Ramiz RÖVŞƏN : KÖHNƏ MƏKTUBLAR

KÖHNƏ MƏKTUBLAR

 

 

Xəbər gələr daha ömrün qışından,
Soyuyarsan -
saçlarına qar düşər.
Ancaq köhnə kitabların içindən
Hərdən-hərdən
köhnə məktublar düşər.

 

Əyilərsən, götürərsən gizlicə,
boylanarsan -
arvad-uşaq görməsin.
Çəkilərsən otağın bir küncünə,
gizli-gizli oxuyarsan hər sözü.
Bu nə sevgi məktubudu, ilahi,
indiyəcən ağrıyır hər sözü də.
Yazan qızın nəydi adı, ilahi,
Yaddan çıxıb sifəti də, üzü də.

 

Oxuduqca lal sətirlər səslənər,
Yavaş-yavaş səsi düşər yadına.
Bir hərfdən - qaşı düşər yadına,
Bir hərfdən - gözü düşər yadına.

 

O gözlərdən yadigartək varaqda
Göz yaşının ləkəsini görərsən.
Birdən donu xışıldayar otaqda,
Pəncərədə kölgəsini görərsən.

 

Diksinərsən, boylanarsan qapıya;
" o kölgəni arvad-uşaq gördümü?!"
Tez məktubu atarsan külqabıya,
yandırarsan hər sözünü, sətrini.

 

Sözlər yanar - kağızı da yandırar,
Sözlər yanar - o qızı da yandırar.
Sözlər qaçar o alovun içindən,
Sən baxdıqca -
basar səni soyuq tər.
Sıra-sıra qara qarışqalartək
Qaçıb gedər qara-qara hərflər.

 

Təkcə o qız qaça bilməz bu oddan.
Bir quş olub uça bilməz bu oddan.
O qız yanar o alovun içində,
Göyə qalxar o alovun dilləri.
O alovun dillərinə sarmaşıb
Yanar, yanar uzun-uzun telləri.

 

Yanar bir vaxt saçlarını oxşayan
Uzun-uzun barmaqları, əlləri.
O qız yanar -
ərşə çıxar tüstüsü,
Kağız yanar -
külqabıda küllənər.
Qəfil birdən
külqabının içindən
Yerə düşüb bir üzük diyirlənər.

 

Lap özünü itirərsən - baxarsan,
O üzüyü götürərsən - baxarsan;
Bu üzüyü axı harda görmüsən?
Bu üzüyü görməmisən bəlkə heç.
Sən o qıza haçan üzük vermisən?

 

Ona üzük verməmisən bəlkə heç.
Arvadın da qəfil girər qapıdan:
- Əlindəki nədi? - deyər.
- Üzükdü.
- O üzüyü nə yaxşı ki, tapmısan,
neçə vaxtdı, itirmişdim, gəzirdim.
Sonra gələr, səndən alar üzüyü:
- Bunun rəngi niyə belə qaralıb?
Barmağına güclə salar üzüyü:
- Elə bil ki, bir balaca daralıb.

 

Külqabıdan tüstü qalxar hələ də,
o məktubun külü hələ işarar.
Maddım-maddım durub baxar arvadın,
o tüstüdən bir cüt gözü yaşarar.
- Heç olmasa pəncərəni aç, - deyər, -
burda necə oturmusan sən, necə?!
Bu nə yanıq qoxusudu, ilahi,
elə bil ki, adam yanıb indicə... 

 

 

***

 

 

YAĞIŞ YAĞIR,GÜN QURUDUR

 

 

Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.

 

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.

 

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.