Bəxtiyar SADIQOV : - Azərbaycan İslam dünyasının ən güclüsüdür

Bəxtiyar SADIQOV : Azərbaycan İslam dünyasının ən güclüsüdür

İlham Əliyev Azərbaycanın dünyada tanıdılmasının rəngarəng formalarından məharətlə istifadə edir



“Azərbaycan dünyaya günəş tək doğacaqdır” - Vaxtilə, ulu öndər Heydər Əliyevin böyük müdriklik və uzaqgörənliklə söylədiyi bu fikirlər öz yerini alır!
Azərbaycan nəinki “dünyaya günəş kimi doğur”, üstəlik, həmin günəşin istisindən və işığından dostlar fərəhlənərək bəhrələnir, düşmənlər isə baxıb kor olurlar!
Bu gün müstəqil Azərbaycanın hüsnünü və növrağını görənlər inana bilmirlər ki, bu ölkə iyirmi altı il bundan qabaqkı ölkədir: iqtisadiyyatı dağılan, xaos və anarxiya burulğanında boğulan, hakimiyyət uğrunda aramsız mübarizə gedən, torpaqları kəndbəkənd işğala məruz qalan, insanlarının sabaha ümidi olmayan, düşmənləri isə onu dünyaya “məzlum”, “zavallı millətə” zülm edən “vəhşilər” kimi təqdim edən həmin ölkə!
Ulu öndər Heydər Əliyev bu ölkəni də dəyişdi, ona olan münasibəti də!
Cənab İlham Əliyev isə Azərbaycanı yeni imicə və inkişaf mərhələsinə çıxardı!

Amma bütün bunlar sadə və asan başa gəlmədi!
Xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıdan ümummilli lider Heydər Əliyev gecəni-gündüzə qataraq heç kəsin görə bilməyəcəyi işləri qısa müddətdə uğurla həyata keçirdi. Müharibə cəbhəsində atəşkəsə nail olundu, qanunsuz silahlı dəstələr ləğv edilərək əhalidəki külli miqdarda silah-sursat yığıldı, ölkədə əmin-amanlıq, möhkəm və dönməz sabitlik yaradıldı.
Bundan sonra gələcəyə ünvanlanan addımlar atıldı. Yeni Konstitusiya qəbul edilərək demokratik, hüquqi dövlətin əsasları qoyuldu, sərbəst bazar iqtisadiyyatı münasibətlərinə keçidi təmin edən islahatlar aparıldı. Çətin və məsuliyyətli danışıqlar prosesindən sonra Azərbaycanın dünyaya inteqrasiyasını sürətləndirən, iqtisadiyyatımız üçün lokomotiv rolunu oynayan və dünyanın aparıcı dövlətlərinin maraqlarını Azərbaycanın maraqları ilə uyğunlaşdıran “Əsrin müqaviləsi” kontraktının imzalanmasına və ölkəmizin Avropanın etibarlı enerji təchizatçılarından birinə çevrilməsinə nail olundu. Ulu öndər Heydər Əliyev Azərbaycanın ətrafında yaradılmış informasiya blokadasını dağıdaraq respublikamız haqqında əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırdı.
Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev görülən işləri müvəffəqiyyətlə davam etdirərək ona yeni rəng və çalarlar gətirdi.



AZƏRBAYCANIN DÜNYAYA YENİ İMİCDƏ TƏQDİMATI



Çoxcəhətli və çoxşaxəli fəaliyyət göstərən cənab İlham Əliyev müstəqil Azərbaycanın adının və nüfuzunun yüksəldilməsi, yeni, müasir və modern dövlət imicinin formalaşdırılması üçün böyük enerji və zəhmət sərf etdi. Gördüyü hər iş, həyata keçirdiyi hər tədbirlə müstəqil Azərbaycanı daha da ucaltmağı, dünyaya mühüm töhfələr verən gənc dövlət kimi tanıtmağı bacardı. Bu yolda hər bir vasitə və məqamdan məharətlə istifadə edirdi.

MƏSƏLƏN:
Siyasi sahədə
Azərbaycan 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının üzvü oldu. Cənab İlham Əliyev Təhlükəsizlik Şurasının ilk iclasına sədrliyi zamanı bəyanatla çıxış etmək səlahiyyətindən istifadə edərək dünyada sabitliyin və əmin-amanlığın bərpası, terrorizmə qarşı birgə mübarizənin gücləndirilməsi zəruriliyindən danışdı, erməni faşizminin mənfur simasını ifşa etdi!
Cənab İlham Əliyev dünyada ikili standartlara son qoyulmasının zəruriliyini, BMT-nin işinin səmərəsinin artırılması və onun qəbul etdiyi qərarların icrasının təmini üçün bu ali qurumda islahatlar aparılmasının vacibliyini dönə-dönə qeyd etmiş, hətta onun tribunasında çıxışı zamanı bu təklifini də səsləndirmişdir.
Deməli, Azərbaycan dünyanın taleyini də düşünür.
İqtisadi sahədə
Cənab İlham Əliyev dünya dövlətlərini bir-birinə qovuşduran transmilli layihələrin çəkilməsinin təşəbbüsçüsü, maliyyələşdirəni və icraçısı kimi də tanınmaqdadır. Artıq ölkəmiz Avropanın təbii qazla təminatında da yeni tərəfdaş kimi çıxış etməkdədir. Dünyada “Nabukko”, “Şimal axını” və digər layihələrin çəkilişi ilə bağlı uzun-uzadı müzakirələrin getdiyi bir vaxtda cənab İlham Əliyev səmərəli danışıqlar yolu ilə “Cənub qaz dəhlizi”nə həyat vəsiqəsi verdi. Dörd hissədən ibarət olan (Şahdəniz-2 yatağının işlənməsi, Cənub Qafqaz Boru Kəməri, TANAP və TAP), çəkilişinə 40 milyard dollardan çox sərmayə yatırılan bu kəmər iştirakçı dövlətlərin hər birinə, o cümlədən Avropaya böyük fayda gətirəcəkdir. Onun birinci hissəsinin istismara buraxılmasına isə az qalır.
Cənab İlham Əliyevin təşəbbüsçüsü olduğu layihələr ona görə həyatidir ki, orada hamının maraqları təmin olunur.
Mədəniyyət sahəsində
Dünyaya, Avropaya inteqrasiya edən Azərbaycan təkcə onlardan öyrənməyə çalışmır. Eyni zamanda, özünün qədim və milli mədəniyyəti ilə Avropa mədəniyyətinə yeni töhfələr də verir. Demokratik dəyərləri mənimsəyən, mətbuat və söz azadlığını, fikir plüralizmini təmin edən, insan hüquqlarına hörmətlə yanaşaraq onu qoruyan Azərbaycan Yaxın Şərqdə ilk demokratik respublika, qadına seçki hüququ verən ilk müsəlman ölkəsidir. Azərbaycan özünün qədim mədəniyyət nümunələrini dünya ilə səxavətlə bölüşür. Heydər Əliyev Fondunun təşəbbüsü ilə İçərişəhər və Qobustan tarixi memarlıq qoruqları, habelə aşıq sənəti, tar ifaçılığı və Novruz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınmışdır. Ölkəmiz “Eurovision” mahnı müsabiqəsində qalib çıxaraq onun yarışmalarından birini paytaxt Bakıda təşkil edərək Qərb musiqi mədəniyyətinə də dərindən yiyələndiyini sübut etmişdir.
Azərbaycan xalqı öz mədəniyyət nümunələri ilə də tanınmaqdadır.
Dünyada sülhə, sabitliyə xidmət
Müasir dünya təlatümlər içərisindədir. Ərzaq qıtlığı, yoxsulluq, təbii fəlakətlər bir yana, “rəngli inqilab”lar, “ərəb baharları”, məhəlli müharibələr insanları evsiz, işsiz, çörəksiz və vətənsiz qoyur, minbir əzab-əziyyətə düçar edir! Ölkələr daxilində belə bir vəziyyətin yaranmasına səbəb son dövrlərdə milli və dini ayrı-seçkiliyin alovlandırılması, ksenofobiya və islamofobiyanın körüklənməsidir. Bu isə nəinki müxtəlif sivilizasiyalara məxsus insanlara, hətta belə vəziyyətin yarandığı dövlətlərə də yaxşı heç nə vermir. Multikulturalizmi dinc yanaşı yaşamağın ən yaxşı vasitələrindən biri kimi təqdim edən Azərbaycan bu sahədəki təcrübəsini də hamı ilə ürəklə bölüşür. Təsadüfi deyil ki, dövlət başçısı cənab İlham Əliyev 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdi.
Artıq dünya Azərbaycanı tolerant və multikultural dəyərləri hörmətlə qoruyub saxlayan bir dövlət kimi tanıyır.
Yeni nəqliyyat dəhlizləri
Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Böyük İpək yolu layihəsi cənab İlham Əliyev tərəfindən başa çatdırılmaqdadır. Müxtəlif nəqliyyat vasitələrini əhatə edən, bir çox dövlətlərin ərazisindən keçən, uzaq diyarları yaxın edən bu layihə təkcə ərazisindən istifadə olunan ölkələrə deyil, bütün dünyaya fayda gətirəcəkdir. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin işə salınması yalnız hərəkətin sürətini artıraraq yükdaşımalara sərf olunan zamanı azaltmayacaqdır. İnsanlar istehsal etdikləri məhsulları bir-birlərindən daha tez və ucuz alacaq, vaxta qənaət edəcək, yeni iş yerləri açılacaq, bütövlükdə xalqların rifahı yüksələcəkdir. Bu layihəyə öz töhfəsini verən hər dövlət öz payını da götürəcəkdir.
Yeni nəqliyyat dəhlizləri Azərbaycanın logistika mərkəzi kimi də nüfuzunu artırır.
Qaçqın və məcburi köçkünlərə qayğı
Qırmızı imperiyanın dağılma səbəblərindən biri olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi SSRİ-də yaranan ilk və ən uzunömürlü münaqişədir. Hərbi əməliyyatlar zamanı 20 min şəhid verən, ərazisinin 20 faizini itirən Azərbaycanda bir milyondan çox qaçqın və məcburi köçkün vardır. İqtisadiyyatın dağılması, müharibənin vurduğu zərbələr böyük çətinliklər yaratmışdı. Lakin ulu öndər Heydər Əliyev yaranan ağır vəziyyətdən çıxış yolu tapmağı, bu binəva insanlara həyan durmağı bacardı. İlk dəfə ulu öndərin rəhbərliyi dövründə qaçqın və məcburi köçkünlərə dövlət qayğısının səmərəli forması və icra mexanizmi yaradıldı. “Bir nəfər də olsun qaçqın və məcburi köçkün çadır şəhərciyində qalmayacaqdır” - deyən cənab İlham Əliyev öz vədinə vaxtından qabaq əməl etdi. Daimi yaşayış yerini müvəqqəti tərk etmiş bu insanlara sistemli dövlət yardımı göstərilməklə yanaşı, 95 müasir tipli qəsəbə və yaşayış kompleksi tikilərək onların əsas hissəsinin yaşayış şəraiti xeyli yaxşılaşdırıldı.
600 milyonluq Avropa bir neçə yüz minlik qaçqın qarşısında aciz qalmışdır!
10 milyon əhalisi olan Azərbaycan isə bir milyon qaçqına daim qayğı və diqqət göstərməkdədir!
BMT-nin Qaçqınların İşi üzrə Ali Komissarlığı Azərbaycanın bu təcrübəsini bütün dünyaya yaymağı qərara almışdır.
Dağlıq Qarabağ probleminin həlli
Müstəqillik dövründə Azərbaycanın həll edə bilmədiyi yeganə məsələ ərazi bütövlüyünün bərpasıdır. Əslində, bu münaqişəni BMT-nin mandatını almış ATƏT-in Minsk qrupu çözməlidir. Lakin bu qurumun dişsiz fəaliyyəti və Ermənistanın şıltaqlıqlarına dözməsi özünün nüfuzunu endirməklə yanaşı, münaqişənin həllini də xeyli yubatmışdır. Azərbaycan isə daim danışıqlar prosesində iştirak edərək məsələnin sülh yolu ilə həllinə çalışır. Təbii ki, müharibə vəziyyətinin mənfi cəhətləri çoxdur. Lakin problemin ədalətli, beynəlxalq hüquq və prinsiplər əsasında həllinə səy göstərən Azərbaycan, eyni zamanda, iqtisadi gücünü və hərbi qüdrətini də artırmışdır.
Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdəliyi ilə 2016-cı ilin aprelində keçirilən hərbi əməliyyat isə Azərbaycanın həm də güclü və modern orduya, cəsur və vətənpərvər əsgər və zabitlərə malik dövlət olduğunu göstərdi.
Dünya Cocuq Mərcanlıya qayıdaraq onu yenidən tikib-quran Azərbaycan xalqının qətiyyət və qəhrəmanlığının canlı şahidinə çevrildi.



İSLAM DÜNYASINI BİR ARAYA GƏTİRƏN LİDER



Hazırda müharibə, qarşıdurma və terrorizmin ən ağır zərbəsi İslam dövlətlərinə dəyməkdədir. Əgər bunun bir səbəbi qloballaşan dünyada ziddiyyətlərin dövlətlərarası münasibətlərdən sivilizasiyalararası müstəviyə keçirməsidirsə, digər səbəb isə bir-birləri ilə dil tapıb yola getməyən, bir mövqedən çıxış edə bilməyən İslam aləmindədir. Belə bir ağır və taleyüklü məqamda İslam dünyasının birləşməsinə çox böyük ehtiyac var. Doğrudur, dünyada mövcud olan və dayanmadan fəaliyyət göstərən antiislamçı qüvvələr daim belə birliyin yaranmasına mane olmağa çalışır, məkrli planlar qurub məharətlə icra etməklə, islam dünyasının yaxınlaşmasına, müxtəlif sahələrdə əməkdaşlığa başlamasına hər yolla mane olur. Əsasən də məqsədlərinə çatırlar. Lakin ərəb dünyasının düçar edildiyi indiki vəziyyətdən çıxış yolu yalnız birlikdə və əlbir fəaliyyətdədir. Şübhəsiz, bu məsələ ilə bağlı təşəbbüs qaldıraraq əməli addım atan dövlət xadimi elə bir şəxsiyyət olmalıdır ki, dünyada sevilsin, hörmət və nüfuz sahibi olsun, tərəfləri bir araya gətirə bilsin!
Müasir dövrün görkəmli siyasi və dövlət xadimi cənab İlham Əliyev məsələnin çətinliyinə və mürəkkəbliyinə baxmayaraq cəsarətlə bu işə girişdi. Azərbaycana rəhbərlik etdiyi dövr ərzində Prezident İlham Əliyev müsəlman dövlət başçılarının hər biri ilə dəfələrlə görüşmüş, söhbət aparmış, öz zəkası və bacarığı sayəsində onların dərin hörmət və rəğbətini qazanmışdır. Azərbaycanı müasir və sivil dövlətə çevirən, daim müstəqil və cəsarətli siyasət yeridən cənab İlham Əliyev İslam dünyasında da böyük nüfuz sahibidir. Onun uzaqgörənliyi, sülh yaratmaq bacarığı hamıya bəllidir. Dəfələrlə Azərbaycana səfərə gələn İslam dövlətləri başçıları cənab İlham Əliyevin ölkəni necə qurub gözəlləşdirdiyinin, inkişaf etdirdiyinin canlı şahidi olublar.
İlham Əliyev islami dəyərlərə böyük sayğı ilə yanaşır. Həm də təkcə İslam dininə yox. Onun rəhbərliyi dövründə ölkəmizdə onlarla məscid, kilsə, sinaqoq tikilmiş, dağılmış vəziyyətdə olan müxtəlif dini məbədlər əsaslı yenidənqurma işlərindən sonra dini inanclıların ixtiyarına verilmişdir. Dünyanın ən qədim məscidlərindən sayılan Şamaxı Cümə məscidi və Cənubi Qafqazın ən böyük məscidlərindən olan Heydər məscidi məhz cənab İlham Əliyevin qayğısı və təşəbbüsü sahəsində həyat vəsiqəsi almışdır.
Bütün bunları görən və bilən İslam dövlətləri rəhbərləri və tanınmış simalar cənab İlham Əliyevə dərin ehtiram hissi ilə yanaşaraq onun hər bir çağırışına səs verir, təşəbbüsünə ürəklə qoşulurlar. Azərbaycanda 2017-ci ilin “İslam həmrəyliyi ili” elan olunması İslam dövlətləri tərəfindən razılıqla qarşılandı və geniş əks-səda doğurdu. Məzhəb, təriqət ayrı-seçkiliyi ilə bağlı fikir müxtəlifliyini bir kənara qoyaraq keçmişə deyil, irəli baxmalı olan dövlət başçıları xalqlarının və dövlətlərinin rifahı və əmin-amanlığı naminə bu fürsətdən yararlanmalıdırlar. Azərbaycan bu siyasəti ilə bütün İslam aləminin maraqlarına xidmət edir. Bu münasibətlə seçilən çağırış da doğru və mənalıdır: “Gücümüz həmrəylikdədir”.
İlham Əliyevin bu gün uğurla dəstəklənən təşəbbüsü bütövlükdə dünyada sülhün və əmin-amanlığın bərpasına dəyərli töhfədir.



İLHAM ƏLİYEV AZƏRBAYCANIN YENİ İDMAN TARİXİNİ YAZIR



IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi bu möhtəşəm idman tədbirinə yeni nəfəs verdi. Nəzərə alsaq ki, onun 2009-cu ildə bir yarışması keçirilməmişdi, bu dəfə ölkəmizdə yüksək səviyyədə baş tutan Oyunların əhəmiyyəti daha aydın duyulur.
Əslində, İslam Həmrəyliyi Oyunları sırf idman tədbiridirmi?
Cənab İlham Əliyev bu fikrə münasibətini aydın və dəqiq şəkildə ifadə etmişdir: “Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq”.
Bütövlükdə İlham Əliyev idmana həm də dövlətin, onun yeritdiyi siyasətin və xalqın dünyaya təqdiminin daha bir forması kimi də baxır.
İdman - insanları sağlam, güclü və çevik edir!
İdman - insanları mətinləşdirir, iradəli və dözümlü edir!
İdman - dövlətin öz vətəndaşlarına qayğısının bir formasıdır!
İdman - dövlətin gənclər siyasətinin mahiyyət göstəricisidir.
İdman - sülhə, əməkdaşlığa xidmət edir!
İdman - ölkələri daha da yaxınlaşdırır, yeni əlaqələr qurulmasına yardım göstərir!
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın gənclər siyasətini müəyyənləşdirərkən orada gənclərin sevimli məşğələsi olan idmana mühüm yer ayırmışdır. SSRİ dağılandan sonra böhran və tənəzzül dövrünü yaşayan idmanın da yenidən dirçəldilməsi və yeni əsaslar üzərində inkişafı cənab İlham Əliyevə həvalə olundu. Və zaman göstərdi ki, İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi çox doğru və uzaqgörən qərar olub.
Cənab İlham Əliyev böyük həvəs və enerji ilə fəaliyyətə başladı.
Laqeydlik, etinasızlıq və tamahkarlıq səbəbindən “tolkuçka”ya çevrilən stadionlar və idman qurğuları, uçub-dağılan meydançalar, binalar və avadanlıqlar yenidən bərpa edilməyə, təzələnməyə və öz təyinatına qaytarılmağa başladı. Şəraitsizlikdən, beynəlxalq və yüksək ranqlı yarışlarda iştirak edə bilməməsi səbəbindən ölkəni tərk edərək xaricə üz tutan idmançı və məşqçilər geriyə qaytarılaraq qayğı ilə əhatə olundular. İdmanın yüksəlişi üçün zəruri tədbirlər görüldü, onun kütləviləşməsinə, idmançıların daim məşq edərək yarışlarda güclərini sınamalarına, uşaq idmanının inkişafına xüsusi diqqət yetirildi. Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında indiyədək ölkə paytaxtında və regionlarda qırxdan çox Olimpiya İdman Kompleksi tikilərək istifadəyə verilmişdir.
Artıq Azərbaycan idmançılarının Avropa və dünya birinciliyi, beynəlxalq səviyyəli yarış və turnirlərdə qazandıqları qızıl, gümüş və bürünc medalların sayı-hesabı yoxdur! Bu gün əcnəbi idmançılar Azərbaycan bayrağı altında yarışaraq onu ucaltmağı və himnimizi səsləndirməyi özlərinə şərəf sayırlar!
I Avropa Oyunları təkcə idmançılarımız yox, bütövlükdə dövlətimiz üçün mühüm sınaq oldu. Cənab İlham Əliyev bu missiyanı üzərinə götürərkən ölkəmizin onun öhdəsindən şərəflə gələcəyinə əmin idi. Xanım Mehriban Əliyevanın Təşkilat Komitəsinin sədri olduğu bu möhtəşəm yarışmaya irəlicədən və rekord sürətilə bütün hazırlıq işləri ən yüksək səviyyədə görülməklə başa çatdırıldı. Belə ki, yarışların keçirilməsi üçün müasir tələblərə cavab verən yeni idman arenaları inşa edildi, əvvəlki binalarda isə yenidənqurma aparılaraq təzə avadanlıqlar quraşdırıldı. İdmançı, məşqçi, qonaqların və əcnəbi azarkeşlərin rahat yerləşdirilməsi, yarışlara aparılıb-gətirilməsi, boş vaxtlarının mənalı təşkili də təmin edildi.
“Atəşgah” məbədindən od götürərək respublika səyahətinə çıxan yanan Məşəl, I Avropa Oyunlarının simvolu seçilən Nar, Ceyran, Çıraq da çox mənalı və baxımlı idi.
I Avropa Oyunlarını yüksək səviyyədə keçirərək onun standartlarını müəyyənləşdirən Azərbaycan dünya idman tarixinə öz adını həkk etdi.
Yarışlarda 21-i qızıl olmaqla bütövlükdə 56 medal qazanan Azərbaycan böyük idman uğuruna imza atmaqla yanaşı, belə möhtəşəm tədbirlərin təşkilində və keçirilməsində də zəngin təcrübə qazandı.
I Avropa Oyunlarının təcrübəsi və uğurlu nəticələri IV İslam Həmrəyliyi Oyunlarında kara gəldi.



İDMANÇILARIMIZ ONA GÖRƏ QALİB GƏLİRLƏR Kİ...



Bu dəfə saflıq, təmizlik və paklıq rəmzi olan su mis Səhəngdə bütün Azərbaycanı gəzdi. Qarabağ atlarının simvoluna çevrilən “Cəsur” və “İncə” hamını valeh etdi.
Yenə də yarışların ən ali azarkeşi cənab İlham Əliyev idi!
Ailə üzvləri ilə hər gün idman arenalarında müxtəlif yarışları izləyir, idmançıları qələbəyə ruhlandırırdı.
Dövlət başçısının əli ilə idmançıların boyunlarına asılan qızıl medallar isə onun dəyərini və əyarını daha da artırırdı!
Cənab İlham Əliyev bu yarışların da baş təşkilatçısı , baş ruhlandırıcısı, baş azarkeşi, baş təltifçisi və hamıdan çox sevinəni idi!

Məhz onun rəhbərliyi, idmansevərliyi və məharəti sayəsində IV İslam Həmrəyliyi Oyunlarında 75 qızıl, 50 gümüş, 37 bürünc - bütövlükdə 162 medal qazanan kiçik Azərbaycan böyük İslam dünyasının ən güclüsü olduğunu sübuta yetirdi!
Həm də bu, ilk dəfə deyil!
İdmançılarımız dünyanın bütün qitələrində, bütün şəhər və arenalarda keçirilən yarışlarda hamıdan güclü olduqlarını dəfələrlə və dönə-dönə sübut etmişlər!
İdmançılarımız ona görə qalib gəlirlər ki, onları bu nailiyyətə dünyanın ən idmansevər Prezidenti cənab İlham Əliyev ruhlandırır!
İdmançılarımız ona görə qalib gəlirlər ki, onların yaxşı yaşayıb normal məşq etmələrinə ən yaxşı şərait məhz Azərbaycanda yaradılıb!
İdmançılarımız ona görə qalib gəlirlər ki, idmançıya, onun hər bir uğuruna və qələbəsinə ən yüksək qiymət Azərbaycanda verilir!

İdmançılarımız həm də ona görə qalib gəlirlər ki, cənab İlham Əliyev müstəqil Azərbaycanın yeni və müasir imicinin formalaşmasında idmandan da məharətlə istifadə edir və idmançılar bu işdə daim onunladır!



Bəxtiyar SADIQOV 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !