Eldar Namazov: - “Qaçqınlar Bakıya gələndə narahat oldum”

Eldar Namazov: “Qaçqınlar Bakıya gələndə narahat oldum”

Kulis.az “İşdən kənar” layihəsindən Prezidentin keçmiş köməkçisi, politoloq Eldar Namazovla müsahibəni təqdim edir.



- Eldar müəllim, təhsilinizi rus dilində almısınız...



- Təhsil və dil məsələsi məndən asılı olmayıb. Mən kənddə böyümüşəm. Altı yaşıma qədər nənəmin-babamın yanında Ağstafada qalmışam. Ata-anam şəhərdə yaşayırdı. Məni şəhərə aparmaq, orada məktəbə qoymaq istəyirdilər, amma mən Ağstafanı, nənəmin, babamın evini istəyirdim, getmirdim. Onda atamgil məni aldadıb apardılar; guya qatarla onları yola salırdıq, başım qarışanda babam düşdü və mən artıq yola düşən qatarda ata-anamla qaldım. Məni, rus dilini bilməyən bir uşağı Yasamalda rus dilində məktəbə qoydular. Atam elmlər namizədi idi, anam göz xəstəlikləri üzrə ali dərəcəli mütəxəssis idi. İstəyirdilər, alim olum, rus dilini də mükəmməl bilim. Orta siniflərə qədər doğma dilim azərbaycanca idi. Ondan sonra 10 il məktəb, 5 il institut, sonra əsgərlik, Moskvada oxumaq, işləmək, Leninqradda müdafiə... Hardasa 20 il rus dilində oxumalı, danışmalı oldum. Elmi işimi də rus dilində yazdım. O zamanlarda hiss etdim ki, dilimi itirməyə başlamışam. Kəskin şəkildə doğma dilimə ehtiyac duydum və dissertasiya işi olaraq “Dədə Qorqud”u seçdim.



- Konkret nə idi mövzunuz?



- “Dədə Qorqud”da Oğuz tayfalarının sosial və siyasi strukturlarının rekonstruksiyası”. Çox mürəkkəb bir mövzu idi. Eposun içindəki materialları ilə, Orxon-Yenisey yazıları ilə, lüğətlərlə, məsələn Mahmud Kaşğarinin lüğəti ilə, “Oğuznamə” nüsxələri ilə işləyirdim. Bilirsiniz ki, “Dədə Qorqud” da “Oğuznamə” nüsxəsidir məncə. İstədiyimə də nail oldum. Nəinki Azərbaycan dilində, hətta qədim türk dilində mənbələr oxumağa başladım.

 

- “Kitabi-Dədə-Qorqud” dastanının hansı əsrə aid olması hələ də mübahisəlidir. Eşitmişəm ki, eposun tarixini 12-ci əsrə aid olması şərti seçilib. Sadəcə belə qərar qəbul ediblər. Bəs sizin qənaətləriniz necə idi?


- “Dədə Qorqud dastanı”nın bir neçə tədqiqatçısı var idi və onlar Dilçilik və Ədəbiyyat institutunda çalışanlar idilər. Mən buna bir tarixçi kimi yanaşdım. Dastanı bir neçə dəfə XIV-XV əsrlərə aid etməyə çalışmışdılar. Eposu ruscaya çevirən alim Bartold bunu iddia edirdi. Ondan sonra 12-ci əsrdən söhbət getdi.


Sovet tarixçiləri deyirdi ki, türklər bu əraziyə 12-ci əsrdə gəliblər və eposun da tarixini o vaxtdan hesablayırdılar. Artıq son dövrlərdə “Dədə Qorqud”u daha əvvəlki dövrlərə aid etməyə başladılar. “Dədə Qorqud”da oğuz elindən danışılır, türk sözü orada iki dəfə işlədilir. Mən bir tarixçi kimi o qənaətə gəldim ki, bunlar hamısı yanlış yanaşmadır. Təsəvvür edin, Qız qalasının yaranma tarixini araşdırırlar. Kimsə durub deyir ki, qalanın başındakı lampalar iki il bundan əvvəl filan zavodda istehsal olunub. Qalanın tarixini o vaxtdan hesablayaq... Bax “Dədə Qorqud”u tədqiq edənlər də o səhvə yol verirdi.



