Tapdıq Abbas: - Ölkədə məmur-vətəndaş münasibətləri gərgindir

Tapdıq Abbas: Ölkədə məmur-vətəndaş münasibətləri gərgindir

  Ölkəmiz tək özümüzün yox, həm də müxtəlif məqsədlər üçün təşrif buyurmuş əcnəbilərin dolaşdığı məmləkətdir. Ona görə də ictimai qayda-qanunların qorunmasına təkcə bu sahəyə məsul olan orqanların əməkdaşları deyil, eyni zamanda, vətəndaşlar da diqqət yetirməyə borcludur. İctimai qaydalara əməl etməyə borclu olduğumuzu vətəndaş olaraq dərk etməliyik. İctimai qaydaları pozmamaq üçün daim üzərimizə düşən vəzifələri yerinə yetirməyi diqqətdə saxlamaqla yanaşı, ictimai qaydaları pozanlara da təsir göstərib, onların ictimai qanunlara əməl etmələrini tələb etməliyik. Lakin dövlət və ictimai nəzarət orqanları, kütləvi informasiya vasitələri ictimai qaydalara riayət etməsi üçün əhalinin maarifləndirməsinə nə qədər ciddi yanaşsa da, bu sahədə olan qüsur və nöqsanların aradan qaldırılması sahəsində ciddi dəyişiklik hələ də hiss olunmur.
Son illər ictimai qanunları, vətəndaş hüququnu, yol hərəkəti qaydalarını, peşə fəaliyyəti ilə bağlı tənzimləyici qanunları pozanların cəzalandırılması məqsədi ilə Milli Məclis bir sıra qanunlarda dəyişikliklər edərək, cərimələrin miqdarının bir neşə dəfə artırılmasını qanun halına salıb. İndi kimdən soruşursansa, hər kəs cərimələrin çoxluğundan şikayət edir. Bir çoxları isə, cərimələrin qaldırılmasını iqtisadi böhrana görə həddindən ziyadə boş qalmış dövlət büdcəsini vətəndaşların hesabına doldurmaq siyasəti kimi şərh edirlər. Amma, əslində, cərimələr burada həm dövlət büdcəsinin gəlirlərinin artırılmasına, həm də vətəndaşların ictimai qaydaları pozmasının qarşısının alınmasına təsir göstərən, dünya təcrübəsində özünü doğrultmuş ən yaxşı vasitədir. Əgər, cərimə ödəmək istəmirsənsə, o zaman dövləti günahlandırmaqdansa, yol hərəkəti və digər sahələrə aid olan qanunları pozmaqdan uzaq olun.
Etiraf edirəm ki, cəmiyyətimiz ictimai qaydaların qorunması sahəsində öz üzərinə düşən vəzifələri yerinə yetirmək üçün vacib olan ictimai mədəniyyət normalarını hələ də yaxşı mənimsəməyib. Qərb ölkələrinin cəmiyyətlərini formalaşdıran vətəndaşlar ilə müqaisədə bizim cəmiyyətimizi təşkil edən vətəndaşlar arasında yerincə mədəniyyət fərqi var və bunu etiraf etmək qəbahət deyil. Avropanın istənilən ölkəsində cəmiyyətdə vətəndaş fəallığı aydın hiss olunduğu halda, Azərbaycanda bu cür sistemli vətəndaş fəallığını təəssüf ki, görmürük.
Deməli, qeydlərimi ümumiləşdirərək, belə nəticəyə gəlirəm ki, cəmiyyətimizi təşkil edən ayrı-ayrı fərdlərin ümumi mədəni səviyyəsi aşağı olduğuna görə, sağalması çox çətin olan xroniki mədəniyyət çatışmazlığı sindiromuna tutlmuş xalq olaraq, ictimai qaydalara əməl etməməklə, həm maddi, həm də mənəvi olaraq çox əziyyət çəkməyə məhkum olmuşuq. Başqa sözlə, xalqımızın mentalitetində zaman-zaman möhkəmlənmiş bəzi mənfi xüsusiyyətlərdən hələ də qurtula bilmirik, çünki mədəni səviyyəmiz inkişaf etmiş xalqların mədəni səviyyəsindən xeyli geri qalır. Köhnə, öz dövrünü başa vurmuş, müasir mərhələdə insanlıq tərəfindən qəbul edilməyən mənfi stereotiplərdən hələ də uzaqlaşa bilmirik. Bunun acı nəticəsidir ki, xalqın içərisindən seçilən istənilən məmur ona həvalə edilmiş vəzifəyə uyğun olaraq, xalqa xidmət göstərmək əvəzinə, xalqı soymaqla, talamaqla, öz maddi vəziyyətini yaxşılaşdırmaqla məşğul olmağı daha üstün tutur, şəxsi mənafeyini ictimai mənafedən ön plana keçirir. Xalqımızın mentaliteti haqqında söylədiyim bu mənfi, aradan qaldırılması bəlkə də qərinələr, əsrlər tələb edən fikirlər uzun müddət ərzində apardığım şəxsi müşahidələrin və iştirakçısı olduğum hadisələrin yaratdığı təsəvvürlərin nəticəsidir. Həyatının 50 ilini cəmiyyətdə fəal yaşamış, müxtəlif dövlət vəzifələrində çalışmış, müəllim, məmur, hərakatçı, jurnalist kimi fəaliyyət göstərən insan kimi, xalqımızın içərisindən çıxıb, vəzifə tutan insanların dövlətə və xalqa ləyaqətlə xidmət etmək yerinə, qənimətçilik xəstəliyinə tutularaq, var-dövlət, sərvət əldə etmək kimi, ağır vicdan krizisi keçirmələrini yalnız, məmurlarımızın milli mentalitet geriliyindən qidalanan kəskin mədəniyyət çatışmazlığı sindiromunun məhsulu hesab edirəm.
Tarix boyu düşmənlərə yenilməyimizin, orta əsrlərdə Azərbaycan Səfəvilər Dövləti kimi möhtəşəm bir dövlətdən bu gün ərazisinin 20 %-i erməni işğalı altında qalmış, nəhayət, 66 min kv. km əraziyə malik olan cırtdan bir dövlətə çevrilməyimizin də səbəbini məhz, milli mədəniyyətimizin aşağı olmasının, birləşərək düşmənə qarşı birgə mübarizə aparmaq qabiliyyətimizin olmamasının, mənəm-mənəmlik kimi, insana yaxşı heç nə verməyən cəfəng iddialarla gün keçirməyimizin, bir-birimizə köməklik göstərib çətinliklərdən uğurla çıxmağı bacarmamağımızın, əksinə, bir-birimizi aldadıb istismar etməyə, bir-birimizi millət olaraq sevməyi bacarmamağımızın, bir-birimizə dərin nifrət etməyimizin acı nəticəsidir.
Baxın, dünyada sürətlə inkişaf etmiş və qısa zaman ərzində dünya birliyinin qüdrətli üzvünə çevrilmiş Hollandiya, Belçika, Danimarka, Norveç, İsveç, Finlandiya, İslandiya kimi azsaylı əhaliyə malik olan ölkələrin liderlərinin hər zaman xalqının və dövlətinin inkişafı qayğısına qalması, hər şeydən əvvəl, həmin xalqların milli birliyinin və mədəni səviyyəsinin yüksək olmasının bəhrəsidir. Bu ölkələrin mübarizəsinin nəticəsi olaraq, insanların firavan həyat yaşamalarını təmin etmək təcrübəsi xalqımız və Azərbaycan üçün örnək olmalıdır. Bu ölkələrdə vəzifə tutan şəxslər bizdəki kimi, hakimiyyəti ələ keçirdikdən sonra özünə, qohum-əqrabasına, komanda yoldaşlarına var-dövlət, sərvət toplamaq barədə fikirləşməyi ağıllarının heç ucundan belə keçirmirlər. Onlar öz rifahını xalqın rifahından yuxarı qaldırmaq barədə adi düşüncəyə belə malik deyillər. Yuxarıda qeyd etdiyim ölkələrin tarixinə nəzər salarkan, həmin ölkələrin birinci və ikinci dünya müharibələri illərində nə qədər ağıllı və uzaqgörən rəhbərlər tərəfindən idarə olunduğunu və xalqını, dövlətini qoruyub saxlamaq üçün ciddi çaba göstərmələri ilə qarşılaşırıq. Amma, çox uzağı demirəm, Azərbaycanın ən yeni tarixini diqqətdən keçirərkən, milli birliyə əsaslanan uğurlu mücadilə təşkil edib, qüdrətli dövlət qurmaq əvəzinə, düşmən dövlətlərin rəhbərləri ilə əlbir olub, regionçuluq amili ilə birləşib, xalqı istsmar etmək üçün tayfa və qrup halında hakimyyəti zəbt etmək zəminində bir neçə dəfə baş verən dövlət çevrilişi cəhdləri yada düşür.
