BSU-da açıq qapı günü keçirilib - + FOTO ( AZpress.AZ )

BSU-da açıq qapı günü keçirilib + FOTO ( AZpress.AZ )

Bakı Slavyan Universitetində (BSU) payız imtahan sessiyası ilə bağlı “Açıq
qapı günü” keçirilib. Tədbirə ölkənin tanınmış təhsil ekspertləri, QHT təmsilçiləri,
jurnalistlər və ictimaiyyətin nümayəndələri qatılıb. Təhsil ekspertlərindən Nadir
İsrafilov, Şahlar Əsgərov, Kamran Əsədov, KİV-dən AzTV, Space TV, “İki sahil”
TV, AzərTac İnformasiya Agentliyi, “Yeni Azərbaycan”, “Azərbaycan müəllimi”,
“Xalq” qəzeti, “525-ci qəzet”, “Respublika” qəzetlərinin, Azadinform, Bakıpost,
Report, Azpress, Cumhuriyyət, Mediatv, Faktinfo, A24 saytlarının əməkdaşları
iştirak ediblər.
Qonaqları əvvəlcə BSU-nun rektoru, professor Nurlana Əliyeva qəbul edib və
onlara imtahan sessiyası ərəfəsində universitetdə aparılan işlər, imtahanlara
hazırlıq barədə məlumat verib. Rektor imtahan sessiyası ərəfəsində hər bir kursun
tələbələri ilə ayrı-ayrılıqda görüş keçirdiyini, onlara öz tövsiyyələrini verdiyini,
imtahanlarda biliyin yeganə meyar olmasının izah edildiyini bildirib. O,
imtahanlara hazırlıq üçün universitetdə hər cür lazımi şəraitin yaradıldığını,
məsləhət saatlarının keçirildiyini qeyd edib.
N.Əliyeva BSU-da bu günlər 2017-2018- ci tədris ilinin payız semestrinin
imtahan sessiyasının uğurla davam etdiyini bildirib. O, qeyd edib ki, universitetdə
imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin
qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan
şikayətlərin qısa zamanda araşdırılıb müvafiq qərarların qəbul edilməsi üçün
Operativ qərargah və Münaqişə komissiyası yaradılıb. N.Əliyeva bildirib ki, artıq
135-dən çox fən nüzrə imtahan təşkil olunub.
Rektor imtahan prosesində operativliyin təmin edilməsi və şəffaflığın
artırılması məqsədilə BSU-nun tədris işləri üzrə portalının “Modul 3” bölməsində
bütün kurslar üzrə imtahaların nəticələrinin dərhal elan olunduğunu bildirib.
N.Əliyeva payız imtahan sessiyasında Azərbaycan universitetləri arasında
ilk dəfə olaraq BSU-da tələbələr üçün imtahan qərargahı ilə canlı bağlantı imkanın
yaradıldığını vurğulayıb. O, adıçəkilən saytda yaradılmış onlayn əlaqə
bölməsindən təkcə tələbələrin deyil, valideynlərin də istifadə edərək onları
maraqlandıran hər bir sualla bağlı dolğun cavab ala biləcəklərini, imtahan
qərargahı ilə birbaşa əlaqə yarada biləcəklərini söyləyib.

N.Əliyeva tətbiq edilən hər bir layihənin, hər bir proqramın başlıca
məqsədinin imtahanlarda ədaləti və obyektivliyi təmin etməyə yönəldiyini bir daha
xatırladıb.
Sonra qonaqlar Operativ qərargaha baş çəkib, işin gedişi ilə tanış olublar.
Qərargahın rəhbəri, professor Rafiq Novruzov burada onlara qərargahın iş prinsipi,
tətbiq olunan yeniliklər, şikayətlərin qəbul edilməsi, cavablandırılması və s. barədə
ətraflı məlumat verib. O, Bakı Slavyan Universitetinin iş prosesinin səmərəliliyini
artırmaq üçün hər zaman innovativ layihələrə hazır olduğunu nəzərə çatdırıb.
R.Novruzov bu ildən etibarən universitetdə “Elektron Universitet” layihəsinin
tətbiqinə başlanılacağını, tədrisin təşkilinin, imtahan sessiyasının gedişinin və
imtahanların yoxlanılması prosesinin elektronlaşdırılacağını qeyd edib.
R.Novruzov hələlik prosesin başa çatmadığını vurğulayıb. Qərargah rəhbəri
bildirib ki, şikayətlərə ilkin olaraq fakültələrdə təşkil olunmuş Münaqişə
Komissiyalarında baxılır və yalnız şikayətçi razı qalmadığı halda problem Operativ
Qərargaha ünvanlannır.
Sonra qonaqlar 3-cü, 4-cü, 5-ci mərtəbələrdə yerləşən auditoriyalarda
imtahanların gedişini izləyiblər. Onlar burada kameraların, ağıllı lövhələrin də iş
prinsipləri ilə tanış olublar. Jurnalistlər imtahanların gedişinə mane olmamaq şərti
ilə imtahan aparan müəllim və nəzarətçilərdən müsahibə alıblar.