Bu, folklor kimi yüz illərlə şifahi şəkildə yaşayıb. Xeyli müddət sonra o yazılı mənbəyə çevrilib. Yüz illərlə, min illərlə gedən prosesdir və onun dərin qatlarını tapmaq lazımdır. Üzdə olanı götürüb yaş müəyyənləşdirmək düz deyil. Dastanın kökü eramızdan əvvələ gedib çıxır. Homerin “Odisseya” əsərində “Dədə Qorqud” dastanı ilə oxşarlıqlar var. Homerin Tsiklopu Dədə Qorquddakı Təpəgözdür. Homer özü deyirdi ki, mən bu folkloru Qara dəniz sahilindəki skif tayfalarından götürmüşəm və bunun yunan mədəniyyətinə aidiyyatı yoxdur. Skif tayfaları türk tayfaları idi, dilləri də türk dil idi.



Eramızdan əvvəl VII əsrdə “Dədə Qorqud”da olan folklor parçalarını artıq Yunanıstanda qələmə alırdılar.



Folklor abidələrinin yaşını müəyyən etmək çox çətindir. Elə boylar var ki, o boyların qədim parçası da var, amma baxırsan ki, ona sanki min il sonra əlavələr olunub. Mən bu mövzunu müdafiə edib tarix elmləri namizədi oldum. Amma mənim mövzum daha çox semiotikayla bağlı idi. Semiotikada hər simvol bir informasiya mənbəyidir. Sovet vaxtı semiotika ilə barmaqla sayılacaq qədər az alim məşğul olurdu.



Eposda hər bir söz informasiya mənbəyi idi. Onlardan yararlanıb oğuz türklərinin həyatı, ictimai quruluşu haqda bir model qurdum. Daha düzü, bir neçə model qurdum. Bir model yalnız sözlərin etimologiyası üzərində, bir model süjet-fabula üzərində, bir model yalnız ictimai quruluş üzərində, bir model yalnız tarixi hadisələrin müqayisəli təhlili üzərində. Bir də oxşar türk tayfalarında ictimai quruluşların modelini qurdum. Sonra bu modelləri bir-biri ilə müqayisə edərək üst-üstə düşənlərin əsasında beşinci modeli qurdum. Hadisə dilçilik, coğrafi, tarixi, etimoloji baxımdan üst-üstə düşürsə, buna verifikasiya deyilir, yəni hansısa bir modeli sübut etmək...

 

Elmi işimi Moskvada yazmışdım. Orada işi oxuyanlar dedilər ki, bizdə bu sahədə mütəxəssis yoxdur. Bir məktubla məni Leninqrada göndərdilər. Elmi opponentim kimi məşhur türkoloq, qədim türk yazıları, Orxon-Yenisey abidələri üzrə aparıcı alim professor Klyaştornı təyin edilmişdi. O dedi ki, mütləq elmi işini kitab şəkilində çap etdir. Düşündüm ki, sonra çap edərik. Bilirsiniz o dövrü. Sonra da qaldı eləcə...



Çox istəyirəm “Dədə Qorqud” dastanı əsasında serial çəkilsin. Hər boya bir seriya həsr olunsun. Hollivud səviyyəsində bir serial. Həm də istəyirəm ki, dastanın semiotik qatı da işlənsin. Boyları rekonstruksiya edək, o kodları açıb göstərək. Oğuz tayfalarının həyat tərzini göstərə bilək.



Vaxtım, imkanım olsa, bunları, bu kodlaşmanı rekonstruksiyanı bir kitab halına salacam. Bu, sevincli bir hal olardı.



Orada heç nə təsadüfi deyil, boyların sayının on iki olması da təsadüfi deyil. Qədim türklərdə on iki illik tsikl var idi.



Təkrarlanma demişkən, Mən “Dədə Qorqud”u bugünkü həyatımızda görürəm. Belə bir nəzəriyyə var idi ki, hər şey bir yerdən başlayıb təkrarlanır, tarix spiral şəkilində axır, hər yeni mərhələdə oxşar proseslər təkrarlanır.


- Mifdən başlayır? Genonun nəzəriyyəsini deyirsiz?


- Yox. O nəzəriyyəni mən yaxşı bilirəm. Mənim Levi Strossun nəzəriyyəsi xoşuma gəlir. “Struktur antropologiya” əsəri var. O deyir ki, mağarada yaşayan insanla bu gün sivil cəmiyyətdə yaşayan insanın arasında heç bir fərq yoxdur. Əvvəl oxla ova gedən insan indi tüfənglə gedir. Yəni proseslər təkrarlanır, amma insanın təbiəti dəyişmir.

- Demək, sivil və ali cəmiyyət arzu olaraq qalacaq?



- Bəli.



- Eldar müəllim, mədəniyyət, sənət bu gün geopolitik gedişlərdə nə qədər rol oynaya bilir?



- Əslinə qalsa, bizim bütün fəaliyyətimizin bir adı var - mədəniyyət. Bu anlayışın bir neçə yozumu var və bunun üstündə professorlar mübahisə edirlər. Şəxsən mən düşünürəm ki, mədəniyyət insanın onu əhatə edən mühitə adaptasiya formasıdır. İnsan şimalda yaşayırsa, özünə ayının, ya maralın dərisindən paltar düzəldir. Bu iqlimə adaptasiyadır, həm də mədəniyyətdir. Cənubda yaşayanlar tamam başqa cür adaptasiya olurlar. Vaxtı ilə bir kənddən o biri kəndə xəbər göndərmək üçün dumbul daşlardan istifadə ediblər. Bu gün biz telefondan istifadə edirik. İnsanın hər bir fəaliyyət növü ya birbaşa, ya da dolayısı ilə mədəniyyətə bağlıdır. Fərqi yox, daş mədəniyyəti, ya ədəbiyyat... Siz dediyiniz geopolitik məsələlərdə də mədəniyyətin rolu çox böyükdür.

...Götürək Bakının mədəniyyətini. O zaman da, indi də mənim ən sevdiyim şəhər Bakı şəhəridir. Amma vaxt var idi, mən Bakı şəhəri üçün narahat idim.



Bir şey deyim, Moskvada, çalışdığım institutda şəhər mədəniyyəti ilə bağlı araşdırmalar aparırdılar və mən də bu tədbirlərdə iştirak edirdim. Sankt-Peterburqla bağlı maraqlı bir mövzu var idi. Leninqrad ikinci dünya müharibəsi zamanında blokadada oldu. Yerlilərin çoxu orada acından öldü, çoxunu evakuasiya etdilər. Müharibədən sonra da kütləvi şəkildə şəhərə başqa bölgələrdən insanlar köçürdülər. Şəhərin yarısı artıq gəlmə oldu. Peterburq həmişə Rusiyanın mədəniyyət paytaxtı olub. Hamı düşünürdü ki, bu şəhərin axırı nə olacaq? Amma şəhərin mədəni ənənələri o qədər güclü idi ki, sakinlərin yarısı gəlmə də olsa 20 il sonra hamısı həmin şəhər mədəniyyətinin daşıyıcıları oldular. Bunu bir fenomen kimi qəbul edirdilər. Məsələn, Moskva belə deyil. Sovet zamanında da Moskva böyük kənd kimi qəbul olunurdu... Yəni şəhər mədəniyyəti tarix və ənənə ilə bağlıdır...



- Bakının mədəni ənənələrini nə qədər güclü hesab edirsiniz?



- 90-cı illərin əvvəllərində Ermənistandan və Qarabağdan Bakıya qaçqınlar gələndə bu mövzu ətrafında müzakirələr getdi. Şəxsən mən də kənddə böyümüş adamam, valideynlərim də kənddən gəliblər paytaxta. Bu təbii prosesdir ki, paytaxta rayonlardan tələbələr gəlir, işçilər, müxtəlif kateqoriyadan insanlar gəlir. Amma birdən-birə beş min yox, on min yox, yüz minlərlə adam gəldi Bakıya, onda mən özüm də şəxsən narahat oldum ki, Bakının özünəməxsus şəhər mədəniyyətini qorumaq olacaqmı?



İndi mən Bakıya baxanda sevinirəm - indi Bakı SSRİ vaxtında sevdiyim Bakıdan daha gözəldir. Sovet vaxtı Bakının şəhər mədəniyyəti bir neçə komponentlə bağlı idi: yerli şəhərlilər, şəhərə elm,mədəniyyət, iş dalınca gələn gənclər, yəhudi, rus, erməni diasporaları – yəni internasional tərkib.

 

90-cı illərdəki proseslərdə ermənilər Bakını tərk etdi. Yəhudi icmasının bir qismi də köçdü İsrailə, amma qayıtdılar da. Hər iki ölkədə yaşayanlar da var.



Onların Bakıya verdiyi müəyyən çalarlar itmədi. Erməni amili aradan qalxdı, yəhudi amili qaldı, rusdilli əhali azaldı, amma yenə də qaldı, uşaqları rus dilində məktəbə qoymaq ənənəsi qaldı. Və yeni çalarlar da gəldi. SSRİ zamanından fərqli olaraq, Türkiyədən, Avropadan mədəni təsirlər gəlməyə başladı. Əvvəllər İslam dünyasının təsirini görmürdük, amma indi var. Yəni indi Bakının mədəniyyəti əvvəlkindən daha rəngarəng görünür.



- Bəs Bakının bugünkü mədəni həyatı sizi qane edir?



- Təəssüflər olsun ki, son vaxtlar imkan edib mədəni tədbirlərə gedə bilmirəm. Əvvəllər teatra da gedirdim, musiqiylə, ədəbiyyatla maraqlanırdım. İndi ya yaşla bağlıdır, ya vaxtla, daha az imkanım olur. Əvvəllər bir kitabı sonadək oxumadan yerə qoymurdum.



- Rus ədəbiyyatından çox təsirlənmiş olarsız...



- Mənə axırıncı təsir etmiş kitablar Azərbaycan ədəbiyyatındandır.



- Hansı, məsələn?



- “Dədə Qorqud”la məşğul olduğum üçün müxtəlif romanlarda, şeirlərdə bu eposun təsiri olan kitablar mənə xoş gəlir. Məsələn, Mövlud Süleymanlının “Köç” romanını oxuyanda çox möhkəm təsirləndim. Şəhriyarın “Heydərbabaya salam”ında da “Dədə Qorqud”un təsirini hiss elədim. Yusif Səmədoğlunun “Qətl günü” əsəri də məni çox təsirləndirdi.


- Bəs bu günün yazarlarını oxuyursunuz?



- Dostlarım məsləhət gördüklərini oxuyuram. Qiymət vermək istəmirəm. İstedadlı adamlar çoxdur. Gənclərin fəaliyyətinə diqqət edirəm. Əvvəllər konsertlərlə maraqlanırdım, ayrı-ayrı ifaçılarla, indi xarici musiqi müsabiqələrində iştirak edən azərbaycanlı gənclərlə maraqlanıram. “O səs Türkiyə”də, “O səs Ukrayna”da bizim gənclərin uğurları... Məsələn, Ukraynada Vaqifin çıxışı, ya Çingizin ispan mahnısı... Deyirlər, bu, Azərbaycan mədəniyyətidir, Müslüm Maqomayevdir... Mən bu uğurlarla fəxr edirəm.



- Özünüz bədii mətn yazmısınız?



- (Gülür) Nə deyim vallah, biz tərəfdə hamı şeir yazır... Söhbətin əvvəlində dedim ki, məni şəhərə aldadıb gətiriblər. Son dövrlərdə də müalicə üçün Tiflisə getməli oldum. Heç vaxt birbaşa getmirəm, Qazaxa, Ağstafaya gedirəm, üç-dörd saat Kürün qırağında oturub dincəlib ondan sonra gedirəm Tiflisə. Yarızarafat deyirəm ki, niyə məni apardılar o vaxt şəhərə? (gülür)



- Yəqin sazı da sevərsiniz...



- Hə. Allah rəhmət eləsin, bu yaxınlarda Aşıq Ədaləti itirdik. Naxçıvanlı dostlarımdan biri yubileyinə dəvət etmişdi məni. Orada, bəlkə də naxçıvanlı olmayan yeganə adam mən idim. 4-5 ilin söhbətidir. Aşıq Ədaləti də dəvət ediblər. Saz çala-çala gəzirdi ortalıqda, qəfil məni görüb dedi: “Öölöm, sən nə gəzersən burda?”

 

- Eldar müəllim, Siz uzun illər prezidentin müşaviri işləmisiz. Çox maraqlıdır, o yüksək cəmiyyət dediyimizdə ədəbiyyat bir mövzu olaraq keçirdimi?



- Birincisi, rəhmətlik Heydər Əliyev yazıçılarla, ziyalılarla görüşməyi sevirdi. Bilsəydi ki, hansısa yazıçı ona məktub yazıb, heç vaxt quru dərkənar yazmazdı, mütləq telefon açıb söhbət edərdi. Mən orada çalışdığım dövrdə şairlərimizə, yazıçılarımıza xüsusi münasibət göstərirdi, hamı da bu yanaşmaya uyğunlaşırdı. Səfərə gedəndə mütləq yanında bir neçə ziyalı aparırdı. Məsələn, Fransaya gedəndə ad günü olan şairimizi apardı ki, onun ad gününü orada keçirsin. Rəsmi səfər idi, amma axşam ziyafət təşkil edib, həmin o şairimizin - Bəxtiyar Vahabzadənin ad gününü qeyd etdik.



- Hanısısa əsərin müzakirə olunması, ya haradasa sitat gətirilməsi olurdumu?



- Olurdu. Sizə bir şey danışım. Deməli, bir dəfə “Nəzər nöqtəsi”ndə Mövlud Süleymanlıdan danışdım. Üstündən bir neçə gün keçdi, Novxanıya gedirdim, maşını saxlayıb bazarlıq edirdim. Gördüm, bir nəfər yaxınlaşdı. Baxam ki, Mövlud Süleymanlıdır. Onunla şəxsi tanışlığım yox idi, belə qəribə bir yerdə tanış olduq.



- Eldar müəllim, ədəbiyyat və hökumət, sənət və siyasət... İdealda bu münasibətlər necə tənzimlənməlidir? Bəziləri deyir ki, sənət siyasətə qarışmamalıdır, “Sənət siyasətə qarışmayanda daha çox qarışmış olur” deyə bir fikir də oxumuşam...



- Hesab edirəm ki, ziyalı anlayışının əsas məzmunu vətəndaş mövqeyidir. Bu, bir peşə deyil. Çoxları düşünür ki, müəllimdirsə, ziyalıdır. Amma bu adam rüşvət alırsa, ya diplomu saxtadırsa, bilik verə bilmirsə, ona necə ziyalı demək olar? Ziyalılıq insanın içində olmalıdır. Elə adamlar tanıyıram ki, ədəbiyyatdan da, elmdən də, sənətdən də uzaqdırlar, amma əsl ziyalıdırlar. Vətəndaş mövqeyi əsasdır. Ancaq bu vətəndaş mövqeyini əsərlərində də göstərə bilərlər.



Ziyalı mütləq gedib partiyaya üzv olmalıdır kimi bir şey yoxdur. Ziyalı insanların formalaşmasına təsir göstərir. Bu yaxınlarda ədəbiyyat üzrə Nobel mükafatı amerikalı rok-musiqiçiyə verildi - Bob Dilana. Onun yazdığı mahnılar bir neçə nəsil ingilisdilli auditoriyanın dünyagörüşünü formalaşdırıb. Məsələn, kimsə təklif etsəydi ki, həmin mükafat “Zaman maşını” qrupunun lideri Andrey Makareviçə verilsin, mən dəstəkləyərdim, çünki bir neçə rusdilli nəsil onun mahnıları ilə formalaşıb. O, dissident mahnıları özü yazırdı. Bu mənada bir yazıçı elə bir əsər ortaya qoya bilər ki, bir neçə nəsil bu əsərlə formalaşa bilsin. Götürək Bəxtiyar Vahabzadənin “Gülüstan” poemasını və ya İsmayıl Şıxlının “Dəli Kür”ünü. Bu, təkcə ədəbiyyat fenomeni deyil, ictimai fenomendir həm də. Bu əsərlər dövrə başqa baxış qazandırır, tarix dərsliklərində belə baxış yoxdur...



Bilirsiniz, Azərbaycanda həmişə ziyalıların cəmiyyətdə rolu yüksək olub. Məsələn, ermənilərdə kilsə əsas rolu oynayıb. Azərbaycanda isə bu rolu ziyalılar oynayıb. Çünki Qurani-Kərim ərəb dilində idi və bu dili əksəriyyət bilmirdi, o üzdən bu funksiyanı da ziyalılar yerinə yetirib. Milli məfkurənin qorunmasında bu ziyalılar rol oynayıb. Deyim sizə ki, Azərbaycan sovet ədəbiyyatı yarıbayarı dissident ədəbiyyat idi.



Bu gün biz müstəqil milli dövlət qurmuşuqsa, bütün bu sovet dövrü ərzində tutulan, güllələnən, sürgün olunan ziyalıların hesabınadır.



O vaxt Bəxtiyar Vahabzadə Fransadakı ad günündə tost dedi. Dedi, “Gülüstan” poemasına görə mənim haqqımda Moskvaya “donoslar” yazırdılar. Bir dəfə Heydər Əliyev məni Mərkəzi Komitəyə çağırıb dedi ki, Bəxtiyar, heç olmasa, arada partiyadan-zaddan da şeir yaz ki, səni qoruya bilək...

 

Lent.az Aliyə

 

 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha
( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )