Liderlik örnəyi - Nurlana ƏLİYEVA

Tarixdə ataların qurduğu dövlətləri möhkəmləndirib inkişaf etdirən övladlar çox olub. Dövlət quruculuğu prosesində atanın silahdaşı kimi yaxından iştirak edib, bu prosesə böyük töhfələr verən və sonralar dövlətin tarixində yeni inkişaf mərhələlərinin təməlini qoyan övladları isə zaman çox az xatırlayır.

 

İlham Əliyev istisnasız olaraq məhz belə şəxsiyyətlərdəndir...
Xalqımızın ümummilli lideri Heydər Əliyevlə Onu bir çox cəhətlərlə yanaşı, daha bir ortaq missiya da birləşdirir. Heydər Əliyev 1993-cü ildə müstəqilliyini yenicə qazanmış Azərbaycanın təlatümlü günlərində dövlətin, xalqın xilaskarına çevrildi. Bundan 10 il sonra isə cənab İlham Əliyev öz tarixi missiyasını şərəflə yerinə yetirərək yeni milli nailiyyətlərimizin qüdrətli müəllifi oldu.
Cənab İlham Əliyevin xalqın iradəsi ilə Azərbaycan Respublikasının Prezidenti seçildiyi 2003-cü ilin ictimai-siyasi mənzərəsi, mahiyyət etibarilə, 1993-cü ildəkindən xeyli fərqlənirdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətdə olduğu 10 illik rəhbərliyindən sonra bir çox problemlər tarixə qovuşmuşdu. Onun qurub-yaratdığı hüquqi dövlət institutları işləyirdi. Ölkədə sabitlik qorunur, böyük inkişaf meyilləri müşahidə olunurdu. Azərbaycanın vətəndaş müharibəsinə sürükləndiyi, ölkənin parçalanma təhlükəsi qarşısında olduğu ağır günlər də artıq keçmişdə qalmışdı.
Son illər yaxın-uzaq ölkələrdə yol verilən səhvlər ucbatından zamanın çarxının bir anda geri çevrilməsinə, xalqların, dövlətlərin taleyi üzərində qanlı oyunların qurulmasına, inkişaf mənzərələrinin insan faciələrinə çevrilməsinə şahidlik etmişik.
Ümummilli liderin cismani yoxluğundan sonra Azərbaycanda da vəziyyət pisə doğru dəyişə bilərdi. Min bir zəhmətlə qurulmuş, aydın inkişaf yoluna çıxarılmış Azərbaycan dövləti təsadüfi insanların hakimiyyət iddiaları üzündən bəlalarla üzləşərdi. Üstəlik, dəyişən zaman, qlobal çağırışlar Azərbaycana dünyanın müasir tərəqqi meyillərini duya bilən, çağdaş təfəkkürlü liderin rəhbərliyi zərurətini aktuallaşdırırdı ki, inkişafın ardıcıllığı təmin olunsun, ölkəmiz qloballaşan dünyada öz layiqli yerini tuta bilsin. Deməli, 2003-cü ildən sonra ölkəyə rəhbərlik edəcək şəxs qarşısında yetərincə daha çətin vəzifələr dururdu. O, iki tarixi missiyanı yerinə yetirməli idi. Bir tərəfdən Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşaraq müstəqillik illərində milli inkişaf strategiyasına çevrilən dövlətçilik kursu qorunub saxlanmalı, digər tərəfdən isə ölkənin yeni dövrün şərtlərinə müvafiq inkişafı təmin edilməli idi.


***


Azərbaycan xalqı bu iki çətin missiyanı yerinə yetirməyə qabil şəxsiyyət kimi məhz İlham Əliyevi görürdü. Bu ictimai düşüncəni formalaşdıran əsas amillər ondan ibarət idi ki, cənab İlham Əliyev ulu öndərin siyasət məktəbində yetişmişdi. İnsanın fərdi inkişafına təhsil, təcrübə hər nə qədər həlledici təsir göstərsə də, bir siyasi liderin formalaşmasında onun sosial mühitinin də rolu çox böyükdür. Heydər Əliyevdən görüb-götürən, onun bir şəxsiyyət olaraq yaratdığı örnəklərdən nələri isə əzx edən ictimai-siyasi xadimlər Azərbaycanda da, dünyada da çox olub və belə insanlar yenə var. İlham Əliyev isə, özünün də qeyd etdiyi kimi, ulu öndərdən ən çox öyrənmək imkanına malik olmuş liderdir. O, ailə mühitində Heydər Əliyevdən aldığı ustad dərslərini mükəmməl təhsillə, elmi-tədqiqat fəaliyyəti ilə daha da təkmilləşdirmişdi. Bir neçə xarici dildə sərbəst danışırdı. Dünyanın getdikcə çox sürətlə dəyişən sosial-iqtisadi-mədəni trendlərini duymağı bacarırdı. Müasir düşüncə texnologiyalarına dərindən yiyələnmişdi. İlham Əliyev müxtəlif dövlətlərin siyasilərinin çeşidli mülahizələrilə müşayiət olunan proseslərdə, tez- tez dəyişən olayların çevrəsində dünya şöhrətli atasının bütün fərdi və ideoloji qənaətlərini onunla birgə yaşamışdı.
Ən əsası isə, insanlar Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri və Milli Olimpiya Komitəsinin prezidenti kimi onun son dərəcə məhsuldar fəaliyyətinin, bu sahələrin hər birində Azərbaycana qazandırdığı parlaq nailiyyətlərin, intəhasız vətən sevgisinin canlı şahidi olmuşdular.
Xalq 1993-cü ildə Heydər Əliyevin yenidən özünün alternativsiz rəhbəri olaraq ali hakimiyyətə gəlməsini tələb edəndə nə qədər ağıllı, təkidli hərəkət etmişdisə, üçüncü minilliyin üçüncü ilində İlham Əliyevin şəxsində öz yeni Prezidentini - yeni liderini seçəndə də o səviyyədə mübarizlik və müdriklik nümayiş etdirdi!
Bu mənada ulu öndər Heydər Əliyevin 2003-cü ilin prezident seçkilərinin həlledici dövründə xalqa xitabən qələmə aldığı bu kəlmələr, əslində, insanlarımızın ümidlərinin ifadəsi idi: “Üzümü sizə - həmvətənlərimə tutaraq qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Azərbaycan xalqı cənab İlham Əliyevə ulu öndərin ən yaxın silahdaşı kimi etimad göstərdi. Heydər Əliyevin mənəvi-siyasi irsinin ən layiqli davamçısı, milli istiqlalımızın, inkişaf yolumuzun, azərbaycançılıq məfkurəsinin qarantı kimi ölkənin taleyini ona əmanət etdi. 2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan rəhbərliyinə gəlişi siyasi düşərgəyə, cəmiyyətimizin idarəçiliyinə yeni ictimai ruh gətirdi, müasir ideyalara təkan verərək inkişafa yol açdı.


***


Azərbaycan Respublikası Prezidentinin siyasi portretində diqqəti cəlb edən ən mühüm cəhət XXI əsrin liderinə məxsus bir sıra üstün mənəvi keyfiyyətlərin bu obrazda öz əksini tapmasıdır. Dünya onun simasında yeni əsrin yeni liderini görür və apardığı siyasəti böyük maraqla izləyir.
“Yeni minilliyin lideri necə olmalıdır” sualı bu gün bütün dünyanı düşündürür. Əsrlərin tarixi təcrübəsi liderlərin ümumi keyfiyyətləri haqqında indiyə qədər müəyyən təsəvvürlər formalaşdırıb. Ədəbiyyat, kino, təsviri incəsənət, heykəltəraşlıq bir sıra yaradıcılıq nümunələrində bu təsəvvürü ayrı-ayrı liderlərin surətində təcəssüm etdirib. Amma yeni dövrün mizanı ilə baxanda görürük ki, dünyada gedən dinamik dəyişikliklər siyasi liderlərin obrazında da yeni əlamətlər formalaşdırır, liderlər qarşısında yeni tələblər qoyur. Müasir dövrün xüsusiyyətləri klassik liderlikdən bir çox cəhətlərinə, keyfiyyətlərinə görə ciddi fərqlənən yeni liderlik institutunun formalaşmasını şərtləndirir. Düşüncə tərzinə, davranış taktikasına və digər şəxsi keyfiyyətlərinə görə fərqlənən müasir lider qlobal səviyyədə dünyanı dəyişməyə qabil böyük bir şəxsiyyət olmalıdır.
Və etiraf edək ki, bu gün dünyada lider böhranının yaşanması da faktdır...
Yer üzündə getdikcə gərginləşən ziddiyyətlərin, milyonlarla insanın taleyinə təsir göstərən mübahisəli qərarların, ara verməyən müharibələrin əsas səbəblərindən biri, bəlkə, elə budur. Bununla belə, proseslərin, məsələlərə yanaşmaların, davranışların dərindən təhlili müasir dünyamızın da az sayda olsa belə öz əsl liderlərini formalaşdırdığını görürük. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də yeni dövrün lideri obrazının parlaq xüsusiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirdiyini bütün baxış bucaqlarından görüb fərqləndirmək olar. Möhkəm iradə, məğrurluq, qətiyyət, quruculuq, xilaskarlıq, qalibiyyət, xarizmatiklik, müdriklik... Bu nadir keyfiyyətlərin dövlət rəhbərinin siyasi portreti üçün xarakterik olması, onun simasında cəmləşməsi çox vacibdir.
Müasir dünyanın uğurlu liderlərindən biri kimi onun ən mühüm cəhətləri vətənpərvərliyi, qurucu şəxsiyyət olması, öz nəcib əməlləri ilə ortaya qoyduğu real nəticələrdir. Bütün bunlar ulu öndərdən əxz olunmuş müstəsna keyfiyyətlərdir. Heydər Əliyev də hələ Azərbaycana birinci rəhbərliyi dövründə məhz bu cəhətləri ilə, ölkənin hər tərəfində ucaltdığı binalarla, abadlaşdırdığı məkanlarla, yaratdığı maddi və mənəvi sərvətlərlə xalqın ümummilli lideri səviyyəsinə yüksəlmişdi. Müasir dövrün əsl liderdən tələb etdiyi əsas xüsusiyyət də məhz elə budur. Şəxsiyyətin özünü hər hansı miflərlə deyil, insanların həyatına fayda gətirən, cəmiyyət üçün müəyyən bir dəyər yaradan konkret işlərlə təqdim etməsi əsas şərtlərdəndir...
İlham Əliyevin Azərbaycana rəhbərliyi dövrü ölkənin həyatında bütün istiqamətlər üzrə yeni bir intibah dönəmidir.
O, Azərbaycan insanının həyatına müstəqilliyin bəhrələrini bəxş etmiş liderdir... Heydər Əliyevin irəli sürdüyü ideyaları, strateji vəzifələri əzmlə yerinə yetirərək qazanılmış nailiyyətləri hər bir Azərbaycan vətəndaşının gündəlik həyat və məişətinə gətirmiş bacarıqlı rəhbərdir...
Cənab İlham Əliyevin əzmkarlığı sayəsində Azərbaycan 2003-cü ildən bəri nəhəng tikinti-quruculuq meydanına çevrildi. Əsrlərlə abad yollara, sosial infrastruktura həsrət qalmış ən ucqar kəndlərimizə də yollar, qaz, su, elektrik, rabitə xətləri çəkildi, bu illərdə şəhərlərimizin, qəsəbə və kəndlərimizin qiyafəsi dəyişdi. Azərbaycan şəhərləri, xüsusilə doğma Bakımız dünyanın ən gözəl şəhərləri sırasında şöhrət qazandı. Bütün bölgələrimizdə maarif nurunu yayan müasir məktəblər, məktəbəqədər müəssisələr inşa olundu. İnsanların ömrünə ömür qatan tibb ocaqları əhalinin istifadəsinə verildi. Azərbaycan Prezidentinin azad sahibkarlara dəstəyi hesabına respublika boyunca yaradılan biznes subyektləri, istehsal-emal müəssisələri işsizlik problemini aradan qaldırdı. Azərbaycan insanının evinə bol ruzi, süfrəsinə bərəkət gəldi.
İlham Əliyev ulu öndərin təfəkküründə və təxəyyülündə yaratdığı Azərbaycanı olduğu kimi, füsunkar bir tablotək müqəddəs torpaq üzərinə köçürə bildi. Torpağın köksündə ucaldılan binalarla, insanları, elləri, mədəniyyətləri bir-birinə qovuşduran yollarla, körpülərlə, təbiətin gözəlliyinə gözəllik bəxş edən yaşıl bağlarla, parklarla vətən sevgisinə əbədi abidə yaratdı.


***


İlham Əliyevin timsalında müasir dünyamız üçün əsl lider nümunəsi yaradan digər bir önəmli keyfiyyət şəxsiyyətin miqyasıdır. Konkret bir sahədə böyük uğurlar qazanmış elə siyasət adamları, dövlət xadimləri var ki, eyni nailiyyəti cəmiyyət həyatının digər mühüm istiqamətlərində tamamlaya bilmir. Liderlik keyfiyyətləri müəyyən çərçivədə qapanıb qalır. İlham Əliyevin fəaliyyəti isə o qədər miqyaslıdır ki, bunun hüdudlarını müəyyən etmək mümkün deyil. Bu mənada Azərbaycan Prezidenti müasir dünyamızdakı çox nadir liderlərdəndir ki, onun siyasi portreti eyni zamanda mənəvi rəhbər, siyasi lider, güclü sərkərdə, müdrik strateq, peşəkar menecer, qayğıkeş müəllim məsləkinə, əqidəsinə sadiq partiya rəhbəri obrazlarını özündə ehtiva edir. İlham Əliyevin hərtərəfli potensialı ona cəmiyyət həyatının bütün sahələrində məsuliyyəti öz üzərinə götürərək parlaq nəticələr əldə etmək imkanı verir. O, bütövlükdə dövlətin məsuliyyətini daşıyır və qlobal məsələlərlə bağlı ciddi təsir imkanlarının mövcudluğunu ortaya qoyur.
Müasir dünya dövlətlərinin böyük əksəriyyətinin təcrübəsi göstərir ki, ölkə rəhbəri olmaq hələ lider olmaq demək deyildir. Çünki bir çox hallarda dövlət başçısı öz ölkəsinin məsuliyyətini ya ümumiyyətlə daşıya bilmir, ya da qismən daşıya bilir. Belə siyasi subyektlərin qlobal proseslərə təsir imkanlarından isə, ümumiyyətlə, danışmağa dəyməz. Qloballaşma prosesinin dövlətləri, cəmiyyətləri bir-birinə yaxın etdiyi və qarşılıqlı münasibətlərin sıxlaşdığı müasir dövrün əsl lider qarşısında aktuallaşdırdığı mühüm tələblərindən biri də onun belə şəraitdə öz xalqının maraqlarını qoruya bilməsidir. Dövlətin, xalqın bugünü və gələcəyinə görə məsuliyyət daşımağı bacarmasıdır. Qlobal proseslərdə çeviklik, fəallıq nümayiş etdirmək imkanlarına qadir olmasıdır. Azərbaycan Prezidenti İlham Əliyev də belə liderdir və dövlətimizin milli maraqları məsələsində heç bir halda güzəştə getməməklə bir lider kimi yüksək məsuliyyət hissini nümayiş etdirir.
Bu keyfiyyətləri onun yüksək qətiyyəti, əzmkarlığı tamamlayır. Azərbaycan Prezidentinin bütün məsələlərlə bağlı öz mövqeyi var və xalqın iradəsini, Azərbaycanın mənafelərini əks etdirən bu mövqeyi heç bir təhdid, təzyiq və qüvvə sarsıtmaq gücündə deyil. Müasir dünyamızın dövlət rəhbərləri sırasında onu fərqli lider edən həm də budur ki, bütün məsələlərə yanaşmaları sistemli və ardıcıldır. Xaotiklik, pərakəndəlik onun təbiətinə, liderlik üslubuna yaddır. Onun bütün fəaliyyəti Azərbaycanın milli maraqlarının qorunmasına, ölkəmizin davamlı tərəqqisinə xidmət edən vahid bir sistem üzərində qurulub. Bu çoxşaxəli fəaliyyətin bütün istiqamətləri ümumi bir sistemin tərkib hissəsidir. Azərbaycanda qarşıya qoyulmuş ümummilli məqsədlərin əldə olunmasını təmin edən əsas amil də elə budur. Cənab İlham Əliyev qarşıda duran məqsədləri, mövcud problemləri və onların aradan qaldırılması yollarını dəqiqliklə müəyyənləşdirməyi, mövcud imkanlardan bu məqsədlərin əldə olunması üçün effektiv və səmərəli şəkildə istifadə etməyi bacarır.
Azərbaycan Prezidentinin dünyada baş verən proseslərə münasibəti son dərəcə həssas və çevikdir. O, yarana biləcək istənilən vəziyyətə uyğun davranış strategiyasına malikdir. Hadisə və proseslərin xarakterindən çıxış edərək yeni situasiyaları Azərbaycan üçün yeni imkanlara çevirməyə qadirdir. Bu, müasir dünyamızın çox az liderinin qərarlarında müşahidə olunan fitri qabiliyyət və istedaddır.


***


İlham Əliyev ölkənin inkişafı, yeni nailiyyətlərin əldə olunması üçün strateji hədəfləri müəyyənləşdirməklə yanaşı, cəmiyyəti bu məqsədlər ətrafında səfərbər edərək strateji hədəflərə doğru yönəltməyi, insanları birgə fəaliyyətə ruhlandırmağı da bacarır. İnsanlar ona inanırlar, Azərbaycan Prezidentinin şəxsində dövlətin və xalqın taleyinin etibarlı, güclü və dürüst əllərdə olduğunu bilirlər.
Cənab İlham Əliyevin verdiyi taleyüklü qərarların, yürütdüyü siyasətin bütün alternativlər içində xalq üçün də, dövlət üçün də ən doğrusu, ən məqsədyönlüsü olmasından əmindirlər. Çünki Azərbaycan Prezidenti bu qərarların heç birində xalqı yanıltmayıb. Bu siyasətin heç bir məqamında Azərbaycanın milli maraqlarına xələl gətirə biləcək yanlışlara yol verməyib.
Vətəndaşlar fərqindədirlər ki, ulu öndər Heydər Əliyev kimi, Azərbaycan Prezidenti İlham Əliyevin liderlik qüdrəti qarşısında da hər hansı çıxılmaz durum yoxdur. O, hər mürəkkəb vəziyyətdən, çətinlikdən uyğun bir çıxış yolu tapmağı bacarır. Bu nadir keyfiyyət Azərbaycan vətəndaşlarının cənab İlham Əliyevə olan inamını, etimadını sarsılmaz edir.
Pol Anri Holbaxın fikridir: “Hakimiyyət... o, həmişə böyük nemət deyildir. Hakimiyyət o zaman böyük nemət olur ki, ona çatmış insana həm təbiət, həm də aldığı tərbiyə alicənablıq, qüvvətli ruh, geniş ürək, dövləti ağıl və böyük təcrübə verir”. Biz bu dəyərli mülahizələrin təsdiqini Prezident İlham Əliyevin fəaliyyətində tam aydınlığı ilə görür və bundan böyük iftixar duyuruq.
İlham Əliyev praqmatik siyasət yürüdən, dövrün meyillərini nəzərə alan, müasir innovasiyaları, inkişaf tendensiyalarını ölkəmizə gətirərək cəmiyyətin tərəqqisinə çalışan yenilikçi liderdir. Hələ 2012-ci ilin 28 yanvarında İsveçrənin Davos şəhərində Azərbaycana həsr olunan interaktiv sessiyada Prezident İlham Əliyev demişdir: “Bir neçə il əvvəl mən bəyan etdim ki, biz “qara qızıl”ı insan kapitalına çevirməliyik. Çünki inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, yalnız yüksəksəviyyəli texnoloji tərəqqiyə, yüksəksəviyyəli təhsilə nail olmaqla inkişaf etmiş ölkəyə çevrilmək mümkündür”.
Cənab İlham Əliyev çıxışlarında insanlara belə bir həqiqəti aşılayır ki, Azərbaycan xalqının gələcəyi yalnız neft gəlirlərindən və zəngin təbii resurslardan asılı deyildir. Dövlətin və xalqın gələcək rifahını etibarlı təmin etmək üçün yüksək elm və təhsilə yiyələnmək ən vacib məsələlərdəndir. Həmçinin ən yeni nəsil informasiya və kompüter texnologiyalarının müxtəlif fəaliyyət sahələrində geniş tətbiqi, insan kapitalının formalaşdırılması müasir inkişafın əsasını təşkil edir. Müvafiq olaraq İlham Əliyev də ölkəmizin texnoloji yüksəlişini, dünya iqtisadi inteqrasiya prosesində daha fəal iştirakımızı, elmi-texniki nailiyyətlərdən daha səmərəli və geniş istifadəni əsas fəaliyyət prioritetləri kimi müəyyənləşdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti ölkəmizi hərtərəfli inkişaf etdirməklə yanaşı, dünyanı da dəyişən, qlobal proseslərə əhəmiyyətli təsir göstərən parlaq şəxsiyyətdir. Onun ardıcıl, məqsədyönlü və sistemli fəaliyyəti nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində demokratik ideallara sadiq, dünyanın bütün ölkələri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı, konstruktiv əməkdaşlığa açıq ölkə kimi öz layiqli yerini tutub.
İlham Əliyevin qlobal proseslərdə ciddi fəallığı ölkəmizi bu proseslərin təsirli iştirakçısına, nüfuzlu söz sahibinə çevirib. Azərbaycan Prezidentinin dünyada cərəyan edən proseslərə təsirləri yalnız nəcib məqsədləri, bəşəriyyətin gələcəyi ilə bağlı xoş arzuları əks etdirir. İlham Əliyev yer üzünün dörd bir yanını bürümüş müharibələr, qarşılıqlı çarpışmalar, bütün bunların müasir insana yaşatdığı ümidsizlik, depressiya fonunda xeyirli əməlləri ilə dünyanı nurlandıran liderdir. Prezident İlham Əliyev rəhbərliyi dövründə dünya azərbaycanlılarının həmrəyliyi xəttini kamil elmi-nəzəri konsepsiya səviyyəsinə ucaltmağa müvəffəq olmuşdur. Müasir dünyamızda yalnız güclü diaspora malik olandan sonra Azərbaycanın xarici siyasətdə mühüm uğurlar qazanması, dünya miqyasında mənafelərini hər zaman layiqincə qoruması, ümummili problemlərin həllinə nail olması, öz dilimizi, mədəniyyətimizi, incəsənətimizi, tariximizi lazımi səviyyədə təbliğ etməsi mümkündür.
Ölkəmizin rəhbəri dövlətin təkcə öz ərazisində yaşayanlar üçün yox, həm də bütün dünyadakı azərbaycanlılar üçün çalışmalı olduğunu özünün əsas qayəsinə çevirən şəxsiyyətdir.
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan dünyanın inkişaf etmiş ölkələri üçün etibarlı tərəfdaşdır, regionun güc mərkəzi, əsas söz sahibi, böyük perspektivlərə malik inkişaf məkanıdır. Dünyanın aparıcı şirkətləri ilə imzalanmış “Əsrin müqaviləsi”nin müddətinin 2050-ci ilə qədər uzadılması da elə beynəlxalq aləmin Azərbaycana olan inam və güvənindən, cənab İlham Əliyevin yürütdüyü siyasətin uğurundan, dünyanın ayrı-ayrı ölkələrinin də özünü Azərbaycanın və ümumilikdə regionun bu uğur dastanında görmək istəyindən irəli gəlirdi.


***


Bu il ölkəmiz daha bir əlamətdar faktı - 2 milyardıncı ton Azərbaycan neftinin hasil olunması hadisəsini təntənə ilə qeyd etdi. Belə bir hadisənin özü də Azərbaycanın tutduğu yolun ardıcıllığını, ulu öndər Heydər Əliyevin yeni neft strategiyasının tarixi nailiyyətlərini, Prezident İlham Əliyevin ölkəmizə qazandırdığı uğurları təcəssüm etdirir. Azərbaycan xalqının halal sərvəti olan neftdən xalqın rifahı məqsədilə istifadə olunur. Neftdən əldə edilən vəsaitlər ölkəmizin abadlığına, qeyri-neft sektorunun inkişafına, insan kapitalının formalaşmasına yönəlir.
Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin əsas təminatçısıdır. Ölkəmizin zəngin qaynaqlarından dünyaya ötürülən enerji gücü yer üzünə işıq, hərəkət, inkişaf, bəşəriyyətə rifah gətirir. Müasir dövrdə ölkələrin gücü, qüdrəti onların mükəmməl iqtisadiyyatı ilə bağlıdır. Qlobal dünyada güclü iqtisadiyyatın təməlində kommunikasiyalar dayanır. Azərbaycan indi bu kommunikasiyaların tam mərkəzindədir. Azərbaycan Prezidentinin qətiyyəti, əzmkar mövqeyi sayəsində bu il əfsanədən reallığa çevrilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi qlobal kommunikasiya layihələri tarixin axarını dəyişir. Əsrlər əvvəl mövcud olmuş İpək yolunu yenidən bərpa edərək sivilizasiyaları bir-birinə qovuşdurur. Bu torpaqlarda yeni bir tarix yazır. Cənab İlham Əliyevin irəli sürdüyü, reallaşması üçün böyük zəhmət sərf etdiyi qlobal təşəbbüslər iqtisadi faydaları ilə yanaşı, eyni zamanda, dünyada sülhün qorunmasına, davamlı tərəqqiyə, insanların xoşbəxtliyinə xidmət edir.
Müxtəlif dəyərlər sistemini təcəssüm etdirən çoxmillətli Azərbaycandakı tolerant mühit ölkəmizi bütün dini və siyasi baxışlara sahib, müxtəlif mədəniyyətlərə mənsub xalqların vahid dialoq mərkəzinə çevirir. Azərbaycan Prezidentinin prinsipial mövqeyi, yüksək qətiyyəti, ölkəmizin əsas dövlət ideologiyası olan azərbaycançılıq ideologiyasının əmin-amanlıq, bərabər imkanlar, həmrəylik kimi ali dəyərləri respublikamızı sivilizasiyaların qarşılıqlı əməkdaşlığını təmin edən, multikulturalizmə mükəmməl bir nümunə yaradan unikal dövlətə çevirmişdir.
Çoxmədəniyyətlilik və tolerantlıq təhsilin və elmin inkişafına təkandır. Tolerantlıq və multikulturalizm eyni zamanda demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Vicdan azadlığı, müasir təhsilə və elmə əlçatanlığın olması, insanların sosial və iqtisadi rifahının yüksəlməsi, qanunun aliliyi demokratiyanın əsas göstəricilərindəndir. Bir sözlə, sosial bir hadisə olan multikulturalizm və tolerantlıq həm də cəhalətin, irqçiliyin, ksenofobiyanın süqutu, nəticə etibarilə isə cəmiyyətdə əmin-amanlığın, bəşəriyyətin arzularının, sülhün qələbəsi deməkdir.
Son illər “Eurovision-2012”, I Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” yarışları, humanitar forumlar kimi möhtəşəm beynəlxalq tədbirlərə evsahibliyi edən Azərbaycan bu tədbirlərin məzmunu ilə də ümumbəşəri ideyaların yayılmasına səy göstərir. Daha gözəl bir dünyanın qurulmasına çalışan insanlar arasında vəhdətin, həmrəyliyin əldə olunmasına və belə bir həmrəyliklə ali dəyərlərin bütün dünyada hakimliyinə can atır.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən beynəlxalq humanitar tədbirlər, sosial aksiyalar, genişmiqyaslı elm, təhsil, mədəniyyət layihələri Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə yaşanan intibah proseslərinə böyük töhfə verərək ümumilikdə bəşəriyyət üçün mükəmməl bir örnək yaradır.
Son onilliklərdə dünyanın nüfuzlu elmi mərkəzlərində ayrı-ayrı şəxsiyyətlərin, öz sahəsinin qabaqcıl insanlarının uğur hekayəsinə böyük maraq göstərilir. Onların ömür yolu, davranışları, ayrı-ayrı tipik situasiyalara reaksiyaları modelləşdirilir. Bir sözlə, bu insanların uğur sirrini üzə çıxarıb başqalarının da bu sirlərdən faydalanmasına kömək göstərmək istəyirlər.
Düşünürəm ki, müasir dünyanın ən nümunəvi liderlərindən olaraq Prezident İlham Əliyevin uğur sirri hər kəsə aydındır. O, bütün addımlarında, qərarlarında xalqın iradəsinə arxalanır, ən böyük dəstəyi məhz Azərbaycan xalqından alır və dövlətimizin, xalqımızın rifahı üçün yaşayır.
Bu inam, bu güvən, bu vəhdət Azərbaycanı hər zaman qüdrətli edəcəkdir...

 

Nurlana ƏLİYEVA,
YAP İdarə Heyətinin üzvü,
YAP Qadınlar Şurasının sədri, professor 

AZƏRBAYCAN

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

..send- /..Nurlana ƏLİYEVA /..“Eurovision-2012 /..I Avropa Oyunları /..İslam Həmrəyliyi Oyunları /..“Formula-1 /.. UNESCO /..ISESCO /..Mehriban Əliyeva /..Heydər Əliyev Fondu /..İlham Əliyev /.. Davos şəhəri /..İsveçrə /..Azərbaycan Dövlət Neft Şirkəti /..Milli Olimpiya Komitəsi /.. Heydər Əliyev /..Azərbaycanın Avropa Şurası Parlament Assambleyası /..hakimiyyət