Hüseynbala MİRƏLƏMOV: Allahı sevən və Allahın sevdiyi insanların missiyası

 İnsan nə doğulduğu məkan və zamanı, nə də onu bu işıqlı dünyaya gətirmiş valideynləri özü seçir. Gələcək tale yollarını hansısa formada müəyyənləşdirmək də şəxsin öz əlində deyil.
Hər körpənin ömrü bir ağ kağızdır. Bu kağızda yazılan həyat tarixçəsinin müəllifi həmişə zaman olur.
Yer üzündəki milyardlarla fərddən biri digərinə bənzəmədiyi kimi, bir o qədər insan taleyinin də biri başqasının eynisi deyil. Bununla belə, böyüyüb həddi-büluğa çatana qədər ata-anasını, doğmalarını yanında görən körpələr üçün həyat çox vaxt eyni cür başlanır. Ola bilər, maddi təminat, yaşayış şərtləri, ailədə yaradılan imkanlar fərqli olsun, amma xoşbəxtliyin rəngləri onların hamısı üçün oxşardır.
Bəlkə vaxtilə Tolstoy elə bunu nəzərdə tutaraq yazırdı ki, dünyadakı bütün xoşbəxt insanlar bir-birinə bənzəyir.
Əfsuslar olsun ki, bunu kimsəsiz körpələr haqqında yazmaq mümkün deyil. Onlarla bağlı vəziyyət bambaşqadır. Ömür bu körpələrlə başlamır, davam edir, əslində. Dünyaya gəldikləri gündən kiminsə yanlışlarının, uğursuzluqlarının, xəyal qırıqlıqlarının davamını yaşamalı olurlar onlar. Bütün bunların bədəlini öz kimsəsizlikləri ilə ödəyirlər.
Həyat əvvəldən onlar üçün acı sürprizlərlə başlanır. Bu uşaqlar öz körpəliklərinin ən qiymətli sərvətindən məhrumdurlar. Bir ana nəvazişinə, bir ata sığalına hava-su kimi ehtiyacları var.
Əlbəttə, ailə qayğısı, ev mühiti, ata-ananın sevgi və dəstəyi fərdin cəmiyyətdə öz yerini tutmasında mühüm rol oynasa da, çox zaman bu rol həlledici deyil. Elə kimsəsiz körpələr var ki, böyüyüb yaşa dolandan sonra öz zəhmət və qabiliyyətləri hesabına çox zəngin birinə çevrilir. Cəmiyyətdə hamının ehtiram bəslədiyi, uğurlarına həsəd apardığı, başqalarının özünə ideal seçdiyi görkəmli bir adam kimi tanınır. Amma dünyanın heç bir var-dövləti, ad-sanı körpəlik illərindəki o ana şəfqətinə, ata qayğısına olan ehtiyacı ödəyə bilmir. O ehtiyacı kimsəsiz böyümüş insanlar bütün ömür boyu özlərində daşıyırlar.
Bu, onların həyatında böyük bir boşluğa çevrilir.
***
Kimsəsizlik talelərin ən acısıdır. Bu elə bir taledir ki, onu ancaq yaşayanlar bilər. Kimsəsiz böyümüş insanların gözlərindəki kədər dünyanın hər yerində bir-birinə bənzəyir. Bu kədərdə onların ömür boyu çəkdikləri mənəvi əziyyətlər əks olunub. Kimsəsiz insanların bu kədəri onlara səbəb olmuş cəmiyyətin günahıdır həm də. Ona görə də kimsəsiz körpələr cəmiyyətlərin həssas yeridir. Cəmiyyət heç bir qeyd-şərtsiz özünü bu körpələrə borclu bilir. Dünyanın bütün dinləri, eləcə də İslam kimsəsiz körpələrə sahib çıxmağı, onların haqqına girməməyi ən ali mənəvi-əxlaqi normalardan biri kimi müəyyənləşdirir.
Onlara kömək göstərmək xeyir əməllərin ən gözəli kimi təlqin olunur...
