Rəhman ORXAN: Sumqayıta yürüş edən Sovet tanklarını geri döndərməyi bacaran şəhər rəhbəri

"Ötən günlərin xatirələri" adlanan bu kitab Azərbaycanın vətənpərvər oğlu Rasim Eminbəyli haqqındadır. Sumqayıtın ən ağır və çətin günlərində - 1988-92-ci illərdə şəhərin İcraiyyə Komitəsinin sədri olmuş Rasim Eminbəylinin mənalı ömür yolu, respublikanın ictimai-siyasi həyatında rolu barədə olan bu maraqlı kitabın müəllifi respublikanın Əməkdar jurnalisti, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Eyruz Məmmədovdur.

Kitabda şəhərin tanınmış ziyalıları - Sumqayıt Elmi-tədqiqat Polimerlər İnstitutunun laboratoriya rəhbəri professor Mustafa Salahovun, "Şöhrət" ordenli məşhur cərrah Hacı Cəfər Quliyevin, respublikanın Əməkdar müəllimi Bəsirə Ağayevanın, Sumqayıt Telefon Qovşağının keçmiş rəisi Mehman Ömərovun, respublikanın Əməkdar məşqçisi Əhməd Rəcəblinin, H.Zeynalabdin qəsəbəsinin İcra nümayəndəsi Nasir Rzayevin, İcraiyyə Komitəsinin keçmiş şöbə müdiri Elman Məmmədzadənin, Həmkarlar təşkilatı sədri Cəmaləddin Məmmədovun, sərbəst güləş üzrə dünya kubokunun sahibi Rəhim Novruzovun və digərlərinin R.Eminbəyli haqqında fikirlərinə geniş yer verilmişdir.
Vaxtilə Sumqayıtın ən narahat, həyəcanlı günlərində Rasim Eminbəyli ilə birgə çalışmış cəsur prokuror İsmət Qayıbovun, ermənilərin qorxu ilə "qara polkovnik" adlandırdıqları Fətulla Hüseynovun, şəhər Partiya komitəsinin ikinci katibi, respublikanın Əməkdar müəllimi Minarə Tahirovanın, Superfosfat zavodunun direktoru Rövşən Sərdarlının və digərlərinin Rasim Eminbəyli barədə söylədikləri də byük maraq doğurur.
Həyatda hər zaman qətiyyətli və prinsipial, qorxmaz və mübariz olan, peşəkarlığı və milli sayıqlığı ilə seçilən Pasim Eminbəyli o adamdır ki, hələ 1984-cü ildə - 42 yaşında olarkən SSRİ-nin Geologiya və Əlvan Metallurgiya Nazirliklərinin yaratdığı birgə komissiyanın sədri kimi Balakən rayonunda aşkar edilmiş üç filiz yatağının istismar olunmasının qarşısını öz cəsarətli və qətiyyətli hərəkəti ilə almış, komissiyanın üzvü olan erməni Mesrop Qriqoryanın yaxasından tutub silkələyərək, demişdi: "Əclaf, qızıllarımıza göz dikmisən? Səni bura kim göndərib? Gedib onlara deyərsən ki, Azərbacanın bütün sərvətləri özünə məxsusdur, anladın?". Və əlavə edib demişdi ki, "Komissiyanın sədri mənəm və səlahiyyətlər mənim əlimdədir. Sabah burdan rədd olub getməsən, səni, bax, bu dağın başından üzü aşağı atacağam". Mesrop o gedən getmişdi...
Həmin filiz yataqlarının istismara verilməsi üçün hazırlanmış akta da R.Eminbəyli bir komissiya sədri kimi inadkarlıqla imza atmamışdı və bütün təzyiqlərə baxmayaraq, kişi kimi dediyindən dönməmişdi.
Rasim Eminbəyli həmin adamdır ki, 1990-cı ilin qara yanvar günlərində Sumqayıtda "fövqəladə rejim" tətbiqinin qarşısını şəxsi fədakarlığı sayəsində ala bilmişdi. Həmin ağır, dəhşətli günlərdə Qorbaçov rejimi Azərbaycanın haqq səsini boğmaq üçün Bakının "iki addımlığında" olan, hər zaman paytaxtın harayına çata biləcək Sumqayıtdan, onun qorxubilməz, cəsur adamlarından ehtiyat edərək, bu şəhərdə də "fövqəladə rejim" tətbiq etmək niyyətində idi. Bunu öz "kanalları" ilə öyrənən R.Eminbəyli artıq səhər obaşdan Sumqayıtın girəcəyində dayanaraq, şəhərə girmək istəyən Sovetin hərbi texnikasını gözləyirdi. Öz maşını ilə giriş yolunu kəsən mer, gurultu qopararq bir-birinin ardınca şütüyən tankların ona tərəf şığımasını görsə də, qorxub-çəkinmədən irəli getmiş və əli ilə onlara dayanmaq işarəsi vermişdi. Baxmayaraq ki quduzlaşmış Yazov hərbçiləri onun maşınını da Bakıda olduğu kimi əzib keçə bilərdi, bu, onu qorxutmamışdı. Çünki onu daha çox özünün yox, qoca-cavan 350 minlik şəhərin taleyi narahat edirdi. Tank kalonunun komandiri olan general özününkülərə dayanmaq əmri verərək, hərbi maşından düşüb, onların "yolunu kəsən" adama yaxınlaşıb, onun risqli hərəkətinə narazılığını bildirmək istədikdə R.Eminbəyli generala tanışlıq verərək, qətiyyətlə bildirmişdi:
- Я - Расим Эминбейли, мэр города Сумгаита и в полном курсе ваших намерений. Своим полномочием заявляю, что никакой необходимости о введении чрезвычайного положения в нашем городе нет. У нас все тихо и спокойно...
Və məlum olmuşdu ki, həmin general R.Eminbəylini Sumqayıtda 1988-ci ilin fevralında baş vermiş hadisələrdən sonrakı günlərdən yaxşı tanıyırmış. Elə magistralın ortasındaca qısa danışıqdan sonra şəhərin merinin "kişi sözü"nə inanan rus generalı tank kalonuna geri dönmək əmri vermişdi.
Bəli, məhz R.Eminbəylinin qətiyyəti, prinsipiallığı, vəziyyəti talenin ümidinə buraxmaq istəməməsi, vətənpərvərliyi Sumqayıtı növbəti dəfə fövqəladə rejim şəraitində yaşamaqdan xilas etmişdi.
Rasim Eminbəyli məhz o şəxsdir ki, onun nəsli qədim Gəncənin sayılıb-seçilən nəsillərindən sayılırdı. Babası və Hidayət, İbrahim əmiləri Sovet rejiminə, Rusiya əsarətinə qarşı Gəncə üsyanının fəal iştirakçılarından olublar və işgəncələrə məruz qalıblar.
Rasim Eminbəyli həm də o şəxsdir ki, məhz onun təşəbbüsü ilə keçmiş Nasoslu qəsəbəsi xalqımızın görkəmli xeyriyyəçi oğlunun şərəfinə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi adlandırəlmışdır.
Və, nəhayət, R.Eminbəyli o adamdır ki, Azərbaycan Parlamentinin deputatı kimi 1991-ci ilin 18 oktyabrında Azərbaycanın Suverenlik aktınının qəbul edilməsi mərasimində iştirak etmiş və həmin əlamətdar günü Eminbəylilərin represiya qurbanı olmuş cəsur oğullarının reallaşmış arzusu kimi sevincdən doğan göz yaşları ilə qarşılamışdı.
Kitabda ömrünün çox gərgin keçən 8 ilini Sumqayıta həsr etmiş Rasim Eminbəylinin həyatının və xarakterinin müxtəlif, heç də hamıya məlum olmayan məqamları barədə digər faktlar, fikirlər də maraq doğurur və kitabın qəhrəmanının bütöv portretini yaratmaqla onu bir insan kimi oxuculara daha yaxından tanıdır və sevdirir.
Kitab "Azəri" nəşriyyatında nəfis tərtibatla nəşr edilmişdir.

Rəhman ORXAN.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )