Laçınlılar YAP rayon təşkilatının yaranmasının 25-ci ildönümü münasibətilə ümumrayon tədbiri keçirib. + FOTO ( AZpress.AZ - Mais Ibrahimov, Ağcabədi )

 10 noyabr 2017-ci il tarixdə Laçın rayon sakinlərinin müvəqqəti məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində - Laçın Rayon Təhsil Şöbəsinin inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə Laçın Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının birgə təşkilatçılığı ilə yekun ümumrayon tədbiri keçirilmişdir.
Tədbirdən əvvəl rayon ictimaiyyətinin nümayəndələri Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış Ümummilli Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə gül dəstələri qoymaqla Ulu Öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir Rayon Təhsil Şöbəsinin inzibati binasının akt zalında davam etdirilmişdir.
Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla qeyd olunması ilə başlayan tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatının sədri İlqar İlyasov açıq elan etdikdən sonra, Yeni Azərbaycan Partiyasının yarandığı günün əslində bir bayram günü olduğunu bildirərək, əlamətdar gün münasibətilə tədbir iştirakçılarını və bütün partiya üzvlərini təbrik etmişdir.
Tədbirdə “Yeni Azərbaycan Partiyasının Azərbaycan dövlətçiliyində rolu” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə zərurətdən yaranmışdır. Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin yekunu və mövcud olan ictimai-siyasi şəraitin məntiqi nəticəsi idi. Sovet rejiminin və Kommunist Partiyasının süqutundan sonra müstəqillik əldə etmiş respublikalardan biri kimi Azərbaycanda da müxtəlif siyasi partiyalar və digər qurumlar təşəkkül tapmağa başlamışdı. Azərbaycanda siyasi qurumların formalaşması prosesi 1988-ci ildən başlanan xalq hərəkatı gedişində özünü büruzə vermiş və 1990-cı ilin əvvəllərində bir sıra təşkilatlar yaranmışdı. Lakin yaradılan partiyalar, hakimiyyətdə olan və bir-birini əvəz edən siyasi qüvvələr respublikadakı vəziyyəti daha da ağırlaşdıraraq təhlükəli böhran vəziyyətinə çatdırdılar. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial böhran xalqın qabaqcıl hissəsi olan ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Bu zaman Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış etdilər və bu məqsədlə xalqın sınanmış lideri və müdrik oğlu Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana, Heydər Əliyevə müraciət göndərildi. Azərbaycanın ən yeni tarixinə «91-lər»in müraciəti kimi daxil olmüş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu. Xalqımızın dahi oğlu, tanınmış dövlət xadimi və böyük təcrübəyə malik Ümummilli Lider Heydər Əliyev o dövrdə blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə sədrlik edirdi. Heydər Əliyev xalqın müraciətini qəbul etsədə, onun Bakıya gəlməsinə o zamankı hakimiyyətin maneələr yaratması ucbatından partiyanı yaratmaq istəyən insanların bir hissəsi - 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə nail oldular.
Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Habelə, partiyanın Siyasi Şurası, İdarə Heyəti və sədrin müavinləri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
Məruzə ətrafında çıxış edənlər Yeni Azərbaycan Partiyasının fəaliyyəti haqqında geniş məlumat verərək, Azərbaycan Respublikasının bir dövlət kimi bu günkü mövcudluğunun 1993-cü ildən başlayaraq Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə bağlı olduğunu xüsusilə qeyd etmiş, həmçinin 2003-cü ildən Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndər Heydər Əliyevin əvəzolunmaz dövlətçilik strategiyasının uğurla davam etdirildiyi və dövrün tələbləri baxımından inkişaf etdirilərək ölkəmizin bütün sahələrində möhtəşəm nailiyyətlərin əldə olunduğunu vurğulamışlar. Tədbirdə çıxış edənlər eyni zamanda onu da bildirmişlər ki, dövlətimizin qazandığı çoxsaylı uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Xanım Əliyevanın xidmətləri misilsizdir. Ölkəmizdə milli-mədəniyyət abidələrinin qorunmasına, ölkəmizin sosial sahədə həyata keçirilən siyasətinə həmişə öz müsbət töhfəsini verən Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunduğu müddətdə ilk görüşünü öz doğma torpaqlarını itirmiş biz məcburi köçkünlərə həsr etməsi digər məcburi köçkün rayonlar kimi, laçın rayon sakinləri tərəfindən də minnətdarlıq və razılıq hissi ilə qarşılanır.
Sonra tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümü münasibətilə rayonun ictimai-siyasi və sosial həyatındakı fəal iştiraklarına görə bir neçə nəfər rayon sakininə Yeni Azərbaycan Partiyasının rayon təşkilatının Fəxri Fərmanları təqdim olunmuş, rayonun ümumtəhsil məktəblərində keçirilmiş inşa yazı müsabiqəsinin, rayonda keçirilmiş şahmat, mini futbol və cüdo yarışlarının qalibləri Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı tərəfindən mükafatlandırılmış, Yeni Azərbaycan Partiyası sıralarına daxil olmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunmuşdur.

 

Fotomüxbir Mais Amin AZpress.AZ

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )