Azər HƏSRƏT: - Hər gün üstümüzə gələn sosial bəla.

Azər HƏSRƏT: Hər gün üstümüzə gələn sosial bəla.

 Sosial bəla sayılan problemlər var. Onların həlli ilə hər kəs, özəlliklə də ağlı kəsən, gözü görən insanlar – aydınlar daha çox məşğul olmalıdır. Aydın insan gördüyü problemə göz yummamalı, əksinə, onu uyğun bir dildə ictimailəşdirib həllinə yardımçı olmalıdır. Aydın dediyimiz sadəcə cibində diplom gəzdirən deyil, millətin, insanların problemlərinə öz problemi kimi yanaşmağı bacaranlardır.

Özümü aydın sanmasam da problemlərin heç birinə biganə yanaşa bilmirəm. Gördüyüm hər bir problemi dilə gətirir, ictimailəşdirir, onun həllinə az da olsa töhfə verməyə çalışıram.

Məni izləyən, tanıyan, oxuyanlar bilir ki, yollardakı problemlərdən tutmuş təhsildəki mənfi hallara qədər hər şeydən yazıram. Eyni zamanda siyasi şərhlərim, təhlillərim də yetərincədir. Azərbaycanın bir dövlət olaraq problemləri, uğurları haqqında yazmaq və danışmaqla bərabər, ən adi insanımızın gündəlik qayğısını da öz problemim kimi qəbul edir, gündəmə gətirirəm.

Bütün bunları ona görə edirəm ki, normal bir cəmiyyətdə yaşamaq istəyirəm. Sadəcə tənqid edib gözdən salmaq, kimlərisə qaralamaqdan uzağam. Əsas amalım tənqid edib durumu yaxşılığa doğru dəyişməkdir. Bu yanaşmam bir çoxları tərəfindən anlaşılır, qəbul edilir və yetərincə siyasi səbatı, öz sahəsində iş təcrübəsi olanlar anlayır ki, məqsədim dağıtmaq deyil, qurmaqdır.

Bugünlərdə də bir sosial problem haqqında yazmışdım. Uzun müddətdir məni narahat edən bir problemdir. İnsanımız liftdə siqaret çəkir, təsəvvür edirsinizmi? Yaşadığım binanın liftində elə olub ki, burnumu tutub özümü dışarı atmışam. Çünki məndən öncə liftdən istifadə etmiş hansısa özünübilməz siqaretlə ora daxil olubmuş. Dəfələrlə məsələni qonşularla müzakirə etmişik. Hamı daş atıb başını tutub ki, mənlik deyil…

Liftdə və ümumiyyətlə siqaret çəkmək Azərbaycan cəmiyyətində kişilərin adına yazılır. Anlaşılandır. Çünki bizdə həqiqətən də xanım-xatın qızlarımız, ana-bacılarımız siqaret, şərab, araq kimi zərərli vərdişlərdən uzaq olublar. Onlardan daim gül qoxusu gəlib, buna görə də harda bir xanım görsək özümüzü yığışdırırıq. Azərbaycan cəmiyyətində xanımların yanında kişilərin söyüş söyməsi, nalayiq davranması da cəmiyyətin təpkisini alır. İctimai qınaq kişilərin qadın qarşısında mənəm-mənəmlik etməsinə əsla izn vermir.

Mən də bu cəmiyyətin bir üzvüyəm. Yaşım əlliyə çatıb, bu günə kimi bir qadına belə əl qaldırdığım, sərt davrandığım olmayıb. İstər ailəmdə, istərsə də ondan kənarda. Bəzən sözümüz çəp gələn, mübahisə etdiyim qadınlar olub. Amma çalışmışam ki, onlarla da mümkün qədər nəzakətli davranım. Hətta səhvləri olanda belə görməzlikdən gəlib daha mehriban davranmışam. Yaxşı nəticələr də olub. Mənə qarşı kobudluq edən, həddini aşan və ədəbsizlik edən xanımlar sonradan dostlarıma çevriliblər.

Bunları ona görə yazıram ki, bugünlərdə siqaretlə bağlı paylaşdığım və etiraf edim ki, çox emosional, sərt Facebook statusum da şəxsimə qarşı aqressiyaya səbəb olmuşdu. Bir çox dostlarım məni dəstəkləmişdilər. Siqaret çəkən bir qadınla (özü də gəncdi – bunu yazmamışdım) liftə minmişdim bir dəfə. Sözün həqiqi mənasında it iyi (ifadəmə görə üzr istəyirəm) verirdi. Yəni yanında dayanmaq belə insanı xəstə edərdi. Siqaret iyi idi. Bundan çıxış edərək xanımlara səslənmişdim ki, siqaret çəkməyin, belə iy verməyin.

Bəzi xanımlar mənə yazdılar ki, bəs kişilər it iyi vermir? Cavabım bu oldu ki, kişilər ondan da pis iy verir. Demək istədiyim odur ki, siqaret çəkən hər kəs, bəzən özü də fərqində olmadan ətrafdakıları əməlli-başlı narahat edir. Məqsədim təbii ki, siqaret çəkənləri aşağılamaq deyildi, ola da bilməz. Məqsədim insanları bu zərərli vərdişlərdən çəkindirməkdir ki, bu da anlayanlar üçün xoş məramdır.

Amma görün nə baş verdi? Siyasi yönü bəlli olan və öz ağlınca məndə qıcıq yaradacağını düşünən məlum yarımqafalılardan biri bu statusumu öz şərhilə paylaşdı. Ona da təmkinli yanaşdım. Çünki məqsədini bilirəm, bəhanə də vermirəm belə adamlara.

Amma və lakin, heç tanımadığım, bilmədiyim bir gənc qız sadəcə mənim bu yazdıqlarıma ədəb dışı reaksiya verdi. Mən də sərt deyil, bir qədər də yumorlu savab verincə daha da irəli getdi, bəlli oldu ki, bunun ailəsində böyük-kiçik problemi var. Elə belə də yazdım. Bəzi dostlarım işin içinə ailəni qatmağımı yanlış saysa da düşünürəm ki, ailəsində böyük-kiçik problemi olanlar cəmiyyət içində də böyük-kiçik bilməzlər, qarşılarındakına sayğısızlıq edib özlərini də pis duruma salarlar.

Məsələ burda qapana bilərdi. Amma qızım yaşında olan bu gənc söhbəti öz Facebook divarına daşıdı, özü də yazışmamızın hamısını deyil, bir hissəsini. Yəni mənimlə bağlı məndən xəbərsiz müzakirə açdı. Halbuki ən adi ədəb qaydalarına görə, kənarda bir müzakirə açdığı təqdirdə bu söhbətə məni də qatmalı idi. Lakin bir adi təsadüf nəticəsində bundan xəbər tutdum, izlədim və dəhşətə gəldim. Heç adlarını belə eşitmədiyim bir neçə gənc qız və oğlan bununla səs-səsə verib sözün həqiqi mənasında küçə səviyyəsində məni təhqir etməyə girişmişdilər. Heç şübhə yox ki, onların hər hansı birisi mənimlə üz-üzə gələndə o ifadələrini nəinki dilə gətirə bilməz, sadəcə dilləri-dodaqları quruyar. Amma mənim görmədiyim bir yerdə ağızlarını Allah yoluna qoyub o ki, var ailələrindən, böyüklərindən aldıqları tərbiyəni sərgiləməkdəydilər.

Yenə kimsə çıxıb deyəcək ki, ailəni niyə bura qatırsan? İzah edirəm: ailəsində tərbiyə problemi olmayan heç kəs tanımadığı, bilmədiyi və hətta yaxından tanıdığı adama qarşı belə davranmaz. Görünür, bunların bəzilərinin ailəsində münasibətlər sistemi belə qurulub ki, onlar mənim kimi ictimai bir şəxsi tənqid deyil, açıq təhqir etməyi normal sayırlar.

Əlbəttə, bu sözlərim ordakıların hamısına aid deyil. Çünki biz onların bəzilərilə əlaqə saxladıq, danışdıq və emosional davranıb yanlış hərəkət etdiklərini anladıq. Yəni ədəb və əxlaqlarında problem olmayanlara bənzədilər. Sadəcə anladıq ki, zəmanə gəncləridir, “demokratiya və azadlıq” havası bəzən bunları da hətta öz normal ailə tərbiyələrinin əksinə davranmağa sövq edə bilir.

Sonra nə etdim? Bu gənclərin arasından yalnız qızların adlarını öz Facebook divarımda qeyd edib cəmiyyətə çağırış etdim ki, bunları xilas etmək lazımdır. Bu qızlar bəlkə özləri də bilmədən yanlış yola düşürlər. Halbuki onlar bizim gənclərimizdir, sabahımızdır, xilas edilməlidirlər. Bunu da yozanlar oldu. İddia etdilər ki, oğlanların adını qorxudan yazmırammış. Təbii ki, hər hansı qorxudan söhbət gedə bilməz. Birincisi ona görə ki, bir hüquqi dövlətdə yaşayırıq və münasibətlərin hüquq müstəvisində həllinə inanıram. İkincisi də, əslində, o tərbiyəsiz kişiciklərin adlarını və yazdıqlarını toplayıb hüquq mühafizə orqanlarına müraciət etməyi planlaşdırırdım. Yəni qızlara qıymadığım üçün onları sadəcə ictimai qınaqla islah etmək yolu tutmuşdum. Arxamda söz söyləyib ürək bulandırmaqla özlərini kişi sayanları isə hüquq müstəvisində qarşıma alacaqdım.

Məsələ uzandı, müzakirələr aparıldı. Bəzi dostlarımız tövsiyə etdilər ki, gənclərə çox da baş qoşma. Mən də cavab verdim ki, hər zamankı kimi gənclərin səhv etmə haqqını tanıyıram və buna görə də onlardan heç incimirəm. Hələ bunlar gənc qızlarsa, onları küncə sıxmaq yox, uyğun bir dildə ədəbə dəvət etmək lazımdır.

Oldu. Yəni bunların əksəriyyəti yanlışını anladı, dayandı, düşündü və əməlindən əl çəkdi.

Amma və lakin məni söymək üçün təşəbbüsü körükləndirən qızın nəinki özü, hətta anası da müzakirəyə qoşuldu. Düşündüm ki, qızına çəki-düzən verər. Lakin əksini gördüm. Qızım haqlıdır dedi. Buna da bənd olmadım. Bir ananın öz övladını müdafiə etməsindən təbii nə ola bilər ki? Sonra bu ana-qadın bir qədər də irəli gedərək bəyan etdi ki, “o qızların adını yazanın bütün nəslini siyahıya alıb baş köşədə paylaşarlar”…

Bax, belə, əziz oxucular. Bundan sonra bu qənaətə gəldim ki, artıq bunlara baş qoşmaq heç doğru deyil. Deyə bilərsiniz ki, ana öz ailəsini qorumaq üçün ən sərt ifadələr işlətməkdə haqlıdır. Razılaşardım sizinlə. Əgər buna qədər qızının yad bir kişini ədəbsiz şəkildə təhqir etməsinə uyğun qiymət versəydi və o kişi də buna baxmayaraq geri çəkilməsəydi. Lakin təsvir etdiyim kimi, bu gənc qızın barəmdə başlatdığı təhqir kampaniyasında iştirak edənlərlə mükaliməyə belə girməmişdim. Yəni onlar tək tərəfli məni təhqir edirdilər, mənsə susurdum. Bu arada gərək o ana-qadın araya girib həmin gənc qızlara çağırış edəydi ki, övladlarım, belə etməyin. Amma yox, yuxarıda qeyd etdiyim və heç bir normal xanıma yaraşdırmadığım ifadəylə özünü büruzə verdi. Özü də elə bir durumda ki, ağlı başında olan şəxslərdən biri məsələni çözmək üçün xoş məram sərgiləməkdə, bu xanımı söhbəti mədəni şəkildə bitirməyə dəvət etməkdəydi…

Bundan sonra bir daha əmin oldum ki, bizim cəmiyyətdə gənclərin üzərində mütləq ciddi diqqət olmalıdır. Çünki mənə qarşı təhqirləri körükləndirən qız, ola bilsin ki, bunu özü üçün normal hesab edir. Amma digərlərinin heç də belə olmadığı sonrakı davranışlarından bəlli oldu. Deməli, onlar sadəcə bir anlıq özlərini unudaraq zərərli bir davranışın ardınca gediblər. Sonra da yanlışı anlayıblar, dayanıblar və davam etməyiblər. Bu baxımdan əgər ailələri onların davranışlarına gərəkli diqqəti göstərməsə həmin gənclərin yanlış yolda daha irəli getməsi qaçılmazdır. Demək istədiyim odur ki, biz – ata-ana olaraq övladlarımızı elə tərbiyə etməliyik ki, sözlərində, davranışlarında başqalarını aşağılamasınlar, özlərinə qarşı aqressiyaya səbəb olmasınlar. Əks təqdirdə, allah göstərməsin, belə qızlarla bağlı xəbərlərin manşetləri bəzəməsi yəqin ki, qaçılmaz olacaq. Yəni heç də hamı mənim kimi onlara təmkinli yanaşmaya bilər…

Ümumilikdə son iki günlük müşahidələrimdən gəldiyim qənaət budur ki, bizim gənclərin bir çoxu sosial şəbəkələrdən, ölkədə təmin edilən azadlıqlardan layiqincə istifadə edə bilmirlər. Bunlar demokratiyanı xaos kimi, azadlıqları da məsuliyyətsizlik kimi qavrayırlar. Yəni bir tərəfdən demokratiya və azadlıq tələb edir, digər tərəfdən də bu dəyərlərə zidd davranırlar. Əlbəttə, belə bir durum ölkəmiz üçün heç də yaxşı gələcək vəd etməzdi, əgər bizim kimi insanlar bu mənfi halları görüb ictimailəşdirməsəydi…

Sözardı: Bütün olanlara rəğmən o qızların heç birinə qarşı kinim yaranmadı. Onlar üçün kədərləndim. Sadəcə arzu edərdim ki, bir daha belə yanlışlara yol verməsinlər. Ən azından sabah bir evin xanımı, oğul-uşaq sahibi olacaqlar. Orda məni söyən “kişiciklərə” isə dırnaq arasından çıxmağı arzu edirəm…

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )