Azərbaycan İtaliya iqtisadi əlaqələri yüksələn xətlə inkişaf edir.

 Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında iqtisadi əlaqələr sürətlə inkişaf edir, iki ölkə arasında ticarət dövriyyəsi gündən günə artır.
Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir. Hal-hazırda İtaliya iqtisadiyyatının ÜDM-nın 80-85%-i kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Odur ki, iki ölkənin özəl sektoru arasında təcrübə mübadiləsinin aparılmasına, məlumat mübadiləsinin artırılmasına, daha geniş müstəvidə birgə əməkdaşlığa ehtiyac vardır. Gələcəkdə iki ölkə arasında qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Yaxın müddətdə Azərbaycan və İtaliya iş adamları birgə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində layihələr icra edərsə bu ölkəmizdə özəl sektorun inkişafına müsbət təsir göstərər. İtaliya Respublikasının ölkəmizdəki səfiri Augusto Massarinin Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşündə bu və digər məsələlər müzakirə olunmuşdur.
Görüş zamanı iş adamları arasında iqtisadi əməkdaşlıq imkanlarının genişləndirilməsi, hər iki ölkədə sahibkarların iştirakı ilə biznes-forumların keçirilməsi də məqsədəuyğun hesab edilmişdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının fəaliyyəti barədə ətraflı məlumat verən Məmməd Musayev Azərbaycan –İtaliya arasında ikitərəfli iqtisadi əlaqələrin yüksək səviyyədə olduğundan söhbət açmışdır. O, iki ölkə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi baxımından bu qarşılıqlı səfərlərin önəmli olduğunu xüsusi vurğulamışdır.
ASK-nın prezidenti qeyd edib ki, Azərbaycanda əlverişli biznes mühit yaradılmış və həm yerli, həm də xarici investorlar tərəfindən iqtisadiyyatın müxtəlif sahələrinə əsaslı investisiya qoyuluşu həyata keçirilmişdir. İtaliya şirkətləri də Azərbaycana investisiya qoyaraq bazarda rəqabətqabiliyyətli və uğurlu biznes layihələr icra edə bilərlər.
Ölkələrimiz arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən Səfir A.Massari Azərbaycanda investisiya yatırmaqda maraqlı olan İtalyan şirkətlərinin olduğunu qeyd etmişdir. O, İtaliya-Azərbaycan Ticarət Palatasının fəaliyyətindən səmərəli istifadə olunmasını da məqsədəuyğun hesab etmişdir. İtaliyada güclü inkişaf etmiş sənayenin olduğunu qeyd edən diplomat, italyan iş adamlarının Azərbaycanda, məsələn, polad istehsalında iştiraka maraqlı olduqlarını bildirmişdir.
Səfir A.Massari görüş zamanı qeyd etmişdir ki, qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar vardır.
Səfir ölkəmizdəki diplomatik fəaliyyəti müddətində iki ölkə arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini dilə gətirmişdir. Bu istiqamətdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə səfirliyin əlaqələrinin daha da sıxlaşdırılmasını məqsədəuyğun hesab etmişdir.
Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparmışdır.

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )