Aida Eyvazlı: - Köçümüzü yığıb çölə getdik

Aida Eyvazlı: Köçümüzü yığıb çölə getdik

 ... Səhər o başdan, saat 05:00-də təyyarə Nursultan Nazarbayev adına hava limanına endi. Hava limanından çıxanda sərin küləkyin havası istidən yanan ürəyimə məlhəm kimi yayıldı. Çünki Bakıdan təyyarə minəndə istilər hələ adamın cıbrığını çıxarırdı. Birdən birə o istidən bu sərinliyə düşmək ovqatıma artıq sevinc qatmağa başladı. Çünki istinin qızmarını deyil, mülayimini sevmirəm. Beynəlxalq Türk Akademiyasının avtomobilindəki nümayəndə məni qarşılayıb “Tengri” --“Tanrı” otelinə apardı. Yola düşməyimizə 1 saat vaxt qaldığından, sifariş olunan otaqda dincəlməkdən vaz keçdim. Otelin foyesində olan divanda mürgüləyib, yol yorğunluğumu çıxarmaq istədim...
... Bir az keçmiş “Kentaydan Ulutauya: tarixi yaddaşın yenilənməsi” adlı ekspedisiyanın üzvləri foyedə yığışmağa başladılar. TWESCO-nun Monqolustana tarixi yaddaşımızın izi ilə başladığı -- Çingiz xanın, Kutluq xaqanın, Kül Təginin oylaqlarına ekspedisiyamızda iştirak edən Türkiyə, Monqolustan, Başqırdostan, Rusiya, Özbəkistan, Qırğıqıztandan olan yazar -- jurnalist həmkarlarımız və dostlarımızla yenə bir arada idik. Beynəlxalq Türk Akademiyasıının prezidenti, doktor Dərxan Kıdıralı lap erkən gəlmişdi. Ekspedisiyaya qatılan hər kəsi birinci özü salamlayırdı. Və ilk sözü bu oldu: “Hərdən kabinetlerdən çıxıb, kreslolardan qopmaq lazımdır ki, bir-birimizi görək, sevincimzə şərik olaq, bir-birimizi yaxıpndan tanıyaq. Türk dünyasının hər tərəfindən bir araya yığılan dostlarımızızn əhval ruhiyyəsini xoş görəndə işləmək, yaratmaq da asan olur”.
5 maşın dolu karvanımız yola düzəldi.Köçümüzü yığıb babalarımızın izi ilə Çingiz xanın, Əmir Teymurun , qədim türk xanlarının, qazax xanlarının xanlıq,xaqanlıq, fatehlik etdikləri məkanların ziyarətinə yolçuluğuAstanadan başlatdıq...
Yolumuz isə çox da yaxın deyildi. Əvvəlcə hələ tunc dövründən mövcud olan , Herodotun əsərlərində adı “Kenger” kimi çəkilən Jeskazqan şəhərinə çatmalı idik. Bu şəhər isə paytaxt Astananın 734 kilometrliyində yerləşir...
Sentyabrın 15-də günəşinin simicliklə zərrin şəfəqlərinin yaydığı bir payız səhərində Astananın hər tərəfindəki yaşıl oazislər insanın diqqətini çəkməyə bilməzdi. Küçələrində bir zamanlar səhra küləkləri veyil-veyil vıyıldadığı, qar çovğunlarının olduğu bu şimal şəhərini, astanalılar 19 ilin içərisində yaşıllıqlar oylağına çevirməyi bacarıdılar. Yaşıllıqlara baxdıqca , bu gün daşlaşan Bakıya heyifim gəldi. Vaxt var idi daş Bakını biz beləcə yamyaşıl etmişdik. Quru qumsal torpaqlarda yaşıllıqlar yaratmışdıq. O yaşıllıqlara görə şəhərdə təmiz hava ilə ciyərlərimzi də, könlümüzü də doldururduq. İndi öz gözəllikdə yaşıl şəhərimizi daşa döndəririk...
Yol boyu uzanan səhralar, çöllər, bozkırlarda çox da hündür olmayan təpələr, düzlər, taxıl zəmiləri kəhraba dənizi kimi mülayim küləklərin drijorluğu ilə yavaş-yavaş dalğalanırdılar. Lakin yerli adamlar deyirdi ki, bu il qış deyəsən tez gələcək. İçimdə bir heyrət və təəssüf var idi. Görəsən fermerlər bu il taxılı biçib qurtara biləcəklərmi?! Xeyli gedəndən sonra sulu çaylar və gölməçələr olan yerlərdə qarşımıza at ilxıları çıxdı. Qazaxıstanda bəslənən atlar monqol atlarından daha hündür olurlar. Bərli- bəzəkli atların dəriləri də soyuq sentyabr günəşinin altında bərq vururdu. Onlar lap nağıllardakı qanadlı atlara bənzəyirdilər. Nə sirrdirsə, at görəndə ürəyim atlanır. Və bu sonsuz səhralarda atların belə gözəl və baxımlı olması da yəqin ki, sonsuzluğun onlara verdiyi azadlıqda idi. Yəqin ki, atları belə gözəl göstərən həm də azadlıqları idi. İnsan azad olanda könlü rahat olur, rahat könül isə gözləri də, simanı da gözəl göstərir. Əllərimi Tanrıya açıb Kutluq xaqan, Kul Tegin, Tonyukük , Çingiz xaqan kimi bir dua etdim: “Ey Göy Səma, ey uca Tanrı nə yaxşı ki, atları yaratmısan. Əslində atlar olmasaydı, türkün özgürlüyü, azadlığı, qələbələri də olmazdı. At türkə hər zaman, hər yerdə yoldaşvə qardaş oldu. Bizi köhlən atlarımızın üstündə muradımıza çatdır.Birliyimizi daş kimi, tarix kimi əbədi elə!”.
Onu da deyim ki, həmişə olduğu kimi, bu dəfə də ekspedisiyamızın rəhbəri Dərxan Kıdıralı rahat avtomobillərə deyil, bizimlə birlikdə avtobuslarda oturmağa üstünlük verdi. Yollar uzandıqca uzanırdı. Arada dincəlmək üçün Atasu rayonunda dayandıq. Ekspedisiyanın üzvləri üçün nəzərdə tutulmuş yeməkxanada çay içib, bol -bərəkətli süfrələrin naz-nemətindən daddıq. Axşam saat 7 radələrində Jeskazqana çatdıq. Bir ailə kimi axşam yeməyinə bir süfrə arxasına toplaşdıq. Qazaxların süfrəsinin beşbarmağı, baursakı da ki, öz yerində... Və bir də ki, süd ilə içilən çayı... Bu südlü çay da 12 saatlıq yol yorğunluğumuzu canımızdan çıxardı.
V.İ.Lenin: “Vətənin əmlakını yada satmaq olmaz, torpağın sərvəti xalqa məxsusdur”.
Karaqanda vilayətində hər qarış torpağın altı əlvan metallarla zəngindir. Qazıntılar zamanı burada tapılan misdən hazırlanan pullar, qədim tikililərdən qalan qırıntılar, abidələr, alətlər atrtıq kimsəni təccübləndirmir.
Karaqanda vilayətinin ən böyük sənaye mərkəzlərindən biri sayılan Kenqeres 1914-cü ilə qədər qəsəbə tipli şəhər idi. 1914-cü ildə buraya gələn ingilis investorlar poladəritmə zavodu tikməyə başlayırlar. Az keçmir ki, 1917-ci ilin Oktyabr inqilabı baş verir. Və V.İ.Leninin rəhbərliyi altında yaranan yeni formasiyaya uyğun olaraq, zavoda hakimiyyətə gələn sovetlər sahib olurlar. Proletariatın rəhbəri deytir ki, Vətənin əmlakını yada satmaq olmaz, torpağın sərvəti xalqa məxsusdur.
Monqolustanda Koşo Çaydam vadisində, Orhon çayının sahillərrində yerləşən Göy Türk xaqanı Kül Tegindən qalan daş kitabənin 37-ci sətirində Mənim ölkəm, budanım Kenqereş yerindən çıxdı”- yazılmışdı. Kenqeres Göy türklərdə tayfa adı idi. Bəzi tarixi mənbələrdə Azərbaycandakı Ağqoyunluvə Qaraqoyunlu tayfalarının da buradan gedib oğuz ellərində yurd salmaları ehtimal edilir. Kəngərlilərin də bu tayfadan gəlmələri yazılı mənbələrdə öz əksini tapıb. İndi sənaye şəhəri olan Jeskazqanın da ilk adı Kenderlik idi. Ergenekon zamanından dəmirlə dil tapıb onu əritməyi öyrənib, ondan silah-sursat düzəldən türklərə və difəgər tayfalar, təbii ki, buralara gəlib çıxanda artıq yerin altından çıxan fioliz, metal, mis, gümüş və qızılla necə işləməyin yollarını bilirdilər. Bu yeraltı sərvətlərə sahib olanlar varlanır, ordu yaradır və halkimiyyətini Orta Asiya ərazisində bərqərar edirdilər. Və burada özlərinin topxanalarını, şəhər mərkəzlərini də yaradırdılar. Zaman tarixin Qızıl Orda- Altın Orda zamanı idi.
... Bu gün, yəni sentyabrın 16-da isə Çingiz xanın oğlu Çuçinin, Qızıl Orda xanı Alaşa xanın, Dombaulun türbələrini ziyarət edəcək, Dəşti Kılpcaqların izlərini , qədim türk tarixini, hunların, Əmir Teymurun izlərini , sirrlərini özündə saxlayan Müqəddəs Ulutau dağının ətəyində Tanrımızı bir də yada salacağıq.
Jeskazqan şəhərinin 54 kilometrliyində yerləşən Çuçi xanın ziyarətgahınadır yolumuz. Astanadan fərqli olaraq, burada havanın temperaturu yüksəkdir: +25 C. Asfalt yollar bitəndən sonra, arabamız torpaq yollahərəkətə başladı. Ətrafa baxırıq, kol-kos, cürbəcür bitkilər, saksaullar... Adda-budda bəzi yerdlərdə tənha məzarlar, və ya aullar da vardır. Bir neçə çadırdan ibarət olan aullarda qazax çobanları yaşayır. Və bir daha yəqin edirsən ki, maldarlıq bu yerlərdə yaşayan insanların əsas məşğuliyyəti olub. Ətrafda çobanların boş vaxtlarında üst-üstə yığdıqları daşlar gözə dəyir. Bozkırlar boyu xırda evciklərə bənzər belə daş yığınlarını çox görmək olur. Çibanlar belə daşları bir də ona görə yığırlar ki, yağış yağanda yaş torpağın üstündə oturmasınlar.
DNK-sında Çingiz xanın qanı olan 18 milyon insan yaşayır
... Deyirlər ki, DNK-sında Çingiz xanın qanını daşıyan 18 milyon insan yaşayır. Tarixi mənbələrdə 40 il hakimiyyətdə olan Çingiz xanın hərəmxanasında 20-dən çox nigahlı arvadı, və saysız hesabsız kənizlərii olması haqqında məlumatlar yer alıb. Çingiz xanın çoxsaylı oğullarından ilki sevimli xanımı Bortenin 1182-ci ildə dünyaya gəltirdiyi Cuçi olub. Həmin vaxtlarda merkitlərin əsir apardığı Börteni xilas edən Şingiz xan deyir ki, onun xanımı əsir düşəndə hamilə idi. Və beləliklə Cuçini öz oğlu olduğunu elan edir. Cuçidən sonra , daha üç oğlu--Çağatay, Uqedey, Teleu dünyaya gəlir. 25 yaşı olanda Cuçi Baykala tərəf hücum edib, buradakı “meşə insanlarını” özünə ram edir. 1218-23-cü ildə isə Mərkəzi Asiyanın ərazilərinə sahib olur. Çingiz xan Qızıl Orda adı altında yaratdığı Böyük Çölün ərazilərini-- Türküstandan Volqaya qədər Cuçiyə həvalə edir.
Kengir çayının sahilində yerləşən əraziyə yerli əhali Orda bazar deyir. 13-cü əsrdən bəri bu çöllərdən və bozkırlardan nə qədər küləklər əssə də, yağışlar yağsa da, qar tufanları olsa da, hər yaz buralarda lalələr, bənövşələr, novruzgüllər, canavar çiçəyi açır, yemişan ətri yaz yağışına qarışır. Elə indi də payızın nəfəsindən xəbər verən narın küləklər əsdikcə qurumuş otların doğma ətrini üzümüzə vurduqca inanın ki, ruhumuz təzələnirdi.Əgər səhranın əsrarəngiz ətri, qoxusu səni məst edirsə, dəli kimi o yan-buyana qaçan rüzigarlar qəlbinin tellərini əsdirirsə, demək genetik yaddaşını oyanıb. Və təbii ki, o genetik yaddaşın gücüdür ki, torpağın ətrini , çiçəklərin qoxusunu belə duya bilirsən. Cuçi xanın məqbərəsinə gedən yolu bu vəhşi səhralarda ancaq yerli sürücülər, yola bələd olan adamlar tapa bilir.
Bizim bələdçilərimiz isə 25 ildir ki, bu yolu gedib gəlir. Səmanın üfüq xəttinə qədər uzanan yerlərdə az qala hər kolu, hər təpəni tanıyır. İlk dayandığımız yer Çingiz xanın oğlu Cuçinin məzarı olur. Bir çox əfsanələrdə belə nağıl edilir ki, vəhşi atların ovuna çıxan Cuçini tutmaq istədiyi bir vəhşi köhlən tapdalayıbvə onun zədələnmiş qolu kəsilib. Cuçi xanın türbəsi haqqında ilk dəfə XVI əsr səlnaməçisi Hafiz Danışanın yazılarında rast gəlinib. 1946-cı ildə isə burada ilk qazıntılar məşhur alim A.Mərgilanın rəhbərliyi ilə aparılıb. Arxeoloqlar da bu məzarıaraşdıran zaman basdırılan insanın qolunun birinnin olmadığını görüblər.
Çingiz xanın hakimiyyəti tarixini oxuyanda o da məlum olur ki, atasından və qardaşından fərqli olaraq, Cuçi dava , savaş tərəfdarı deyil, sülh tərəfdarı olub. Qızıl Orda xanlığında hakimiyyətini diplomatik yolla bərqərar edib. Yerli insanlarla xoş rəftarı nəticəsində onların hörmət və məhəbbətini qazanıb. Belə rəvayət edirlər ki, çox zəhimli xarakterə məxsus olan Çingiz xan ətrafında olan saray adamlarına əvvəlcədən deyibmiş ki, kim mənim oğlanlarımın ölüm xəbərini gətirsə, bilsin ki, həmin adamın boğazına qurğuşun tökəcəyəm. Tanrının qismətindən belə olur ki, Cüçi 1227-ci ilin fevral ayında ölür. Bu xəbəri Çingiz xana verməyə mimsə cəsarət etmir. Xanın yanında olan sevimli vəziri və müşaviri Ketbuğa bu çətin və məsuliyyətli işi öz üzərinə götürüb, saray əyyamına deyir ki, xəbəri Xana özü çatdıracaq. Ketbuğa həm savadlı siyasətçi, həm şair, həm də domra və qobuzda çalan məharətli ifaçı idi. O qobuzunu götürüb, gəlib Çingiz xanın ağ çadırının ətəyində oturub və sevdiyi musiqilərdən birini çalaraq oxuyur. Səhralarda kobuzu dinləməyənlər bilməz. Kobızın səsi küləklərə qarışanda çox məlahətli olur. Küləklər bu həzin mahnı səsini Çingiz xanın ağ çadırına aparırlar:
Yıxılan uca dağları kim qaldırar xanım heyyy...
Qaralan sularımızı kim təzələr xanım heyyyy
Yıxılan qovaqaları kim qaldırar xanım heyyy
Suyu daşan çayları kim saxlayar xanım heyyy...
Ketbuğanın və domranın səsinə çıxan Çingiz xan ona belə cavab verir:
Yıxılan o uca dağım Cuçi olmasın Ketbuğa.
O qaralan soyuq sularıCuçi təmizlər Ketbuğa.
Yıxılan ağaclarımı,Cuçi qaldırar Ketbuğa,
Suyu daşan çaylarıCuçi saxlayar Ketbuğa...
Cingiz xanın bu cavabından sonra Ketbuğa qəmli melodiyasını çalmaqda davam edir. Və Göy Səma və Uca Tanrı yayın simləri titrədən səsi ilə Cuçinin ölüm xəbərini Çingizə ayan edir. Əlini qılıncına atıb Ketbuğanın üzərinə hücum edərək deyir: “Axı mən demişdim ki, kim oğlanlarımdan birinin ölüm xəbərini gətirərsə, boğazına qurğuşun tökəcəm...”. Ketbuğa xana baş əyib deyir: “Xanım, Göy Səma, Tanrı özü şahiddir ki, bu xəbəri sizə mən çatdırmadım, dombra çatdırdı, bir də özünüz söylədiniz...”.Çingiz xaqan Göy Səmaya və Tanrıya inanırdı. O gördüyü hər bir işin, xeyrini və şərini də Uca Tanrıya qarşı etdiyi əməlin nəticəsi kimi dəyərləndirirdi. Çingiz xan artıq sözünü demişdi, bütün dünya bilirdi ki, ilk dəfə “Ana Yasa” kitabını yazan hökmüdarın sözü qanun idi. Və belə qərara gəlirlər ki, qurğuşunu dombranın üstündə bir dəlik açıb , oraya töksünlər. O gündən dombra düzəldənlər hər zaman onun sinəsi üstündə bir dəlik də açırlar. Və həmin gün oxunan “Aksak kulan” mahnısı bu gün də qazaxların folklorunda ana laylası kimi qorunub saxlanır.
Qırmızı kərpicdən tikilən türbənin ətrafında Orda bazarın qalıqları, bütöv bir şəhər mədəniyyəti , XI-XII əsrin xərabatlarının izləri hələ də qalmaqdadır. Tədqiqatçıların gəldiyi nəticəyə görə Cuçi xanın türbəsi 1228-ci ildə inşa edilib. Gümbəzi mavi Göy səma rəngində olan türbənin tikintisində arqın- oğuz, qıpçaq kerey, nayman, konırat, madyar, kanlı merkit tayfaları iştirak ediblər. Məzarda tədqiqat işləri aparan arxeoloqlar burada bir qadına aid əşyalar və sümüklər də tapmışdılar ki, bu da ehtimala görə Cuçi xanın sevimli xanımı, Kerey xanın qızı Bektumüş xanımdı. Çuçinin özündən sonra 14 oğlu qalır. Məşhur türk səlanməçisi Rəşdi də Dinin yazdıqlarında onların adı belə sıralanır: Orda Ejen, Batı, Bereke, Berkeçər, Şiban,Tanqut, Buval, Cilaukun, Şinkur, Çimbay, Məhəmməd, Udur, Tuka Teymur, Sinqku.
Burada öz təsdiqini hələ tam tapmayan bir həqiqəti yazmaq yerinə düşər. Diqqətlə fikir versəniz görəcəksiniz ki, Çingiz xanın oğlanlarının adları qədim türk adlarıdır. Bu adların içərisində monqol adı yoxdur. Çingiz xandan qalan maddi sübut və əşyaların üzərindəki tamqaların (nişan və damğa) hamısı qədim türk tamğalarıdır. Ta o vaxtdan bu günə kimi monqolların heç biri bu tamğalardan istifadə etməyib. Onda bəs türk əsilli Çingiz xan niyə dünyaya monqol kimi tanınsın? Məlumdur ki, dünya və hakimiyyətləri idarə edən böyük güclər hər zaman türklərin döyüş ruhunun yüksək olmasını,torpağa sevgisini təsdiq etməkdən qorxublar. Hər hakimiyyətin öz tarix yazanı türk tarixini yazanda onu itirməyə çalışıb. Necə ki, yazı-pozudan xəbərsiz ərəblər İslamı yaymaq üçün min illik yazı tarixi olan türkləri "qılınc müsəlmanı"na çevirərkən, çinlilər Göy türklərilə müharibələr zamanı qədim türk abidələrini məhv etməklə dünyadan türk izini, türk kitabıni silmək istəyirdilər. Bu siyasətə uyğun olaraq Bartold, Vasiliy Radlov, Vinyamin Zernov kimi türkoloqlar Çingiz xanı monqol kimi yazmalı idilər. Lakin həmin türk tarixini “yazan” alimlər fatehdən qalan tamğaların və möhürlərin nə zamansa dil açıb danışacağını təsəvvürlərinə gətirməmişdilər. Həmin alimlər XIII əsrin böyük alimi olan türkoloq, tarixçi və filosof, Rəşid əd Dini də monqol kimi qələmə vermişdilər. Lakin Rəşid əd Dindən qalan əlyazmalar, onun bir türk oğlu olduğunu təsdiq etdi.
Çingiz xanın qəbri üstündə ağlayan bir dəvə...
Cuçinin vəfatından 6 ay sonra 1227-ci ilin payızında Çingiz xan dünyasını dəyişir. Burada Çingiz xanın məzarının harada yerləşməsi müəmmasına bir aydınlıq gətirmək lap yerinə düşər. Trük səlnaməçisi Rəşid əd Din yazırdı: “ 624-cü il Ramazan ayının 14-cü günündə (24 avqust 1227-cin il) , (digər bir tərcümədə donuz ilinin payıııııızının orta ayının 15-də yazılır) , ... o bu dünyanı tərk etdi. Taxtı boş qaldı, qızıl şəcərəsi və dövləti dağıldı. Onun əmrinə əsasən, ölümünü hər kəsdən gizlətdilər, tanqud tayfalarıni şəhərdən çıxmağa qoymadılar. Onları öldürdülər ki, bu sirri kimsə bilməsin... Bundan sonra onun tabutunu götürüb geriyə yola çıxdılar. Yolda da sirri kimsə bilməsin deyə, qaraşılarına çıxan hər kəsi öldürürdülər. Tabutu gətirib Çingiz xanın Ordasına – ailəsinin hüzüruna endirdilər. Bütün xanzadələr, xanımları, ən yaxın qohumları yığışıb mərhumu ağladılar. Bundan sonra tabutu böyük bir arabaya yerləşdirdilər. Çingiz xanın özünün dediyi Muna dağına tərəf yol aldılar. (Rəşid əd Din, “Əlyazmalar külliyatı, cild 1, səh 233.)
Çin tarixçisi Tsao Mu Tzi isə həmin hadisəni belə yazmışdı: “Yuan imperiyasının Monqol xanlarını belə dəfn edərdilər: böyük və qocaman bir ağacı kəsər, onu iki yerə bölərdilər. Ortasını mərhumun boyu ölçüsündə oyardılar. Sonra həmin oyuğun içərisinə mərhumu yerləşdirdilər. Bundan sonra mərhumun üzərinə bal töküb, sonra da üç böyük qızıl halqa ilə üzərini bərkitdilər. Çingiz xanı databuta belə qoydular. Tabutu şimal tərəfə apardılar ki, orada əcdadların ruhu var idi. Mərhumu çox dərin məzarda basdırdılar. Məzarın üzərinə at sürüsünü buraxdılar. Atlar bu məzarın üstündə o qədər qaçdılar ki, məzar yer ilə eyniləndi. Bundan sonra təzə doğulan nərçəni(dəvə balasını) kəsib həmin məzarın üstündə basdırdılar. Bu məzarı min nəfəedən ibarət atlı qoruyurdu. Məzarın üstündə məqbərə tikmədilər. Gələn yazda, məzarın üstündə təzə otlar bitəndə məzarın yeri də itib getmişdi. Lakin həmin vaxt keçən il balasını qurban kəsdikləri dəvəni həmin çəmənliyə buraxdılar. Balasının ətri burnunda qalan dəvə, yüksək səslə nərildəyərək gəlib balası basdırılan yeri tapdı. Üzünü torpağa söykəyib, gözündən qan-yaş tökdü.Bundan sonra orada əcdadların ruhlarına xoş olsun deyə , insanlar bu yeri müqəddəs bilib, burada qurbanlar kəsməyə başladılar. («История Чингизхана», Улан-Батор, 2004.Т.2.стр.788-789.)
Rəşid əd Dinin əsərlərində isə Çingiz xanın dəfn olunduğu yer Burhan Haldun kimi göstərilir. O yazır: “ Bir dəfə Çingiz xan Burhan Halduna gəldi. Bu yerlərdə yaşıl ağaclar bol idi. Ətraf onun o qədər xoşuna gəldi ki, üzünü əmirlərinə tutub: “Bizim son mənzilimiz bura olmalıdır!”. Xanın əmirləri onu bu sözləri dediyi ağacın altında dəfn etdilər. Sonralar burada o qədər ağac bitdi ki, meşəyə çevrilən Burhan Haldunda xanın yerini tapan olmadı.”. (Rəşid əd Din”Əlyazmalar Külliyatı”, 1-ci cild. 1-ci kitab.səh 159.)
P:S.Yeri gəlmişkən qey edim ki, bizim ekspedisiyamız bu il, Çingiz xanın doğulduğu Kentay vilayətinin burhan Haldun kəndində və ətraf yerlərdə çox dəyərli arxeoloji qazıntılar aparıblar. Bu qazıntılar Monqolustan EA Tarix İnstitutu ilə birlikdə aparılıb və davam etməkdədir. Çox az vaxtdan sonra Beynəlxalq Türk Akademiyası və Monqolustan EA-sı yeni tapdıqları qədim türk tarixini özündə əks etdirən eksponatlarla dünyanı mat qoya biləcəklər.
Dədə Qorqud və Dombaul
Cuçi xaqanın məzarını ziyarət edib, Tanrının böyüklüyünə, ölənlərin ruhuna, dünyadan köçənlərin şəninə dualarımızı oxuyub yolumuza davam edirik. Cüçi xanın məqbərəsinin 6 kilometrliyində yerləşən qədim Dombaul məbədi.Özündə min illərin sirrini saxlayan Dombaul məbədinin barəsində çox rəvayətlər danışılır. Onu həm Dədə Qorqudun, həm də Cuçi xanın müasiri adlandırırlar. Divarlarının eni 2,5 metr olan bu məbəd həm də türklərin boz çöllərdə qurub –yaşadıqları alaçığa bənzəyir. Biz artıq bu məqbərənin oxşarını ötən il Şveet Ulan- Kutluq Xaqan məbədində görmüşdük. TWESCO Ötükəndəki bu məbədi araşdıraraq üzə çıxarıb , həmin məbəd eyni bunun oxşarıdır. Monqolustan məbədlərinin, tarixi abidələrinin və türk abidələrinin məşhur araşdırıcısı, arxeoloq alim Napil Bazılxan bir daha həmin günləri xatırladarq dedi ki, dörd divarlı, 8 künclü olan bu abidə eramızdan əvvəl islama qədərki türk abidəsi eramızdan əvvəl 7-ci əsr abidəsi olan Sveet Ulan-Kutluq Xaqan məbədinin nişanələrini özündə saxlayan bir tarixdir. Belə düşünmək olar ki, bu məbəd göy türklərin hakimiyyəti məğlubiyyətə uğrayandan sonra, burada məskunlaşıb, özünə yeni məbəd, iqamətgah tikən tarixə naməlum xaqana aiddir. Yerli insanlar burada Dombaul müdrükün uyuduğunu deyirlər. Bu da ola bilər. Təbii ki, çinlilərin və digər yadellilərin hücümundan sonra, göy türklərin törəmələri gəlib burada məskən salıblar, öz mədəniyyətlərini də bu yerlərə gətiriblər. Belə məbədlər isə yalnız adlı-sanlı insanlar üçün tikilərdi. Dombaul da belə adlı sanlı şəxsiyyətlərdən olub. Dombaul məbədinin 8 güşəli tinlərində həm də ağaclar üçün yer var. Burada əkilən ağaclar ölən insanının ruhunu Tanrıya daşıyırdı. Göy türklərin inancına görə insan öldükdən sonra , onun ruhu Göy Səmadakı Tanrısına qovuşur. Əslində sonradan gümbəzlərin də göy rəngli daşlarla tikilməsi və rənglənməsi buna bir misaldır. Belə məbədlərin dörd bir tərəfində ağacların əkilməsi həm də ondan xəbər verir ki, öləndən sonra ağacdan tikilən evindən daş evinə gedirsən. Bir baxın , bu məbədin qapısı da günəşə açılır. Çünki insan öləndən sonra ruhu da Tanrı adlı işığa uçur. İnsan dönüb işıq olur,ruh işıqdır. Çünki Göydə də, Yerdə də nə vasa, hamısı Tanrıya məxsusdur.
Tanrı insanı yaradanda onun irqindən, dinindən, milliyyətindən, dlinindən asılı olmayaraq , İNSAN yaratdı. Bütün bu vərdişlərin hamısını insan SEVGİ ilə qazandı. Tanrı yaratdığı insanın qəlbinə ilkin olaraq özündən bir zərrə SEVGİ yerləşdirir. Bu sevgi ilk dəfə anaya qarşı olur, sonra , torpağını, Vətənini sevirsən. Və yaşadıqca, böyüdükcə, bilmirsən ki, keçmişini niyə sevdin? Amma keçmişini sevirsən. Çünki bu sənin genetik kodundur. Onu tapanda, görəndə ikiqat sevinirsən. Əgər Tanrıya bağlılığın varsa, bu hisslərin sənin qan yaddaşın qalan yerlərdə daha çox oyanır. Və babaların, əcdadların ayaqları dəyən yerləri ziyarət edəndə dünənini bu gününlə uzlaşdıra bilirsən. Tanrıya qəlbini aça bilirsənsə, həmin ziyarətgahlarda o ilahı SEVGİNİ və EŞQİ hiss edəcəksən.
(Dombaul məbədi, 1946-cı il)
Kim idi Dombaul? Onun barəsində rəvayətlər ağızdan-ağıza keçərək , əslində ağız ədəbiyyatı yaradıb. Aşıqların səlnamələrində bir məhəbbət və qoçaqlıq rəvayəti, nağılı kimi, dastan kimi məclislərdə söylənib. Rəvayətlərdən birində Dombaulun Çingiz xaqanın sarayında aşıq olduğu deyilir. Türk məişətində və mədəniyyətində aşıq ən ağıllı və müdrik ağsaqqal kimi xarakterizə edilir. Adına məbəd ucalan Domaulu həm də “övliya “ adlandırırlar.Bu məbədə gələnlər isə çox vaxt Tanrıya əl açıb dua edəndə, həm də Dədə Qorqudun adını çəkərək, onun ruhunu yada salırlar. Belə rəvayət edirlər ki, Dədə Qorqud hara gedirdisə əlindəlki qobızında nəğmələr çalar, küləklər, rüzgarlarla onu dünyaya yayardı. Lakin hara gedirdisə, onun başından ölüm də əskik olmurdu. Qorqud harada ölürdüsə, orada onun üçün məqbərə tikirdilər. Elə buna görədir ki, türk dünyasının dörd bir tərəfində Dədə Qorqudun məzarları vardır. Dədə Qorqudun güclü ruhu insanı torpağa, yurda bağlayırdı. Qədim türklərin Dədə Qorquddan gələn fəlsəfəsinə görə insan yurdunu, torpağını və elini bu dünyada qorumalıdır, o biri dünyada cənnət axtarmaq düzgün deyil. Cənnət insanın yaşadığı və üzərində gəzdiyi doğma yurdu, əcdadının dəfn edildiyi toröpaqlardır.
Deyilənılərə görə Qorqud Ata oba-oba , el-el gəzərək gəlib, Kengerlikə çıxır və burada bir müdrikə rast gəlir. Ona xeyir –dua verib deyir: “Hər zaman xalqının oğlu ol. Xalqının qiymətli sərvətini qoru və çoxalt, xalqının tarixini unutma, onu yaşat. Bilirəm, elə bir zaman gələcək ki, mən o zamana qədər yaşamaq istəmirəm, valideynlərin öz övladlarına rəhmi gəlməyəcək, övladlar valideynlərini eşitməyəcəklər. Oğul atasının yanında danışacaq...”—bunları deyib, Dədə Qorqud sazıını sinəsinə basır:
Əgər dağ döşündə yaşıl otları
Köhlən atlar yeməsə bitməz olsun.
Dağlardan axan çayları,
İnsan içməyəcəksə, axmaz olsun...
Pis oğul atasının adını yüksəltməyəcəksə,
Belindən gəlmməz olsun.
Anasının bətninə düşməz olsun, doğulmasın...
Deyilənlərə görə, həmin o müdrik Dombaul idi ki, Dədə Qorqud öz gücünü və xeyir-duasını ona vermişdi. Xalq arasında Dombaul haqqında həm də maraqlı eşq, vəfa, sevgi dastanları da yayılıb. Dombaul məbədinə baxanda , istər istəməz fikirləşirsən ki, əgər insan xalqına sədaqətli, Vətəninə xeyir verən olursa, onu tarix öz səhifələrindən silmir.
Dombaulun ətrafında naməlum məzarlar bu günə qədər qalıb. Bu məzarların üzərində dəmir, daş parçaları yığılıb. Dəmirlərin əksəriyyətinin rəngi qaralıb. Dəmiri, poladı, gümüşü, misi, nefrititi, qızılı ilə dolu olub bu ərazilər. Ona görə də zaman-zaman müharibələr, döyüşlər görüb. Güclü olan hər bir kəs bu yerlərin sahibi olmaq istəyib. Səma altında açıq muzeydə isə bu ərazilərdən tapılmış daş adamlar , daş kitabələr və üzərində sirli yazılar da istər-istəməz insanın diqqətini cəlb edir. İnsan obrazlarında yonulan daşların üzərindəki badə, ox, yay, silah şəkilləri də bu insanların həyat tərzindən xəbər verən danışan məktublardır. Və bu dəsti xəttlərin içərisində bu günə qədər gəlib çıxan türk xalqlarına məxsus ornament və naxışlar da sübut edir ki, biz öz yazımızı, dəsti-xəttimizi heç zaman unutmadıq. Bizim yazımız, kitabımız çox qədimdir.
Dombaul məbədinin qarşısında da ulu Tanrıya dualarımızı və şükranlıqlarımızı çatdırdıqdan sonra, bu türbənin 27 kilometrliyində olan Alaşa xanın məzarını ziyarət etdik. Qazax xanlarının hamısının tarixi və şəcərəsi Cuçi xanın müasiri olan Alaşa xandan başlayır. Hətta bu yerlərdə belə bir məsəl var: “Alaş alaş olmazdı, Alaşa xan olmasa”.
“Alaş alaş olmazdı, Alaşa xan olmasa”.
10 metr hündürlüyü olan Alaşa xanın məqbərəsi dördkünc formadadır.Bişmış qırmızı kərpicdən tikilən məqbərə xana, övliyaya olan ehtiramdan irəli gəlir. Alaşa xanın məqbərəsinin qapıları da həmin tarixin yadigarıdır. Məqbərənin yuxarı hissəsində 6 ədəd pəncərə var. Bu pəncərələrdən günü batması və ayın çıxması aydın görünür. Məqbərə bir növ rəsədxana rolunu da oynayır. Məqbərənin üst hissəsindəki 16 yaruslı yumru gümbəz, və 8 güşəli düzbucaqlı xanələr də xanimana xüsusi gözəllik verir. Lakin Alaşa xana ucalan məqbərədəki məzar simvolik məzardır.
Ulutau dağlarının ətəyində, Qarakengir çayının sahilində yerləşən , XI-XII əsrə aid olan bu məqbərə tarixi nişanələrinə görə oğuz-qıpçaq abidəsi olmaqla yanaşı, həm də üç qazax cüzünün tamğalarını öz divarlarında əks etdirir. Alaşa xanın Göy xanın nəslindən gəldiyini yazırlar. Rəşid əd Din öz külliyatında Alaşa xanın Dəşti Qıpçaqların yurdunda yaşadığını qeyd edir. Digər mənbələrdə isə eramızdan əvvəl III-II minilliklərdə Mərkəzi Asiyanın böyük sərkərdələri olan Abdulla xan, Arıstan xanın nəslindən olduğu da iddia edilir. Bir çox səlnaməçilər də qazax xanlığının əsasının Alaşa xanın şəcərəsindən gəldiyi yazırlar. Qurbanqulu Xalid adlı səlnaməçi öz əsərində Alaşa xanı ilk qazax xanı kimi xarakterizə edir və yazır ki, Alaşa xanın hakimiyyətində insanlar bir dildə altay dil qrupuna aid olan türk dilində danışırdılar. Bu dil də qazax və ya kalmak dili ola bilərdi. Qazaxların nədən özlərini üç şəcərəyə bölmələri də Alaşa xanın üç oğluna verdiyi səlahiyyətdən gəlir.” Alaşa xan öz varidatını üç oğlu arasında , üç orda arasında böldü: böyük, orta və kiçik. Və hər birinin varidatının da toxunulmaz olduğunu söylədi. Qazax xalqı da Alaşa xandan sonra gələn həmin nəsil şəcərələri ilə artıb-çoxaldılar. Böyük cüz, Orta cüz və Kiçik cüz. Oğlanlarına etdiyi vəsiyyətin biri də ondan ibarət idi ki, elinizin, yurdunuzun qapısını kim açarsa, onu “qonaq aşı” ilə qarşılayın. Alaşa xanı hər zaman hörmətlə yad edən rəiyyətdən qalan isəbu misal oldu: “Alaş Alaş olan gündən, Alaş xan oldu. Alaş xan olan gündən yurdlarımız abadlaşdı, varımız-bərəkətimiz artdı...üç cüzün övladları artıb çoxaldıq...”
Alaşa xanın hakimiyyəti dövründə bir araya yığdığı bəylik və xaqanlıqların tamğalarının şəkli elə məqbərənin qapısının ağzındakı daş kitabədə öz əksini tapıb.
Ta o gündən bu günə kimi Qazax xanlıqları öz yollarını və dövlətçiliklərini Alaşa xanın qanunlarına uyğun olaraq qurdular və yazdılar. Alaşa xan qazaxların milli kimliyidir, göy türklərdən qalan səhra xaqanlığının davımıdır.
Bu gün Ulutau dağlarının ətəyində 686 türk və müsəlman tarixini özündə əks etdirən abidə var. Onlardan 282-si “Ulutau” muzey fondu tərəfindən qorunur. Çuçi xanın, Alaşa xanın türbələrini ziyarətə gələn insanlar Göy səmadan, Tanrıdan, Allahdan işlərinin avand olmasını diləyir, ürəklərində tutduqları məqsədə çatmaları üçün dualar edirlər. Və bu məzarların üzərinə gətirdikləri parçaları , yaylıqları ulu ruhlara pay, Tanrıya minnətdarlıq kimi qoyub gedirlər. Bu yerləri ziyarət edən adamlr isə ürəklərində niyyət tutaraq məzarın üstündən götürdükləri həmin yaylıqları Tanrının hədiyyəsi kimi sevdiklərinə pay verirlər. Bu da qədimlərdən bu günümüzə qədər gəlib çatan türk inanclarının bir formasıdır.
Satbayev şəhəri və Müqəddəs Ulutau dağları, canavar çiçəyi...
Alaşa xanın türbəsini də ziyarət edib, ruhumuzu saflaşdırandan sonra, Satpayev şəhərinə yol aldıq. Kuanış Satbayev 1930-cu ildə Mərkəzi Qazaxıstanda Karaqanda Metallurgiya Kombinatı kimi nəhəng buir zavodun tikilməsinin ilk təşəbbüskarı olub. Böyük və məşhur metallurq vətəninin hər qarış torpağının yeraltı əlvan metallarla zəngin olduğunu bilirdi. Karaqanda Metallurgiya Kombinatı bu gün də işləyir. Və etibarlı qazax xalqı, başlarına gətirilən bir çox sovet oyunlarının girdabından çıxandan sonra, artıq ölkənin bir çox yerlərində Kuanış Satbayevin adını əbədiləşdiriblər. Hətta paytaxt Astanada türkün düşməni Levon Mirzoyanın adını daşıyan küçənin adını dəyişdirərk, Kuanış Satbayevin adını veriblər. Satbayev şəhər hakimi və ziyalıları da Beynəlxalq ekspedisiyanın üzvlərini gülər üzlə, duz-çörəklə qarşıladılar. Həmin görüşdən Satbayevin abidəsinin qarşısında çəkdirdiyimiz şəkil qaldı.
...Ulutau dağlarının lap ətəyinə, yaxınlığına gedirik. Satpayev şəhərindən oraya 116 kilometr yoldur. Diqqətimizi yol kənarında səpələnən kollar çəkir. Bələdçimiz deyir ki, bunlar kurtqa bitkisidir (rusca volçya yaqoda, azərbaycanca canavar çiçəyidir). Türkdilli xalqalrın indi unutduqları “Kurtqa” bayramı var idi. Bu bayram adətən may ayının ortalarında keçirilərdi. Çünki həmin kurtqa bitkisi may ayında çiçəklərdi. Onun bitkisini yığıb 14 yaşına çatmış oğlanları həmin suda çimdirərdilər ki, qurd kimi, canavar kimi olsunlar. Sonra döyüşdürb, sınaqdan keçirib ad verərdilər. Lap elə Dədə Qorqud Kitabımızda yazıldığı kimi.Bu kolun meyvəsini boz səhraların canavarları yeyir. Və onların bu qədər güclü və dözümlü olmasında həmin giləmeyvələrin də rolu var. Lakin insan üçün zəhərli bitkli sayılır. Ümumiyyətlə boz kırlarda oxşar bitkinin 200 növü var.
Ulutauda bizi etnik köydə- yəni kənddə el-oba qarşılayır. El aşığı əlində sazı pişvazımıza çıxır, şənimizə nəğmələr söyləyir. Yüksək mərtəbəli qonaqlar üçün qurulmuş çadırlara dəvət olunuruq. Qazax mətbəxinin şahı olan kımıza qonaq edirlər. Sonra süfrələrimizə min bir nemət düzürlər. Milli paltar geyinmiş kənd camaatı bizimlə şəkil çəkdirir, gülərüzlə danışırlar. Hər birinin münasibətindən bilirik ki, gəlişimizdən çox məmnundurlar. Çadırlarda əsil qədim türk mədəniyyəti, çöl mədəniyyəti yaşayır. Çadırların divarına vurulmuş palazlar, keçələr hərəsi min rəngdə, min naxışda. Samovar da bir kənarda dəmdədir. Min illər ərzində vəhşi səhralara xan olmağı, səhranı ram etməyi bacaran türk insanı bu çadırlarda artıb çoxaldı, nəsil-nəsil bu mədəniyyəti itməyə qoymadı. Bu gün Qazaxıstanın bir çox bölgələrində çadır tipli otellər fəaliyyət göstərir. Bu otellərdə istirahət etmək insana xüsusi zövq verir.
Ulutau dağları sadəcə qazax tarixi deyil, Altın orda, türk tarixini özündə yaşadan , Hunlar, prototürklər tarixini özündə gizlədən bir yerdir. Özü hündür olmasa da tarixi çox uludur. Burada türk fatehlərinin, sərkərdələrinin izlərini görmək, döyüşlərin, at ayaqlarının səslərini eşitmək olar.Ümumiyyətlə qazaxların da milli kimlikləri ilə bağlı çox sirli və kəşməkeşli tarixləri var. Qazaxlar bu Böyük Çöldə cunqarlara qarşı mübarizə aparıb, babaları Alaş xanın mübarizəsini davam etdirərək, hər zaman azadlığa can atıblar. Əbəs yerə deyil ki, öz tarixi köklərini və yaddaşını müstəqillik illərində xalqına qaytaran Elbaşı Nursultan Nazarbayev “Kökü dərin olmayan ağac, küləklərin qarşısında dayana bilməz”- deyir. Və Ulutauda uluların izi olduğu üçün, keçmişi unutmamağı el-obasına və türk dünyasına tövsiyə edir. Müqədəs yerləri ziyarət etmək, uluları unutmamaq kimi bir vəzifənin Quran kitabında da yer aldığını söyləyir.Türk dünyasını, dövlətini birliyə çağıran ağsaqqal Nursultan Nazarbayev Dədə Qorqud öyüdlərinə sadiq bir müdrik kimi Ulutauda xalğa belə bir çağırş da edib: “Qazaxıstanın birliyi- bizim çoxmillətli olmağımızdadır. Arzu edirəm ki, Qazaxıstan hər zaman çiçəklənsin. Ona görə də mən "Мәңгілік Ел –Əbədi el” ideyasını irəli sürdüm ki, Qazaxıstan əbədi yaşasın.”.
Əmir Teymurun Kohi nur almazı, Ermitajdakı nişanəsi...
Səfərimizin ikinci axşamı Ulutaunın Dövlət Tarix muzeyinə baş çəkdik. Muzeydə qədim türk tarixini, Qızll Orda tarixini özündə əks etditən maraqlı və qiymətli eksponatlar var. Onlardan diqqətimi çəkən bir xəritə oldu. Bu xəritədə Qızıl Orda xanlığının ərazisi göstərilib. Və burada bir maraqlı məqam bütün ekspedisiya üzvlərinin diqqətini cəlb etdi. Cuçi ulusunun hakimiyyəti Qızıl Ordaya tabe olan Polşa, Macarıstan, Litva,Vizantiya, Bulqariya göstərilən ərazilərlə yanaşı, eyni zamanda Vladimirsk Böyük Knyazlığını Xan Ordasının vassalı kimi qeyd olunub. Bu tarixi isə tarixin səhifəsindən silmək olmur. Baxmayaraq ki, bir neçə il bundan əvvəl həmin tarixə uzanan qara əllər bunu istəsələr də bacarmadılar. Digər bir maraqlı tarixi eksponat isə , 1391-ci ildə Toxtamışı məğlub edəndən sonra Xan Ordasını ələ keçirən 7 dünya Hökmüdarı fateh Teymurla bağlıdır. Qara cilalanmış bir metal parçasının şəklidir. Şəklin altında bu sözlər yazılıb: “Bu eksponat Teymurun Qızıl Orda xanı Toxtamışa qarşı yürüşünü əks edən real sənəddir. Şərəf əd Din Əli Yəzdinin “Zəfərnamə” kitabında belə yazılır: “...onlar Kiçik dağ kimi tanınan dağının ətəyinə gəldilər. Buradan 2 günlük yol gedəndən sonra Müqəddəs Ulutau dağına yetişdilər. Teymur dağın başına çıxdı. Bütün hər yer yaşıla büründü. Burada bir gün qalandan sonra,sərkərdə Teymur vəzir-müşavirlərinə , bu yerlərdə özündən bir nişanə qoymaq istədiyini söylədi. Bu yerlərin əlvan metalla zəngin olduğunu gözəl bilən Əmir Teymur əsgərlərinə Ulutaudan hərəsinə bir daş gətirməyi əmr edir. Daşları gətirib ayağının altına qoydular. Sonra isə bu dağlarda bitən ağaclardan daşların arasında qalan oyuqlara yerləşdiridilər. Ağaclara od vurandan bir qədər sonra daş-dəmirlər əriməyə başladı. Dəmir qıpqırmızı qızarandan sonra onu cilalayıb üzərinə Allahın 99 adı həkk etdlər.
İndi Ulutau tarix muzeyində ancaq şəkli saxlanılan həmin daşdan1935 ildə xəbər tutan Rusiya hakimiyyəti onu Ermitaja aparır. İndi həmin daş Ermitajda Qızıl Orda zalında nümayiş etdirilir. Daşın üzərində iki yazı var. Birinci üç sətri ərəb əlifbası ilə yazılıb: “Uca Allahın adı ilə , Haqqın dərgahında. Bizi himayə edən. Böyük və güclü Allahın adı ilə. Bizə həyat verib, onu alanın adı ilə. 8 sətri isə qədim çaqatay dilində həkk olunub. “ Yeddi yüz doxsan üçüncü ilin qoyun ilinin bahar ayının ortasında (6 aprel 1391-ci ildə) Turanın sultanı Teymur bəy üç yüz minlik ordusu ilə İslam yolunda bulqar xanı Toxtamışa qarşı yürüş etdi. Bu məkana çatanda burada belə bir kurqan ucaltdı, və özündən yadigar qoydu. Hər şeyi görən Böyük Allah köməyimiz olsun. Tanrı ölkəmizin insanlarına rəhm etsin. Onlar bizi dualarında hər zaman yad edəcəklər”.
Əmir Teymur tarixdə həm də müqəddəs yerlərə , övliyalara, dünyadan köçmüş alimlərə, xan , hökmdar nəslindən olan insanların uyuduqları yerlərə göstərdiyi qayğı ilə tarixdə iz qoyub. Onun haqqında yazılan kitablarda da , fatehin hər zaman müqəddəs ziyarətgahlara göstərdiyi qayğı, itib getmiş məzarları, pirləri, kurqanları abadlaşdırmağı, həmin yerləri qorumaq üçün xususi əməkçilər ayırmağı haqqında məlumatlar yer alıb.
Bəli, Göy səmanın, Tanrının dərgahında insan yaxşı-pis nə etsə,bumeranq kimi özünə qayıdır. Elə ona görədir ki, bu gün Əmir Teymurun ziyarətinə, izi qalan yerlərə dünyanın hər yerindən insanlar gəlib, böyük hörmətlə xatirəsini yad edirlər. Həmin xaqanlardan qalan əl işləri, taclar, varidatlar isə dünya muzeylərini bəzəyir. Böyük Britaniya şahzadəsinin tacındakı Kahi Nur və Dari Nur almazları da Əmir Teymurun taxtı-tacından götürülüb. Hazırkı çəkisi 109 qram olan bu almaz malva dinastiyalarından tutmuş , Qızıl Orda, Mərkəzi Asiya xanlarının tacını bəzəyib. əldən-ələ, nəsildən-nəsilə keçib. Sonra Moğollara keçib. 1739-cu ildə Nadir şahin baş tacında yer alıb. Əmir Teymurun nəticəsi Böyük Əkbər də Hindistanda Baburlar hakimiyyətini yaradanda tacında bu daş olub. Daha sonra Hindistandan Britaniya şahzadəsinə keçib.
Ulutau dağ vadisinin 32-ci kilkometrliyində Xan Ordası deyilən böyük bir meydana gəlirik. Göz baxdıqca görünən bu meydanın diametri 300 metr olar. Doktor Dərxan an Kıdıralı deyir ki, burada rəiyyət yığışaraq seşdikləri xanı taxta çıxararlarmış. Ta Kütlük Xaqan dövründən xanı taxta çıxarmaq üçün onu əvvəlcə ağ keçə üzərinə oturdub , başları üzərinə qaldırar, sonra çiyinləri üzərində gəzdirdər və yeni taxta otuzdurarmışlar. Xan da saray əyyamının, elinin-obasının, ordunun qarşısında Vətəninə sadiq qalmağa, Ordusunu və xalqının dolandırmağa, firavan həyat gətirməyə and içərmiş...
İndi Xan Ordası meydanında mərmər daşdan simvolik bir taxt qurulub. Burada oturanda hər kəs özünü xaqan, xan kimi hiss edir. Hətta bəziləri çox uzağa gedərək and da içirlər. Bu meydanda o qədər andlar içilmişdi ki, onlarla xanı ağ keçə üzərində taxta çıxarmışdılar.
Xanların, padşahların, sərkərdələrin andlarına necə sadiq qalması isə zaman məsələsiydi.
Zaman isə elə təkər kimi fırlanmaqdadır. Yaşadığımız dünya isə onun bir pəncərəsidir, hər gələn baxıb keçir. O xaqanlar, o xanlar, o fatehlər də bu dünya pəncərəsindən elə belə baxıb keçmədilər. Altın Ordadan onlarca dövlətlər yaradıldi, həm ucalanı, həm enəni oldu. Tarixi şəxsiyyətlər adətən sonrakı xələfləri üçün ziddiyyətli müzakirə mövzusuna çevrilirlər. Hadisələrin hansı məcrada cərəyan etməsini isə yaşanan dövrün geosiyasi xəritəsi və hadisələri müəyyənləşdirir. Kimin harada nəyi düz etdiyi, kimin harada nəyi düz etmədiyinə sonrakı xələflərin yaxşı və ya pis qiymət verib-verməməsindən asılı olmayaraq, onlar öz üzərlərinə düşən missiyanı yaşadıqları tarixin çətin siyasi burulğanında həll etmişdilər. Biz keçmişə görə kimisə mühakimə edə bilmərik. Keçmişdən ancaq nəticə çıxarmaq olar. Lakin bir həqiqət də var ki, Vətəni sevən, vətəninin vətəndaşına gün ağılayan şəxsiyyətləri nə Tanrı, nə də tarix unutmur. Bu dünyada hamı ölür: kimi torpağa gömülür, kimisi də ürəklərdə yaşayır.
Səyahətimizin və ekspedisiyamızın son nəticəsi olaraq, Astanada elmi ictimaiyyətlə Beynəlxalq Türk Akademiyasının “Kentaydan Ulutauya: Tarixi yaddaşımızın oyanması” adlı hesabat konfransı keçirildi. Konfransda iştirak edən hər ksəin sözü bu oldu ki, bəli bizim köçəri əcdadlarımız yaradıcı olublar. Onlar yürüşlərə dağıtmaq üçün deyil, qurub yaratmaq üçün gediblər. Zəbt etdikləri ərazilərdə yurd salıblar, ocaq qurublar, mədəniyyət yaşadıblar, elm yaradıb və onu yayıblar.
Aida Eyvazlı.
Bakı-Astana-Karaqnda-Jeskazqan-Ulutau, 2017-ci il, 15-17 sentyabr.