Qorxmaz Əlili: - "Bu yaşda mənə Əməkdar artist adı versələr, təhqir olar"

Qorxmaz Əlili: "Bu yaşda mənə Əməkdar artist adı versələr, təhqir olar"

"Bizim musiqiçilər dünyanın hansı səhnəsində çıxış edəndə, kənardan erməni, gürcü, ərəb, fars, tacik, özbək çıxıb deyir ki, bu alətlər bizimdi"Müsahibimiz Azərbaycanın ilk şoumeni, məşhur "Şou Əlili", "7-17" layihələrinin təşkilatçısı, tanınmış estrada aktyoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qorxmaz Əlilicanzadədir.
Teleməkanda tez-tez görünməsə də, geniş tamaşaçı kütləsinin tanıdığı və sevdiyi dəyərli sənətkar uzun müddətdən sonra müsahibəyə razılıq verdi. Məlum vəziyyətdən incik düşən aktyor giley-güzarını dilə gətirdi, sənət yeniliklərindən danışdı.

— Qorxmaz müəllim, çoxdandır teleməkanda görünmürsünüz. Bunun səbəbini bilmək olar?

 

— Mən ekranda rollarımla görünmək istəyirəm. Divanlarda əyləşib camaatın talelərin həll etmək mənlik deyil. Bunun üçün psixoloq, psixiatr, hüquqşünas lazımdır. Divanda əyləşib xatirə danışmağı xoşlamıram. Keçmişdə nə etmişəm, nə kimi xidmətlərim olub, bu barədə danışmağa vaxt çoxdur. İşlə məşğul olan vaxtımdır.

 

 — Son dönəm ard-arda çəkilən komediya filmlərinə və seriallarına dəvət alırsınızmı?

 

— Seriallara çığırmırlar. "Qaynana" serialında çəkiləndən sonra bir neçə vicdansiz insan barəmdə şayiə yayıb ki, mən pulgirəm, kaprizliyəm, rejissorla çəkiliş meydanında mübahisə edib onu pərt edirəm, müəllifin yazdığı mətni dəyişdirib öz sözlərimlə oynayıram. İndi məni seriallara çağırmırlar. Elə bilirlər ki, mənə pislik edirlər. Əslində, xalqa, xalqın sənətinə pislik edirlər. Mən "Qaynana" serialında olanda ilk gündən Tünzalə xanımla birlikdə reytinqdə birinci olurduq. Xaricdə reytinq verən aktyordan ikiəlli yapışırlar ki, reytinq verir, xalq sevir. Ona yüksək qonorar verirlər, hətta kaprizləriylə də oynayırlar. Bizdə əksinədi, rejissor, ssenarist, prodüsser deyir ki, "rədd elə, minnəti olsun ki, onu çağırırıq, o, gəlib bizim nazımızı çəksin". Eh, mən deməklə heç nə düzələn deyil.

 

 — Azərbaycanın ilk şoumenisiniz. Sizə qarşı bu laqeydliyin səbəbi nədir?

 

— Vallah, mən heç nəyi özümə dərd eləmirəm. Xoşbəxtəm ki, Azərbaycanda "Şou-proqram"ları ilk dəfə mən yaratmışam, "şou-biznesin" təməlin mən qoymuşam. Azərbaycanın müstəqillik illərində ilk impresario və ilk mesenat mən olmuşam. İmpresario kimi özüm öz proqramlarımı cibimdən maliyyələşdirmişəm. Mesenat kimi nə qədər gənc ifaçılara səhnədə parlamaq üçün pullar xərcləmişəm, fonoqramlarını yazdırmışam, geyimlərini tikdirmişəm, rəqs qrupları yaradıb onlara geyimlər tikdirmişəm. Elə bunlar mənim qazancım və Allahın mənə verdiyi xoşbəxtlıkdır. Bundan sonra "ilk şoumen" adı heç kimə qismət olmayacaq.

 

 — Müasir teatr və kino mühiti sizi qane edirmi?


