Şirinxanım Kərimbəyli ŞADİMAN : - GƏL İÇƏRİ DOĞUM GÜNÜM

Şirinxanım Kərimbəyli ŞADİMAN : GƏL İÇƏRİ DOĞUM GÜNÜM

 Ötüb keçən günlərimi üyütmüşəm,
Ağrıları yaşımdan çox böyütmüşəm
Ötənlərə canın özün şam etmişəm,
Sükutunu geyinmişəm, yoxdu ünüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Bir az kövrək, bir az şıltaq uşağam mən,
Könül telim himə bəndi, aşığam mən,
Ötüb keçən illərimə işığam mən,
Gəlişinə dolu təki yağım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Ayaqlarım yorğun düşüb zamanına,
Bir ömürdü sığınıram imkanına,
Məni atdın dünya adlı məkanına,
Acıların zirvə dələn dağım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Zaman qovur, qaça-qaçda ömür ilə,
Kainatdan qopub gələn əmir ilə,
Calayıram Tanrı verən ili-ilə,
Yavaş-yavaş solur bağçam, bağım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Sevməyənlər sevənimdən çox olubdu,
Bəzən ruhum qopub candan yox olubdu,
Ətrafımın dərdi cana ox olubdu,
Gecələrdə qalxıb ərşə ağım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Çəkdiyimi qulağına oxuyacam,
Dərdlərimdən sənə xalı toxuyacam,
Sən pıçılda, hənirtini mən duyacam,
Heç olmayıb bir xoş gələn çağım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...

 

Şadimanın hönkürtüsü dolu təki,
Varmı çətin, söylə, ömür yolu təki?!
Gir içəri, sən gələsən hər il təki...
Payızüzlüm tök çiçəyi yığım günüm,
Qapım açıq, gəl içəri doğum günüm...
Qapım açıq, gəl içəri doğum günüm...

 

02.09.2017
Şirinxanım Kərimbəyli ŞADİMAN