Ramiz RÖVŞƏN : ANALAR ALDATDI BİZİ

ANALAR ALDATDI BİZİ

 

 

Şirin-şirin yuxudaydıq,
Bir zalım oyatdı bizi.
Anaların gucağından
Bu dünyaya atdı bizi.

 

Düşdük yolların ağına,
Baxtımızın sorağına,
Qatdı bizi qabağına,
Əlində oynatdı bizi.

 

Biz ki yol nədi bilməzdik,
Biz ki öl nədi bilməzdik,
Bilsək dünyaya gəlməzdik,
Analar aldatdı bizi...

 

 

***



YAVAŞ-YAVAŞ SEVDİM SƏNİ

 

 

Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

 

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

 

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

 

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

 

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…