AMEA Kanadanın Ontario əyalətinin tədqiqat mərkəzləri ilə əməkdaşlıq edəcək + FOTO

Sentyabrın 5-də AMEA-nın Rəyasət Heyətində Kanadanın Ontario əyalətinin tədqiqat, innovasiya və elm naziri Reza Moridinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirildi.
Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi qurumun yaranma tarixi və fəaliyyəti haqqında qonaqlara məlumat verdi. A.Əlizadə 72 illik tarixi olan AMEA-da elmin prioritet istiqamətlərində araşdırmalar aparıldığını, çoxsaylı innovativ layihələrin həyata keçirildiyini diqqətə çatdırdı. Akademik AMEA-da 2015-ci ildən etibarən magistratura pilləsinin təşkil olunduğunu qeyd edərək bildirdi ki, belə bir addımın atılmasında əsas məqsəd gəncləri elmi mühitə cəlb etməkdir.
2016-cı ildə Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılmış AMEA Yüksək Texnologiyalar Parkı (“YT Park”) haqqında məlumat verən AMEA rəhbəri bildirdi ki, “YT Park” innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsi və elmin kommersiyalaşdırılması istiqamətində mühüm layihələr həyata keçirir.
Akademik A.Əlizadə “YT Park” ın davamlı inkişafı üçün Kanadanın müvafiq sahədə fəaliyyət göstərən mütəxəssislərinin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd etdi, hər iki ölkənin alimlərini bu istiqamətdə birgə əməkdaşlığa çağırdı.
Sonra çıxış edən tədqiqat, innovasiya və elm naziri R.Moridi Kanadanın Ontario əyaləti haqqında məlumat verdi. Onun sözlərinə görə, Kanadanın on əyalətindən biri olan Ontario ümumi daxili məhsulun həcminə görə ölkənin öndə gedən bölgələrindəndir. Bildirdi ki, bir çox qabaqcıl ali məktəblərin fəaliyyət göstərdiyi bu əyalətdə fundamental elmlərin inkişafına böyük vəsait ayrılır.
Ontarioda səkkiz innovasiya mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən qonaq burada böyük və kiçik innovasiya parklarının yaradıldığını bildirdi. R.Moridin əyalətdə informasiya texnologiyaları da daxil olmaqla, tibb, iqtisadiyyat, təbiət elmləri kimi sahələrdə araşdırmalarla məşğul olan böyük tədqiqat mərkəzləri və laboratoriyaların mövcud olduğunu diqqətə çatdırdı.
Sonda Akademiya ilə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirən R.Moridi AMEA alimlərini innovasiya parkları və elmi müəssisələrlə tanış olmaq məqsədilə Ontarioya dəvət etdi.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, Beynəlxalq Əlaqələr İdarəsinin rəsi, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva və İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsinin rəsi Zülfüqar Fərzəliyev iştirak edirdilər.