***
Tarixdə kimsəsiz körpələr üçün etdiklərinə görə insanlığın zirvəsinə ucalmış şəxsiyyətlər var. Elə bu sətirləri yaza-yaza əfsanəvi Yanuş Korçakı xatırlayıram. O, Polşa yəhudisi idi, həkim, pedaqoq və yazıçı kimi tanınmışdı. İkinci Dünya müharibəsi zamanı çalışdığı kimsəsiz uşaqlar evinin sakinləri ilə birgə faşistlərə əsir düşür. Onları Varşava gettosuna aparırlar. Burada da bacardığı qədər körpələrin qayğısına qalır. Dözülməz və ağır şəraitdə ruhdan düşmür, daim öz şagirdlərinin yanında olur. Uşaqların müalicəsi, təhsil və tərbiyəsi ilə məşğul olur.
Şəxsiyyəti o qədər böyük mənəvi işığa malik idi ki, hətta insanlığını tam itirməmiş faşistlər belə Yanuş Korçakı xilas etməyə çalışırdılar. Düşərgədən qaçıb gizlənməsinə kömək göstərməyi təklif edirdilər. O isə bütün bunlara rəğmən yenə kimsəsiz uşaqlarla birgə idi.
1942-ci ilin 6 avqustunda onun 192 şagirdi vaqonlara mindirilərək ölüm düşərgəsinə göndərilir. Qoca pedaqoq bu ölüm yolçuluğunda da onları tək buraxmır. Vaqona minən zaman SS-çi zabit ona həyatının bağışlanması barədə kağız təqdim etsə də, Yanuş Korçak xilası deyil, uşaqlarla birgə ölümü seçir.
Şahidlər xatırlayır ki, qaz kamerasına aparılarkən pedaqoq sıranın önündə hər şeydən xəbərsiz iki ən kiçik uşağın əlindən tutaraq addımlayır, onlara nağıl danışırdı.
Cəmi bir neçə dəqiqədən sonra qaz kamerasının cəhənnəmi şagirdləri ilə birgə onu da kamına çəkdi. Bu mənzərə isə əbədiyyətin rəsmi kimi ölməzlik qazandı: ölümə doğru addımlayan kimsəsiz uşaqlar və sıranın önündə iki körpənin əlindən tutub addımlayaraq onlara nağıl danışan eynəkli qoca...
Əgər insanlığı, mənəvi kamilliyi, dünyanın ən ali dəyərlərini, bəşəriyyətin gələcəyinə ümidləri bircə epizodla təsvir etmək lazım gəlsə, yalnız bu mənzərəni xatırlamaq yetər.
Belə şəxsiyyətlər yaşadıqları əsrə işıq salan nur heykəlləridir...
***
XXI əsrdə bu şəxsiyyətlər sırasında bir ad da görünür: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva...
Onun milli dövlətçilik tariximiz və ümumilikdə bəşəriyyət qarşısında yerinə yetirdiyi ən böyük missiya özü kimi uca şəxsiyyətlərin keçmişdən gələn insanlıq işığını bugündən gələcəyə daşımasıdır. Getdikcə gərginləşən dünyamızda insan ruhunun ərazisini hifz etməyə can atmasıdır.
Tənhalığın, ümidsizliyin, çarəsizliyin yeganə əlacı olan sevginin nümunəsini yaratmasıdır. Həyata və insanlığa belə bir tükənməz sevgi üçün öz xeyir əməllərinin xoş nəticələri ilə saysız-hesabsız səbəblər göstərməsidir.
Kimsəsiz bir uşağın üzündəki gülüş...
Övladının ağır xəstəlikdən qurtuluş xəbərini eşidən bir ananın, bir atanın sevinci...
Yeni dərs ilini abad, işıqlı məktəbdə, qəttəzə parta arxasında qarşılayan şagirdlərin köks dolusu fərəhi...
Müstəqil həyatın astanasında ona doğru uzanmış ana əlləri kimi hərarətli əllərdən yapışaraq xoş gələcəyə doğru addımlayan kimsəsiz bir yeniyetmənin ümidləri...
Hər gün günəşə doğru bir zərrə boy atıb torpağın köksündə möhtəşəm rəsm əsərinə çevrilən fidanların yaşıl yarpaqları...
Getdikcə abadlaşan, müasirləşən, dünyaya ün salan ölkə...
Bütün bunları görüb-duymaq hər dəfəsində həyata yenidən aşiq olmaqdan ötrü ən böyük səbəblər deyilmi?!
***
Mehriban xanımın rəsmi internet səhifəsinə baxıram. Bir çox şəkillərində o, valideyn himayəsindən məhrum olmuş uşaqların əhatəsindədir. Mehriban xanım o uşaqları ani bir nəvazişin ifadəsi kimi qucaqlamır, onları bir ANA kimi bağrına basır...
Onlara bir ananın əbədi sevgisini, şəfqətini ötürür...
Uşaqlar ona öz doğma anaları kimi sarılırlar...
O, bir ana təlaşı, bir həkim şəfqəti ilə kimsəsiz körpələrin peyvəndi qayğısına qalır, onların yüksək şəraitli yerdə yaşayıb təhsil almaları, yemək-içmək, geyim-kecim sarıdan heç bir korluq çəkməmələri üçün əlindən gələni əsirgəmir...
İnsan doğum gününü ona ən əziz insanların əhatəsində keçirmək istər. Mehriban xanım doğum günündə kimsəsiz körpələri başına toplayır, onlarla birgə gülür, onlarla birgə duyğulanır...
Bu şəkillərin hər biri danışan faktlardır, əslində...
Əlbəttə, dünyanın az-çox imkanlara malik heç bir ölkəsində dövlət valideyn himayəsindən məhrum uşaqları başlı-başına buraxmayıb. Bütün ölkələrdə dövlət qurumları, beynəlxalq təşkilatlar bu uşaqların sosial müdafiəsi üçün bacardığını etməyə çalışır. Onların böyüyüb boya-başa çatması, minimal yaşayış, təhsil və tərbiyə şərtləri ilə təmin olunması üçün imkan daxilində işlər görülür.
Azərbaycanınsa bu ölkələrdən fərqi odur ki, bizdə bu uşaqlar ana sevgisi ilə əhatə olunublar. Mehriban xanım Əliyevanın timsalında bu uşaqların hər birinin daim onları düşünən, qayğılarına qalan, bu körpələrin gələcək talelərinin işıqlı olmasından ötrü hər gün nələrsə etməyə çalışan QAYĞIKEŞ ANAları var...
***
Müqəddəs günlərdə, niyyətlərimiz, dualarımız başa varanda qurban kəsib imkansızlara paylamaq elimizin adətidir. Səbəbli, ya səbəbsiz, imkan olduqca kimsəsizlərin qarnını doyurmaq, sınıq könüllərini sevindirmək xalqımızın mənəvi dünyasında nəcib əməl kimi dəyərləndirilir. Elə düşünürük ki, bu addımımız Allaha xoş gedər. İnsan bununla mənəvi rahatlıq tapır. Adətən, belə məqamlarda bir çoxları öz qurbanlıq sovqatlarını kimsəsiz körpələrə aparmaq istəyir.
Hərdən dostlarla qurban kəsib uşaq evlərinə aparmağa biz də təşəbbüs göstəririk. Amma nə gizlədim, çox hallarda bizi yaxşı mənada məyus edirlər. Sovqatlarımızı heç yerdə götürmürlər ki, buna ehtiyacımız yoxdur, dövlətin himayəsindəyik. Mehriban xanım bu uşaq evinə xüsusi diqqət yetirir. Bunu bütün uşaq evlərində, kimsəsizlərin yaşadığı hər bir təlim-tərbiyə müəssisəsində eşidirik.
Deməli, Mehriban xanım Əliyevanın nəzər-diqqətindən kənarda qalan heç bir kimsəsiz körpə yoxdur. Onun Ana əlləri valideyn himayəsindən məhrum bütün körpələrin üstündədir...
Nə xoş ki, Mehriban xanımın bu xeyir əməllərini onun övladları da davam etdirirlər. Gördüyü bir çox nəcib işlərdə, həyata keçirdiyi xeyriyyə tədbirlərində qızları Leyla və Arzu da onunla birgədirlər. Onlar da hələ bu yaşdan öz işıqlı fəaliyyətləri ilə dünyamızı nurlandıran, həyata dəyər gətirən uca şəxsiyyətlərin yolunu seçiblər. Həyat Mehriban xanımın özü kimi, övladlarını da insanlığa kömək missiyası ilə şərəfləndirib. Onları seçilmişlər mərtəbəsinə ucaldıb.
Bir ana üçün etdiyi yaxşılıqların belə saleh övladlardan dəyərli mükafatı nə ola bilər ki?!
***
Yeniyetməliyimi xatırlayıram. Əyalətdə orta məktəbi başa vuran kimi kamal attestatını götürüb arzularının dalınca doğma paytaxta doğru qanadlanan bir çox həmyaşıdlarım kimi, özüm də 17 yaşdan həyatımı Bakı ilə bağlamışam. Burada təkbaşına yaşamışıq, işləmişik, min bir zəhmətə qatlaşıb, ali məktəb imtahanları kimi həyatın ağır imtahanlarından da çıxmağa çalışmışıq.
Xoş günlərimiz kimi, çətinliklərimiz də çox olub. Bəzən üzləşdiyimiz sınaqların vahiməsindən bir anlıq qorxub üşənmişik də. Amma həmişə əyalətdəki doğmalarımızın varlığından gələn hərarət canımızı isidib. Onlara güvənmişik. Ata-anamızdan güc almışıq. Düşünmüşük ki, paytaxtla bağlı hətta bütün ümidlərimizi itirdiyimiz məqamlarda da yenə üz tutmağa bir evimiz, sevgilərindən güc alıb əllərindən tutaraq özümüzü toparlaya biləcəyimiz ata-anamız var.
Uşaqlıq, yeniyetməlik 16-17 yaşla bitmir. Bu yaşdan sonra uşaqların müstəqil həyata atılmaları, xəyallarının dalınca uzun bir yola çıxmaları sadəcə görüntüdür. İnsanın bütün yaşlarda valideyn himayəsinə ehtiyacı var. Uşaqlıq insan öz valideynlərini itirəndə tamamlanır. Valideynlər nə qədər yaşayırsa, hələ körpəsən, onların dəstəyi, himayəsi, kömək əli yenə üzərindədir.
Kimsəsiz körpələrlə bağlı məsələ də böyüyüb boya-başa çatana qədər dövlətin onları himayəsinə götürməsi ilə tamamlanmır. Onların həddi-büluğa çatandan sonrakı həyatları da çox mühümdür. Müstəqil həyat bu yeniyetmələri necə qarşılayır, onlar həyatlarını necə qururlar, harada yaşayırlar, harada işləyib dolanışıqlarını necə çıxarırlar, ailə qurub ev-eşik, oğul-uşaq sahibi ola bilirlərmi?!
Bu suallar düşüncələrimdə həmişə boy göstərib. O uşaqların sonrakı taleyinə görə hər zaman narahat olmuşam. İstehsalatda çalışdığım zamanlarda hansısa bir gəncin kimsəsizliyini öyrənincə belələrinə dəstək olmağı, hətta başqalarına qarşı azacıq ədalətsizlik etsəm belə, onları digərlərindən bir qədər üstün tutmağı hər zaman özümə mənəvi borc sanmışam.
Düşünmüşəm ki, valideyn himayəsindən məhrum etməklə həyat onsuz da bu kimsəsiz gənclərə qarşı ən böyük ədalətsizliyini edib. Belə gənclərin müstəqil həyatda da hansı sınaqlarla qarşılaşdıqları bəlli deyil. Fürsət varkən, heç olmasa, rastlaşdıqlarıma bacardığım qədər dəstək olum.
Amma belə nə qədər kimsəsiz gəncin həyatını dəyişmək olar ki?!
Mehriban xanım Əliyeva nümunəsindən sonra isə indi belə gənclərlə bağlı çox rahatam. Hətta fikirləşirəm ki, bu gənclər öz gələcək həyatlarında atalı-analı həmyaşıdlarından da çox uğurlu olacaqlar. Çünki onların Mehriban xanım kimi anaları var. Onun ana sevgisi hər zaman bu gənclərlə birgədir. Bu sevgi bir ömür boyu onları müşayiət edir.
Mehriban xanım məktəbi başa vurandan sonra mənzillər inşa etdirir bu gənclərə, yeni müəssisələr açdırıb işə düzəlmələrinə kömək göstərir, ailə qurmalarına bir ana kimi mənəvi dəstək olur.
O, təkcə öz övladlarının anası deyil!
Mehriban xanım Əliyeva Azərbaycandakı bütün kimsəsiz körpələrin anasıdır!..
***
Dünyada, yaşadığımız cəmiyyətdə hər gün başqalarına nəsə bir kömək göstərən, təmənnasız xeyirxahlıq edən milyonlarla insan var. Əgər belə olmasaydı, Yer üzündə şər xeyirə qalib gələrdi, dünya qopardı.
Xeyirxahlıq miqyasından və kim tərəfindən edilməsindən asılı olmayaraq çox gözəldir. Ən kiçik xeyirxahlıq da cəmiyyət üçün böyük faydalar gətirir. Ən azı cəmiyyətin bir üzvü özü boyda bir xeyir işığı yandırır. Amma biz sıravi insanların gündəlik həyatlarında, adi məişət situasiyalarında başqalarına hansı yaxşılıqlar etdiklərini görə bilmirik. Ona görə ki, bu insanların ictimai fəaliyyəti, cəmiyyətin başqa üzvləri ilə sosial münasibətləri gözümüzün qabağında deyil.
Mehriban xanım Əliyeva isə sadəcə xeyirxahlıq etmir, şəxsiyyətinin miqyası ilə cəmiyyətimiz üçün yeni dəyərlər formalaşdırır, ictimai meyarlar yaradır. Xeyirxahlığı, mərhəməti, insanlara sevgini həyat normalarına çevirir. Çünki belə şəxsiyyətlər cəmiyyət üçün ictimai bələdçidirlər. İnsanlar onlardan öyrənir, görüb-götürür, nəyin doğru, nəyin yanlış olduğunu, hansı dəyərlərə tapınmağın düzgünlüyünü onların fəaliyyətindən əxz edir və məqam düşəndə bu şəxsiyyətlərin geyim, davranış, danışıq tərzləri kimi, əməllərini də təkrarlamağa çalışır.
Beləcə, yaxşılıqları, nəcib təşəbbüsləri daha çox adam paylaşmış olur, xeyirin çevrəsi böyüyür, şər onun qarşısında bir addım da geri çəkilir və bu minvalla dünyamız aydınlığa çıxır.
***
Mehriban xanım Əliyeva qayğıkeş, fədakar ana olduğu qədər, həm də xeyirli bir ÖVLADdır. Ölkəmizdəki uşaq evlərində yaşayan kimsəsiz körpələr kimi, qocalar evlərinin yaşlı sakinləri də onun himayəsindədir. Bu müəssisələrdə yaşayan vətəndaşlarımız da onun daimi qayğısı ilə əhatə olunublar.
Bu insanların bəlkə kimsəsiz körpələrdən çox diqqətə ehtiyacları var. Çünki körpələr üçün bütün həyat hələ qabaqdadır. Ümid və xəyallar onlara tükənməz güc verir. Qocalar evləri isə ümidlərin tükəndiyi yerdir. Bura, adətən, ömrünün əsas qismini başa vurmuş, üstəlik yaşın qürubuna doğru ya övladların nankorluğundanmı, ya hansısa başqa bir səbəbdənmi kimsəsiz qalmış ixtiyarlar yaşamağa gəlir.
İndi onların həyatdan, yaşadıqları cəmiyyətdən yeganə təmənnaları sevgidir, xoş bir diqqətdir, layiq olduqları hörməti onlara göstərməkdir.
Nə zamansa oxumuşdum ki, bəzən cəmiyyətdəki durumu yaşlı insanların gözlərindən oxumaq olar. Əgər yaşlı insanların gözlərindən rahatlıq, əminlik, qayğısızlıq oxunursa, deməli, o cəmiyyətdə hər şey yerli-yerindədir. Əgər o gözlərdə övladlara yük olmağın ürkəkliyi əks olunubsa, ixtiyar gözlər sabaha ümidsizliyin təlaşı ilə baxırsa, o cəmiyyətdə yerbəyer edilməli olan hələ çox şeylər var.
Azərbaycanda yaşlı sakinlərin sosial təminatı arzu etdiyimiz səviyyəyə doğru ilbəil yüksəlir. Ölkəmizin sosial-iqtisadi potensialı gücləndikcə bu istiqamətdə də hardan-hara gəldiyimizi illərin və ölkələrin müqayisəsində aydın şəkildə görə bilirik.
İndi yaşlı vətəndaşlar üçün yaradılmış sosial təminat onların bir çox ehtiyaclarının qarşılanmasına yetir. Dövlət yaşlıları övlad-uşaq yanında heç bir sıxıntı çəkməyə qoymur.
Qocalar üçün yaradılmış yaşayış müəssisələri də dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsindən irəli gələn belə faydalı sosial layihələrdəndir.
Və son illər Azərbaycanda bu sahə müasirləşdirilərək, həmin müəssisələrin sakinləri üçün rahat, hüzurlu bir məkana çevrilir.
Milli mentalitetimiz, müqəddəs inancımız ata-ananın üzünə ağ olan, ömrün sonlarında onları tərk edən övladların bu davranışlarına qarşıdır. Yaşlı insanlarımız bizim başımızın tacı, evimizin bərəkətidirlər. Ənənələrimizə görə, ata-ana övladların min bir əziyyətini çəkib onları boya-başa çatdırdığı kimi, yaşlananda da valideynlərinin qayğısını çəkmək övladların mənəvi borcudur. Şükür ki, dəyişən zaman, qlobal proseslərin mənfi təsirləri Azərbaycanda bu ənənəni zəiflədə bilmir. Yaşlılarımız yenə də ocağın qoruyucuları, evin ağsaqqalı, ağbirçəyi statusundadırlar.
Amma, necə deyərlər, bəzən beş barmağın beşi də bir olmur. Ömrün son illərində yalqızlığa məhkum olan yaşlılarımız dünən də vardı, bu gün də var, güman ki, sabah da olacaq. Belə məqamlarda ən etibarlısı dövlətin hərtərəfli himayəsinə sığınmaq, həyatın son illərini nəsildaşlarla paylaşmaq, birgə maraqların, ortaq xatirələrin əhatəsində keçirmək üçün ən uyğun yer elə qocalar evləridir.
Yeri gəldiyindən bir məqamı da qeyd edim ki, cəmiyyətdə də bu cür müəssisələrə münasibətin dəyişməsinə ehtiyac var. Hər il müxtəlif əlamətdar günlərdə qocalar evlərində videoçəkilişlər edib, sentimental cümlələrlə televiziya efirindən onları cəmiyyətə atılmış, yazıq, zavallı obrazında təqdim etməkdən əl çəkməliyik artıq. Valideynlərinə asi çıxan övladlara hansısa ictimai qınaq olmalıdır, anlayıram. Amma bu, qocalar evlərinin sakinlərinin miskin obrazı hesabına edilməməlidir. Çünki bu insanlar miskin və atılmış deyillər, kim tərk etsə də, dövlət bu insanların əlini buraxmayıb, onları qanadları altına alıb, sosial qayğı ilə əhatə edib. Bizim missiyamız bu müəssisələrin sakinlərinin yaşayış şəraitini, güzəranını ictimai nəzarətdə saxlamaq, bu şəraitin daha da yaxşılaşmasına, ixtiyar insanların burada özlərini evlərindəkindən də rahat bir ortamda hiss etmələrinə çalışmaqdır.
Mehriban xanım Əliyevanın bu istiqamətdə həyata keçirdiyi layihələrin, onlara himayəçilik təşəbbüslərinin məramı da elə budur. O, qocalar evlərinin bütün sakinləri qarşısında bir övladın öz valideynləri qarşısındakı mənəvi borcunu şərəflə, üz ağlığı ilə yerinə yetirir.
Bu müəssisələrdə yaşayan bütün ixtiyarlar onu doğma övladları gözündə görürlər. Hər zaman yolunu gözləyirlər. Bilirlər ki, öz doğma övladları unutsalar da, Mehriban xanım onları heç zaman unutmayacaq. Onlara tez-tez baş çəkəcək və hər gəlişində də gözlədikləri ən böyük sovqatı, ən dəyərli hədiyyəni - ÖVLAD SEVGİSİni pay gətirəcək.
***
Bir milyondan çox insan var ki, hamımızın qohumları, dostları arasında onlara rast gələ bilərik...
İnsan bircə manatını itirəndə bütün günü dilxor dolaşır, bu itkiyə rəvac vermiş diqqətsizliyini özünə bağışlaya bilmir.
Bu adamlarsa özlərinin də, onlardan əvvəlki əcdadlarının da bir ömür boyu qurub yaratdıqlarını cəmi bir neçə saatın içində itiriblər. Dünyanın ən böyük sərvətindən - doğma yurddan məhrum olublar...
Bir zamanlar cah-calallı imarətlərə, axar-baxarlı bağ-bağatlara sığmayan bu insanlar çadırlara, ən yaxşı halda isə bəzən səkkiz, on nəfərlik ailə ilə yataqxana küncündəki xəfəli, boğanaq, darısqal bir otağa sığınıblar. Məcburi köçkün taleyi ilə baş-başa min bir məhrumiyyətlər, sıxıntılar çəkiblər.
Dövlət son illər bu insanları sıxıntıdan qurtarır. Ölkənin müxtəlif yerlərində məcburi köçkünlər üçün şəhərciklər salınır, binalar tikilir. Yeni evlərlə təmin olunan bu insanların güzəranı düzəlir, işğal olunmuş yurd yerlərimizdə itirilən calal yenidən həyat və məişətlərinə qayıdır. İndi onların əksəriyyətinin heç bir sıxıntı çəkmədən qonaq qəbul etməyə, övladlarına toy büsatı qurub gəlin gətirməyə, qız köçürməyə layiqli mənzilləri var.
Mehriban xanım Əliyeva da Azərbaycanın Birinci vitse-prezidenti kimi öz missiyasının icrasına məhz bu problemin həllinə yeni töhfələrlə başladı. Martın 9-da onun sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi ilə bağlı geniş müşavirə keçirildi. Və bundan qısa müddət sonra Qaradağ rayonunda məcburi köçkünlər üçün yaşayış kompleksinin təməlini qoydu. Birinci mərhələdə ən qəzalı binalarda yaşayan 4 min ailənin köçürülməsinə dair tədbirlər planı bu gün Mehriban xanımın rəhbərliyi ilə uğurla yerinə yetirilməkdədir.
Bütün bu layihələr sosial əhəmiyyəti ilə yanaşı, eyni zamanda böyük mənəvi dəyərə malikdir. Bu o deməkdir ki, xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin irsi, qoyduğu ənənələr yaşayır, Azərbaycan insanının həyat və məişətinə möhtəşəm töhfələr verir.
Ölkəmizin mərkəzi şəhərlərindəki əksər yaşayış binaları ötən əsrin 70-ci illərində Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdi. O illərdə ulu öndərin vətəndaşlara yaratdığı maddi imkanlar hesabına yosma kərpic daxmaları əvəz edən ikimərtəbəli daş evlərlə Azərbaycan kəndlərinin qiyafəsi dəyişmişdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış misilsiz sosial-iqtisadi nailiyyətlər dövründə həyata keçirilən tikinti-quruculuq tədbirləri ilə ölkəmiz az qala ev-ev, kənd-kənd, şəhər-şəhər yenidən qurulur, Azərbaycan dünyanın ən modern, gözəgəlimli məkanlarından biri kimi dünyanın diqqətini cəlb edir. Mehriban xanım da qaçqın və məcburi köçkünlərimiz üçün inşa etdirdiyi binalarla bu prosesə tarixi töhfələrini verir.
Bütün bunlarla bu şəxsiyyətlər Azərbaycanı bütün vətəndaşlar üçün gözəl, doğma, abad, işıqlı bir evə çevirirlər…
Onların nəcib əməlləri vətən evini abad edir…
Bu, Allahı sevən və Allahın sevdiyi insanların missiyasıdır…


Hüseynbala MİRƏLƏMOV,
yazıçı-publisist
Azərbaycan