— Teatr barədə deyə bilmərəm. Heç bir teatr direktoru məni bir sənətşünas alim kimi, fəlsəfə doktoru, dosent kimi tamaşaların nə ilk baxışına, nə də daxili baxışlara dəvət etmirlər. Bundan da incimirəm. Əgər gəlib gizlincə baxıb tənqidi məqalələr yazsa idim, yəqin ki, çağıracaqdılar. Lakin mənim buna meylim yoxdur. Aktyorlara nə maaş verirlər ki, hələ bir onları tənqid də edəsən. Biz onlara çox sağ ol deməliyik ki, bu cüzi maaşa teatrda qalıb işləyirlər. Onlar bacardıqları qədər teatr sənətini yaşatmağa çalışırlar ki, teatr ölməsin. Necə ki, kinomuz artıq can verir. Kinoya pullar ayrılmır. Kommersiya filmləri çəkilir. 30 min AZN və 50 min AZN arasında, kiçik büdcə ilə "kino"lar çəkirlər. Açığın desək, bu çəkilən "filmcikləri" kino adlandırmaq günah olardı. Ələlxüsus komediya janrında çəkilən filmcikləri…
Açığın deyim bu barədə danışmaq istəmirəm. Çünki mənası yoxdur. "Sponsorlar"ın da zövqü dəyişib. Əgər onlar belə "əldəqayırma" "artistlər"ə pullar verirlərsə, buna əlac tapmaq qeyri-mümkündür. Fransada dövlət tərəfindən, 30-50 min məbləğində pullar ayrılır ki, kim yaxşı ssenari gətirsə, onun olsun. Gənc rejissorlara (təbii ki, kino akademiyasını bitirən gənclərdən gedir söhbət) imkan yaradırlar ki, çəksinlər, özlərini sınasınlar. Axırda peşəkarlar baxıb qiymət verirlər. Bir milyon sərf eləməkdə məqsəd istedadları üzə çıxarmaqdır. Əlalarını ekrana buraxırlar. Bizdə isə heç kim baxmır, çəkib gəlirlər kinozallara. Kinozalların müdirləri öz zövqlərinə görə filmcikləri bəyənib ekrana buraxırlar.
Bir məsələ mənə çox maraqlı gəlir, kinozalların müdirləri gəlirin 60%-ni götürürlər. Halbuki, əksinə olmalıdır. 70% prodüsser, 30% kinozalın müdirləri götürməlidir. Sovetlər dövründə hətta pulun 80-90%-i kino istehsal edənlərə çatırdı. Mətləbdən uzaqlaşmayaq. O az büdcəli filmlərdə aktyorlara az pul verirlər. Amma eşitdiyimə görə, artistlikdən xəbəri olmayan, sənətə yamaq olan "artist"lərə 30-50 min manat qonorar verirlər. Gör kino və həyat nə günə qalıb.

 

 — Teatrda fəaliyyətiniz yoxdur. Teatrı sevmirsiniz? Yoxsa kinoya həddən artıq bağlısınız?

 

— Mən yaşamaq istəyirəm. İntriqa, qeybət, ayaqaltı qazmaq, arxada danışmaq — mən belə işlərdən uzağam. Kim baş rol oynayacaq, kim ilk baxışda iştirak edəcək, televiziya gəlib çəkəndə kim oynayacaq, bu, insanı qocaldan dərdlərdi. Mən aktyor dostlarımla yoldaşlıq edirəm. Orda işləsəm, istər-istəməz bu mübarizəyə qoşulmalıyam. Yoldaşlarımın çoxu dönüb mənimlə düşmən olacaq. Mənə bu lazımdı? Teatrda 300 adam gəlib sənə baxıb gedəcək. Xatirələrdə yaşadacaqlar. Tamaşaçılar dünyasını dəyişdi, sən də elə dünyanı dəyişmiş kimisən. Telekanallardan yalnız "Mədəniyyət" kanalı çəkib göstərir. O da ki, aradabir. Kino tarixdir. Bir saat 30 dəqiqə, ömür boyu göstərəcəklər.


— Azərlotereyadan tez-tez geniş tamaşaçı kütləsinin önünə çıxırdınız. Buradakı işinizdən niyə ayrıldınız?

 

 — Bizi reklamların bahalığı yıxdı. İstəsəm ki, bir solo-estrada tamaşası hazırlayım və hər hansı bir zalda çıxış edim, efirdə reklam vermək, zalın icarə pulu bilirsiz nə qədər bahadır? Hələ başqa xərcləri demirəm. İstər-istəməz biletin qiyməti 50 AZN-i keçir. Bir ailədən iki nəfər gəlsə, 100 manat, üstəgəl yol xərcləri, bufetdə xərclər olur 150 manat. İnsanlar bu məbləği xərcləyə bilmir. Mən istərdim ki, müəllimlər, alimlər, ziyalılar, zəhmətkeş insanlar gəlib mənim çıxışıma baxsınlar. İndiki zamanda bu, qeyri-mümkündür.

 

 — Bu qədər əməyinizə və hazırda gördüyünüz işlərə rəğmən, fəxri adınız yoxdur. Bu, sizi narahat edirmi?
 

 — Desəm, inanmazsınız. Uca Tanrının varlığına and olsun ki, mən heç bir fəxri ad istəmirəm. Versələr də istəmərəm. 60 yaşında mənə Əməkdar artist adı versələr, bu, mənə təhqir olar. Artıq gecdir. Mən Tanrıdan özümə can sağlığı, sənət yoldaşlarıma isə fəxri adlar arzu edirəm. Bir arzum var ki, bir geniş ürəyə malik, tikinti şirkətinin rəhbəri mənə mənzil bağışlasın ki, oğlumu evləndirim, nəvələrimi bir yerə toplayıb həyatımın sonunda xoş-firavan yaşayım. O da ya qismət.
— Bir müddət əvvəl yeni musiqi alətləri ixtira etməyinizlə gündəmə gəldiniz. Bu alətlər haqqında bizi geniş məlumatlandırmağınızı xahiş edirik.
— Tanrım mənə nəsib elədi ki, belə bir işə imza atım. Üç alət ixtira etmişəm. İkisi mizrablı simli alət, biri yaylı simli alət. Mənim yaxın dostum, mahir tarzən Elşən Salmanovla sıx münasibətimiz var. Onunla həmişə muğam, musiqi, musiqi alətləri barədə söhbətlər edirik. Üç il bundan əqdəm, yay vaxtı parkda gəzirdik. Növbəti söhbətlərimizdə ud alətindən, onun ifa imkanlarından söhbət açdıq. Dedim, uda yenilik gətirmək üçün qolun uzatsaq, necə olar? Bir neçə məsləhətləşmədən sonra istədim ud düzəldim. Elşənin udu var idi işlədiyi məktəbdə. Müdirin otağında qalmışdı. Hamı da ezamiyyətdə. Getdim udun şəklin çəkdirdim, üstünə ay ulduz çəkdirdim. Birdən ağlıma gəldi, udun içinə Azərbaycanın milli atributu olan "buta" şəklin çəkdirim, içində də ay-ulduz. Bir gün növbəti görüşümüzdə dedim ki, ay Elşən, vallah udun üstünə atamızın şəklin də çəksək, deyəcəklər ki, "uddu ki, ud". Bəlkə çanağın formasını "buta" formasında düzəltdirim. Bəyəndi, dedi maraqlı olar. Başladım bu işin üzərində fikirləşib, düşünüb, yeni bir Azərbaycan aləti yaratdım. Elə ilk aləti Elşənlə dostluğumun şərəfinə "EL-QOR" adlandırdım. Elşən və Qorxmaz. İkinci aləti mənə düzəldən Məzahir və Ağamir ata-oğul oldular. Ağamir dedi ki, ay Hacı, bəlkə bu alətin qardaşın da yaradasan? İkinci alət oldu "QORBUTA", yaylı simli alət. Qorxmazın butası. Üçüncü aləti mənə yaxın dostum, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aşıq Mübariz Əliyev xahiş elədi. Əvvəlcə "QORBUTA" alətini dinlədi, çox xoşuna gəldi. Dedi, ay Hacı, nə olar bir saz alətinə də əl gəzdirəsən? Dedim, ay Mübariz, aşıqlar məni Azərbaycandan köçürərlər. Bir müddətdən sonra ikinci alətə, "ELQOR" mizrablı simli alətə qulaq asandan sonra dedi ki, Hacı, mən səndən xahiş edirəm, saz alətinə də əl gəzdir, saz bir balaca "cingiltili" səslənir, "cır", "zil" səslənir. yaxşı çıxsa, duraram arxanda. Mənə ürək-dirək verdi. Aləti "CANQOR" adlandırdım. Soyadımda olan Əlilicanzadədə "can" sözü var, Azərbaycanın adında da "can" sözü var. Can və qorbuta, "CANQOR".

— Niyə məhz buta şəkilli alətlər düzəltməyi seçdiniz? Bu alətlərə verilən adların izahı nədir?

 

 — Bir çətinliyim var, o da musiqiçi problemidir. Əgər bu alətlər musiqiçilərin sinəsində, dizində öz layiqli yerin tapsa, onda bu alətlər yaşayacaq. Yox əgər musiqiçilər bu alətlərə biganə olsalar, tənbəllik etsələr, götürüb öz ürəklərini bu alətə bağlamasa, onda bu alətlər dönüb olacaq "muzey eksponatı". Gələcəkdə kimsə götürüb həyatını bu alətə bağlayar. Onu deyim ki, bizim musiqiçilər dünyanın hansı səhnəsində çıxış edəndə, kənardan erməni, gürcü, ərəb, fars, tacik, özbək çıxıb deyir ki, bu alətlər bizimdi. Tar, kamança, ud, balaban, saz, qanun (kanon) və sairə. Ələlxüsus ermənilər, kökü məlum olmayanlar, bizim bütün alətlərimizi öz adlarına çıxarıblar. Balabanı YUNESKO-da öz adlarına təsdiqlətdiriblər. Vikipediyada bu alətlərin adların yazanda, o dəqiqə erməni adı çıxır.
Mənim bu alətləri yaratmaqda məqsədim odur ki, bizim musiqiçilər səhnəyə çıxanda "buta" formasında alətləri görəndə deyəcəklər ki, bu, Azərbaycan alətidir. Bu alətdən heç bir millətdə yoxdur. Müstəqil Azərbaycanımızın ilk milli musiqi alətləri sayılacaq. Bununla biz bütün dünyaya sübut edəcəyik ki, bizim xalqımız yaradıcı xalqdır. Bununla sübut edəcəyik ki, elə tar, kamança, ud, balaban, saz, qanun da bizim alətlərdi. Biz həmişə bu alətlərin üzərində yeniliklər etməklə onu inkişaf etdirmişik. Bu da ixtiraların davamı. Özündə milli qürur hiss edən, millət, vətən cəfakeşliyini çəkən azərbaycanlı musiqiçilər bu aləti yaşadacaq və dünyanı gəzəcək. Çox arzu edərdim ki, hörmətli prezidentimiz cənab İlham Əliyev və birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva bu alətlərə də qayğı göstərəydilər.

 

 — Soyadınızla bağlı qalmaqal yaşamışdınız. Sonradan soyadınızı dəyişdirdiniz. Amma mediada hələ də Qorxmaz Əlili deyə hallandırılır imzanız.

 

 — Mənim atam Məmməd Əlili Əlizadə (pasportunda belə yazılırdı) ürək sirdaşı, ürək dostu olan dahi dramaturq Cəfər Cabbarlı Cabbarzadə ilə birgə 1915-ci ildə bir məqalədən sonra soyadlarını dəyişmişdilər. Məqalədə yazılmışdı ki, biz azərilər nə vaxta qədər "ov", "yev", "ski" sonluqlu rus tipli familiyalar daşıyacağıq. Cəfər atamla fikirləşdikdən sonra Cabbarzadə familiyasını Cabbarlı, atam Əlizadə familiyasını Əlili familiyası ilə dəyişiblər. İllər keçdikdən sonra hər ikisi səhv iş gördüklərini bildilər. Çünki Azərbaycan qrammatikasına görə, "lı","li", "lu" sonluqları şəkilçi olduğu üçün kənd və şəhər adlarına əlavə edilirdi ki, insanın doğulduğu məkan bilinsin. Soruşanda ki, haralısan, deyirdi Maştağa-lı, Qobu-lu, Bilgə-li, Şəki-li, Bakı-lı, Gəncə-li və sairə. Bu şəkilçilərin adam adına əlavə olunması düzgün deyil. Artıq illər keçdi, Cəfəri, atamı belə tanıyırdılar, pasportlarında, afişalarda, kinolarda familiyaları, yəni, soyadları Cabbarlı və Əlili kimi yazılırdı. Atam 1937-ci illərdə, repressiya illərində çox əziyyətlər çəkdi. NKVD-də, o vaxtkı Dövlət Təhlükəsizlik İdarəsində qeyri-Azərbaycan soyadlarının siyahısı qurulmuşdu, onların hər addımlarını güdürdülər. Atamın da adı o siyahıda idi. Atamı tuta bilmirdilər ki, Cəfər Cabbarlının ən yaxın dostu olub. Atamı tutsaydılar, Cəfərin adı da ləkələnərdi. Amma yenə də güdürdülər. Bu familiya şəcərədir. Lakin Azərbaycanda "şəcərə" haqqında qanun yoxdur. Xarici ölkələrdə var. Qanunla onların haqqı qorunur. Bizdə isə kim nə familiya istəsə, götürə bilər. Bu da düz qanun deyil.
Milli Məclisdə qanun çıxdı ki, "ov", "yev", "ski" sonluqlu soyadlar "-lı", "-li", "-lu", "-soy", "-gil" sonluqları ilə əvəz olunsun. 1,5 milyon Əliyev soyadlı insan dönüb olur Əlili. Mənə deyirlər ki, onsuz da hamı bilir Qorxmaz Əlili sənsən. Lakin bilmirlər ki, incəsənət adamları xaricdə özlərinə fərqli bir soyad seçirlər ki, hamıdan fərqlənsinlər və bir şəcərə başçısı olsunlar. Mən məhkəmə yolu ilə soyadımı dəyişdim. Bundan sonra heç kim bu soyadı götürə bilməyəcək. Çünki məhkəmə yolu ilə bu soyad mənə verilib. Artıq bu, mənim şəcərəmdir.
O ki, qaldı media işçilərinə, onlar səhvən soyadımı Əlili yazanda, asan bir cavabla özlərini vəziyyətdən çıxarırlar: Qorxmaz müəllim biz sizi Əlili kimi tanıyırıq və ya hamı sizi Əlili kimi tanıyır. Bu mənə və mənim soyadıma olan böyük hörmətsizlikdir. Mən kiminsə soyadını yarımçıq, ixtisarla desəm,. xoşlarına gələr? Çox xahiş edirəm, mənim soyadıma hörmətlə yanaşsınlar. Əlili yazsalar mənim xətrimə dəymiş olacaqlar. Mən 10 ildir ki, rəsmi soyadımı dəyişmişəm. Kinolarda, seriallarda mənim soyadım Əlilicanzadə gedir.

— Niyə məhz Əlilicanzadə? Bu sonradan seçdiyiniz soyad hardan gəlir?

 

— Əvvəlcə istədim Əlilizadə edəm. Millətimi yaxşı tanıdığım üçün dedim olmaz, camaat soyadımı dilucu yola verib elə Əlizadə deyəcək. Qərarlaşdım ki, Əlili sözündən sonra can sözün əlavə edim ki, camaat düzgün tələffüz etsin. Soyadım Əlili-can-zadə oldu. Amma indi də camaatın bəziləri şəxsiyyət vəsiqəmi üzündən oxuyanda Əli-canzadə oxuyur. Deyirəm, düz oxu, deyir, oxuyuram da Əlicanzadə. Bir də deyirəm, düz oxu. Baxır, deyir, "həəə, bağışla". Deyirəm, balam, sən məsuliyyətli yerdə işləyirsən, sənədləşmə aparırsan, necə olur ki, üzündən düzgün oxuya bilmirsən? Bu aparıcılar da mənim soyadımı tələsə-tələsə, qaçaraq deyir, Əlicanzadə deyir. Deyirəm, hara tələsirsən. Axı sən aparıcısan, adları, soyadları aydın və fəxrlə deməlisən.
"Əlili" soyadımdır. "Can" sözü Azərbaycan sözündə var, həm də bizim xalqa məxsus olan sözdür. "Zadə" cənubi Azərbaycanda yaşayan azərbaycanlıların daimi soyadıdır. O tayla bu tayı birləşdirən soyad — Əlilicanzadə. Akademik Mirzəcanzadə hamıya tanış soyaddır. Mən də oldum bu növ soyadın davamçısı. İxtiraçı-alim Əlilicanzadə.


— Müsahibə üçün təşəkkür edirik.


— Mən də təşəkkür edirəm. Uğurlar arzulayıram.

 


Orxan Bahadırsoy, Sputnik Azərbaycan

 

 

 

\

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )