“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın... - (+FOTO-VIDEO)

“Sahil” bağı “Cümhuriyyət” bağı adlandırılsın... (+FOTO-VIDEO)

“525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində maraqlı təkliflə çıxış edib.

 

Baş redaktor paytaxt Bakının mərkəzində yerləşən “Sahil” bağının (oxu: keçmiş “26-lar” bağı) “Cümhuriyyət” bağı adlandırılmasını təklif edib. R.Məcid hesab edir ki, vaxtilə həmin bağda basdırılan 26 Bakı komissarının Azərbaycan xalqının yaddaşından silinməsi, “Sahil” bağının yeni məna kəsb etməsi üçün oranın “Cümhuriyyət” bağı adlandırılması daha məqbul olardı. Onun fikrincə, Azərbaycan Xalq Cümhuriyyətinin liderlərinin nəşinin vətənə gətirilərək həmin bağda dəfn edilməsi, xatirə abidəsinin ucaldılması Cümhuriyyətin 100 illiyinə Azərbaycan dövləti və xalqının ən anlamlı, ən layiqli hədiyyəsi sayıla bilər.

 

“Bu, həm də xalqın arzusudur”

 

Təklifə münasibət bildirən Cümhuriyyət dövrünün görkəmli tədqiqatçısı, professor Şirməmməd Hüseynov Bakıda “Cümhuriyyət” bağının salınması, müsəlman şərqində ilk demokratik respublikanın əsasını qoyanların nəşinin ölkəmizə gətirilib dəfn edilməsi, onlara abidə ucaldılmasının xalqın arzusu olduğunu bildirib. Ş.Hüseynovun sözlərinə görə, 1934-cü ildə Məhəmməd Əmin Rəsulzadə Əlimərdan bəy Topçubaşovun dəfn mərasimində söylədiyi nitqdə qeyd edib ki, “Əlimərdan bəy, sən bu millətə o qədər xidmət göstərmisən ki, fasilədən sonra Azərbaycan öz istiqlalını bərpa edəcək və o vaxt həm sənin, həm də oğlunun məzarını vətənə aparacaq, abidə ucaldacaqlar”.

 

Görkəmli tədqiqatçı bildirib ki, Prezident İlham Əliyev 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib, Nazirlər Kabinetini Cümhuriyyətin 100 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirilməsi üçün təkliflər verməyi tapşırıb. Ş.Hüseynov bu məsələ ilə bağlı ölkə vətəndaşlarının, tanınmış şəxslərin də təkliflər verməyə haqqı olduğunu bildirib: “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçıların Birliyinin katibi Rəşad Məcid vətənpərvər insandır, onun öz arzularını səsləndirmək, fikir bildirmək, təklif vermək hüququ var. O da öz təklifini verib, arzusunu ifadə edib”.

 

“İstiqlal xadimlərinə həmin bağda abidə ucaldılmasının böyük rəmzi mənası var”

 

Əməkdar jurnalist Qulu Məhərrəmli təklifi müsbət qiymətləndirdiyini və dəstəklədiyini bildirib. Onun sözlərinə görə, Cümhuriyyət qurucuları “Sahil” bağından da böyük ərazilərdə xatirələrinin əbədiləşdirilməsinə layiqdirlər: “Ancaq “Sahil” bağının siyasi yükü var. Həmin bağa əvvəllər “26-lar” adı verilmişdi. Bu mənada, İstiqlal xadimlərinə həmin bağda abidə ucaldılmasının böyük rəmzi mənası var. Ona görə də, təklifi çox yüksək qiymətləndirir, öz dəstəyimi ifadə edirəm”.

 

“Cümhuriyyətin adını daşıyan metro, kitabxana, muzey də olmalıdır”

 

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Sosiologiya və sosial psixologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəna Mirzəzadə də “Sahil” bağının “Cümhuriyyət” bağı adlandırılmasının tərəfdarı olduğunu deyib. Cümhuriyyət qurucularının nəşnin ölkəmizə gətirilib dəfn olunması məsələsində isə R.Mirzəzadə bir sıra amillərin, o cümlədən, müsəlman adət-ənənələrinin nəzərə alınmasının vacibliyinə diqqəti çəkib: “İstiqlal xadimlərinin əksəriyyəti Türkiyədə dəfn olunublar. Ümummilli lider Heydər Əliyevin vaxtilə qeyd etdiyi kimi, Türkiyə ilə Azərbaycan bir millətin iki müstəqil dövlətidir. Ona görə də, hesab edə bilərik ki, Cümhuriyyət liderlərinin əksəriyyəti elə öz dövlətimizdə dəfn ediliblər. Burada həm də onların ailə üzvlərinin razılığının alınması məsələsi də var. Mütləq şəkildə, İstiqlal xadimlərinin yaxınlarından, onların nəslinin nümayəndələrindən bununla bağlı icazə alınmalıdır”.

 

R.Məcidin təklifini müsbət qarşılayan R.Mirzəzadə eyni zamanda qeyd edib ki, Bakının “Sahil” metrosunun da “Cümhuriyyət” metrosu adlandırılması məqbul ola bilərdi.

 

R.Mirzəzadə, həmçinin, qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında imzaladığı sərəncam, daha sonra 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi yüksək qiymətləndirilməlidir: “Bu, öz tariximizə yiyə durmaq, milli kimliyimizə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik institutumuza sahib çıxmaqdır. Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamda məhz bu məsələlər əksini tapıb”.

 

R.Mirzəzadə əlavə edib ki, Azərbaycan ziyalıları bu barədə öz təklif və tövsiyələrini bildirməlidirlər: “Təbii ki, təkliflərin qəbul olunub-olunmaması dövlətin imkanlarından asılıdır. Bu, bir günün məsələsi deyil. Sərəncam bu gün üçün verilsə də, gələcəyə, uzun illərə hesablanıb. Bu, cəmi bir illik kampaniya xarakteri daşımır. Bu, tarix üçündür”.

 

Bu proseslərin bir il içərisində yox, uzun illər getməli olduğunu deyən R.Mirzəzadə onu da qeyd edib ki, Cümhuriyyətin adını daşıyan kitabxana, muzey də olmalıdır: “Həmin muzeydə Cümhuriyyət, İqtiqlal xadimlərinə aid eksponatlar, fotoşəkillər, bütün tarixi məqamlar öz əksini tapmalıdır. Gənc nəsil öz tarixini daha dərindən öyrənməli, Cümhuriyyətin qurucularını yaxşı tanımalıdır”.

 

“Cümhuriyyət dövründə həmin məkan “Azadlıq” meydanı adlanırdı”

 

Tarixçi alim Nəsiman Yaqublu da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunmasına böyük hazırlıqların getdiyi vaxtda belə bir təklifin verilməsini yüksək dəyərləndirdiyini, dəstəklədiyini bildirib. N.Yaqublu qeyd edib ki, “Sahil” bağı əvvəllər “Birja” meydanı, Cümhuriyyət dövründə isə “Azadlıq” meydanı adlanıb: “1920-ci il sentyabrın 8-də Azərbaycan xalqına düşmən mövqedə dayanmış 26 Bakı komissarının nəşini gətirib orada basdırıblar. Bununla da həmin ərazini “Azadlıq” adından məhrum ediblər. Bunu qəsdən ediblər. Bolşeviklər bu addımı ataraq Azərbaycan xalqının azadlıq inamını, ruhuna qırmağa çalışıblar. Halbuki, 1920-ci ilin sentyabrında Bakını azad edən Qafqaz-İslam Ordusuna, türk şəhidlərinə abidə ucaldılması planlaşdırılmışdı. Bu abidə həmin yerdə yox, indiki Şəhidlər Xiyabanınin ərazisində qoyulacaqdı. Cümhuriyyət rəhbərliyi sentyabr ayında abidənin açılış mərasimini keçirmək istəyirdi. Ona görə də, bolşeviklər qəsdən 8 sentyabr tarixində 26 Bakı komissarının meyitini indiki “Sahil” bağına gətirib təntənəli şəkildə dəfn etdilər ki, həmin tədbiri də pozsunlar, cümhuriyyətin dağılmasına rəğmən abidənin açılışını etmək istəyənlərin inamını sındırsınlar. Bu mənada, həmin ərazinin indi “Cümhuriyyət” bağı adlandırılması son dərəcə əhəmiyyətli ola bilər. 70 il ərzində orada Azərbaycan xalqının əleyhinə olan insanların yatmasına baxmayaraq, həmin ərazinin keçmişi bizimdir. Çünki ora “Azadlıq” meydanı olub. Azərbaycan xalqı üçün əziz yer olub. Bu baxımdan, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində həmin ərazinin dövlət tərəfindən “Cümhuriyyət” bağı adlandırılmasına qərar verilməsi yerinə düşərdi”.

 

“Cümhuriyyət” adı həmin məkanın halal haqqıdır”

 

Milli Məclisin deputatı Zahid Oruc isə bildirib ki, Rəşad Məcidin belə təkliflə çıxış etməsinin özünəməxsus səbəbləri var: “Bu səbəblər ilk növbədə tarixi, milli, eyni zamanda, mənəvi kateqoriyadadır. Bu millət cümhuriyyət ideyalarını müstəqilliyə, azadlığa qovuşaraq, Azərbaycanı beynəlxalq hüququn subyektinə çevirərək yüksək səviyyədə ifadə edib. Reallıq ondan ibarətdir ki, müxtəlif küçə və meydanlar, park və xiyabanlara ad verməklə dövlətin keçmiş həyatında rol oynayan şəxsiyyətlərin əməllərinin əbədiləşdirilməsi təmin edilir. Həmçinin, bu, məfkurə sisteminə təsir göstərir, hər bir vətəndaşın düşüncə sistemində özünə yer tapır və bununla tarix arasında varislik yaranır”.

 

Z.Oruc qeyd edib ki, “Sahil” bağına öncə Azərbaycan xalqının həyatında çox bədnam rol oynayan 26 Bakı komissarının adı verilmişdi. Desovetləşmə tədbirləri çərçivəsində oradan həmin abidə kompleksinin götürüldüyünü deyən deputat hesab edir ki, “Cümhuriyyət” adı həmin məkanın halal haqqıdır: “Bu ad həmin məkanın, tariximizin ağır səhifəsinin üzərinə çəkilə biləcək qat, lövhədir”.

 

Z.Oruc əlavə edib ki, Rəşad Məcid müvafiq təkliflə çıxış edərək həm dövlət adamları, həm də media nümayəndələrinin diqqətini əhəmiyyətli bir məsələyə yönəldib. Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq bu ilin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbirlərlə zəngin olacağını deyən Z.Oruc əlavə edib ki, bunların sırasında proqramlaşdırılmış müxtəlif işlərlə yanaşı, cəmiyyətdən, tanınmış şəxslərdən gələn təkliflər də dəyərləndirilməlidir: “Hesab edirəm ki, Rəşad Məcidin təklifinə də dəyər verilməlidir. Əminəm ki, bu təklif müsbət qarşılanacaq”.

 

Ceyhun ABASOV

525-ci Qəzet