Bəhram Bağırzadənin xeyriyyə məqsədilə fərdi sərgisi açılıb - + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

Bəhram Bağırzadənin xeyriyyə məqsədilə fərdi sərgisi açılıb + FOTO (AZpress.AZ – Rüstəm İsmayılov)

Yanvarın 26-da Muzey Mərkəzinin sərgi qalereyasında Azərbaycan Rəssamlar İttifaqı və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvü, Əməkdar Artist Bəhram Bağırzadənin əsərlərindən ibarət “Art İn Boxes” adlı fərdi sərgi açılıb.

 

Sərgi ilə bağlı fikirlərini AZƏRTAC-ın müxbiri ilə bölüşən B.Bağırzadə deyib: “Bu, mənim ikinci fərdi sərgimdir. Sərgi xeyriyyə məqsədi ilə açılıb. Burada gördüyünüz hər bir iş əl əməyinin bəhrəsidir. Sərgidə əsas mövzu qədim və müasir Bakıdır. İşlərdə şəhərimizin gözəlliyi əks olunub. Bu sərginin yaxın gələcəkdə Avstriya və Belçikada nümayişini planlaşdırırıq”.

 

İştirakçılar fotoqraf-rəssam Bəhram Bağırzadənin çəkdiyi karikaturalar və Bakının əks olunduğu fotolardan ibarət sərgini maraqla izləyiblər.

 

Müəllif əsərləri ilə reallığı məharətlə bədii məkana döndərir, bununla bərabər abstrakt istallyasiyalar deyil, həyatın kiçik epizodlarını da yaradır. Onun hər yaratdığı əsər emosiyalar, düşüncələr və səmimi hisslərlə doldurur. Bu, tamaşaçıya imkan yaradır ki, müəllifin ən incə və gözə görünməyən ideyalarını hiss etsin. “Art İn Boxes” layihəsi müəllifin təkcə yeni yaradıcılıq layihəsi deyil, eyni zamanda ziyarətçinin həyatı, hissləri, əməlləri haqqında düşünməyə, reallığın sərt çərçivələrindən təcrid olunmağa, az da olsa fikirlərinin sərbəst uçuşlarını hiss etməyə çağırışdır.

 

Yanvarın 31-dək davam edəcək sərgidə sənətkarın 111 əl işi nümayiş edilir.

 

Qeyd edək ki, Əməkdar Artist Bəhram Bağırzadə həm də fotoqraf-rəssam kimi tanınır. O, artıq 10 ilə yaxındır ki, Bakının yüz il bundan öncə çəkilmiş şəkillərindən ibarət kolleksiya toplayır. İxtisasca teatr rejissoru olan B.Bağırzadə 1992-ci ildən karikatura çəkir. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !