Yola saldığımız mövsüm Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb -

Yola saldığımız mövsüm Akademik Milli Dram Teatrının yaradıcı həyatı üçün əlamətdar hadisələrlə yadda qalıb

Bu barədə Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı məlumat verib. Onun sözlərinə görə, mövsüm ərzində kollektiv xaricdə və bölgələrdə qastrol səfərlərində olub, bir neçə tamaşanın
premyerasını keçirilib, eyni zamanda Azərbaycan teatrının inkişafında müstəsna xidmətləri olan korifey sənətkarlarımızın yubileyləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təntənəli şəkildə qeyd
edilib:

“Ötən mövsümdə “Almaz”, “Çipollino”, “Buzlar ölkəsində”, “Vəsiyyət”, “Kosanın qızı”, “Aldanmış ulduzlar” tamaşalarının premyeraları keçirilib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Boy çiçəyi” tamaşası xalq
artisti Ramiz Novruzun iştirakı ilə teatrımızın bədii rəhbər-direktoru, xalq artisti Azər Paşa Nemətovun yeni quruluşunda təqdim edildi. Bundan başqa xalq yazıçısı Elçin Əfəndiyevin “Cəhənnəm sakinləri” əsəri əsasında hazırlanan yeni tamaşanın məşqləri bitib, sentyabrda həmin tamaşanın premyerasını keçirəcəyik.

Məşq prosesində olan növbəti səhnə əsəri isə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasında hazırlanacaq “Qətibə İnanc” tamaşasıdır. Həmin tamaşaya xalq artisti Mərahim Fərzəlibəyov
dramaturq Çingiz Ələsgərlinin “Qılınc və qələm” romanının motivləri üzərində yazdığı pyes əsasında quruluş verir. Bu tamaşa da yeni teatrmövsümündə teatrsevərlərin ixtiyarına veriləcək.

Sözügedən mövsümdə Akademik Milli Dram Teatrının gənc rejissorları Anar Sadıqov və Əlif Cahangirli Çexov Beynəlxalq Teatrı Festivalında iştirak etdi, yaradıcı laboratoriya və master-klasslara qatıldılar.
Yeri gəlmişkən qeyd edim ki, avqust ayında Akademik Milli Dram Teatrı Bolqarıstanın Varna şəhərində Beynəlxalq Mono Tamaşalar Festivalında iştirak edəcək. Bu tamaşanı rejissor Anar Sadıqov əməkdar artist Ayşad Məmmədovun “İuda” mono pyesi əsasında hazırlayıb, səhnə əsərində Ayşad
Məmmədov çıxış edir.

Akademik Milli Dram Teatrı teatr mövsümünə iyulun 9-da “Qarabağnamə” tamaşası ilə yekun vuracaq. Yeni mövsümdə teatrımızın dəyərli tamaşaçıları üçün maraqlı, onların rəğbətini qazanacaq səhnə əsərləri vəd edirik”.

 

 


 

*************************************************************************** 
T Ə D B İ R L Ə R İ N İ Z İ N
   V  İ  D  E  O  +   F  O  T  O    
ç ə k i l i ş i 
  M E D İ A  DƏSTƏYİ

Tədbirlərinizin video-foto çəkilişini aparmaqla və media dəstəyi kimi , xəbər saytlarımızda yayımlamaq üçün
S İ F A R İ Ş L Ə R       Q Ə B U L     E D İ R İ K !
( Qiymətlər 60 azn-dən başlayır. Ödənişlərə görə vöen-qəbz və ya elektron vöen qəbz verilir.)
 
Əlaqə üçün : Telefon + WhatsApp : 050 331 1111
AZpress.AZ  informasiya agentliyi
www.azpress.az
***************************************************************************
 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !