Rəhman ORXAN: Poladəridənlərə qarşı ədalətsizlik...

O, Sumqayıta 15 yaşında bir yeniyetmə kimi 1949-cu ilin oktyabrında gəlib. Ayağı sayalı olub. Onun gəlişindən bir ay sonra yeni salınmaqda olan Sumqayıta şəhər statusu verilib.
Dünyaya 15 yanvar 1934-cü ildə Oğuz rayonunun Daşağıl kəndində göz açan İzzətin ağlı kəsər-kəsməz atası müharibəyə yola düşmüşdü. Özü də başqalarından fərqli olaraq o, hərbi komissarın göstərişi ilə kolxozun at ilxısından 20-yə qədər atı qabağına qataraq, gecəli-gündüzlü yol gedərək, həmin atları döyüşə hazırlaşan süvari dəstəsiunə çatdırmış, özü də həmin dəstənin üzvü olmuşdu. 1944-cü ildə - İzzət 10 yaşında olanda atasının "qara kağızı" gəlmişdi - o, ağır döyüşlərin birində igidliklə həlak olmuşdu. Anası və özündən 4 yaş kiçik qardaşını dolandırmaq üçün 15 yaşlı İzzət böyük tikinti işləri gedən Sumqayıta gələrək, bir peşəyə yiyələnmək məqsədilə sənət məktəbinə - "fezo"ya daxil olur. Bir il ərzində orada armaturçu-betonçu peşəsinə yiyələnərək, 1951-ci ildən 1957-ci ilədək Sumqayıtın İnşaatçılar qəsəbəsindəki müxtəlif sosial obyektlərin, o cümlədən köhnə bazarın ətrafındakı bir çox yaşayış binalarının, fəhlə yataqxanalarının, ilk "Uşaq aləmi" mağazasının və s. tikintisində iştirak edir. Bir il hərbi xidmətdə olduqdan sonra Boru-prokat zavodunda 3-cü dərəcəli poladəridən köməkçisi kimi işə fəaliyyətini davam etdirir. Kifayət qədər təcrübə əldə etdikdən sonra 2-ci, daha sonra 1-ci dərəcəli köməkçi olur. Və nəhayət, sərbəst olaraq poladəridən kimi marten sobası önündə 1995-ci ilə kimi - 40 ilə yaxın bu şərəfli vəzifədə çalışaraq, təqaüdə çıxmalı olur. Nə qədər qəribə olsa da, on illərlə 1500 dərəcədən çox istilikdə ərinmə prosesinin getdiyi marten sobası önündə od-alovla çarpışan bu zəhmətkeş poladəridənə "pensiya təşkilatları" cəmi 220 manat pensiya təyin ediblər. Gecə-gündüz marten sobası önündə yanıb-qarsıyan bu əmək adamına nədənsə "qaynar staj" vermək istəməyiblər. 44 il əmək stajı olan martençiyə yüngül işlərdə baş girləyənlərə verilən qədər pensiya "kəsiblər". Əslində elə pensiyanı "kəsiblər", yəni çox az veriblər. Üç övlad atası olan İzzət kişi son illərdə iki oğlunu da cavan yaşında itirib, pensiyasının da bir hissəsini.
Haqqını almayan odlu peşə sahibi, qızı ağır xəstəlyə tutulmuş bu sadə adam bugünlər çox maddi sıxıntılar içərisində yaşayır. Bəlkə, pensiya təşkilatları insafa gəlib, ömrünü od-alov içərisində keçirmiş bu əmək adamının haqqını özünə qaytarsınlar? Axı, bu dərəcədə də haqsızlıq, insafsızlıq olmaz!

 

Rəhman Orxan.

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  
ŞƏRHLƏR :
..send-  /..гюльага гамбаров  /..gülağa qənbərov  /..gülağa qəmbərov  /..gülağa tənha

 

 

( Burada və Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )