəməsəniz ona qapı açmayın


… Heç özüm gələ bilmirəm. Təkcə ürəyim sıxılmır, gözlərim də darıxır. Çünki ətrafda tanıdığım bir kimsə yoxdu. Hər gün, hər axşam salamlaşdığım, hal-əhval tutduğum insanlar, 25 ilə yaxın gözlərimə köçürdüyüm sifətlər elə bil ki, bir qasırğa nəticəsində gözlərimdən silinib. Və bu «silinmə» prosesi ürəyimi də zədələyib, sıxıntılarımı artırıb. Və mən növbəti dəfə yaşadığım köçkünlüyün azacıq unutduğum ilk təəssüratlarını yenidən yaşamağa başlamışam…


Onda da belə idi. Daha doğrusu, belə oldu. Kəndim yağmalandı, evim yandırıldı və məcbur olub köç etdik, qaçqın düşdük. Füzuli şəhərində çox dəyərli dostum kordioloq Rafiq Yusifli evinin açarını verdi mənə. Bircə kəlmə dedi:


- Buyur, bu ev oldu sənin, yaşa ailənlə!


Belə də etdim. Rafiq həkim öz adına, öz imkanlarına uyğun gözəl bir həyət ev idə tikmişdi Füzuli şəhərində. Üçmərtəbəli binadakı üç otağını mənə bağışlayıb, özü köçdü həmin həyət evinə. Evin kəm-kəsirinə baxmayaraq söylədi ki, içərisində yaşaya-yaşaya qalan problemləri çözərəm! Bu ürək həkimi Rafiqin ürəyinin səsi idi. Mənə təsəlli verən səsi… Sonra Füzuli işğal olundu… Yenə yır-yığış, yenə itirə-itirə köçmək… Bu dəfə Beyləqana… Özü də uşaq bağçasına… Bu rayonun dəyərli ziyalılarından olan rəhmətlik Fazil müəllim (o, həmin illərdə Beyləqanın təhsil şöbəsinin müdiri idi – Ə.M.) və hörmətli Mehdiyev (o da təhsil şöbəsində müavin idi – Ə.M.) məsləhətləşib uşaq bağçasının böyük otaqlarından birini boşaldıb ailəmizi orada yerləşdirdi. İndi də bu həyata öyrəşməyə başladıq…


Mən bunları ona görə xatırladıram ki, bütün bu köç proseslərində uşaqlarım bir çaşqınlıq yaşayırdılar. Çünki təzə ev, təzə məhlə, təzə uşaqlar, görmədikləri mənzərələr, alışmadıqları məqamlar və s. və ilaxır. Hamısı da uşaqlara təsir edirdi. Mən bunu açıq-aşkar duyurdum, görürdüm. Ancaq heç nə edə bilmirdim. Çünki ellə gələn bəlanı yaşayırdım. Düşmənin vurduğu yaraları gəzdirirdik özümüzlə… Öyrəşdik bütün bunlara, alışdıq… Uşaqlar da uyğunlaşdılar şəraitə. Çünki onlar hələ həyatın nə olduğunu, yurd-yuva itirməyin ağrı-acısını anlamırdılar. İndi müəyyən qədər uşaqların həmin illərdə çox kiçik yaşda olmalarına sevinirəm. Ona görə ki, ürəkləri mənim ürəyim qədər zədə almadı. Sadəcə, bir müddət köhnə şərait üçün darıxdılar. Sonra təzə yurd onlara hər şeyi unutdurdu. İndi isə...
İndi isə hər səhər işə gələndə özümdən asılı olmadan dayanıb uçurulmuş, dağıdılmış yurduma baxıram. Daşı daş üstündə qalmayan evimin gülləri, ağacları tapdalanmış məhəlləmin mənzərəsini ağrıyla, sızıltıyla seyr edirəm. Və tam səmimi etiraf edim ki, tapdalanan qızılgüllərin, yasəmən ağacının, eləcə də digər meyvə ağaclarının qarşısında özümü həm günahkar, həm də aciz görürəm. Ona görə ki, mən o ağacları çubuq halında kimlərdənsə aldım, istədim və onları gətirib sevə-sevə əkdim. Sən demə mən onları ölümə daha sürətlə yaxınlaşdırmışam. Mənim sevgim onların sonu imiş. Ona görə də tapdalanıb, doğranıb məhv olan ağacların, güllərin qarşısında günahım çətin ki, yuyulsun, çətin ki, bağışlansın. Acizliyim isə onları köçürməyə yer tapa bilməməyimdi. Nə qədər çalışdım bir əl içi boyda yer tapa bilmədim ki, onları da köçürüm, onları xilas edim. Bax, bu iki səbəbdən hər səhər özümdən asılı olmadan dayanıram eyni nöqtədə və bir anlıq avtobus gözlədiyim dayanacaqdan "küllüyü qalan evimə” baxıram. Məni doğru anlayın. Mən itirməkdən həmişə qorxmuşam, həmişə onun əziyyətini çəkmişəm. Bilmirəm nədəndisə sinirə bilmirəm itirdikdərimin acısını. İstər dost olsun, istər doğma, istərsə də bir qələm. Hansısa bir dostun, bir doğmanın mənə bağışladığı qələmi itirəndə də onu özümə dərd edirəm. Bəlkə də bu bir qüsurdu, bir xəstəlikdi və yaxud da hansısa bir anlamı var bunun. Lakin hər nədisə mən də belə bəndəyəm. Və belə olduğuma görə də yaxam dərdin, ağrı-acının əlindən qurtulmur. Hərlənib, fırlanıb döyür qapımı, özü də ikiəlli. Əlləri yorulanda, ağrıyanda yerdən daş götürüb daşla döyür ürəyimin qapısını. Ona görə də kağızla, qələmlə baş-başa qalanda misralarımın da yükü həmin dərd, kədər olur, ağrı-acı olur. Və öz-özümə pıçıldayıram:

 

Pərvanəsi dərd olan
Ürəyim şam tək sönür…
Üzü qara ümidlər -
Səssiz üstümə dönür…

 

Hə, bax, yazının əvvəlində dediyim kimi, Masazırda yaşamağa başlayan bir Bakı köçkünü olaraq hələ nə qonşuları tanıyıram, nə alış-veriş edəcəyim yeri. Doğrudur, ilk təmasda xoş olmayan bir ovqatla qarşılaşdım, daha doğrusu, bir xoş olmayan «sifət» çıxdı qarşıma. O Sifətin təəsüratı məni bir az da dərdə tərəf çəkdi. Belə ki, əşyalarımızı daşıyan maşın köçdüyümüz həyətə daxil olmaq üçün bir yer seçməli olduq. Təbii ki, divar qonşumuzun qapısının önündə, özü də geniş bir yerdə maşını saxladıq. Bir az keçmiş evin sahibi hay-küylü bir şəkildə üstümə gəldi:
- Xahiş edirəm bir də burda maşın saxlamayın! Mənim üç-dörd maşınım var… Sonra problemimiz yaranmasın…
Onun üzünə baxdım. Susdu. Nə fikirləşdisə:
- Ağsaqqal, mən xəbərdarlığımı etdim! Hə, bir də yəqin təzə qonşusunuz…

Məhəllədə eşitdiyim ilk söz, ilk «xoş gəldin» bu oldu. İndi bu ovqatla, özü də köçkün olan birisinin nələr yaşadığını, içindən nələr keçirdiyini yəqin siz də duydunuz. Mən onsuz da duyduğumu hər gün duyuram. Və ona görə də bu qısa müddət ərzində çalışıram ki, həmin sifətlə qarşılaşmayım. Axı bu ilk təmas onun kim olduğunu artıq mənə anlatdı. Və mən də bu qərara gəldim ki, bu cür sifətlərlə təmasda olmaqdansa, başını aşağı salıb öz yolunla getmək daha doğrudur. Zənnimcə sizlər də elə mənim kimi düşünərdiniz. Axı hər şeyin ilki təəsüratların başlanğıcı olur. Mən də bu təəsüratın diktəsilə yazdım ki:


Tez yola sal, tez öldür
Səndən doymadan gedim…
Bu ilan dərdlərimlə
Qabıq qoymadan gedim…


Qırıb qəmin, iradın
Neçə min yol sınadım…
Ruhum açıb qanadın -
Kəsib soymadan gedim…


Mən həm od, həm qor oldum
Dərd hördüyü tor oldum…
Elə et ki, yoruldum –
Sözün duymadan gedim…

 

***


İndi nəşriyyatın 6-cı mərtəbəsində bu yazını bilgisayara diktə edəndə dediklərimi kompüterin yaddaşına köçürən sevimli Gülər xanım üzümə çox qəribə nəzərlə baxdı. Və mən hiss etdim ki, hər şənbə təkrarlanan bu mövzu onda da müəyyən təəsüratlar yaradır, müəyyən fikir formalaşdırır. Və o bu mövzunu nə yazmaqdan yorulub, nə də mənim halıma acımaqdan. Özü də elə mənim durumuma düşübdü. Hətta baxışlarından hiss olunur ki, dərdi-kədəri daşıyıb onun iş otağına gətirmək onun ürəyincə deyil. Lakin bir məqam da var ki, sevimli Gülər xanım da müəyyən hisslərinə, xüsusilə ev dəyişmək, yurd dəyişmək duyğularına bir növü şərik çıxır. Onun da belə bir xatirəsi olduğundan məni anlayışla qarşılayır. Yazdıqlarımdan, diktəmdən yorulsa da, nə çəkdiyimi anlayır. Elə Gülərə də, məni anlayan hər kəsə minnətdar olmaqla yanaşı, demək istəyirəm ki, inciməyin, yazmaya bilmirəm. Deməyə bilmirəm. Sadəcə yazmaqla, deməklə heç nəyə çatmasam da, bir azacıq nəfəs alıram. Sanki bir udumluq hava qazanıram. Bu işin sonuna gəlib çatmaq üçün, lap elə bu yazının son nöqtəsini qoymaq üçün. Deməli, həyatın məndən və bizdən asılı olmayan bütün məqamları iki istiqamətdə hərəkətdə olur - gecədən gündüzə, gündüzdən gecəyə. Mən hardan hara getdiyimi, hardan hara hərəkət etdiyimi hələ də qavraya bilmirəm. Hətta yadıma rəhmətlik həmkarım, tələbə yoldaşım Zöhrab Əmirxanlının bir sözü düşür. O bir dəfə mənə telefonda təsəlli verib dedi ki, qardaş, dərdi çox silkələmə. Ondan tökülsə, yenə dərd töküləcək. Rəhmətlik Zöhrab bu fikrini sonra mənim internetdə paylaşdığım yazıma münasibət bildirərkən də xatırlatmışdı. İndi anlayıram ki, alma ağacından armud tökülmədiyi kimi, dərd ağacından da sevinc töküləsi deyil. Deməli, mənim içimdəki dərd ağacı ancaq dərd çiçəkləyir, dərd yetişdirir… Və mən də o dərd ağacının gövdəsinə söykənib hansı tərəfə baxıram baxım, gördüyüm ancaq gövdəsinə sığındığım ağacın çiçəkləri olur. Həmin çiçəklərə isə bu misraları pıçıldayıram.

 

Əlim çatmır özümə
Özüm özümdən uzaq…
Dəyir daha gözümə -
Gözüm gözümdən uzaq…


Sanki dəli bir külək -
Əsdirdi qəfil fələk…
Yaman düşdü, ay mələk -
Gözüm gözündən uzaq…


Bulud endi üstümə
Bülənd oldu tüstümə…
Alışmadı istimə -
Ocaq közümdən uzaq…


Hər gün şam tək sönürəm
Yarı yoldan dönürəm…
Gözün aydın, ölürəm -
Bitən dözümdən uzaq…

 

***


Gecənin tən yarısıdı. Səhərin açılmasına bilmirəm nə qədər vaxt qalıb. Ona görə tən yarısı deyirəm ki, saat 00:03 göstərir… Ona görə səhərin açılmasına nə qədər qalıbdı deyirəm ki, bu səhərin nə vaxt, necə və kimin üçün açılacağını da bilmirəm. Bax, bu mücərrədliyin içərisində bir balaca vahimələnirəm. Çünki Masazırda yaşamağa başladığım ərazidə çox dərin bir sükut var. Və yaşadığım evlə qəbiristanlığın arası da az qala beş iynə boyu yoldu. Burdan gələn bir sükut da var ətrafımda. Elə o sükutun içərisində düşünürəm ki, «Azərbaycan» nəşriyyatında iş otağımın pəncərəsi də Yasamal qəbiristanlığına baxır. Bilmirəm təsadüfdu, yoxsa bu mənim tale yazımın növbəti sətri. Təsadüf demişkən, hörmətli Fəridə Rəhimli ötən şənbə «Ədalət»də bir «Təsadüf» yazısı yazmışdı mənimlə bağlı. Qaçqınlığımı, gəlib «Qaçaq Nəbi» küçəsinə sınğınmağımı vurğulamışdı. Ona da, özümə də xatırladıram ki, Yasamal və Masazır qəbiristanlığına baxan pəncərələrim də görəsən təsadüfdü, yoxsa?..
Bəli, indi bu təsadüflərin, bu sükutun və nəhayət, bu düşüncələrin içərisində demək istəyirəm ki:

 

Bütün gecəni
ulduzları saydım

bütün gecəni
saydığım ulduzlardan
nə birini,
nə də birinin
qəlpəsini qopardım…
sadəcə
səhərə
bütün gecədən
yaddaşımda
və gözlərimdə
ulduz apardım…
götür gözlərimdən
onu sən
qoy bəxt ulduzun olsun…


***


Bu yazı Bakı köçkününün Masazırdan ilk ismarıcıdı. Mənə elə gəlir ki, bu ismarıcın döydüyü qapılar onun üzünə açılmayacaq. Çünki ismarıc sahibi dərdə öyrəşmiş, dərdə köklənmiş adamdı. Dərd isə heç vaxt nə özü, nə də sahibi üçün işıq yandırmır. Əksinə, kimlərinsə qanını qaraldır, əsəblərinə toxunur. Belə olan halda isə adam dəcəl, pis uşağa çevrilir. Mən də həmin o pis uşaqlardan biri kimi yazımın sonunda da kədərə xitab edirəm.

 

Bir kədər var içimdə
Kimisəyə xoş gəlməyən…
Hər tərəfi dolanıb -
Üstümə boş gəlməyən…


Mən yolun gözləmirəm
İsmarıc da etmirəm…
Özü açır qapımı -
Mən ardınca getmirəm…


Kədər olub ərköyün
Mən də üzüyumuşaq…
O halımla gözündə -
Pis uşağam, pis uşaq…


Sizlərə yaxşı, sevən və sevilən olmaq arzusuyla Masazırdan növbəti ismarıca qədər…


ƏDALƏT.AZ