Elnarə Dadaşovanın müəllif konserti keçiriləcək - YENİLƏNDİ

Elnarə Dadaşovanın müəllif konserti keçiriləcək YENİLƏNDİ

16 yanvar 2018-ci il tarixində Azərbaycan Televiziyası Mədəniyyət kanalının, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə layihəsi olan tanınmış bəstəkar, əməkdar incəsənət xadimi Elnarə Dadaşovanın müəllif konserti keçiriləcək. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçiriləcək gecədə bəstəkarın müxtəlif janrlarda və müxtəlif tərkiblər üçün yazdığı əsərlər səslənəcək. Görkəmli bəstəkar Qara Qarayev məktəbinin layiqli nümayəndəsi Elnarə Dadaşova bu gün də fəaliyyətini uğurla davam etdirərək yeni-yeni yaradıcılıq uğurlarına imza atır.
Bəstəkar Elnarə Dadaşova 1952-ci ildə İçərişəhərli Dadaşovların ailəsində anadan olmuşdur. Altı yaşında olanda vaxtı ilə Azərbaycan Dövlət Konservatoriyasının tərkibində olan Bülbül adına musiqi məktəbinə ilk addımlarını atır. 11 il milliyyətcə latış olan ilk müəlliməsi Qudelis İvetta Adolfovnadan musiqinin sirlərinə yiyələnmişdir. Onun qeyri-adi yaradıcılıq istedadı həmin illərdən hiss olunmuşdur.
Elnarə Dadaşovanın bəstəkarlıq istedadını hiss edən müəllimləri ona bu sahədə istiqamət verməyə çalışırdılar. Bu məqsədlə də o, 9-cu sinifdən Nazim Əliverdibəyovun məsləhətilə Bülbül adına orta ixtisas musiqi məktəbində bəstəkar Ədilə Hüseynzadənin yanına gəlir. Ədilə xanım onu bir bəstəkar kimi istiqamətləndirir. Dadaşovanın ilk əsərləri Avropasayağı səslənirdi. Lakin Ədilə Hüseynzadənin tövsiyəsi ilə tez bir zamanda gənc bəstəkar milli ruhda çox sayda əsər bəstələdi.
Bəstəkarlığın sirlərini isə Azərbaycan Dövlət Konservatoriyasında dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevdən öyrənib. Milli prinsiplərə əsaslanan müasir musiqi dilində əsərlərin yazılması ona məhz Qara Qarayevdən miras qalmışdır.
Elnarə Dadaşova 30 ildən artıq bəstəkar kimi fəaliyyət göstərir. O bu illər ərzində müxtəlif janrlarda 100-dən artıq əsər yazmışdır. Fortepiano əsərləri onun yaradıcılığının ayrılmaz və mühüm bir hissəsini təşkil edir. Bəstəkarın yaradıcılığının parlaq səhifəsini onun fortepiano üçün yazılmış "24 Prelüd" silsiləsi, "Sayalı" baleti, orqan üçün "Variasiya", "Fantaziya", "Postlüdiya" əsərləri təşkil etmişdir. Simfoniya, konsert-simfoniya, fortepiano konserti, balet, baletdən simfonik süitalar, xor əsərləri, vokal-simfonik əsərlər, kvartetlər, fortepiano, orqan, xalq çalğı alətləri, simfonik orkestrin müxtəlif alətləri üçün əsərlərin müəllifidir.
Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyətini davam etdirən E. Dadaşova, həmçinin "Polifoniya", "Solfecio" üzrə 5 dərs vəsaitinin, xor topluları və tədris proqramlarının rəhbəridir.