Cənubi Qafqazın ən güclü, modern, hazırlıqlı ordusu - Rəşad CƏFƏRLİ

 

Bütün sahələrdə inkişafa nail olan Azərbaycan bu gün dünya birliyinin hesablaşdığı, qlobal miqyasda söz sahibi olan dövlətdir. Ölkəmizə beynəlxalq səviyyədə ehtiram göstərir, istənilən məsələdə mövqeyinə hörmətlə yanaşırlar. Bu gün Azərbaycanın yeganə problemi torpaqlarının 20 faizə qədərinin Ermənistanın işğalı altında olmasıdır. Ərazi bütövlüyünü bərpa etmək ölkəmiz üçün çətin deyil. Çünki malik olduğu hərbi potensial Azərbaycana ən qısa müddətdə Ermənistanı darmadağın etməyə imkan verir. Lakin rəsmi Bakı hələlik sülh danışıqlarına sadiqdir.

 

 

Əsgərin məişəti müasir standartlara uyğunlaşdırılır

 

 

Qeyd edək ki, müharibə şəraitində yaşayan dövlətimizin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin təmin edilməsi xərclərinə 2017-ci ildə 2,8 milyard manat vəsait ayrılmışdı. Bu vəsait hesabına ötən il ərzində Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılması, qoşun növlərinin modernləşdirilməsi, maddi-texniki təchizatının gücləndirilməsi, şəxsi heyətin sosial və məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin regionlara səfərləri həm də ordu məsələlərinin diqqət mərkəzində olduğunu göstərdi.
İlk olaraq ötən ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun “N” saylı hərbi hissəsindəki əsgər yataqxanasının və Əsgəri-Məişət Kompleksinin açılışı oldu. 900 yerlik üçmərtəbəli əsgər yataqxanasında əsgərlərin istirahəti üçün hərtərəfli şərait yaradılıb. Ümumi sahəsi 4 min kvadratmetr olan yataqxana bütün zəruri avadanlıqla təchiz edilib. Binada ümumi sahəsi 800 kvadratmetr olan 24 otaq var. Bir sözlə, burada yaradılan şərait dövlətimiz tərəfindən əsgər və zabitlərin sosial məsələlərinin həlli istiqamətində atılan addımların ardıcıl xarakter aldığını nümayiş etdirir.

 

 

Ordunun simasını dəyişən yeni hərbi şəhərciklər

 

 

Prezident İlham Əliyev yanvarın 23-də Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında da iştirak edib. Hərbi şəhərcik 42 hektar ərazidə yerləşir. Burada tikinti işləri 2014-cü ilin mayında başlanılıb, 2016-cı ilin sonunda yekunlaşıb. Şəhərcikdə zabit, gizir və çavuşlar üçün 9 yaşayış binası inşa edilib. Onlardan 4-ü ailəli, 5-i subay hərbi qulluqçular üçündür. Ərazidə ümumilikdə 13 əsgər yataqxanası tikilib. Hərbi şəhərcikdə inzibati, xidməti və texniki binalar da inşa edilib.
Ərazidə xüsusi tibbi avadanlıqla təchiz edilmiş 76 çarpayılıq, ikimərtəbəli tibb məntəqəsi də tikilib. Burada UZİ, elektrokardioqram, rentgen, diaqnostika, lor, oftalmoloji, stomatoloji, fizioterapiya kabinetləri, laboratoriya yaradılıb. Kabinetlərdə müasir tibb cihazları quraşdırılıb. Bu, imkan verir ki, şəxsi heyətə ixtisaslı tibbi yardım göstərilsin. Tibb məntəqəsinin palataları müasir səviyyədədir. Binada hərbi tibbi hazırlıq sinfi də yaradılıb. Hərbi şəhərcikdə avadanlıqla təchiz edilmiş yeməkxana inşa edilib. 1790 yerlik yeməkxanada əsgər və zabitlərin dolğun qidalanması üçün hərtərəfli şərait var.
Ərazidə şəxsi heyətin uzunmüddətli yerləşməsi məqsədilə yataq, məişət və xidməti sahələrdən ibarət əsgər yataqxanaları tikilib. Burada əsgərlərin qalması və istirahəti üçün hərtərəfli şərait var. Ərazidə hərbi qulluqçuların peşə və ixtisas hazırlığının təşkili məqsədilə müvafiq avadanlıq və qurğularla təchiz edilmiş 2 tədris korpusu inşa olunub.
Şəhərcik yaradılarkən hərbi qulluqçuların idmanla məşğul olmaları diqqət mərkəzində saxlanılıb, minifutbol, basketbol, voleybol, həndbol meydançaları, maneələr və qaçış zolaqlarının daxil olduğu idman-məşq qurğuları sahəsi yaradılıb.

 

 

Daxili Qoşunlar dövlətçiliyin keşiyində mətin dayanıb

 

 

Prezident İlham Əliyev iyunun 23-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şirvan şəhərində yerləşən hərbi hissəsinin açılışında iştirak edib. Hərbi hissədəki yeni binaların inşasına 2012-ci ildə başlanıb və 2017-ci ilin mayında inşaat işləri başa çatdırılıb. Ümumi ərazisi 8,5 hektar olan hərbi hissədə qərargah, kazarma binaları, yeməkxana, tibb məntəqəsi və digər binalar inşa edilib. Ərazidə avtomobil parkı, atış şəhərciyi, qarovul məntəqəsi, anbarlar, müasir hamam-camaşırxana kompleksi də yaradılıb. Hərbi hissədə 8 min kvadratmetr ərazidə sıra meydanı da var.
Kazarmada əsgərlərin qalmaları və istirahət etmələri, asudə vaxtlarının səmərəli təşkili üçün geniş imkanlar mövcuddur. Bir sözlə, buradakı şərait Azərbaycan dövlətinin ordu quruculuğu, o cümlədən Daxili Qoşunların hərbçilərinin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində atılan addımların ardıcıl xarakter aldığını göstərir. Bu, həm də onu göstərir ki, Azərbaycan əsgəri bu gün ən müasir hərbi hissələrdə xidmət keçir. Bu isə şübhəsiz ki, Ali Baş Komandanın diqqəti və qayğısı sayəsində mümkün olub.
Yeməkxanada eyni vaxtda 320 əsgər qidalana bilər. Hərbi hissənin tibb məntəqəsi də müasir səviyyədədir. Burada da hərbi qulluqçulara yüksək səviyyədə tibbi xidmət göstərmək üçün zəruri şərait yaradılıb.

 

 

Döyüş şəraitinə uyğun mobil tibbi xidmət

 

 

Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının yaradılması da son illərdə ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Prezident İlham Əliyevin göstərişi ilə 2013-cü ildə Türkiyə Respublikasının “Turmaks” firmasından ən müasir tibbi avadanlıqla təchiz edilmiş Mobil Səhra Cərrahiyyə Hospitalı alınaraq Silahlı Qüvvələrin istifadəsinə verilib.
Əsas hissəsi 8 konteynerdən və 9 çadırdan ibarət olan mobil hospitalda gün ərzində 100 cərrahi əməliyyat aparmaq mümkündür.
Avqustun 20-də Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində Müdafiə Nazirliyinin Mobil Səhra Cərrahiyyə Hospitalının imkanları ilə tanış olub. Bu Mobil Səhra Cərrahiyyə Hospitalı Silahlı Qüvvələrə təhvil verildiyi gündən indiyədək döyüş bölgələrində təyinatı üzrə fəaliyyət göstərib. 2016-cı ilin aprel döyüşlərində yaralı və xəstələrə tibbi yardım göstərilməsi zamanı praktiki olaraq sınaqdan keçirilib. Hospital 2,5 min kvadratmetr sahədə açılır. Açıldıqdan bir saat sonra xəstələri qəbul edə, 4-6 saatdan sonra isə öz funksiyasını tam yerinə yetirə bilir. Burada gündə 150-dək xəstəyə tibbi xidmət göstərmək mümkündür. Hospital yaralıların və xəstələrin qəbulu, qeydiyyatı və diaqnozun qoyulması üçün nəzərdə tutulan çeşidləmə, idarəetmə və rabitə, həmçinin diaqnostika çadırlarından ibarətdir. Diaqnostika çadırında müayinələr aparmaq üçün rəqəmsal rentgen, USM, 12 kanallı elektrokardioqraf aparatları və 24 göstəricini eyni zamanda verən qan analizatoru mövcuddur. Hospitalın 2 əməliyyat, 2 intensiv terapiya bloku və hər birində 8 çarpayı olan 6 müalicə çadırı var. Hospitalın özəlliyi onun konteyner və çadırlarının qısa müddətə hazır vəziyyətə gətirilməsindədir. Konteynerləri 5-7, çadırları 7-9 dəqiqəyə hazırlamaq mümkündür. Bu isə hospitalın daşınma prosesini asanlaşdırır. Səyyar hospital şəxsi heyətin yataqxanası, aptek, mətbəx, hamam və sanitar qovşaqla təchiz olunub. Bütün konteynerlərdə və çadırlarda işıq, mərkəzləşdirilmiş havalandırma və yanğın əleyhinə xüsusi sistemlər quraşdırılıb. Mobil Səhra Cərrahiyyə Hospitalının tam həcmdə fəaliyyəti üçün 25 nəfər həkim və digər hərbi qulluqçular ümumilikdə 88 nəfər nəzərdə tutulub.

 

 

Cəbhə xəttindəki hərbi quruculuq qürurvericidir

 

 

Noyabrın 28-də İlham Əliyev Tərtər rayonu ərazisində yerləşən “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub. Qeyd edək ki, torpaqlarımızın qorunması və ərazi bütövlüyü uğrunda bu hərbi hissənin şəxsi heyəti də böyük fədakarlıq göstərib. Onlarca hərbi qulluqçu yüksək fəxri adlara, o cümlədən 8 hərbi qulluqçu Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Hərbi hissəyə 2004-cü ildə Ali Baş Komandan tərəfindən döyüş bayrağı təqdim edilib. 6 hektar ərazisi olan hərbi hissədə qərargah binası, üç əsgər yataqxanası, 360 nəfərlik əsgər yeməkxanası, müxtəlif təyinatlı anbarlar, məişət otaqları və digər infrastruktur bölmələri, 100 maşınlıq avtomobil parkı var.
Həmin gün Prezident İlham Əliyev Ağcabədi rayonunda da Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə də tanış olub. Hərbi hissədə qərargah binası, əsgər yataqxanaları, yeməkxana kompleksi, tibb məntəqəsi və digər binalar inşa olunub. Qərargah binasında komandirlərin otaqları, konfrans zalı və digər otaqlar var. Binada komandir heyətinin səmərəli və operativ işləməsi üçün bütün zəruri şərait yaradılıb.
Bu gün Azərbaycan Ordusu ən müasir silah-sursat, hərbi texnika ilə təmin olunub. Silahlı Qüvvələrimizin balansında olan müasir texnika bir çox özəllikləri ilə seçilir. Bunların vasitəsilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə istənilən anda düşmənə sarsıdıcı zərbə vurmaqla torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Bir sözlə, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə öz inkişaf dövrünü yaşayır. Azərbaycan əsgəri havada, suda və quruda Vətənin maraqlarını şərəflə qoruyur. Ordu quruculuğu sahəsində həyata keçirilən islahatlar nəticəsində Azərbaycan Silahlı Qüvvələri bölgənin ən qüdrətli hərbi gücünə çevrilib.
Onu da qeyd edək ki, bu gün beynəlxalq araşdırma mərkəzləri dünyanın ən güclü ordularının siyahısını tərtib edərkən Azərbaycan Ordusuna da xüsusi diqqət ayırırlar. Bir sıra ölkələrin yer aldığı reytinq siyahısında Azərbaycan Ordusu layiqli yer tutur.

 

 

58 müdafiə sənayesi müəssisəsi, 1200 çeşiddə hərbi təyinatlı məmulat

 

 

Bu gün ordumuzun balansında dünyanın müasir silah-sursatı və hərbi texnikası var. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur. Son illərdə dövlət başçısı, Ali Baş Komandanın diqqəti sayəsində ölkəmizdə yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb.
Hazırda Azərbaycanda 58 müdafiə sənayesi müəssisəsi fəaliyyət göstərir. Həmin müəssisələrdə 1200 adda müdafiə təyinatlı məmulat istehsal olunur.
2017-ci il də ölkəmizin müdafiə sənayesi kompleksinin inkişafı və yeni hərbi sursatların istehsalına başlanılması baxımından əlamətdar dövrdür. Belə ki, ötən il bu müəssisələrdə 136 adda müdafiə təyinatlı məmulatın yaradılması istiqamətində işlər davam etdirilib. 4 məmulat üzrə - xüsusi təyinatlı “Yalquzaq” snayper tüfənginin, F-1 tipli təlim əl qumbarasının, KXP tipli optik kollimatorun və 40 mm-lik əl qumbaraatanının yaradılma işləri tam başa çatdırılıb və istehsalı təşkil olunub. Eyni zamanda xüsusi təyinatlı əl pulemyotunun dövlət sınaqları yekunlaşıb və silahlanmaya qəbul edilməsi tövsiyə olunub. Ötən il yerinə yetirilən layihələr sırasında yeni nəsil pilotsuz uçuş aparatlarını, Azərbaycanın milli məhsulu olan “Tufan” zirehli maşınını və digərlərini də göstərmək olar.
Qeyd edildiyi kimi, hazırda ölkəmizdə 58 müdafiə sənayesi müəssisəsi fəaliyyət göstərir. Bunlardan ikisi ötən il fəaliyyətə başlayıb. Açılan yeni müəssisələrdən biri Şirvan şəhərindəki 7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ qumbaralı atəş yığımlarının istehsalı zavodudur. Prezident İlham Əliyev iyunun 23-də zavodun açılışında iştirak edib. Zavodun yaradılmasında əsas məqsəd tank və özüyeriyən artilleriya qurğuları, o cümlədən dinamik qoruyucu sistemlər ilə təchiz olunmuş, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq, bundan başqa, açıq ərazilərdə, səngərlərdə yerləşən düşmənin canlı qüvvəsini məhv etmək üçün TƏQ-7V2 (RPQ) tipli tank əleyhinə əl qumbaraatanı üçün 4 növ - qəlpəli, kumulyativ tandem, termobarik və inert qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir. Bu sursatlar 700 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir.
Zavod 10 istehsal sahəsindən, o cümlədən avtomatlaşdırılmış mexaniki emal, termiki emal, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, ekspres laboratoriya, yığma sahələrindən ibarətdir. Hərbi sursatın yaradılması və istehsalı üçün müəssisədə dünyanın bu sahədə qabaqcıl ölkələrindən müvafiq şirkətlərin müasir standartlara cavab verən texnoloji avadanlıqları alınaraq quraşdırılıb. Zavodun illik istehsal gücü birnövbəli iş rejimində 20 min atəş yığımı təşkil edir ki, bu da güc strukturlarının tələbatını ödəməyə imkan verir. Bu məmulatlara xarici dövlətlərdən sifarişlərin olduğunu nəzərə alaraq gələcəkdə ixrac imkanları nəzərdən keçiriləcək.
İyunun 23-də Şirvan şəhərində 40x46 millimetrlik MSGL 40 tipli qumbaraatanlar üçün müxtəlif növ qumbaralı atəş yığımlarının istehsalı zavodunun da açılışı olub. Bu zavodun yaradılmasında əsas məqsəd düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək, həmçinin yüngül zirehli və zirehsiz texnika ilə mübarizə aparmaq üçün 40x46 millimetrlik revolver tipli qumbaraatanlar üçün NATO standartlarına uyğun 4 növ - qəlpəli, kumulyativ-qəlpəli, işıqlandırıcı-paraşütlü və tüstülü qumbaralı atəş yığımlarının seriyalı istehsalının təşkil edilməsidir.
Bu məmulatlar 400 metrədək məsafədə düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək qabiliyyətinə malikdir. Müəssisədə mexaniki emal, ştamplama, kimyəvi cilalama, partlayıcı maddələrin preslənməsi, yığma ümumilikdə 7 istehsal sahəsi var.
Bu cür müəssisələrin yaradılması ölkəmizdə müdafiə sənayesinin inkişafı istiqamətində görülən tədbirlərə böyük töhfədir. Belə zavodların işə düşməsi Azərbaycanın müdafiə potensialını gücləndirir, ölkəmizdə istehsal edilən hərbi təyinatlı məhsulların çeşidini artırır, bu sahədə ixrac imkanlarımızı genişləndirir, xaricdən asılılığı aradan qaldırır.

 

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”