- Əflatun Amaşov pozitiv ovqat yaradan insan haqqında yazdı

Əflatun Amaşov pozitiv ovqat yaradan insan haqqında yazdı

Həyatda elə adamlar var ki, onları görmək, onlarla söhbətləşmək zövq verir, pozitiv ovqat yaradır. Fərqi yoxdur mövzu nə barədədir, hansı məsələləri müzakirə edirsən, bu tip adamlarla ünsiyyətdə rəvanlıq, axıcılıq var. Fikir mübadiləsi saatlarla davam etsə də, yorulmadığına görə elə düşünürsən ki, söhbət hələ yenicə başlayıb. Bu gün belə səmimi keyfiyyət daşıyıcısı olan dostumuz – “Novoye vremya” qəzetinin baş redaktoru Şakir Ağayevin 50 yaşı tamam olur. Bu münasibət ilə Şakiri ürəkdən təbrik edirəm.
Şakir Ağayev peşəkar jurnalistika dəyərlərini üstün tutan, bununla bağlı bəlli prinsipləri və baxışları olan, daim ziyalı mövqeyi ilə seçilən qələm sahibidir. Yubilyar eyni zamanda jurnalistikanı Qarabağ həqiqətlərini yaymaq, ədalətli mövqeyimizi təbliğ etmək naminə silaha çevirməyi bacaran dəyərli həmkardır. Onun 1999-u ildə “Novoye vremya” qəzetini təsis etməsi də məhz bundan irəli gəlirdi. Rus dilində dünyaya xitab etməklə Şakir Ağdam və Şuşa niskilinə son qoymaq üçün yeni zaman yetişdirməkdə qərarlı idi.
Şakir Ağayev 18 ildir ki, qərarında israrlıdır, qətiyyətli mövqeyinin isbatı olan “Yeni zaman” peşəkar dəst-xəttinə sadiqdir. 50 illik yubileyi münasibəti ilə Şakirə bir daha təbriklərimi çatdırmaqla ona uzun ömür, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyirəm. Ən böyük arzum isə budur ki, yubilyar dostumuz Qarabağın düşmən işğalından qurtulmasından sonra başlanacaq yeni zamana şahidlik etsin.
50-ci doğum günün mübarək olsun, əziz həmkar! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !