Azər HƏSRƏT: Kimdir kəndçilərimi əsəbləşdirən?..

Kəndçim əsəbləşmişdi. Deyirdi ki, “ötən il mən bu malı 17 manat 50 qəpiyə almışdım. Taxıl əkmək üçün. Məhsulum da yaxşı olmuşdu. İndi gedirəm dükana, 22 manat 50 qəpiyə satırlar. Almağa da məcburam. Çünki o olmasa məhsul da zəif olacaq. Halbuki taxılın qiyməti elə keçənilki səviyyədədir. Amma ona çəkilən xərclər artıb. Xərclər artıbsa, satdığımız məhsulun da qiyməti artmalı deyilmi? Yaxşı, bəs bu gedişlə biz necə dolanaq? Sadə kənd adamıyıq, başımızı salıb işləyirik ki, bir parça halal çörəyimiz olsun. İndi elə edirlər ki, mütləq başımızı qaldırıb narazılıq edək. Olmaz axı belə”.

 

Söhbət taxıl əkinində istifadə edilən “Amofos” adlı gübrədən gedir. Doğrudan da taxılın qiyməti yerində qaldığı halda bu gübrənin qiyməti birdən birə 5 manat yüksəlib. Nə baş verdi ki, yüksəldi? Kəndçim bu suala cavab tapmır və heyrət içində əsəbləşir.

 

Söhbət Azərbaycanın ən sayılıb-seçilən kənd təsərrüfatı rayonlarından olan Xaçmazın Dədəli kəndindən gedir. Bu kəndin insanları sadə, qədirbilən, zəhmətkeş olmalarıyla seçilir. Buranın insanları dövlətə münasibətdə ən sadiq bəndələrdir. Yəni ölkədə sabitlik olsun, bunlara dəyib-dolaşan olmasın, öz işlərindədirlər. Siyasi seçimlərində heç bir tərəddüd yoxdur. Kimi dindirsən deyir ki, Prezident İlham Əliyev olmasaydı indi ölkədə anarxiya olardı.

 

Belə sadiq, sakit insanları incidən, gündə bir problemə tuş gətirib narazı salan kimdir axı? Özləri də bilmirlər. Deyirlər ki, ayrı-ayrı məmurlar bilərəkdən ölkədə narazılıq yaradır. Açığı, onlar qədər əmin olmasam da doğma kəndimin problemlərini göz önünə gətirəndə məndə də şübhələr yaranmağa başlayır.

 

Problemləri bir-bir sadalayım, görək, niyə belə olur?

 

Kəndə qaz çəkilib. İnsanlarımız buna görə Prezident İlham Əliyevin canına dua edir, çox razıdırlar. Amma neçə ildir ki, bu qaz boruları sadəcə göz dağıdır. Bəli, bəli, göz dağı. Hələ qış aylarında isə ümumiyyətlə artıq bir şeyə çevriliblər. Halbuki qaz işinə baxanlar ölkə başçısına məruzə edir ki, filan qədər kəndə daimi qaz verilir. Verilirmi? Mənim kəndimin halına baxılırsa, oraya qaz deyil, Prezidentə sadəcə yalan məlumat verilir…

 

Dədəli camaatı qaza həvəslənib odunluqları ləğv etmişdi. Amma indi meşələrdədirlər, hərə bir yandan odun tədarükünə məcbur olub.

 

Yol problemi də illərdir həllini gözləyir. Hələ bir neçə il öncə Dədəlidən keçməklə Şərqə doğru gedən əsas yol asfalt ediləndə camaat yenə də çox məmnun oldu, cənab Prezidentə alqış oxudu. Onda ümid edilirdi ki, kəndin digər əsas yolu da təmir ediləcək.

 

Söhbət cəmi 3 km olan Dədəli-Uzunoba yolundan gedir. Rayon yeridir, qonşu kəndlərin camaatı bir-birinə qohumdur, xeyirdə-şərdə get-gəllər çox olur. Bizim camaatla Uzunoba caaatı da elədir. Hələ ətrafdakı digər kəndləri də bura əlavə etmək lazımdır. İş ondadır ki, kəndimizin Şərqindən keçən Qusarçayın üzərindəki qədimi “Hündür körpü” (adı belədir) selə qərq olub, dağılıb. Yəni insanlarımız çayın o tayındakı Uzunobaya bu yolla gedə bilmirlər. Üstəlik, yolun çaya qədər olan hissəsi də bərbad günə düşüb. İndi kəndçilərim məcbur olub Uzunobaya dolayı yolla gedirlər. Nə az, nə çox! Düz 20 km! Bunun üçün Xudat-Xaçmaz yoluna çıxır, dolanıb Nərəcan kəndindən keçməklə cəmi 3 km-dəki kəndə getməli olurlar.

 

Digər bir problem fındıqla bağlıdır. Xaçmaz həm də bol fındıq yetişdirilən rayondur. Bu ilin yayında Prezident İlham Əliyevin fındıqçılığı təşviq etmək üçün keçirdiyi geniş müşavirə insanlarımızda yeni ümidlər yaratmışdı. Hər kəs düşünürdü ki, məhsulunu yaxşı qiymətə satar, yaxşı da dolanar. Amma nə baş verdi? Ötən il bir kilosu 6 manata satılan fındığın qiyməti bu il 4 manatdan yuxarı qalxa bilmir. Çox adi bir səbəbdən: bu sahədə əməlli-başlı inhisar yaradıblar! Səsini çıxarmaq istəyən olanda fındığı guya elə bir şəxsin aldığını deyirlər ki, kəndçilərim də onun xətrinə səs-küy salmırlar.

 

Hə, kəndçim həm də ona əsəbləşmişdi ki, xalq arasında “xurma” kimi tanınan meyvəni də realizə edə bilmirlər. Deyirdi ki, 700 kq xurmanı cəmi 118 manata satmağa məcbur olub. Dedim, niyə bazara çıxarmırsan, lap elə bir addımlıqdakı Rusiyaya aparıb satmırsan? Adamın dili açıldı, nə açıldı!

 

Kəndçim qayıtdı ki, “sənin, deyəsən dünyadan xəbərin yoxdur. A kişi, Samurun o tayına mal aparmağa imkan verirlər ki, biz də dolanaq? Heç nə lazım deyil, sadəcə sərhəddə-gömrükdə problem yaratmasınlar, elə bu meyvə-tərəvəzin hesabına bəy kimi dolanarıq”.

 

Adam haqlıdır. Doğrudan da son illər ərzində Azərbaycandan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına aparılması da inhisara alınıb. Ona görə də Rusiya bazarında 5-10 manata satıla biləcək məhsulu kəndçim öz qapısında 20-30 qəpiyə satmağa məcbur olur. Satmasa, məhyul çürüyüb zay olacaq.

 

Kimdir bütün bunları edən? Gübrənin qiymətini kim qaldırır? Kəndə qazı kim vermir? Cəmi 3 km-lik yolu kim illərdir abıra salmır? Kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracını kim əngəlləyir? Bax, bu suallara şəxsən mən cavab verə bilmirəm. Amma kəndçilərimi yenə də dövlətin yanında olmağa çağırıram. Əvvəllər bu çağırışlaırmı həvəslə qəbul edirdilər. İndi isə deyirlər ki, bıçaq sümüyə dirənib, dözə bilmirik. Kimsə gəlsin, bizi bu vəziyyətdən çıxarsın.

 

Mənsə onlara deyirəm ki, bütün bunları edən konkret sahələrə məsul olan ayrı-ayrı məmurlardır. Bu adamlar Prezidentə yalan hesabatlar verir, vətəndaşın şad-xürrəm yaşadığını deyir, nəticədə ən sadiq insanları belə narazı salır.

 

Bu problemlər həllini tapmalıdır. Özü də ən qısa zamanda. Həm də kəndçilərimə qarşı ayrıseçkilik edilmədən. Bu sözü də elə-belə demədim. Bugünlərdə öyrəndim ki, hardansa bir adam gəlib kəndimizdə torpaq alıb, təsərrüfat qurub. Kəndin yaşayış hissəsindən aralı, tarlanın birində. Özünə bir ev də tikib. Utanmadan kəndin 30 il öncə tikilmiş kanalının bir hissəsini torla təcrid edib. Hələ bu azmış kimi bu adam üçün ayrıca qaz xətti çəkilib, ona kəndin evlərində günlərlə gözə dəyməyən qaz təmin edilir. Kimdir bu adam? Necə olur ki, kənddə hardansa gəlmiş biri üçün ayrıca yüksək təzyiqli qaz təmin edilir, amma o yurdun əsl sahibləri üçün edilmir? Bu camaatı belə yox sayan, gözardı edən kimdir axı? Hələ adamın utanmadan kanalın bir hissəsini mənimsəməsinə bax! Bizim kənddə heç vaxt adamlar ümumi istifadədə olan yola, suya belə göz dikməyiblər! Amma bu adam kimmiş ki, bu qədər həyasızlıq edə bilir? Ümumiyyətlə, ona bu işdə şərait yaradan kimdir?

 

Ümid edirəm ki, ölkənin bütün bu məsələlərə məsul olan şəxsləri deyilənləri yerində yoxlayıb həll edəcəklər. Eyni zamanda problemi həll etməklə bərabər cənab Prezidentə yalan hesabat vermək vərdişlərindən də əl çəkəcəklər.

 

Hələlik bu qədər…

 

Sözardı: Mən belə yazılar yazanda cürbəcür dövlət qurumları ayrı-ayrı media qurumlarına zəng edib dərcini əngəlləməyə çalışırlar. Elə sanırlar ki, bu yolla problemləri ört-basdır edə biləcəklər. O qurumların başbilənlərinə səslənirəm: özünüzü boşuna yormayın. Çünki mənim yazılarım bütün hallarda ünvanına çatır. Necə? Bu, artıq sizlik məsələ deyil. 

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )