Öz adınıza kredit götürməyin - - Ən yaxın qohum üçün belə (Rəhman Orxan)

Öz adınıza kredit götürməyin - Ən yaxın qohum üçün belə (Rəhman Orxan)

Dostlar, ən yaxın qohum üçün də heç vaxt öz adınıza kredit götürməyin. Həm əsəbilik keçirəcəksiniz, həm o krediti ödəmək üçün aylarla banka ayaq döyməli olacaqsınız, həm də qohumunuz ödənişi gecikdirəndə cərimələcəksiniz, hələ bir krediti vaxtında ödəmək üçün qohumunuza hər dəfə ağız açıb, yalvarmalı olacaqsınız.
İki ildir başqa şəhərdə yaşayan ən yaxın qohumum üçün aldığım kreditin ağrı-acısını hələ də çəkirəm. Artıq 25 dəfə (hər ay!) krediti ödəmək üçün lazımsız yerə (mənə lazım idi bu əlavə vaxt itkisi, əsəblərimin pozulması?) yayın istisində, qışın soyuğunda banka ayaq döyməli oluram. Qohumum hələ iki ayın ödənişini də "posadka"ya salıb və heç bu ayınkını da deyəsən vermək fikrində deyil. Öz üzüyumşaqlığımın nəticəsidir ki, qohum üçün kreditin ödənişi başa çatmadığı üçün (hələ bir il də əzab çəkməliyəm) keçən ildən bəri ehtiyacım olduğu halda özüm üçün kredit vermirlər.
Düz deyiblər ki, "hə" deyib, sonra pis olmaqdansa, "yox"deyib elə əvvəldən "pis" olmaq daha yaxşıdır. Heç olmasa, adamın özünün qulağı dinc olar.
Bax, mərdi qova-qova belə "namərd" eləyirlər də...