Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında -

Musiqili Teatr Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında

2017-ci il 18-26 sentyabr tarixlərində Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı keçiriləcək. Artıq beynəlxalq mədəni arenada da kifayət qədər böyük nüfuza malik olan bu mötəbər tədbir zəngin və rəngarəng reqlamentə malikdir. Azərbaycan Dövlət Musiqili Teatrı da həmişəki kimi bu ildə Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirak edəcək.


Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu bildirib ki, Dövlət Musiqili Teatrı festivalda dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşalarını nümayiş etdirəcək. “Üzeyir Hacıbəyli Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən böyük simalardan biridir. Belə şəxsiyyətlər yüz ildən, min ildən bir yaranır. Böyük novator olan Üzeyir bəyin gördüyü bir sıra işlər təkcə bizim xalqımızın deyil, ümumiyyətlə, Yaxın Şərqin tarixində bir ilkdir. Elə bizim teatrın əsası da cəhalətin və xurafatın daha çox hökmran olduğu 1910-cu ildə Üzeyir bəyin “Ər və arvad” iki hissəli musiqili komediyası ilə qoyulub. Hal-hazırda cari repertuarımızda Üzeyir bəyin 3 əsəri yer alır. Hər tamaşada zal demək olar ki, dolu olur. Bu ilk növbədə xalqımızın Üzeyir Hacıbəylinin əbədiyaşar irsinə verdiyi qiymətin göstəricisidir. Kollektivimiz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalına xüsusi hazırlaşıb. Festival tədbirləri çərçivəsində iki gün ard-arda “O olmasın, bu olsun” və “Arşın mal alan” tamaşaları ilə çıxış edəcəyik. Tamaşaları İran İslam Respublikasının tanınmış musiqiçilərindən biri, məşhur dirijor Bərdia Kiyarəs idarə edəcək. Bu ünlü sənətçi məhz Ü. Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalında iştirakımızla bağlı dəvət olunub. Hal-hazırda Bakıda olan Bərdia Kiyarəsin teatrımızda orkestrla, aktyor heyəti ilə məşqləri davam edir”, - deyə Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əliqismət Lalayev söyləyib.


Qeyd edək ki, “O olmasın, bu olsun” tamaşası 23 senytabr, “Arşın mal alan” əsəri isə 24 sentyabr tarixində saat 19.00-da Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunacaq.