Milli Şuranın sədri Seymur Hüseynov Dünya İqtisadiyyat Forumunun illik yığıncağında iştirak edib

Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya İqtisadi Forumunun “Global Shapers” icmasının İllik Yığıncağında iştirak edib.
Ceneva şəhərində keçirilən “Global Shapers” icmasının illik yığıncağı açılış mərasimi ilə start verilib. Açılış mərasimində Dünya İqtisadi Forumu təsisçisi və rəhbəri Klaus Şvab iştirak edib. Daha sonra yığıncağda cari ilin hesabatı dinlənilib. Yığıncağın növbəti günlərində 2018-ci ilin əsas prioritetləri müəyyənləşdirilib və dəyişiliklər edilib.
Qeyd edək ki, Gənclər Təşkilatları Milli Şurasının sədri Dünya İqtisadiyyatı Forumunun gənclər icmasının Bakı mərkəzinin kuratorudur.
Dünya İqtisadi Forumu (The World Economic Forum - WEF) 1970-ci illərdə akademik Klaus Şvab tərəfindən yaradılmış kiçik bir qrupdan, hazırda 2,500 iştirakçını qonaqlayan nəhəng təşkilata çevrilib. Hər il Forumun illik görüşü İsveçrənin Davos şəhərində keçirilir. Forumun gedişatı zamanı artıq bir neçə ildir ki əsas fəaliyyətlərdən biri kimi “Shaping Davos” fəaliyyəti həyata keçirilir. “Shaping Davos” dünya sakinlərinin Dünya İqtisadi Forumunun spikerləri ilə dialoqunun təşkili üçün bir vasitədir. “Shaping Davos” Dünya İqtisadi Forumunun gənclər platforması olan “Global Shapers” tərəfindən icra olunur.
Xatırladaq ki, 2017-ci ildə bütün dünyadan cəmi 16 şəhər “Shaping Davos” fəaliyyətinin keçirilməsi hüququ qazanmışdır ki, bunlardan biri də Bakıdır. Bakı şəhərində fəaliyyət 17 yanvar tarixində “SHAPING DAVOS – BAKU” Forumu şəkilində keçirilib. Forumun əsas mövzusu “Məşğulluq vasitəsi ilə yeni imkanların yaradılması” olub.
Məlumat üçün bildirək ki, ölkənin vahid platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 1995-ci ildən fəaliyyət göstərir. Təşkilatın məqsədi gənclərin bilik və bacarıqlarının Azərbaycan dövlət müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq aləmdə layiqli yer tutmasına, demokratik quruculuq işlərinə yönəltməkdir. 1997-ci ildən Avropa Gənclər Forumu, Türk Dünyası Gənclər Birliyinin tam hüquqlu üzvü, 2002-ci ildən BMT-nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu üzvü, İslam Konfransı Təşkilatının Gənclər Forumunun həmtəsisçisi və tam hüquqlu üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyi, “Böyük İpək Yolu” beynəlxalq gənclər təşkilatının həmtəsisçisi, 2014-cü ilin dekabr ayında keçirilən seçkilərdə Avropa, Asiya, Avstraliya, Afrika və Amerika qitələrindən 120 gənclər platformasını birləşdirən Dünya Gənclər Assambleyasının tamhüquqlu üzvüdür.