Ermənistan işğalının qaçqın və məcburi köçkün əhalinin təbii artımına təsiri - - Faiq İsmayılov

Ermənistan işğalının qaçqın və məcburi köçkün əhalinin təbii artımına təsiri - Faiq İsmayılov

Ermənistan Respublikasının işğalı nəticəsində dəyən mənəvi zərərlərin ölçülməsi mümkün olmadıqda dolayı və uzunmüddətli itkilər hesablanır. Dolayı və gələcəkdə baş verəcək təsirlərin ehtimalı və yarada biləcəyi orta və ya proqnozlaşdırılmış xərclər qiymətləndirilir. Məsələn, zorakılığa məruz qalmış uşaqların ali təhsil almaması səbəbindən itirdikləri qazanc müqayisə əsasında qiymətləndirilə bilər. Bu zaman təhsil müddətində qazanclar, təhsil haqqı kimi əks amillər çıxıla bilər. Başqa bir variantda birbaşa və dolayı təsirlərin nisbəti müəyyən edilməklə dolayı təsirlər qiymətləndirililə bilər.



Münaqişələr nəticəsində yaranan zərərlərin kifayət qədər məlumat bazası olduğu halda kəmiyyət qiymətləndirilməsi də aparıla bilər. Belə ki, işğal nəticəsində qaçqın (köçkün) həyatı yaşayan insanların nə qədər az qazanc əldə etdikləri və onların sosial müdafiəsi üçün xərclənən büdcə vasitələrini müəyyən etmək olar.



Rəsmi sənədlərdə işğal edilən ərazilər 20 %-ə qədər göstərilsə də işğal zonasına yaxın yaşayış məntəqələrində normal həyat şəraitinin və təsərrüfatla məşğul olmaq imkanlarının olmadığını nəzərə alsaq demək olar ki, hazırda Azərbaycan ərazisinin 25 %-ə qədəri erməni təcavüzünün nəticələrini öz üzərində hiss etməkdədir.



Ermənistanın təcavüzü Azərbaycan üçün, hər şeydən əvvəl, böyük insan itkiləri və iztirabları ilə müşayiət olunan ciddi problemlər yaratmışdır. İşğaldan sonrakı ilk illərdə məcburi köçkünlərin həyat şəraitinin pis olması, əhalinin təbii artımının azalmasına və uşaq ölümünün artmasına səbəb olmuşdur. Ümumiyyətlə işğal nəticəsində 1 milyondan artıq Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olmuş, 20 min nəfər həlak olmuş, 50 min nəfər əlil olmuş, 4, 51 min nəfər (1 iyul 1992 – ci il tarixinə) əsir və itkin düşmüşdür. Nəticə etibarilə qeyd olunan tarixə 75 min nəfərə yaxın Azərbaycan vətəndaşı ölkənin sosial - iqtisadi həyatında aktiv iştirakdan məhrum olmaqla yanaşı dövlət büdcəsinə və bir sıra büdcədənkənar fondlara külli miqdarda əlavə vəsait xərcləri obyektinə çevrilmişlər.

 

Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğal etməsi vaxtilə həmin ərazilərdə yaşayan əhalinin demoqrafik göstəricilərinə də öz təsirini göstərmişdir. Belə ki, işğaldan sonrakı ilk illərdə məcburi köçkünlərin həyat şəraitinin pis olması əhalinin təbii artımının azalmasına və uşaq ölümünün artmasına səbəb olmuşdur. Statistik rəqəmlərin təhlili göstərir ki, 1998-1999-cu illərdə bütün işğal olunmuş rayonlar üzrə hər min nəfərə görə təbii artım 11,2-22,6 nəfər, Cəbrayıl, Qubadlı, Ağdam və Zəngilan rayonlarında isə 16,9-22,6 nəfər azalmışdır.

 

 

 

 

 

Azərbaycan hökumətinin qaçqınların və məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi və sağlamlığının qorunması istiqamətində apardığı məqsədyönlü siyasətin uğurlu nəticələrinə baxmayaraq hələ də bu sahədə müsbət nəticələr əldə etmək çətindir ki, bu da Ermənistanın işğalçılıq siyasətinin Azərbaycan ailələrinə və vətəndaşlarına vurduğu mənəvi, psixoloji zərbələrin və gətirdiyi sosial-iqtisadi problemlərin nəticəsidir.

 

Ermənistanın işğal etdiyi rayonlardan olan əhalinin yaşayış şəraiti pisləşdiyinə görə onları arasında təbii artım kəskin surətdə aşağı düşmüş, uşaq ölümü artmışdır. Bunu sabit il hesab olunan 1989-cu illə 1998-ci ilin müqayisəsi aydın göstərir İşğal olunmuş rayonların hamısında 1989-1998-ci illər arasındakı dövrdə doğum kəskin surətdə aşağı düşmüş, ölüm qismən artmış və təbii artım hər 1000 nəfərə görə həddən çox azalmışdır. Bu azalma (hər 1 000 nəfərə görə) rayonların hamısında 11, 2 - 22,6 nəfər arasında olmuşdur. Göstərilən illərdə Cəbrayıl, Qubadlı, Zəngilan və Ağdam rayonları əhalisinin məskunlaşdıqları yeni yerlərdə təbii artım daha çox aşağı düşmüşdür. (16,9 - 22,6 nəfər arasında). İşğal olunmuş rayonların hamısında demoqrafik göstəricilər orta respublika səviyyəsindən aşağı olmuşdur.

 

İşğal olunmuş rayonlarda əhalinin təbii artımının aşağı düşməsinin başlıca səbəbləri sosial və iqtisadi şəraitin həddən artıq ağır olması, dağ və dağətəyi zonalarının yaşayış şəraitinin düzən yerlərdəki isti iqlimə uyğunsuzluğu və s.-dir.

 

Uzun müddət ərzində məcburi köçkünlərin 74 min nəfəri lazımi şəraiti olmayan çadır şəhərciklərində, 99 min nəfəri quraşdırılmış evlərdən ibarət qəsəbələrdə, 17,5 min nəfəri ictimai binalarda, məktəblərdə, uşaq bağçalarında və yataqxanalarda, 20,2 min nəfəri qohum evlərində, qalanları zəbt olunmuş mənzillərdə, yarımçıq qalmış tikililərdə, fermalarda, yük vaqonlarında və sadəcə olaraq, yol kənarlarında məskunlaşmışdılar ki, heç bir normal istilik, elektrik enerji təchizatı, sanitar-gigiyena şəraiti olmayan belə qaçqın məskənlərində doğulan uşaqların, onların valideynlərinin sağlamlığı daimi təhlükə altında idi.

 

 

 

Dağlıq Qarabağ iqtisadi rayonunun böyük hissəsinin işğalının davam etməsi əhali coğrafiyasının bütün struktur elementlərinə güclü təsir göstərir. Artıq 1990 – cı illərdən başlayaraq azərbaycanlılar, Qarabağın dağlıq və dağətəyi rayonlarından kütləvi şəkildə köçürülmüş, onların kənd və qəsəbələri yandırılmış, Xocalı soyqrımı və digər ağır faciələrə məruz qalmışlar. Hal-hazırda Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan Respublikası ərazilərində yalnız ermənilərdən ibarət monomilli tərkibli əhali yaşayır. Belə vəziyyət regionun milli tərkibi, demoqrafiyası və s. göstəricilərinə mənfi təsir göstərir.

 

Beynəlxalq hüquq prinsiplərinə, BMT və ATƏT-in qərar və qətnamələrinə məhəl qoymayan və dünya dövlərlərinin də məsələyə biganəliyi ucbatından cəzasını hələ də almayan işğalçı Ermənistan dövləti bu gün də dünya tarixində misli görünməmiş irticaçılıqla məşğuldur.

 

 

Faiq İsmayılov.
AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.