Saridan Mursaqulov- 65 - - Dağlar qartalı (+FOTO)

Saridan Mursaqulov- 65 - Dağlar qartalı (+FOTO)

Onu hörmət, istək xatirinə hamı belə adlandırır. Dağlar qartalı. Çünki Saridan Mursaqulov və onun rəhbərlik etdiyi Alpinist-Turist Klubunun üzvləri təkcə Azərbaycanda yox, dünyanın ən çətin, qorxulu dağlarına, qayalarına qalxıb, oranı fəth edib, ora Azərbaycan bayrağını taxırlar. Bununla da onlar sübut edirlər ki, Azərbaycan alpinistlər qorxmaz, cəsur və öz işlərinin peşəkarlarıdırlar. Saridan Ramizoğlu bu mətin hərəkətinə və peşəkarlığına görə dünya alpinistləri arasında sayılıb-seçilir, onun fikirlərinə, təkliflərinə hamı böyük hörmətlə, istəklə yanaşır. Ən əsası isə hamı ona inanır. Bu çətin idman növündə isə inam əsas şeydir. Çox əfsus ki, Azərbaycan mətbuatı belə igid oğlumuzu, dağlar qartalımızı layiqincə təbliğ etmir. Onun təcrübəsinin yayılması sahəsində çox az iş görür…
Mən eşidəndə ki, dostumuz Saridan müəllimin yanvar ayının 10-da 65 yaşı tamam olur, belə qərara gəldim ki, onun haqqında qısa da olsa çoxminli oxucularımıza məlumat verim. Onu təbliğ edim.
Saridan Ramiz oğlu Mursaqulov 10 yanvar 1953-ci ildə Gürcüstan Respublikasının Marneuli rayonunda müəllim ailəsində anadan olub. Uşaq yaşlarından idmana böyük marağı onu Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutuna gətirib.
Saridan Mursaqulov ömrünün 55 ilini peşəkar idmana həsr edib. 1975-ci ildən isə alpinizm idman növü ilə ciddi məşqul olmağa başlayıb və dünyanın neçə-neçə uca dağlarını fəth edərək, orada Azərbycan bayrağını dalğalandırıb.
Saridan Mursaqulov 1987-ci ildə Azərbaycanda ilk dəfə olaraq Həmkarlar İttifaqı Respublika Alpinist-Turist Klubunu yaradıb və bu günə kimi də ona uğurla rəhbərlik edir. Onun şəxsi iştiraki və rəhbərliyi ilə Azərbaycanın bir neçə adsız zirvələri fəth edilərək onlara ad verilib. Bunlardan “Azəri”, “Azadlıq”, “Şəhidlər”, “Gənclik”, 1998-ci ildə Ümumilli lider Heydər Əliyevin 75 illik yübileyinə “Heydər Zirvəsi”, 1999-cu ildə Türk xalqının banisi Atatürkün şərəfinə “Atatürk Zirvəsi”, 2001-ci ildə olimpiyaçılarımızın şərəfinə “Olimpiya” zirvəsi, 2003-cü ildə Qırğıstan Respublikasının dağlarında “Azərbaycan” zirvəsi adlarını verməklə Saridan Mursaqulov və onun komandası Azərbaycan tarixinə şərəfli səhifələr yazıblar.
Saridan Mursaqulov Azərbaycan alpinizm tarixində ilk dəfə olaraq, dünyanın ən məşhur zirvələrini fəth edib: Bunlar- Elbrus, Kazbek, Ağrıdağ, Damavend, Savalan, Monblan, Tatra, Lenin, Xan – Tenqri və sairə zirvələri məhz onun sayəsində fəth edilib. Bu da bir daha Azərbaycan alpinizminin necə peşəkar olduğunu nümayış etdirməklə, bu kamandaya inamı daha çox artırıb.
Saridan Mursaqulov 1991-2000-ci illərdə həm də Azərbaycan Alpinist Federasiyasının prezidenti olub. Bu sahədə də Azərbaycan üçün böyük işlər görüb. O, 65 yaşında olmasına baxmayaraq, bu günə kimi öz idman fəaliyyətini uğurla davam etdirir, yeniyetmələrin və gənclərin hazırlanmasında çox yaxından iştirak edir.
Saridan Mursaqulovun bu böyük əməyi də həm Azərbaycan və həm də başqa dövlətlər tərəfindən yüksək qiymətləndirilib. Belə ki, Saridan Ramiz oğlu Mursaqulov Azərbaycanın Bədən Tərbiyəsi və İdman əlaçısı, Bədən Tərbiyəsi və İdman fəxri işçisi, Əməkdar məşqçi, “Tərəqqi” medalı, Azərbaycanın Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi kimi adlar və medalla təltif edilib. Bundan başqa o, Türkiyə, Gürcustan, Rusiya, Qırğıstan respublikaları və İran İslam Respublikasının da Fəxri diplomu və Fəxri Fərmanları ilə təltif olunub. Həmin respublikalarda onun haqqında bir-birindən maraqlı çoxlu yazılar yazılıb.
Söhbət əsnasında Saridan Mursaqulov belə dedi: “ Bizim Alpinist-Turist Klubunun ən böyük arzusu Azərbaycanın üç rəngli bayrağını Qarabağın ən yüksək zirvələrinə taxmaqdır. Bizim bu arzumuz da prezidentimiz İlham Əliyevin apardığı uzaqgörən və məqsədyönlü siyasət, millətimizin birliyi nəticəsində tezliklə reallaşacaq və torpaqlarımız ən qısa vaxtda erməni gavurlarından təmizlənəcək. Həmin gün heç də uzaqda deyil”.
Saridan müəllim. Bizim də istəyimiz budur ki, Ulu Tanrı sizin bu arzunuzu tezliklə reallaşdırsın. Çünki haqq bizim tərəfdədir. Həm də bizim çox qüdrətli ordumuz və döyüşkən xalqımız var. Bu gün yaşından asılı olmayaraq hamı torpaqlarımızın azadlığı uğrunda döyüşə getməyə, Qarabağı azad etməyə hazırdır. Belə inamı olan xalqın və ordunun qarşısını heç kim ala bilməz.

 

 

Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi

 

 

 

 

! © Müəllif hüquqları qorunur ! Məlumatdan istifadə etdikdə istinad mütləqdir ! Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir !!!  

ŞƏRHLƏR :

( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİ. Məzmun və qramatik səhvlərə görə redaksiya məsuliyyət daşımır )

 

 

 

..send- /..Saridan Mursaqulov /..Alpinist-Turist Klubu /..Ağalar İDRİSOĞLU /..Qarabağ /..İlham Əliyev /..Fəxri Fərmanlar   /..Türkiyə /..Gürcustan /..Rusiya /..Qırğıstan respublikaları /..İran İslam Respublikası /..“Tərəqqi” medalı /..Elbrus /..Kazbek /..Ağrıdağ /..Damavend /..Savalan /..Monblan /..Tatra /..Lenin /..Heydər Əliyev /..Atatürk /..Azərbaycan Bədən Tərbiyəsi və İdman İnstitutu /..Azərbaycan bayrağı