Gəlin, hər gün qaşılaşdığımız vətəndaş-məmur təmasını nəzərdən keçirək.  Qanuna əsasən, hər bir sürücü vətəndaş yol hərəkəti qaydasını pozduğuna görə, adəti üzrə polis əməkdaşı tərəfindən saxlanılır. Polis əməkdaşı salam verib özünü təqdim edir, sonra sürücüdən müvafiq sənədləri çox kobud və həm də amiranə tərzdə, sanki qatı cinayətkarla, residivistlə danışırmış kimi, xüsusi əda ilə tələb edir. Artıq sürücünün yaşını, savadını nəzərə almadan, hər kəsi mədəni davranışı ilə hesablaşmağa vadar etməli olan polis, əksinə, kobud nitqi ilə sürücüyə aşağı sinif kimi yanaşaraq, onun əsəblərinə toxunur. Bax, bizim yol polislərimiz vətəndaşa mədəni xidmət göstərib, onun rahatlığını təmin etməkdənsə, vətəndaşı səmimi, mehriban, gülərüz qarşılayıb, onu nəzakətlə yola salmaq mədəniyyətini nümayiş etdirməkdənsə, kobud davranışla vətəndaşın cibinə girməyi daha üstün tutur ki, bu da həm vətəndaşı narazı salır, həm də polisin papağında və çiyinlərində daşıdığı dövlət rəmzi olan gerbi də hörmətdən salır. Yol polisi əməkdaşlarının əksəriyyətinin sükan arxasında əyləşən insanlarla bu cür mədəniyyətsiz davranmalarının kökündə, hər şeydən öncə savadsızlıq dayanır! Savadlı insan hansı postu tutmasından asılı olmayaraq, heç vaxt kobud və mədəniyyətsiz ola bilməz, bu, məntiqdən irəli gələn və həyatda çoxdan təsdiqini tapmış reallıqdır. Ancaq gəlin görək, yol polisi əməkdaşlarını seçərkən, savad və mədəniyyət amili ön plana çəkilirmi? Əsla, yol polisi əməkdaşları vəzifəyə götürülərkən, əsas amil kimi, miqdarı bəlli olan rüşvət və hansısa yüksək vəzifəli məmurun qohumu olması əsas götürülür! Siz deyin, bu cür amillərlə işə götürülən yol polisi əməkdaşlarından hansı mədəniyyət və sağlam davranış görmək mümükündür?!..
Gətridiyim misal yol polisinə aid olsa da, söylədiyim bu xoşagəlməz halla təəssüf ki, əksər dövlət orqanlarnda çalışan bir çox məmurların vətəndaşlarla təmaslarında da hər gün müşahidə olunur. Dövlət qulluğunda çalşan hər bir məmurun yüksək biliyə, bacarığa, mədəniyyətə və hər şeydən öncə, insanlarla səmimi, mehriban və mədəni davranması vətəndaş-dövlət münasibətlərinin normal qurulması üçün olduqca vacib amillərdəndir. Dünyanın bir çox ölkələrinə səfər etmiş və həmin dövlətlərin məmurlarının təkcə öz vətəndaşları ilə deyil, hətta əcnəbi insanlarla nə qədər mədəni, mehriban, gülərüz davrandıqlarının şahidi olmuşam. Bəyənmədiyimiz qonşu İranda məmur-vətəndaş münasibəti həmin ölkədə olmuş insanları heyran edir. Dünyanın inkişaf etmiş ölkələrində vətəndaş məmuru özünün xidmətçisi, köməkçisi, xilaskarı hesab etdiyi halda, Azərbaycanda vətəndaşlar isə məmurdan özünü, ailəsini, cibini, təhlükəsizliyini daim qorumaq barədə düşünür. Bax, dövlətimiz üçün ən böyük təhlükələrdən biri də vətəndaş-məmur münasibətlərinin düşmənçilik həddinə çatmasıdır! Halbu ki vətəndaş məmuru öz həyatının təminatçısı kimi qəbul etməli və həyatını məmura etibar etməkdən çəkinməməlidir. Çox təəssüf ki, ölkəmizdə iqtisadi inkişaf hər tərəfdə aydın gözə çarpsa da, məmur mədəniyyətinin aşağı olması sahəsində heç bir irəliləyiş hiss olunmur, əksinə, vəziyyət getdikcə ağırlaşmağa doğru sürətlə gedir!
Məlumdur ki, Azərbaycanın hazırkı sürətli inkişafını gözü götürməyən təkcə xarici düşmənlərimiz deyil, daxilimizdə də ölkəmizin inkişafını istəməyən, xarici dövlətlərin agentura şəbəkəsi kimi, hər şeyə qara eynək arxasından baxanlar və yaxanlar çoxdur. Bunların bir hissəsi dolayı yollarla hakimiyyətə də girə biliblər. Ölkə Prezidenti cənab İlham Əliyev bu cür məmurların tapılıb ifşa olunması sahəsində çox işlər görüb, neçə-neçə nazirlər hələ də məhbəsdə cəza çəkməkdədir və bəziləri azadlıqda olsalar da, don vurmuş məxluqlar kimi, hərəkətsiz halda qalıblar, ən əsası odur ki, cəmiyyəti zəhərləməkdən məhrum ediliblər. Lakin belə mədəniyyətsiz, vətəndaş-məmur münasibətlərinin normallaşmasına maneə olan, ölkənin inkişafını kölgə altına salmağa çalışan, bəd əməllərinin diqqətdən kənarda qalması naminə ölkədə vətəndaş qarşıdurmasının hər an güclənməsinə cəhd edən məmurlar hələ də mövcuddur. Əgər bu mədəniyyətsiz və rüşvətxor məmurlar olmasa, ölkəmizdə vətəndaş-məmur münasibətləri bu qədər dramatik olarmı?
Azərbaycanın son illər ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi qətiyyətli daxili və xarici siyasəti nəticəsində çox böyük uğurlara imza atması, siyasi, iqtisadi, humanitar, sosial və digər sahələrdə yüksələn ardıcıllıqla irəliləyişə nail olması xarici düşmənlərimizin yuxusunu ərşə çəkib. Ölkəmizin müstəqil uğurlu siyasət yürütməsi, heç bir qüvvənin yedəyində sürünməməsi, xalqın mənafeyinə xidmətin ön plana çəkilməsi və ölkənin hərbi qüdrətini artıraraq, erməni işğalı altında olan torpaqlarımızı azad etmək istiqamətində önəmli addımlar atması təkcə qonşu erməni himayədarlarının deyil, ABŞ və Avropanın bir sıra ermənipərəst dövlətlərini də ciddi narahat edir. Ona görə də bir sıra beynəlxalq təşkilatlarda Azərbaycana qarşı müxtəlif hədələyici bəyanatlar səsləndirməkdən belə çəkinmirlər. Əsası yalan və iftiralardan ibarət olan bu bəyanatlarla Azərbaycanı qorxudub doğru yoldan çəkindirə biləcəklərini düşünürlər. Ancaq həmin təşkilatlar bu cür yanlış yola qədəm qoymaqla, ciddi səhvə yol verirlər və bu böhtan, şər kompaniyasının acı nəticələrini özlərinin dadacaqlarına şübhə yoxdur.
Yetər ki, daxilimizdə mövcud olan vətəndaş-məmur münasibətlərinin ən üst səviyyədə qurulmasına nail olaq, məmurlarımızın mədəniyyətsizlik və mənsəbpərəstlik ehtiraslarını söndürək! Xalq tərəfindən dəstəklənən Prezidentimizin qətiyyətli siyasəti ilə Azərbaycanının inkişaf edərək, dünyada ön sıralara çıxmasına və xalqımızın firavan həyatının təmin olunmasına nail olaq.

 

Paralel.az

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )