1918-ci ilin qanlı hadisələri zamanı...yəhudilər də vəhşicəsinə qətlə yetirilmişlər. -

1918-ci ilin qanlı hadisələri zamanı...yəhudilər də vəhşicəsinə qətlə yetirilmişlər.

…Yüz ildən çoxdur ki, türk xalqları ifrat erməni millətçilərinin fiziki və mənəvi terrorundan, işğalçılıq və soyqırımı siyasətindən əziyyət çəkirlər.


 

 

 

Qonşu xalqlara qarşı ərazi iddialarına və bunun vasitəsi kimi seçdikləri etnik təmizləmə siyasətinə haqq qazandırmaq üçün ifrat erməni millətçiləri guya 1915-ci ildə Osmanlı Türkiyəsi tərəfindən soyqırımına məruz qaldıqları barədə uydurmalara istinad etməyə çalışırlar. Halbuki elmi həqiqətlərə sadiq qalan tədqiqatçı alimlər, o cümlədən Avropa alimləri tarixdə heç bir erməni soyqırımının baş vermədiyini çoxdan sübuta yetirmişlər. Qondarma “erməni soyqırımı” xəstə təxəyyülün məhsuludur və saxta sənədlərə əsaslanır. Bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlərin açılması, arzu edən hər kəsin, o cümlədən erməni alimlərinin və siyasətçilərinin XX əsrin əvvəlləri ilə bağlı tarixi sənədlərlə tanış olmağa dəvət edilməsi, lakin erməni tərəfinin sağlam elmi polemikadan imtina etməsi “erməni soyqırımı” uydurmasının ayaq tutmasına çalışanların iç üzünü açıb göstərir.

 

 

Əslində XIX əsrin sonlarından etibarən çar Rusiyasının gizli və açıq himayəsindən istifadə edən ifrat erməni millətçiləri müasir Türkiyə Respublikasının ərazisində və Cənubi Qafqazda kütləvi terror aktları və qırğınlar törədərək yüz minlərlə günahsız türkü və azərbaycanlını vəhşicəsinə qətlə yetirmiş, saysız-hesabsız yaşayış məntəqəsini viran qoymuş, qədim mədəniyyət abidələrini, qəbiristanları yerlə-yeksan etmiş, bu ərazidə türk varlığının bütün nişanələrini məhv etməyə çalışmışlar.

 

 

1905-1907-ci, 1918-1920-ci illərdə İrəvanda və Zəngəzurda (indiki Ermənistan Respublikası ərazisində), Tiflisdə, Azərbaycanın paytaxtı Bakıda, Azərbaycan şəhərlərindən Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada, Lənkəranda, habelə Qarabağda, Muğanda və digər yerlərdə, Birinci dünya müharibəsi illərində Şərqi Anadoluda – Ərzurumda, Karsda, Ərdəhanda, Adanada dinc əhaliyə amansızcasına divan tutulmuşdur. 1918-ci il mart ayının axırlarında təkcə Bakı şəhərində 30 mindən çox azərbaycanlı soyqırımının qurbanı olmuşdur.

 

 

Qeyd etmək lazımdır ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Oğuzda, Qubada və Azərbaycanın digər bölgələrində azərbaycanlılarla birlikdə, 3 minə qədər yəhudi də erməni quldur dəstələri tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir.

 

 

Erməni şovinistlərinin soyqırımı cinayətlərinin cəzasız qalması, bu cinayətlərə heç bir siyasi-hüquqi qiymət verilməməsi sovet hakimiyyəti dövründə də bizim xalqımıza qarşı düşmənçilik siyasəti yeridilməsinə gətirib çıxarmışdır. SSRİ rəhbərliyinin köməyi ilə Ermənistan SSR-in hakim dairələri 1948-1953-cü illərdə, habelə 1988-1989-cu illərdə Ermənistan ərazisindən yarım milyona yaxın azərbaycanlının deportasiya edilməsinə, yaxud qovulmasına nail olmuşlar. Zorakılıq hərəkətləri zamanı yüzlərlə azərbaycanlı etnik mənsubiyyətinə görə öldürülmüşdür.

 

Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağı ilhaq edib Ermənistana birləşdirmək niyyəti ilə 1988-ci ildə başlanan işğalçılıq müharibəsi və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunmuş, 1 milyondan çox azərbaycanlı doğma yurdlarından qovulub didərgin salınmış, 18 mindən çox azərbaycanlı qətlə yetirilmiş, 20 mindən çox dinc sakin yaralanmış, 50 mindən çox adam əlil olmuş, 4 mindən çox adam əsir və itkin düşmüş, girov götürülmüş, 877 şəhər, kənd və qəsəbə qarət edilmiş, dağıdılmış və yandırılmışdır.

 

 

İşğalçılıq müharibəsinin gedişində ifrat erməni millətçiləri azərbaycanlı əhaliyə qarşı dəhşətli soyqırımı cinayətləri törətmişlər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərindən 15-nin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilmişdir.

 

 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Respublikasının hərbi birləşmələri və Dağlıq Qarabağdakı erməni terrorçu dəstələri komanda heyətinin əsas hissəsi milliyyətcə erməni olan keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək bəşər tarixində ən böyük müsibətlərdən biri olan müdhiş soyqırımı aktı törətmişlər. Heç bir hərbi zərurət olmadan Xocalı şəhəri tamamilə yandırılmış və məhv edilmiş, 613 nəfər dinc azərbaycanlı, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə öldürülmüş, 487 nəfər şikəst edilmiş, 1275 sakin – qocalar, uşaqlar, qadınlar girov götürülərək ağlasığmaz təhqirlərə, zülmə və həqarətə məruz qalmışlar.

 

 

Mühasirədən çıxıb xilas olmağa çalışan dinc sakinləri yollarda, meşələrdə pusqu quran erməni hərbçiləri xüsusi amansızlıqla qətlə yetirmişlər. Erməni hərbçiləri vəhşicəsinə öldürdükləri insanların başlarının dərisini soymuş, müxtəlif əzalarını kəsmiş, körpə uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarınlarını yarmış, adamları diri-diri torpağa basdırmış və ya yandırmışlar.

 

 

Xocalı şəhərində və azərbaycanlıların digər yaşayış məntəqələrində törədilmiş qanlı cinayətlərin xarakteri və miqyası bu soyqırımı aktlarının BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyada ifadə olunmuş tərifə tam uyğun gəldiyini sübut edir. Qabaqcadan planlaşdırılmış bu kütləvi və amansız qırğın aktları həmin ərazidə yaşayan insanları məhz azərbaycanlı olduqlarına görə tamamilə məhv etmək niyyəti ilə törədilmişdir. Azərbaycanın işğal edilmiş digər şəhər və kəndlərinin sakinləri soyqırımından yalnız yaşayış məntəqələrini erməni hərbi birləşmələrinin hücumu ərəfəsində tərk etmələri sayəsində xilas ola bilmişlər.

 

 

Azərbaycan erməni terrorizminin hədəfinə çevrilmişdir. Ermənistanın ölkəmizə təcavüzünün başlandığı vaxtdan erməni terrorçu təşkilatları Azərbaycana qarşı 32 terror aktı törətmişlər. Bu terror aktlarının birbaşa nəticəsi kimi 2 mindən çox Azərbaycan vətəndaşı həlak olmuş, on minlərlə adam yaralanmışdır.

 

 

Son yüz ildən artıq dövrdə ifrat erməni millətçilərinin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin qurbanı olmuş günahsız insanların xatirəsinə ehtiram əlaməti olaraq hazırda bizim ölkəmizdə 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Azərbaycan Respublikasının Milli Məclisi bu məsələ ilə əlaqədar dəfələrlə xüsusi bəyanatlar və müraciətlər qəbul etmiş, beynəlxalq təşkilatlardan, dünya ölkələrinin parlamentlərindən və hökumətlərindən XIX-XX əsrlərdə erməni millətçiliyinin və onun havadarlarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı cinayətlərini tanımağı, gələcəkdə bu cür cinayətlərin cəzasız qalmasının qarşısını almaqdan ötrü təsirli beynəlxalq hüquq mexanizmlərinin yaradılması işini tezliklə başa çatdırmağı, azərbaycanlılara qarşı yeni soyqırımı cinayətlərinə yol verilməməsi üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla ədalətli həllinə kömək göstərməyi xahiş etmişdir…

 

 

Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il 13 oktyabr tarixli iclasında qəbul edilmiş bəyanatından 

 

1905.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !