Xeyriyyəçi Hacı Zeynalabdinin layiqli davamçıları - - Qurbanov qardaşları

Xeyriyyəçi Hacı Zeynalabdinin layiqli davamçıları - Qurbanov qardaşları

“Dünyada milyonlarla azərbaycanlı yaşayır. Onlar müxtəlif ölkələrdəndirlər. Onları həmrəyliyə çağırmaq, bu barədə təşəbbüskarlıq etmək bizim müstəqil Azərbaycan Respublikasının tarixi missiyasıdır”


Heydər Əliyev, Ümummilli Lider

 


 

“Ulu Öndər Heydər Əliyevin Azərbaycan üçün gördüyü işlərin kiçik bir zərrəsini biz görə bilsək, özümüzü ən xoşbəxt insan hesab edərik”


Asəf Qurbanov



Qarşımda rus dilində çap olunan bir jurnal var. “CONSULTING BUSINESS” adlanır. Bu jurnalın 2003-cü ilin oktyabr ayı nömrəsində məşhur Azərbaycan mesenatı, böyük xeyirxah insan, tanınmış iş adamı, 2001-ci ildə Rusiyada Ümumrusiya Azərbaycanlıları Konqresinin yaradıcısı, bu təşkilat üçün əvəzsiz işlər görən Aydın Səməd oğlu Qurbanov haqqında, onun 50 illik yubileyinə həsr olunan geniş portret yazısı çap olunub. Yazını oxuyub qurtarandan sonra heyrətə gəldim. Belə ki, uzun illər Azərbaycan və azərbaycanlılar üçün əvəzsiz işlər görən belə bir insanı, böyük şəxsiyyəti bütün bu illərdə biz niyə yaxından tanımamışıq? Niyə onun gördüyü bu xeyirxah işləri Azərbaycan mətbuatı təbliğ etməyib? Amma yazıdan bir şeyi də öyrəndim ki, Aydın Səməd oğlu Qurbanov özü heç vaxt istəməyib ki, onun gördüyü işləri təbliğ etsinlər. Bütün bu yazılanlar da onun dostlarının, yaxınlarının danışdığı faktlara söykənir. Heyrətə gəldim ki, insan nə qədər təvazökar olarmış.
Azərbaycanda taxıl qıtlığı olduğu vaxtlarda və Çeçenstanda müharibə getdiyi zamanlarda Aydın Qurbanovun köməkliyi ilə hər gün respublikamıza vaqonlarla, eşalomlarla taxıl gəlirdi. Aydın Qurbanova böyük hörməti olan çeçenlər bu vaqonlara xətər toxundurmurdular. Həm də o vaxtı Milli Məclisin üzvü, mərhum Əli Ansuyskiyə də çeçenlərin böyük hörməti vardı. Əli Ansuyski də rəsmi nümayəndə kimi ölkə başçısının tapşırığı ilə Çeçenstana gedib, həmin vaqonları qarşılayıb, Azərbaycana gətirirdi.


 

Bakıda Müqəddəs Jen-Mironosiç Rus kilsəsinin yüksək səviyyədə bərpa olunması da Aydın Qurbanovun sayəsində reallaşmışdı. Maraqlıdır ki, bu müqəddəs kilsəni vaxtı ilə xaqımızın böyük mesenatı Hacı Zeynalabdin Tağıyev tikdirmişdi, indi bu kilsəni onun davamçısı olan mesenat Aydın Qurbanov bərpa edirdi. 2003-cü ilin mart ayının 24-də reallaşan və yüksək səviyyədə bərpa olunan bu kilsənin açılışında ulu öndər Heydər Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Moskvanın və Ümumrusiyanın patriarxı II Alekseyin adından onun müavini də iştirak edirdi. Ulu öndərin bu kilsənin açılışında dediyi nitq, xristian və müsəlman xalqlarının uzun əsrlər dostluq əlaqəsində yaşaması tarixi bir çıxış kimi həmin vaxtı hamının yaddaşında əbədi qaldı. Ümumrusiyanın və Moskvanın patriarxı II Alekseyin müavininin çıxışı, Aydın Qurbanovu müqəddəs knyaz Danil Moskovski ordeninin I dərəcəsi ilə mükafatlandırması və oğlu Səmədin bu işlərin görülməsindəki əsas xidmətlərini həmin ordenin III dərəcəsi ilə mükafatlardırması da açılışa toplaşan yüksək rütbəli məmurların, Azərbaycanın və Rusiyanın aparıcı siyasi xadimlərinin və Rus, Azərbaycan dininə etiqad edən insanların ürəyincə oldu.




 

 

1990-cı illərdən fəaliyyət göstərən “Qurbanov Xeyriyyə Fondu” da həm Azərbaycan və həm də Rusiyada yaşayan imkansız ailələrə böyük köməkliklər edirdi. Bu Fondun sayəsində istedadlı azərbaycanlı gənclər Rusiyanın beynəlxalq səviyyəli ali məktəbləri olan Moskva Dövlət Universitetində və Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil alırdılar. Eləcə də Mərdəkan və Şüvəlanda yerləşən internat məktəblərinin əsaslı təmiri, dərs vəsaitləri ilə təmin olunması və mütəmadi ərzaqla təchizatı da məhz bu Fondun hesabına idi. Ulu Öndər Heydər Əliyev Aydın Qurbanovun Azərbaycan üçün gördüyü böyük işləri yüksək qiymətləndirirdi və onunla görüşündə də bu haqda minnətdarlığını bildirmişdi. Hətta onların görüş səhnəsində çəkilən və bu gün bizim üçün yadigar qalan şəkil də bu insanların bir-birinə necə böyük hörmət etdiklərini zahiri formada sübut edir.



Azərbaycanda doğulan və keçmiş Sovetlər Birliyi üçün böyük, əvəzsiz işlər görmüş, tarixi şəxsiyyətlər, Şəmkir rayonunda doğulan, məşhur geoloq, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Geologiya Nazirinin birinci müavini, Lenin ordenli, Lenin mükafatı laureatı, Rusiya Fedorasiyasının Əməkdar geoloqu Fərman Salmanov, Bakının Sabunçu rayonunda doğulan, məşhur netf mütəxəssisi, SSRİ Nazirlər Soveti Sədrinin müavini və Dövlət Plan Komitəsinin sədri, Rusiya və Azərbaycan Dostluq Cəmiyyətinin sədri Nikolay Kostantinoviç Baybakov, Bakıda doğulan, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlər mükafatı laureatı, general-leytenant Kərim Kərimov kimi tarixi şəxsiyyətlərlə də Aydın Qurbanovun çox yaxın əlaqələri vardı. Belə ki, Ümumrusiya Azərbaycanlıları Konqresini yaradanda, onlardan dəyərli məsləhətlər alırdı. Onları özünə ağsaqqal bilirdi.



 

Nikolay Baybakov, general-leytenant Kərim Kərimov və Aydın Qurbanov


Aydın Səməd oğlu Qurbanov 50 yaşında sağalmaz xərçəng xəstəliyiyə tutuldu. Onu müalicə etmək mümkün olmadı. Ömrürün çiçəklənən dövründə həyata əlvida dedi...
Bu il dünyaya gəlişinin 65 ili tamam olan və dünyasını dəyişməsindən 15 il keçən Aydın Qurbanovu heç kim yaddan çıxarmır. Onu tanıyan insanlar böyük hörmətlə yad edirlər. Keçən il Ümumrusiya Azərbaycanlıları Konqresi bizim bədxah qonşularımızın əli ilə bağlanmışdı. Amma xeyirxah insanlar bu işdə yardımçı olub, Aydın Qurbanovun ideya müəllifi və yaradıcısı olduğu, cəmi iki il rəhbərlik edə bildiyi bu konqresi yenidən bərpa etdilər. İndi bu konqresin başında dünya şöhrətli cərrah və tibb üzrə böyük alim, təkcə Rusiyada yox, dünyada böyük hörməti olan Aydın Qurbanovun böyük qardaşı, tibb elmləri doktoru, N.A.Semaşko adına Mərkəzi Klinik Xəstəxananın cərrahiyyə şöbəsinin müdiri, Rusiya Xalqlar Dostluğu Universitetinin hospital cərrahiyyəsi kafedrasının professoru, akademik, Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü Fazil Səməd oğlu Qurbanov durur.



 

Akademik Fazil Səməd oğlu Qurbanov anası Rübabə xanımla

 


Biz, 2006-cı ildə “Dünya Azərbaycanılları” kitabını çap edəndə onun haqqında ətraflı yazmışıq. O, vaxtı ilə qardaşının başladığı bu böyük, müqəddəs işi uğurla davam etdirəcəyinə söz verib. İnanırıq ki, insanların qəlblərinin mühəndisi olan Fazil həkim bu sahədə də həqiqətən böyük işlər görəcək. Ümumrusiya Azərbaycanlıları Konqresinin işini əvvəlki səviyyəsinə qaldıracaq. Biz də həmin işləri təbliğ edəcəyik.



 

Asəf Səməd oğlu Qurbanov

 


...Taleyin hökmünə bax ki, Moskvada təhsil aldığım illərdən tanıdığım, hər ikisi ilə elə orada təmasda olduğum Fazil və Aydın Qurbanovların kiçik qardaşı, tanınmış iş adamı Asəf Qurbanovla onun Bakıdakı ofisində üz-üzə əyləşmişik. Keçmiş illəri vərəqləyirik. Fazil həkimin sağalmaz xəstəliklərə düçar olan insanları necə təmənnasız cərrahiyyə edərək sağaltdığını, böyük iş adamı Aydın Qurbanovun Qarabağ savaşında orada yaşayan azərbaycanlılara etdiyi milyonlarla təmənnasız yardımı, qaçqın və köçkünlərimiz üçün böyük yaxşılıqlarını xatırlayırıq. İlk danışığından Asəf müəllimin də qardaşları kimi necə yüksək mədəniyyətə, böyük erudisiyaya, dərin savada və ən əsası da özündən yaşca böyüklərə necə diqqətli olduğunun, necə hörmətlə yanaşdığının şahidi oluram. Bu da əlbəttə, gendən gəlir. Çünki onların atası, rəhmətlik Səməd Qurbanov da çox xeyirxah insan və böyük ziyalı idi. Hələ Sovetlərin dövründə bu insan özünün xeyirxahlığına, insanlara təmənnasız köməyinə görə çoxlarından seçilirdi və fərqlənirdi. Səməd müəllim də lap gənc yaşlarından öz övladları kimi ağsaqqallıq rütbəsinə yüksəlmişdi. Deməli, “ot kökü üstündə bitər” misalını bu qardaşlara şamil etmək olar. Belə ki, övladlar da atanın bu müqəddəs yolunu böyük uğurla davam etdirirlər.


Bu alilənin kişik oğlu Asəf Səməd oğlu Qurbanov Bakıda anadan olub. Orta məktəbi yaxşı qiymətlərlə bitirib və Xalq Təsərrüfatı İnstitutuna (İndiki İqtisad Universitetinə) daxil olub. Bu ali məktəbi də yüksək səviyyədə bitirən Asəf Səməd oğlu 1982-ci ildə təyinatla Rusiyanın Moskvadan 180 kilometr aralı Vladimr şəhərinə işləməyə göndərilib. Bu qədim, tarixi şəhər Asəf müəllimin çox xoşuna gəlib. Evdən uzaqda və burada artıq sərbəst həyata başlayan cavan mütəxəssis, yaxşı təşkilatçı insan az bir zamanda özünə çoxlu həmfikirlər və dostlar tapıb. Sovetlər Birliyi dağılandan sonra isə Asəf Qurbanov öz biznesini qurub. O, öz biznesini qardaşı Aydının həmin vaxtlar yaşadığı Moskva şəhərində də onun köməkliyi, ağıllı məsləhətləri ilə qurub. Çünki həmin vaxtı artıq Aydın Qurbanovun biznes sahəsində böyük təcrübəsi vardı. Bu sahədə lazım olan uğurlar əldə edirdi. Xalq təsərrüfatı üzrə ali təhsilli mütəxəssis olan Asəf Qurbanov da biznes işləri artıq alınmağa başlayırdı. Düzdür ilk illər uğursuzluqları da oldu, amma o, həvəsdən düşmədi. Az bir vaxtda öz biznesini qurdu. İndi hal-hazırda Asəf Qurbanovun Rusiyada böyük Holdinqi var. Onun bu təşkilatında 3 mindən çox insanlar öz ailələrinə çörək pulu qazanır. Bu insanların içərisində həmvətənlərimiz olan azərbaycanlılar da çoxdur. Asəf müəllimlə bir sıra məcələlər ətrafında da söhbətləşdik.


- Asəf müəllim, Aydın Qurbanovu təkcə qardaş kimi yox, bir insan kimi necə xatırlayırsınız?


- Mən mübaliğəsiz deyə bilərəm ki, bu 59 yaşımda onun kimi xeyirxah, güclü, insanlara yanan, gördüyü işlərdə heç bir təmənna güdməyən, sözü bütöv, yüksək erudisiyaya malik ikinci insan görməmişəm. O, gördüyü işləri heç vaxt təbliğ etməyi xoşlamırdı. Ona görə heç bir qəzetə, televiziyaya müsahibə vermirdi. Özünü təriflətmirdi və təbliğ etdirmirdi. O, çalışırdı ki, gördüyü xeyirxah işləri yalnız həmin adamlar özləri bilsin. Tez-tez də Məhəmməd Peyğəmbərin bu sözlərini təkrar edirdi: “Sağ əlin verdiyini sol əl bilməməlidir”. Bu sözlər isə onun ali məqsədi və həyat kredosu idi: “Allah mənə yaxşı imkan yaradıb. Mənim də məqsədim insanlara kömək etməkdir. Mənim aləmimdə insanlara yaxşılıq və kömək etmək böyük xöşbəxtlikdir”. Elə bil Ulu Tanrı onu yaratmışdı ki, millətindən asılı olmayaraq bütün imkansız insanlara köməklik etsin.


- Necə oldu ki, Aydın Qurbanov Ümumrusiya Azərbaycanlıları Konqresini yaratdı?


- Yadımdadır ki, 2001-ci ildə Dünya Azərbaycanlılarının I Qurultayında ulu öndər Heydər Əliyev belə dedi: “Yaşadığı ölkədən asılı olmayaraq, Müstəqil Azərbaycan bütün azərbaycanılıların doğma Vətənidir. Siz yaşadığınız ölkələrdə diaspor təşkilatları yaratmaqla oradakı azərbaycanlıları daha sıx birləşdirə bilərsiniz. Bu müqəddəs işdə biz, sizə necə lazımsa köməklik edəcəyik”. Həmin vaxtı dünyada yaşayan azərbaycanlıların çoxlu diaspor təşkilatları yarandı. Bu təşkilatlardan ən birincisi Rusiyada Aydın Qurbanovun rəhbərliyi ilə yaradılan Ümumrusiya Azərbaycanlıları Konqresi oldu. Amma ondan əvvəl Aydın Azərbaycan üçün çox işlər görürdü. Belə ki, Aydının Milli Məclisin üzvü, rəhmətlik Əli Ansuyski ilə çox yaxın dostluq əlaqələri vardı. Həmin vaxtı Əli Ansuyskinin xahişi ilə Aydın təmənnasız olaraq, Azərbaycana eşalonlarla taxıl göndərirdi. Əli Ansuyskini də Azərbaycan hökuməti Milli Məclisin üzvü kimi bu cavabdehli işə təhkim etmişdi. O da bu xeyirxah işi cavabdehliklə yerinə yetirirdi. Aydın da həmvətənlilərinin çörək qıtlığı çəkməməsi üçün bu müqəddəs işi özü də böyük həvəslə görürdü. Həmin vaxtı Azərbaycanda çox böyük taxıl qıtlığı idi. Aydın da bu yolla öz xalqına köməklik edirdi. Amma heç cürə istəmirdi ki, gördüyü bu işləri mətbuatda işıqlandırsınlar. Hətta Ümumrusiya Azərbaycanıları Konqresini yaradanda da özü sədr olmadı. Sədr başqasını təyin etdi, özü isə sədr müavini seçildi. Bax bu işin də məhz onun tərəfindən yaradılmasını istəmədi ki, mətbuatda işıqlandırsınlar. Amma özü Rusiyada tanınmış bir neçə ziyalı ilə bütövlükdə Rusiyanın aparıcı vilayətlərində, şəhərlərində, Muxtar Respublikalarında oldu və oralarda da bu konqresin nümayəndəliklərini yaratdı. Aydın iki il sərasər bu cavabdehli işlə məşğul oldu. Öz sağlamlığını fikirləşmədi. Həmişə yollarda olmaq, insanları bir fikir ətrafına toplamaq, tez-tez sərt mövqelərlə rastlaşmaq onun səhhətinə pis təsir edirdi. Bu da özünü şiddətli dərəcədə göstərdi. Aydın ağır xəstələndi. O, nə vaxt ki, sağalmaz xərçəng xəstəliyinə tutuldu, yalnız həmin vaxtı icazə verdi ki, onunla bağlı mətbuatda yazılar yazılsın. Aydının sadəliyi və təvazökarlığını mən həmişə yüksək qiymətləndirmişəm. Onun oğlu dünyaya gələndə və həmin oğluna atamız Səmədin adını qoyanda mən görürdüm ki, o, saatlarla oğlunun yanında olur, onun hər bir hərəkətini izləyir. Ona biznesin sirlərini öyrədirdi. İndi bizim üçün çox sevindirici haldır ki, Səməd atasının işini uğurla davam etdirir. Atası Aydın kimi ağıllı, savadlı və təfəkkürlü insandır. Mən Səmədlə də fəxr edirəm və onun uğurlu gələcəyəinə inanıram. O, bizim ümid çırağımızdır. Qətiyyətlə deyə bilərəm ki, Aydın öz biznesini alın təri ilə, təmiz əməllərlə, öz ağlı, uzaqgörən siyasəti və öz zəhəməti ilə qurub. O, heç vaxt heç kimi aldadmayıb və heç vaxt heç kimə yalan satmayıb. Düzlük, düz əməllərlə yaşamaq və hamını düzliyə çağırmaq onun həyat kredosu idi. O, böyük biznesmen və yüksək təfəkkürə malik güclü bir insan idi. Baxmayaraq ki, Aydının dünyasını dəyişməsindən 15 il keçir, onunla tək bircə dəfə təmasda olanlar belə bu günə kimi onu yaddan çıxarmırlar. Mən də müsahibə verməyi xoşlayan adam deyiləm. Amma Aydına görə bu gün müsahibə verirəm və deyirəm ki, onunla bir qardaş və bir azərbaycanlı kimi fəxr edirəm.



 

- Yadıma gəlir ki, Ümumrusiya Azərbaycanlıları Konqresi yarananda başda ermənilər olmaqla, onların sifarişi ilə oynayan başqa millətlər də bu təşkilatın yaranmasına imkan vermirdilər. Fazil həkim və siz bilavasitə bu konqresin yaranmasında qardaşınız Aydın müəllimə çox köməklik edirdiniz. Aydın Qurbanov bu haqda heç bir müsahibə vermədiyinə görə bizim bununla bağlı məlumatımız yoxdur. Bəs o illər sizin yadınızda necə qalıb?


- Mən əlbəttə, əgər bu haqda ətraflı danışsam bu müsahibə yox, böyük bir kitab olar. Sadəcə onu deyə bilərəm ki, həmin vaxtı onun gecəsi-gündüzü yox idi. Biz günlərlə, bəzən aylarla onu görə bilmirdik. Sadəcə telefonla danışırdıq və o da bizə məsləhətlər verirdi ki, nəyi necə edək. Sadəcə o Rusiyanın regionlarına gedəndə yeganə bir ali məqsədi vardı ki, həmin regionlarda yaşayan azərbaycanlılar inansınlar Moskvadan onlara böyük dəstək var. Aydın da istəmirdi ki, Rusiyada yaşayan həmyerliləri özlərini arxasız, kimsəsiz hiss etsinlər. Qoy onlar tam inansınlar ki, həmişə onları müdafiə edən güclü, imkanlı, ağıllı həmyerliləri var. Ümumiyyətlə, Aydında elə bir dərin ağıl, uzaqgörən siyasət, yüksək təşkilatçılıq vardı ki, hər bir adamı inandırıb, öz ardınca apara bilirdi. Açığı belə təşkilatçılıq və insanları öz ardınca aparmaq kimi istedad böyük qardaşımız Fazil həkimdə də var. Bu da atamızdan gəlir. O da insanları inandırıb, öz ardınca aparmaq kimi böyük istedad sahibi idi. Onun da həmişə bir ali məqsədi vardı. Hər şeyi insanlara düz desin və həmişə də düzlük carçısı olsun. Bu gün Ümumrusiya Azərbaycanlıları Konqresinin sədri, akademik Fazil həkimin seçilməsi, məhz ona etimad göstərilməsi də sübut edir ki, artıq bu konqres düz yoldadır və böyük uğurlar əldə edəcək. Fazil həkimin artıq 74 yaşı var. Müdrik insandır. Sözü, əməli bütöv şəxsiyyətdir. Təkcə Rusiyada yox, dünyada tanınan həkimdir. Onun ağlına, savadına, təşkilatçılığına görə Rusiya rəhbərliyinin, ziyalılarının da Fazil həkimə hörməti böyükdür. Belə böyük şəxsiyyətin konqresin başında dayanması çox şey deməkdir. O, həyatda çox uğurlu insandır. Məşhur cərrah, akademik Topçubaşovun yetirməsidir. Fazil həkim deyirdi ki, həkim olacaq. Oldu. Dedi tibb üzrə alim olacam, oldu. Dedi akademik olacam və oldu. Beləliklə, o, qarşısına nə məqsəd qoyubsa, hamısına da çatıb. Deməli, konqresin işlərini də uğurla davam etdirəcək. Burada da qarşısına qoyduğu məqsədləri reallaşdıracaq. Mənim isə Ulu Tanrıdan qardaşıma bir diləyim var. Qoy Böyük Yaradan onun canını həmişə sağ eləsin.



 

- 1990-cı ilin 19-20 yanvar hadisələri sizin yaddaşınızda necə qalıb?

 


- Yaddaşımda dəhşətli hadisə kimi qalıb. Biz, qardaşlar bu faciəni eşidən kimi təcili Moskvadakı Azərbaycan nümayəndəliyinə getdik. Orada Mixail Qorbaçov başda olmaqla SSRİ rəhbərliyinə öz etirazımızı yazılı formada bildirdik. Həmin vaxtı Moskvada təşkil olunan mitinqdə iştirak etdik. Aydın isə şəhidlər dəfn olunan vaxtı artıq Bakıya gəldi və həmin mərasimdə iştirak etdi. Sonra bu dəhşətli faciədə şəhid olanların ailə üzvlərinə, yaralananların özlərinə Aydın bacardığı kimi yardımlarını elədi. Bilirsiniz ki, 1988-89-cu illərdə Qərbi Azərbaycanda yaşayan həmvətənlərimiz ermənilər tərəfində dəhşətli formada, qəddarlıqla oradan qovuldular. Həmin insanlar da istəyirdilər ki, Qarabağda yerləşsinlər. Amma Azərbaycanın o vaxtkı rəhbəri, düşmən dəyirmanına su tökən, Moskvanın nökəri Əbdürrəhman Vəzirov buna imkan vrmədi. Əgər həmin həmvətənlərimiz Qarabağda yerləşsəydilər, oradakı bütün ermənilər elə özləri orada üzüsulu köçəcəkdilər. Dəhşətli Qarabağ hadisələri də olmayacaqdı və torpaqlarımızın da 20 faizi Mixail Qorbaçovun diktəsi və əli ilə işğal olunub, ermənilərə verilməyəcəkdir.
Bütün bunlara etirazını bildirən və Vətəni öz canlarından daha əziz sevən həmvətənlərimiz etiraz aksiyasına qalxdılar və bu da yenə o vaxtkı rus rəhbərlərinin faşist əməlləri ilə 19-20 yanvarda dəhşətli formada sona yetdi. Çoxlu azərbaycanlılar şəhid oldular. Bu hadisəni Aydın Moskvaya qayıdandan sonra bizə danışdı. Və danışdıqca da tez-tez kövrəlirdi. Həmin hadisədən sonra Aydın daha tez-tez Azərbaycana gəlir və yaratdığı “Qurbanov Xeyriyyə Fondu”nun maliyyə dəstəyi ilə həmvətənlərimizə bacardığı qədər köməklik edirdi. Bundan da fərəh duyurdu.


 

Qurbanovlar ailəsi


- Eşitmişəm ki, sizin bir qardaşınız da, Arif Qurbanov Qarabağ döyüşlərinin iştirakçısı olub. Elədirmi?


- Bəli, elədi. Arif Qurbanov lap cavan yaşlarından xəsə idi. Amma xəstə olmasına baxmayaraq, dərslərini yaxşı oxuyurdu. Xalq Təsərrüfatı İnstitutunu da bitirmişdi. Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə, xalqa müraciət etdi ki, Qarabağı qorumaq üçün cavanlar ordu sıralarına getməlidirlər. Arif o vaxt ağır xəstə olsa da, həmin çağırışa qolulub, evdə heç kimə demədən könüllü ordu sıralarına getdi və döyüşlərdə də iştirak etdi. Biz, nə qədər ona xahiş-minnət etsək də geri qayıtmadı. Atəşkəs elan olunan vaxta kimi döyüşlərdə iştirak etdi. Həmin vaxtı cəbhədə lazım olan şərait olmadığına və tez-tez soyuqda, qarda döyüşlərdə iştirak etdiyinə görə Arifin xəstəliyi daha da şiddətləndi. O, müharibə iştirakçısı kimi ordudan qayıdandan sonra biz onun müalicəsi ilə çox ciddi məşğul olsaq da, ən məşhur həkimlər belə onu müalicə etsə də mümkün olmadı. Arif 51 yaşında dünyasını dəyişdi.




- Siz Rusiyada sayılıb-seçilən iş adamlarından biri idiniz. Amma orada işlərinizi yarımçıq qoyub, bir il bundan qabaq Azərbaycana gəlibsiniz və respublikamızın iqtisadiyyatının daha da dirçəlməsi üçün bacardığınız kimi çalışırsınız. Azərbaycana qayıtmağınızın səbəbi nədən qaynaqlanır?


- Mən Azərbaycana həmişə gəlmişəm. Bura mənim doğma Vətənimdir. Biz qardaşlar bura çox bağlı insanlar olmuşuq. Həm də burada mənim çoxlu qohumlarım, dostlarım, uşaqlıq yoldaşlarım yaşayır. Rusiyada mən öz biznesimi qurmuşam. Aydın sağ olanda fikirləşirdim ki, o, burada onsuz da böyük işlər görür və mənim burada olmağım elə də vacib deyil. Onun ölümündən sonra mənim dostlarım da xahiş edirdilər ki, Azərbaycana gəlib, Aydının buradakı işlərini davam etdirim. Mən öz işimi hələ də Rusiyada və bir sıra xarici ölkələrdə də davam etdirirəm. Orada özümün bir neçə davamçılarımı yetişdirmişəm. İndi orada bu işi onlar uğurla davam etdirir. Mən də buradan onlara nəzarət edirəm. Məni bura hələ bir neçə il əvvəl dəvət etmişdilər ki, gəlib iş qurum. Həmin vaxtı neft dünya bazarında yüksək qiymətə olduğuna görə, Azərbaycanda işlər çox yaxşı gedirdi. Axırıncı on ildə hər dəfə Azərbaycana gələndə burada görülən işlərdən böyük qürur duymuşam. Fəxr eləmişəm ki, Azərbaycan belə sürətlə inkişaf edir və özünün intibah dövrünü yaşayır. Amma mən indi gəlməyi daha üstün tutdum ki, ölkəmizdə işsizlik probleminin həll olunmasına bacardığım köməklikləri edim. Burada “İsgəndər ASA” adlı böyük HOLDİNQ ŞİRKƏTLƏR QRUPU yaratmışam. Mən “İsgəndər ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidentiyəm və mənim bu işdə yalnız bir həmfikirim var, o da Mətləb Şükürovdur. Mən ona özüm kimi inanıram. O, çox bacarıqlı iş adamı, yüksək intellektə malik insan və yaxşı təşkilatçıdır. İnanıram ki, biz, birlikdə çox uğurlu işlər görəcəyik və bu yolla da millətimizə lazım olan köməklik edəcəyik. Biz, çoxlu iş yerləri açmışıq. Onu da vurğulayım ki, xarici ölkələrdə iş adamları olan çoxlu dostlarım var. Mənim Azərbaycana gəlməyimdən onlar da ruhlanıb, buraya öz bizneslərini yatırıb, böyük işlər görmək istəyirlər. Bu yolla da Azərbaycanın iqtisadiyyatının daha da dirçəlməsinə, ölkəmizin daha böyük uğurlar əldə etməsinə köməklik edəcəklər. İnanıram biz, qısa vaxtda daha böyük işlər görəcəyik. Mənim bir məqsədim də var. Belə ki, Bakıda və Sumqayıtda çoxlu yaşayış binaları, hötellər tikməyi planlaşdırmışıq. Sumqayıtda cənab Zakir Fərəcovun sayəsində çox nəhəng quruculuq işləri gedir. Bu şəhər günü-gündən gözəlləşir. Biz bu şəhərdəki köhnə binalardakı liftlərin də yeniləri ilə əvəz olunmasına köməklik etmək istəyirik.
Ən əsası odur ki, ölkəmizin başçısı cənab İlham Əliyev dünya ölkələri rəhbərləri arasında böyük təfəkkürə, nüfuza, orijinal məqsədyönlü siyasətə malikdir. Cənab Prezident artıq 15 ildir ki, millətimizin güzəranının yaxşılaşması, qaçqın və köçkünlərin evlə təmin olunması, səhiyyənin, təhsilin, mədəniyyətin, idmanın inkişaf etməsi üçün böyük işlər görür. Bu gün Azərbaycan MDB ölkələri arasında ən aparıcı yerdədir. Dünyanın ən aparıcı ölkə rəhbərlərinin də cənab İlham Əliyevə hörməti və inamı çox böyükdür. Belə ölkə başçısı ilə böyük işlər görmək olar. Çünki o, özünün belə yüksək təşkilatçılığı, saflığı və heç kim arasında fərq qoymaması ilə biz iş adamlarını da nəhəng işlər görməyə ruhlandırır. Artıq mənim Azərbaycanda yaratdığım “İsgəndər ASA HOLDİNQ ŞİRKƏTLƏR QRUPUNU” Məhdud Məsuliyyətli Cəmiyyətin yanvar ayında bir yaşı tamam oldu. Çoxlu ölkələrlə müqavilələr bağlamışıq. Öz işçilərimizə lazım olan şəraitlər yaradıb, onlara qayğı ilə yanaşırıq. Buna görə hamı bizdən razılıq edir. Mən keçən il Bakıda ailə həyatı qurmuşam. Bir oğlum dünyaya gəlib. Qohumum, gözəl insan, uzun illərdir ki, Sumqayıt Çörək Açıq Səhmdar Cəmiyyətinin direktoru işləyən Əlfuqar Qasımovun şərəfinə oğluma onun adını qoymuşam. Əlfuqar müəllim də lap cavan yaşlarından insanlara təmənnasız köməkliklər edir. Mən onunla fəxr edirəm və onun söhbətlərinə böyük maraqla qulaq asıram. Artıq belə qərara gəlmişəm ki, bundan sonrakı ömrümü yalnız Azərbaycana və onun iqtisadiyyatının dirçəlməsinə həsr edim. Bu işdə əgər mənim millətim üçün kiçik bir xidmətim olsa özümü dünyanın ən xoşbəxt insanı hesab edərəm.



 

Bu gün Azərbaycanda Hacı Zeynəlabdin Tağıyevi hamı ona görə çox sevir ki, həyatını millətin elminə, insanların güzəranının yaxşılammasına, burada böyük quruculuq işlərinin aparılmasına, Bakıda bir-birindən yaraşıqlı binalar tikilməsinə, mədəniyyətimizin, teatrımızın inkişafına və Bakıya Şollar suyu xəttinin çəkilməsinə sərf edib. Sözün əsl mənasında mesenat və el atası olub. Biz qardaşlar da, Hacı Zeynəlabdin Tağıyevə həmişə qibtə etmişik və həmişə də ona oxşamağa çalışmışıq.
Amma bizim sitayiş etdiyimiz, özümüzə örnək bildiyimiz ən böyük dahi şəxsiyyət ulu öndər Heydər Əliyev olub. Əbədiyaşar prezidentimizin Azərbaycan üçün gördüyü işlərin kiçik bir zərrəsini biz görə bilsək, özmümüzü ən xoşbəxt insan hesab edərik. Mən onu da qətiyyətlə deyə bilərəm ki, əvəzolunmaz insan, cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı böyük uğurlar gözləyir. Az vaxtda Azərbaycanın iqtisadiyyatı dünyanın ən aparıcı ölklərinin iqtisadiyyatı səviyyəsində olacaq. Həmin vaxt ermənilər istəsə də, istəməsə də işğal etdikləri 

Vətənimizin bir parçası olan Qarabağ torpaqlarını boşaldacaq və bütün qaçqınlarımız, köçkünlərimiz öz doğma yurdlarına qayıdacaqlar. Bu xoş günlər heç də uzaqda deyil. Xalqımıza isə yeganə diləyim, istəyim səbirli olmağı arzulamaqdır. Atalarımız da deyib ki, “səbr elə uca ağacdır ki, hər bağda bitmir. O yalnız səbirli insanların bağında bitir”. Biz də dünyada səbirli, dözümlü xalq kimi tanınmışıq. Tarixlər boyu qəsbkarlar, fatehlər bizim torpaqları zəbt etməklə, bizi bir millət kimi də məhv etmək istəyib, amma bu, onlarda alınmayıb. Biz, səbrlə,dözümlə, yüksək ağlımızla qalib gəlib artıq bu il yüz yaşı tamam olan Müstəqil Respublika qurmuşuq. 1991-ci ildən də həmin müstəqilliyi bərpa etməklə, qısa vaxta nəhəg addımlarla irəliləyirik. Bircə ona sevinməliyik ki, dünyada əhalisinin sayı Azərbaycandan çox olan millətlər var ki, onların özlərinin müstəqil respublikası yoxdur. Ona görə də biz, cənab prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşib, nəyin bahasına olursa-olsun bu müstəqilliyimizi qorumalıyıq. Azərbaycan hər birimizin müqəddəs iman əsəri olmalıdır. Onu qorumaq da harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu olmalıdır. Bu müqəddəsliyə də həmişə etiqad, sitayiş etmək, hər bir azərbaycanlının ali məqsədi, amalı olmalıdır. Əbədiyaşar prezidentimiz, dahi Heydər Əliyev deyirdi ki, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu sözlər hər bir azərbaycanlı üçün müqəddəs Quran ayəsi olmalıdır.

 

 

Ağalar İDRİSOĞLU, Əməkdar incəsənət xadimi
[email protected]

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !