Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək -

Tofiq Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək

Yanvarın 30-da saat 19:00-da Akademik Milli Dram Teatrında
Azərbaycanın görkəmli teatr rejissoru və pedaqoqu, xalq artisti Tofiq
Kazımovun 95 illik yubileyinə həsr olunan tədbir keçiriləcək. Teatrın
mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə görkəmli
rejissorun həyat və fəaliyyətindən, Azərbaycan teatrının, rejissor
sənətinin inkişafındakı xidmətlərindən danışılacaq. 1964-cü ildən
1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində
çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar
yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol
oynayıb. Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması,
inkişafı və formalaşması Tofiq Kazımovun adı ilə bağlıdır.

 

Tofiq Kazımov 14 yanvar 1923-cü il Bakıda doğulub və yeddiillik
təhsilini burada alaraq teatr məktəbini bitirib (1939-1942). Böyük
Vətən müharibəsində iştirak edib.

 

Sağlam yenilik və müasirlik ruhuna malik olan Tofiq Kazımovun Akademik
Milli Dram teatrında baş rejissor kimi Şekspirin "Hamlet", İlyas
Əfəndiyevin "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş
gündəliklər", Cəlil Məmmədquluzadənin "Ölülər", Cəfər Cabbarlının
"Aydın", Məmməd Səid Ordubadinin "Qılınc və qələm", Əbdürrəhim bəy
Haqverdiyevin "Pəri cadu” və s. əsərləri tamaşaya hazırlayıb.

 

Tədbirdən sonra Tofiq Kazımovun xatirəsinə həsr olunan “Ölülər”
tamaşası təqdim olunacaq.

 

Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı
ikihissəli komediya-tamaşa teatrın direktoru və bədii rəhbəri, xalq
artisti Azər Paşa Nemətovun quruluşu əsasında səhnələşdirilib. Səhnə
əsərinin rejissorları isə gənc rejissorlar Anar Sadıqov və Əlif
Cahangirlidir.

 

Tamaşada görkəmli bəstəkar, SSRİ xalq artisti Qara Qarayevin “Ölülər”
əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunacaq.

 

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə
əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.

 

“Ölülər”in Şeyx Nəsrullahı xalq artisti Nurəddin Mehdixanlı, Kefli
İsgəndəri isə əməkdar artist Anar Heybətovdur.

 

Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq
Əzimov, Hacı İsmayılov, Əməkdar artistlər Aslan Şirin, Elşən
Cəbrayılov, Əli Nur, Sabir Məmmədov, Elxan Quliyev, Məzahir Cəlilov,
Kazım Həsənquliyev, Mirzə Ağabəyli, Əjdər Həmidov, aktyorlar Elçin
Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur
Qədirov, Rüstəm Rüstəmov, Xədicə Novruzlu, Ləman İmanova, Rada
Nəsibova məharətlə canlandırırlar.

Xronometrajı 130 dəqiqə olan səhnə əsərində rəsmlərin quruluşu Azər
Paşa Nemətə məxsusdur.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !