ELMƏ, ELMİ İŞÇİLƏRƏ İNDİKİ QƏDƏR QAYĞI GÖSTƏRİLMƏYİB

Rəna Məmmədova: AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivinə daxil olan arxiv sənədləri bizim gələcək işimizin başlıca istiqamətini təşkil etməklə yanaşı mühüm tarixi materialların tədqiqata cəlb olunması bu sahədə çalışan hər bir elmi işçinin qarşısında duran əsas vəzifələrdən biridir.

Əsrlərin həqiqətlərini üzə çıxaran, keçmiş tariximizi, dövlətlər arasında münasibətləri, yaradıcı və görkəmli şəxsiyyətlərin fəaliyyətlərini olduğu kimi keçmişdən bu günə, bu gündən isə gələcəyə daşıyan arxiv materialları olduqca dəyərlidir. Milli-mənəvi sərvətimizin mühafizə olunduğu arxivlərin əhəmiyyəti isə çox böyükdür. Ümummilli liderimiz Heydər Əliyev də məhz bu əhəmiyyəti nəzərə alaraq demişdir: “Arxiv işinə gərək çox ciddi fikir verək. Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif edənlərin qarşısını almaq üçün çox mühüm amildir”.
Hələ 1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə ölkədə bütün sahələrlə yanaşı milli-mənəvi dəyərlərin qorunması üçün diqqətəlayiq tədbirlər həyata keçirildi. Dövlət arxivlərinə diqqət artırıldı, onların maddi-texniki bazası möhkəmləndi, idarələr ixtisaslı kadrlarla təmin olundu. Yeni dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə daha ciddi işlər aparıldı. Belə ki, arxiv materiallarının qorunması və saxlanması istiqamətində ardıcıl tədbirlər görüldü. Maddi-mənəvi sərvətlərimiz ilə bağlı mühüm tarixi fərman və sərəncamlar verildi. Uzun illər rəflərdə gizli saxlanılan və saralan kağız parçaları elmi tədqiqatın səmərəli obyektinə çevrildi. Arxiv materiallarının tədqiqi əsasında yüzlərlə kitab, monoqrafiya, məqalə yazılıb nəşr olundu. Namizədlik və doktorluq dissertasiyaları müdafiə edildi.
Bu gün ölkəmizdə məqsəd və vəzifələrinə görə fərqlənən bir çox arxiv fəaliyyət göstərir ki, bunlar arasında da qədim tariximizin müxtəlif dövrlərinin məlumatlarını özündə qoruyub saxlayan arxivlərin xidməti əvəzolunmazdır.
Xalqımızın milli-mənəvi dəyərlərinin saxlanıldığı yerlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxividir ki, bu arxivin də özünə məxsus yeri, rolu və vəzifəsi vardır. Burada regionun tarix və ədəbiyyatının müxtəlif illərinə dair xeyli sayda material bu sahədə araşdırma aparan elmi işçilərin ixtiyarına verilib. Naxçıvan Muxtar Respublikanın elm mərkəzində sözügedən sahədə görülən işlərlə yaxından tanış olmaq üçün Bölmənin Mərkəzi Elmi Arxivinə gedərək burada arxivin direktoru Rəna Məmmədova ilə görüşüb həmsöhbət oldum.
Çoxəsirlik tariximizin aynası, ictimai və fərdi həyatın mənbəşünaslıq bazası sayılan arxiv sənədlərinə, ümumilikdə arxiv işinə ötən əsrin əvvəllərinə kimi zəif diqqət yetirildiyini deyən müsahibim ilk olaraq Azərbaycanın arxiv quruculuğu tarixindən danışdı. Bildirdi ki, ölkəmizdə sənəd sərvətimizin əsas mərkəzi olan arxiv işinə dövlət səviyyəsində 1920-ci ildən başlanılsa da bu işlərə Azərbaycan dövlət müstəqilliyinin bərpasından sonra ciddi diqqət artırılıb.
Təsadüfü deyil ki, ölkəmizdə arxiv sənədlərinin qorunub saxlanılması ümummilli lider Heydər Əliyevin parlaq, müdirik zəkasının, uzaqgörən siyasətinin bəhrəsidir. Ulu öndərin hakimiyyəti illərində dövlət qayğısı əhatəsində olan arxiv işləri bu gün sistemli bir şəkildə uğurla davam etdirilir.
Naxçıvan tarix boyu bir sıra dövlətlərinin daim diqqət mərkəzində olub. Dünyanın müxtəlif ölkələrinin arxivlərində də tariximizlə, tarixi şəxsiyyətlərlə bağlı olduqca çox qiymətli materiallar var. Xalqımızın tarixi keçmişinə dair bu dəyərli materialların araşdırılması, surətlərinin əldə olunması, onların tədqiqata cəlb edilməsi istiqamətində son illər diqqətəlayiq işlər aparılır. Bununla bağlı elmi işçilərə də hərtərəfli şərait yaradılır. Elə öz fəaliyyətlərində yaradılan bütün şəraitdən bəhrələnməyə çalışan bölməmizin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları da istər ölkə, istərsə də xarici ölkələrin arxivlərində saxlanılan Naxçıvanla bağlı xeyli sayda əldə etdikləri və elmi araşdırmalara cəlb olunan arxiv materiallarının tədqiqi əsasında nəşr etdikləri sanballı kitablar məhz muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır desək yanılmarıq.
30 ildən artıqdır ki, elm sahəsində çalışan Rəna müəllimə əvvəlki və hazırkı elm müəssisələrinə, elmi işçilərə yaradılan şəraitdən də danışdı: -İşlədiyim bu illərdə deyərdim ki, elmə, elmi işçilərə indiki qədər qayğı göstərilməyib. Bölməmizdə də elmi işçilərin səmərəli elmi-tədqiqat aparmaları üçün hərtərəfli şərait yaradılıb. Belə ki, elektron kitabxana, müasir avadanlıqlarla təmin olunmuş laboratoriyalar elmi işçilərin ixtiyarına verilib.
Bölmənin Mərkəzi Elmi Arxivinə ötən il Naxçıvan Muxtar Respublikası Dövlət Arxivi tərəfindən xeyli sayda Naxçıvanla bağlı arxiv sənədlərinin surətləri daxil olduğunu qeyd edən arxiv müdiri bildirdi ki, Naxçıvan tarixi və ədəbiyyatına dair mühafizə olunan sənədlər arasında regionun 1919-1920, 1919-1931, 1931-1949-cu illər tarixinə, 1919-1920-ci il iqtisadi və siyasi vəziyyətinə, Naxçıvan ərazisinin 1921-ci il tarixli inzibati ərazi bölgüsünə, Türkmənçay müqaviləsinə, həmçinin kapitan Əliqulu bəy Şahtaxtinskiyə, Kərim Sultan və Mənsur ağa Kəngərlilərə, İsmayıl xan, Bəhrəm-xan Naxçıvanskiyə və digər mühüm tarixi və tarixi şəxsiyyətlərə aid materiallar var. Eyni zamanda arxivdə Mirvari Dilbazinin Naxçıvan xatirələri, Eynəli bəy Sultanovun “Naxçıvan məktubları”, Məmməd Səid Ordubadiyə göndərilmiş məktublar, “Şərqi Rus” qəzetinin redaktoru Məmmədağa Şahtaxtinski və Şahtaxtı kənd sakini Baxşəli ağa Şahtaxtinskiyə, Əziz Şərifə, Naxçıvan ədəbi mühitinə aid sənədlər (1897-1903) və digər materiallar var ki, bunlarda regionumuzun tarixi, ədəbi mühitini öyrənməyə imkan verən mühüm sənədlərdir.
Arxivimizə daxil olan arxiv sənədləri bizim gələcək işimizin başlıca istiqamətini təşkil etməklə yanaşı mühüm tarixi materialların tədqiqata cəlb olunması bu sahədə çalışan hər bir elmi işçinin qarşısında duran əsas vəzifələrdən biridir,-deyən müsahibimdən söhbət zamanı öyrəndim ki, AMEA Naxçıvan Bölməsinin Mərkəzi Elmi Arxivi bölmə əməkdaşları ilə yanaşı muxtar respublikanın digər elm, təhsil müəssisələrində çalışan mütəxəssislərə də xidmət göstərir. Bunun üçün də üzərinə böyük vəzifə düşən arxiv müdiri öz fəaliyyətini günün tələblərinə uyğun qurmağa, yeni yaradılan arxiv rəflərini mühüm tarixi sənədlərin surətləri ilə zənginləşdirməyə və bu zənginlikləri elmi işçilərə geniş təbliğ etməyə çalışır.