Məzahir Süleymanzadə: İskəndər Etibarın vəfat etdiyini ... eşidib çox sarsıldım.

 Şirvanın tanınmış qələm sahiblərindən biri İskəndər Etibarın vəfat etdiyini, Şamaxının Şahxəndan qəbristanlığında torpağa tapşırıldığını eşidib çox sarsıldım. İskəndər müəllimin simasında Şamaxı fədakar oğlunu itirdi. O, doğma yurdunu çox sevir, Şamaxının təbliği, tarixinin araşdırılması üçün səylə çalışırdı. Şirvanın elə bir kəndi yox idi ki, İskəndər Etibarın ayağı dəyməsin. Bütün ziyalılar, söz və sənət adamları İskəndəri yaxşı tanıyır, onunla ünsiyyətdə olmaqdan qürür hissi keçirirdilər. "Yeni Şirvan" qəzetinin şöbə müdiri, "Gənc Sabirçilər" ədəbi məclisinin məsul katibi kimi İskəndər Etibar Şamaxı ədəbi mühitinin formalaşmasına böyük səy göstərirdi. Neçə il "Azərbaycan kənd təsərrüfatı təqvimi"nin redaktoru oldu, bu nəşri oxuculara, mütəxəssislərə sevdirdi. Soralar, "Tək səbir" qəzetinin baş redaktoru kimi də uğur qazandı. Respublika səviyyəli bir sıra tədbirlər də məhz İskəndər Etibarın təşəbbüsü, təşkilatçılığı ilə keçirilirdi. Sizə təqdim etdiyim, 1994-cü ilə aid şəkil həmin tədbirlərdən birində çəkilib. Azərbaycan Dövlət Filarmoniyasında aşıq Məmmədağa Babayevin xatirə gecəsi keçirilir. İskəndər Etibarla yanaşı əyləşmişik...Bunlar xatirəyə çevrildi, İskəndər müəllim haqq dünyasına qovuşdu. Əziz dostumuza, ustadımıza Allahdan rəhmət diləyir, ailəsinə, qohumlarına dərin hüznlə başsağlığı veririk. Ruhu şad olsun...