Astarada respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış və hərbi məktəblərə daxil olmuş tələbələrlə görüş keçirilib + FOTO ( Azpress.AZ - Ağaddin Babayev, Lənkəran )

Avqustun 24-də Astara Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Qəzənfər Ağayev respublikanın ali məktəblərinə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirib. Görüşdə rayonun ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak ediblər.


Rayon təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova 2016-2017-ci tədris ilinin təhsil göstəriciləri barədə statistikanı iştirakçıların nəzərinə çatdırıb.


İcra başçısı Qəzənfər Ağayev tələbə adını qazanmış gəncləri, onların valideynlərini və müəllimləri yüksək nəticəyə görə təbrik edərək bildirib ki, rayonda ali məktəblərə daxil olan və 500-dən yuxarı bal toplayan gənclərin sıralarının ildən-ilə artması sevindiricidir. Bu həm də gənclərin elmə, biliyə olan marağının artması deməkdir. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilə və onun inkişafına böyük diqqət yetirmiş, azərbaycanlı gənclərin keçmiş ittifaqın yüksək təhsil verən ali məktəblərinə göndərilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün əlindən gələni edib. Ölkə başçısı cənab İlham Əliyev də Ulu Öndərin ənənələrinə sadiq qalaraq təhsilin inkişafını həmişə diqqətdə saxlayır. Təhsilin inkişafı ilə əlaqədar mühüm tədbirlər həyata keçirilib, təhsil islahatlarının, təhsil haqqında qanunun yerinə yetirilməsi daim diqqətdə saxlanılıb. Son illər Astarada 40-dan çox yeni məktəb binası yeni tikilib, yaxud əsaslı təmir olunub.


Bu il rayonun orta məktəblərini bitirən məzunlardan 235 nəfər tələbə adını qazanıb ki, bunlardan 9 nəfər 600-dən yuxarı, 22 nəfər 500-dən yuxarı bal toplayaraq ali məktəblərə, 4 nəfər məzun isə ali hərbi məktəblərə daxil olub.


Tədbirdə çıxış edən valideynlərdən Fazil Zülfüqarov, Qədir Allahverdiyev, İlkin Xanıyev və başqaları gənclərin təhsil alması üçün ölkəmizdə yaradılan yüksək şəraitdən razılıqlarını bildirərək, ölkə Prezidenti cənab İlham Əliyevə və tələbələrlə görüşə görə icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər. 675 balla Bakı Ali Neft Məktəbinə daxil olan Şiyəkəran kənd 2 saylı tam orta məktəbin məzunu Nicat Allahverdiyev, 630 balla Azərbaycan Tibb Universitetinə daxil olan Astara şəhər 3 saylı tam orta məktəbin məzunu Əsmər Əsgərzadə, 663 balla Bakı Ali Neft Məktəbinə daxil olan Motlayataq kənd tam orta məktəbin məzunu Sabir Hacızadə çıxış edərək dövlətin gənclərə diqqət və qayğısına mükəmməl təhsilləri və gələcəkdə yüksək vətəndaşlıq mövqeyi ilə cavab verəcəklərini söyləyiblər.


Sonda ali məktəblərə qəbulda yüksək bal toplamış tələbələrə və daha çox məzunu ali məktəblərə daxil olmuş Astara şəhər 1, 2 və 5 saylı, Pensər kənd 2 saylı, Şahağac kənd 2 saylı, Təngərüd və Səncərədi kənd tam orta məktəbin direktorlarına RİH başçısının Fəxri Fərmanı və hədiyyələri verilib, xatirə şəkli çəkilib.