Atababa İSMAYILOĞLU: Ev aldı bu, Dümbələk

 Qəzetin əməkdaşı
İş qurub bizə qarşı.
Yığıb kalan daş-başı
Hamıya gəlib kələk
Ev aldı bu Dümbələk!


Uyub şeytan duasına,
Ağ olubdur xudasına.
Yazanların sırasına
Soxuldu bir göstəbək,
Ev aldı bu Dümbələk!


Yeddi otağı vardı,
İki ev məgər dardı?
Üçüncünü qopardı
Arvada bənzər göyçək.
Ev aldı bu Dümbələk!


Bağ yeri qoşa-qoşa
Gör neçə gəlib cuşa.
Qoşulur hər çağrışa
Böş boğaz, qarnı çəllək
Ev aldı bu Dümbələk!


Gopdur kəlməsi, sözü,
Fəxri addadır gözü.
Qarış yarımdır özü,
Sanır nəhəngdir, nəhəng,
Ev aldı bu, Dümbələk!


Nə bəd imiş, niyyəti
Əqidəsi, sifəti.
Çoxdan atıb qeyrəti,
Bu tısbağa, göbələk.
Ev aldı, bu Dümbələk!


Bir ləkədi cahana.
Haqqımı dana-dana.
Yazdı bizdən hər yana
Başı boş, ağlı seyrək.
Ev aldı bu, Dümbələk!


.Getdi əldən qismətim,
Əlli illik zəhmətim.
Gör nə oldu qiymətim.
Fırlandı çərxi-fələk,
Ev aldı bu, Dümbələk!