Musiqi məktəbində “Ustadla görüş”-“Ustad dərsləri”, ”Səslən tarım” adlı tədbir keçirilib.

5 dekabr 2017-ci il tarixində Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsinin təşkilatçılığı ilə G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində “Ustadla görüş”-“Ustad dərsləri”, ”Səslən tarım” adlı tədbir keçirilib. Tədbir Xalq artisti, professor, Dövlət mükafatı laureatı Ramiz Quliyevin yaradıcılığına həsr olununb.
Azərbaycan musiqi mədəniyyətinin simvollarından sayılan tar alətinin əhəmiyyətindən söhbət açarkən sözsüz ki, tarın atası sayılan Sadıqcan, tarzənlərdən Qurban Pirimov, Əhməd Bakıxanov, Bəhram Mansurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Sərvər İbrahimov və digər nəhəng simaların adlarını çəkmək olar. Görkəmli tarzənlərin yaratdıqları məktəbin layiqli davamçılarından biri respublikanın xalq artisti, professor, “Şöhrət” və “Şərəf” ordenli Ramiz Quliyevdir.
Ramiz Quliyevin yaradıcılığına nəzər saldıqda onun Azərbaycan musiqi mədəniyyətinin inkişafında, tarın və muğamların dünyada tanınmasında mühüm rolunun olduğunu görə bilərik.
Yaradıcılığında Azərbaycan musiqisi ilə yanaşı dünya klassiklərinin əsərlərinə yer verməsi sözsüz ki, Ramiz Quliyevin virtouz ifaçı olmasından xəbər verir.
Görkəmli sənətkarın tarı ABŞ, Fransa, İngiltərə, Yaponiya, Polşa, Kanada, Hindistan, Almaniya, Əlcəzair, Tunis, Hollandiya, Türkiyə, Əfqanıstan, və digər ölkələrdə möhtəşəm çıxışı dinləyicilər tərəfindən heyranlıqla qarşılanıb.
Ramiz Quliyev daima öz dəsti-xətti ilə seçilən çıxışları ilə Azərbaycan tarını uca zirvələrə yüksəldə bilmişdir. Bununla yanaşı tarzən elmi məqalələrin, metodiki tövsiyələrin, dərslik və proqramların müəllifidir. Onun xarici və Azərbaycan bəstəkarlarının tar ilə fortepiano üçün işləyib hazırladığı dəyərli əsərləri musiqi ictimaiyyətinə təqdim edilmiş və rəğbətlə qarşılanmışdır.
Görkəmli sənətkarın yaradıcılığı daima musiqişünasların, bəstəkarların, ifaçıların və digər musiqi xadimlərinin marağına səbəb olub. Belə ki, 1997-ci ildə dünya şöhrətli musiqiçi M.L.Rostropoviç Ramiz Quliyev və oğlu Əyyub Quliyevlə birlikdə ifalarını yüksək qiymətləndirərək onları aprel ayında Bakıda , may ayında isə Moskvada keçirilən 70 illik yubiley tədbirlərində çıxış etmək üçün dəvət etmişdir. Bununla yanaşı Moskvada və Bakıda tarzənin SSRİ Xalq artisti M.Maqomayevin 55 illiyinə və sevimli bəstəkarımız Xalq artisti Tofiq Quliyevin 80 illik yubiley tədbirlərində müvəffəqiyyətli çıxışlarını da qeyd etməmək olmaz. Ulu öndər Heydər Əliyev Ramiz Quliyevin ifasını yüksək qiymətləndirərək onu “virtuoz ifaçı” adlandırırdı. Ramiz Quliyev dünya şöhrətli Maestro Niyazi, Səid Rüstəmov, Rauf Abdullayev, Ramiz Məlik-Aslanov, Fəxrəddin Kərimov, Azad Əliyev, Teymur Göyçayev, Yalçın Adıgözəlov, Əyyub Quliyev, Nəriman Əzimov, Ağaverdi Paşayev, N.Nekrasov (Rusiya), Daniel Klayner (Almaniya), Georgi Mustu (Rumıniya), V.Haqnəzərov (Özbəkistan) və digər dirijorların rəhbərlik etdikləri orkestrlərin müşayiəti ilə Azərbaycan və dünya klassiklərinin əsərlərini məharətlə ifa etmişdir.
Görkəmli tarzən ifaçılıq fəaliyyəti ilə yanaşı, pedaqoji sahəyə də diqqət ayırır. Belə ki, illərcə qazandığı biliklərini daima gənc nəslə ötürən tarzənin növbəti ustad dərsləri G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbində keçirildi.
Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Musiqi kollecinin direktoru, Əməkdar insəsənət xadimi, professor Nazim Kazımov və 11 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Məmmədovun və müəllim-tələbə heyətinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə video-çarx vasitəsilə tarzənin həyat və yaradıcılığını əks etdirən film nümayiş etdirildi.
Sonra G.Şaroyev adına 35 nömrəli onbirillik Musiqi məktəbin musiqişünas- müəllimi Həqiqət Hüseynova açılış nitqi ilə çıxış edərək ustad tarzənin həyat yolundan, musiqi dünyasından danışaraq Ramiz Quliyevin xatirələrindən fikirlərini səsləndirdi : “Mən Üzeyir bəyin adını daşıyan Azərbaycan Dövlət Konservatoriyasına düz 1964-cü ildən indiyə qədər gedib-gəlirəm. Çox yaxşı və pis anlarım da olub. Hətta yerimdə saydığım anlarım da olub. Bu addımların hər birisini mən düşünərək atmışam. Mən həmişə qarşıma bir məqsəd qoymuşam ki, ifaçılıq və pedaqoji fəaliyyətə bərabər tarı dünyanın ən böyük və möhtəşəm orkestrləri ilə ifa edim”
Bunun ardınca Ustad tarzən Ramiz Quliyev master-klass aparmaq üçün səhnəyə gur alqışlarnan dəvət edildi . O, öz bilik bacarığını nümayiş etdirərək məktəbin şagirdləri Tuncay Əliyev və Murad İbrahimli ilə Ustad dərs apardı. Dərs zamanı Ramiz Quliyev şagirdlərə tarın temperasiya imkanlarıdan, səs üzərində iş, pozisiyalar haqqında, muğam ifaçılığı və konsertmeysterlərlə iş barəsində ətraflı danışaraq öz pedaqoji fəaliyyətini nümayiş etdirdi.
Dərsdən sonra şagirdlər maraqlı musiqi repertuarına müraciət edərək azərbaycan və qərbi-avropa bəstəkarlarının yaradıcılığından musiqi nömrələri səsləndirdilər.
TədbirdəBəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov, A.Zeynallı adına Musiqi kollecinin direktoru, Əməkdar insəsənət xadimi, professor Nazim Kazımov və 11 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Rövşən Məmmədov , 15 saylı məktəbin direktoru Əməkdar müəllim Nadir Babayev çıxış edərək tanınmış tarzən haqqında xoş ürək sözləri və xatirələrindən danışdılar.
Tədbirin sonunda maraqlı anlardan biri Ustad tarzənin məktəbin direktoru Əməkdar müəllim Yusif Vəliyevi onunla birlikdə duet ifa etməyə dəvət etməsi oldu. Onlar Q.Qarayevin “Yeddi gözəl” baletindən “Ayişənin rəqsi”, “İldırımlı yollarla” baletindən “Ehtiraslı rəqs”, F.Şubertin “Serenada”, S.Fərəcovun “Rondoletto”, V.Adıgözəlovun “Qərənfil” və S.Rüstəmovun “Suita” əsərlərini məharətlə ifa etdilər. Bu tarixi ifa gur alqışlarla qarşılandı.
Ramiz Quliyev hər zaman özünə məxsus ifaları ilə seçilən, Azərbaycanı mizrabın gücü ilə dünyada tanıdan ictimai xadimdir. Onun peşəkar ifaçılıq məktəbi daima gənc nəsil üçün çox dəyərli və mühümdür.
Bizdə öz növbəmizdə Xalq artisti, professor, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli görkəmli tarzənə can sağlığı və yaradıcılıq yolunda yeni müvəffəqiyyətlər arzu edirik !...

 

 Musiqişünas Əhmədova Minacat

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )