Könüllülər üçün tibbi təlimlər davam edir -

Könüllülər üçün tibbi təlimlər davam edir

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) iyunun 5-dən etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində Formula 1 Azərbaycan Qran Prisində könüllü kimi iştirak edəcək Tibb Universitetinin tələbələri üçün “İlk tibbi yardım” adlı təlimlərə start verib.


Bakı Şəhər Halqası Tibb Universitetinin sonuncu kurs tələbələri üçün beynəlxalq standartlara uyğun tibbi təlimlər keçirməyə davam edir. 10 nəfərlik kiçik qruplar şəklində gündəlik iki sessiyada təşkil olunan təlimlər artıq yekunlaşmaq üzrədir. Təlimlərdə ümumilikdə 150-ə yaxın könüllü iştirak edib və bu könüllülərin əksəriyyəti ötən ildən etibarən fəaliyyət göstərir.

 

Təlimlərin keçirilməsində əsas məqsəd yarış həftəsonu təcili və təxirəsalınmaz tibbi yardım xidmətini yüksək səviyyədə təşkil etmək və təkmilləşdirilmiş təcili tibbi yardım briqadası hadisə yerinə çatana qədər yarana biləcək ağır halların qarşısını almaq üçün könüllüləri nəzəri və praktiki biliklərlə təmin etməkdir. Təlim zamanı iştirakçılara yarış vaxtı göstəriləcək ilk tibbi yardım haqqında nəzəri məlumatlar çatdırılıb və onlarla praktiki məşğələlər keçirilib.

 

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin meneceri Samir Zeynalov təlimin vacibliyini vurğulayaraq söyləyib: “Formula 1 üçün nəzərdə tutulan hazırlıq işləri yekun mərhələsindədir. Ötən il olduğu kimi bu il də tibbi xidmətin keyfiyyətini yüksəltməyə çalışırıq. Bunun üçün Respublika Müalicəvi Diaqnostika Mərkəzinin nəzdində fəaliyyət göstərən təlim mərkəzində kurslar, təlimlər təşkil edirik. Bakı Şəhər Halqasının əməkdaşları üçün təlimlər artıq yekunlaşıb. Bu həftə könüllülər üçün keçirilən təlimlərin əsas mövzusu qanaxmalar, epilepsiya, yanıq və s. digər ağır hallar zamanı xüsusi avadanlıqlarla ilk tibbi yardım göstərmək metodlarıdır”.

 

Xatırladaq ki, iyunun 23-25-i Bakı şəhərində keçiriləcək 2017 Formula 1 Azərbaycan Qran Prisində təcili tibbi yardım xidmətini Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının peşəkar həkim briqadası həyat keçirəcək.

 

 Baku City Circuit

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !