AMEA-da “Şərqi və Qərbi Türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb + FOTO

Sentyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Şərqi və Qərbi türk dünyasının ortaq tarixi dövrləri və münasibətləri” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.


Üç gün davam edəcək konfrans “INOCTE 2017 – “Osmanlı tədqiqatlarında yeni tendensiyalar” beynəlxalq konqresi çərçivəsində AMEA, Təhsil Nazirliyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Xəzər Universiteti, Türkiyə Səlcuq Universiteti, Sütçü İmam Universiteti və Türk Tarix Qurumu tərəfindən təşkil olunub.


Tədbirin keçirilməsində məqsəd Şərqi və Qərbi türk dünyasına dair aparılan elmi tədqiqatların nəticələrini müzakirə etmək, türk dünyasının tarixi köklərinin daha dərindən öyrənilməsi üçün elmi araşdırmaları genişləndirmək, bu sahədə çalışan elm xadimlərinin bilik və təcrübələrini bölüşə biləcəkləri akademik bir platforma yaratmaqdır.


Konfrans iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.


Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli iştirakçıları salamlayıb. Türk xalqlarının müxtəlif dövrlərdə yaşadığı tarixi-siyasi hadisələrdən danışan akademik baş verən sosial-iqtisadi dəyişikliklərin, yeni formalaşan etnik-mədəni dəyərlərin xalqların və dövlətlərin inkişafında rolundan söz açıb.


Akademik AMEA-da türkoloji məsələlərlə bağlı bir çox tədbirlərin keçirildiyini də nəzərə çatdırıb. Natiq konfransın elmi əlaqələrin inkişafına mühüm töhfə verəcəyinə əminliyini bildirib.


Sonra plenar iclasda konqresin baş kordinatoru, professor Alaattin Aköz, Türk Tarix Qurumunun sədri, professor Refik Turan, Səlçuq Universitetinin rektoru, professor Mustafa Şahin, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov, ADPU-nun rektoru, professor Cəfər Cəfərov və başqaları çıxış ediblər. Şərqi və Qərbi türk dünyasına dair elmi tədqiqatların hazırkı vəziyyəti haqqında danışan natiqlər qədim türk yazılı mənbələrinin yenidən tədqiqi, ortaq dəyərlərin qorunub saxlanılması və digər bu kimi məsələləri diqqət mərkəzinə gətiriblər. Ayrı-ayrı türkoloji mərkəzlərin əlaqələrinin koordinasiyası məsələsinin vacibliyi vurğulayıblar. Müxtəlif tarixi dövrlərdə yaşayıb-yaratmış, elmi tədqiqatlarından bu gün də istifadə etdiyimiz məşhur türk alimlərinin dünya elminə verdiyi töhvələrdən söz açılıb.


Daha sonra bir qrup alimə təşəkkürnamə təqdim edilib.


Plenar iclasdan sonra konfrans öz işini ADPU-da bölmə iclaslarında davam etdirib. İclaslarda azərbaycanlı və xarici alimlərin 100-dən çox elmi məruzəsinin dinlənilib müzakirə olunması nəzərdə tutulur.