Tiflisdə “Xudu Borçalı və onun şəcərəsi” adlı kitabın təqdimatı keçirilib

 Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində Veys Xudiyev və Ağalar İdrisoğlunun birgə yazdıqları “Xudu Borçalı və onun şəcərəsi” adlı kitabın təqdimatı keçirilib. GAXA-nın Tiflis üzrə xüsusi müxbirinin məlumatına görə, tədbiri muzeyin direktoru Leyla Əliyeva açaraq kitabın Gürcüstanın Milli Qəhrəmanı Xudu Borçalıya həsr olunduğunu və onun Gürcüstan tarixində xüsusi yeri olduğunu bildirib. Tədbirdə gürcü ictimaiyyət nümayəndələri və alimlər, azərbaycanlı ziyalılar Xudu Borçalının heykəlinin Gürcüstan paytaxtında və azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda qoyulması məsələsinin müzakirə olunmasını vacib hesab ediblər.
Gürcü və azərbaycanlı ziyalıların, həmçinin tarixçilərin, səfirlik əməkdaşlarının, tədqiqatçıların toplaşdığı mərasimdə Xudu Borçalının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra mərasimdə çıxış edən Tenqiz Txilava Xudu Borçalının XVIII əsrdə çar II İraklinin yaxın silahdaşı olduğunu, onun Gürcüstanın azadlığı uğrunda qəhrəmanlıq göstərdiyini bildirib.
Gürcüstan Mədəniyyət və Ətrafı Mühafizə Nazirliyinin müşaviri Giorgi Gegeçkori çıxış edərək deyib ki, “Gürcüstanın azadlığı uğrunda qəhrəmanlıq göstərən Xudu Borçalının Gürcüstan hakimiyyətinin maliyyə dəstəyi ilə heykəlinin qoyulması məsələsi barədə akademik Petre Qoçakidzenin ilk dəfə qəzetdə çıxış edərək Gürcüstan uğrunda həyatını qurban verən Xudu Borçalının heykəlinin qoyulması məsələsini qaldırıb. Onu da vurğulayım ki, heykəlin modeli bir il bundan əvvəl yaradılıb və ilk model artıq Marneuli İcra Hakimiyyətindədi. Mən ümüid edirəm ki, gələn il 100 min dəyərində olan heykəlin Marneulidə açılışını həyata keçirəcəyik,”- deyə müşavir bildirib.
Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyin məsul əməkdaşı Fəxri Hacıyev Xudu Borçalının Gürcüstan tarixində öz mövqeyi olan Xalq Qəhrəmanı olduğunu bildirib. Fəxri Hacıyev Xudu Borçalıya qoyulacaq abidənin böyük əhəmiyyətə malik olduğunu bildirib: “Xudu Borçalının ən böyük qəhrəmanlığı Aspindza döyüşündə olub. Bu döyüş səhnələri haqqında gürcü bədii əsərlərində kifayət qədər maraqlı məlumatlar var. Xudu Borçalı çar II İraklinin ən yaxın adamı və silahdaşı olub,”-deyə Fəxri Hacıyev vurğulayıb.
Fəxri Hacıyev çıxışında həm də yeni nəşr olunan kitabda bir sıra kiçik nöqsanlar olduğunu da deyib. O, tarixi qəhrəman haqqında yazanda rəsmi sənədlərə, tarixi mənbələrə istinad edilməyin vacibliyini bildirib: “Əsas məqam odur ki, Xudu Borçalı tarixi qəhrəman olub, Gürcüstan dövlətçiliyi uğrunda döyüşüb və xalqa danılmaz xidmətlər edib. Məhz buna görə də onun abidəsinin qoyulması gələcək nəsillərə tarixi məlumatlar verəcək,”- deyə Fəxri Hacıyev qeyd edib.
Tədbirdə çıxış edən ziyalılardan Gürcüstan Parlamentinin keçmiş deputatları Hidayət Hüseynli, Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının rəhbəri İshaq Novruzov, Qafqaz Strateji Araşdırmalar İnstitutunun vitse-prezidenti Simon Kopadze, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə və başqaları çıxış edərək Veys Xudiyev və Ağalar İdrisoğlunun müəllifliyi ilə yeni nəşr olunan kitabın məziyyətlərindən, bu gün bu kitabın oxucular üçün vacib olduğunu vurğulayıblar. Həm də əslən Marneuli rayonunun Sadaxlı kəndindən olan Xalq Qəhrəmanı Xudu Borçalının mərd və qorxmaz xüsusiyyətlərindən ətraflı danışıblar.
Tədbirin sonunda “Xudu Borçalı və onun şəcərəsi” adlı kitabın müəlliflərindən biri olan Veys Xudiyev çıxış edərək deyilən iradlarla razılaşdığını və bir sıra təzadlı məqamlara gələcəkdə nəşr olunacaq kitabda aydınlıq gətiriləcəyini bildirib. Bu kitabın Azərbaycan-Gürcüstan dostluğu üçün gələcəkdə böyük rol oynayacağını da Veys Xudiyev çıxışında vurğulayıb.
Onu da qeyd edirik ki, gürcü oxucularının da bu kitabı oxuması üçün bəzi məqalələr gürcü dilində də verilib.

 


Lilpar CƏMŞİDQIZI
Şairə, publisist, jurnalist
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )