Orxan Bahadırsoy : - Bəlkə bir gün

Orxan Bahadırsoy : Bəlkə bir gün

Bəlkə bir gün özümü
Bir ağacdan asaram.
Bu dünyada yer tapıb,
O dünyada azaram.


Ömrün bu gənc çağında,
Bir palıd budağında,
Ölümün ayağında,
Bir məktub da yazaram.


Ruhum buludlar aşar,
Cismim yanar, alışar.
Milyon dildə danışar,
Bir kəndirdə susaram.


Allah, məni yorma çox!
Elə bir nəfəsdə boğ!
Öz qəbrimi burda yox,
Gəlib orda qazaram.


Bəlkə bir gün
Orxan Bahadırsoy

 

 


***

 

 

Gecə yatım, səhər durum,
bir də görüm ölmüşəm.
Göydən baxım, qəribsəyim,
yerdə görüm ölmüşəm.


Görüm hamı şadlıq edir,
nə xoşbəxtdir şəhərim!
Mənim kimi tənha qalıb
meyidim üstə qəhərim!


Görüm sevinir anam,
atam, bacım, qardaşım.
Görüm ki, kədərdən yox,
sevincdəndir göz yaşı...


Görüm dostlarım gülür,
rəqs edir sevgilim də.
Görüm bir kağız şeir
bükülüdür əlimdə.


Görüm ki, mən ölmüşəm,
şeirlərim yaşayır.
Bir şairin yükünü
o şeirlər daşıyır.


Görüm ki
Orxan Bahadırsoy