Lənkəranda qanlı olaylar -

Lənkəranda qanlı olaylar

Tarixən məlumdur ki, illərlə azərbaycanlılara qarşı soyqırımı həyata keçirən ermənilər müxtəlif vasitələrlə Lənkəranda yurd-yuva salmaq üçün həm rus, həm də İrandakı havadarlarından dəstək almışlar. Firudin Nurullabəyli “Mirmustafa xan” kitabında tarixi mənbələrə əsaslanaraq yazır:

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Nadir şah Muğandakı qurultayda Azərbaycanın tanınmış feodallarını qəbul edir.
Həmin toplantıda Qarabağdan olan hiyləgər ermənilər – erməni başbilənlərindən Şahnazar, Yeqan və başqaları da iştirak edirdilər. Onlar Nadir şahın qərargahına yaxınlaşarkən sürünə-sürünə (!) gəlmiş, özləri ilə hədiyyə kimi “axçilərini” gətirərək onun ixtiyarına vermiş, bunun müqabilində isə Nadir şah Azərbaycanın gələcəyi üçün ən böyük bəlanın əsasını qoymuş, yəni onlara məliklik hüququ verməklə Azərbaycan üçün fəlakətin bünövrəsini atmışdı. Həmin toplantıda Talışın tanınmış adamı müdrik Seyid Mir Abbas (Lənkəran hakimi) da iştirak edirdi. Hətta Nadirin hərbi hissəsində xidmət etmək üçün oğlu Qara xanı (sonradan Lənkəran xanı) və 300 nəfərə kimi döyüşçünü gətirmişdi. Seyid Mir Abbas bu yolla Nadirin Lənkəranda talançılığının qarşısını ala bilmişdi. Ermənilər şahdan belə bir xahiş edirlər ki, Lənkəranda da onların yaşamasına imkan yaratsın. Onda Seyid Mir Abbas cəsarətlə şaha deyir ki, ermənilərin burada yaşaması mümkün deyildir. Çünki bu diyarın hər hissəsində seyidlərin, peyğəmbər nəslindən olanların qəbirləri-ocaqları var. Bu zaman Nadir şah münşisindən: “Belədirmi?” – deyə soruşur. Münşi Seyid Mir Abbasın fikrini təsdiq edir və Nadir şah ermənilərə: “Bu diyarda sizin yaşamağınız qeyri-mümkündür”, – cavabını verir”.

 

 

Yaddaşlardan silinməyən xatirələrdən öyrənirik ki, o dövrdə, xüsusən cavanlar arasında bəxt sınamaq üçün tapançadan istifadə etmək adəti mövcud olmuşdur. “Dikaya diviziya”nın tərkibində hərbi qulluqda olan məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu zabit Məhəmməd də bəxtini sınamaqdan ötrü tapançanı gicgahına dayayaraq tətiyi çəkir. Açılan güllə Məhəmmədin dünyasını dəyişməsinə səbəb olur. Dərhal ermənilərin məkrli şayiələri aranı qarışdırır. Məhəmmədin ölümündə bölgədə yaşayan molokanların guya əli olduğunu söyləməklə milli qırğına zəmin yaradırlar. Hətta qabaqcadan müsəlman icmalarından bütün silah-sursatlar yığışdırılmış, əliyalın, köməksiz insanlara hücum etmək, qətliam həyata keçirməkdən ötrü planlar qurulmuşdu. Qırğına Bakıdan start verilir. Belə ki, Tağıyevin oğlunun dəfn mərasimində iştirak edən “Dikaya diviziya”nın müsəlman korpusunun zabit və əsgərləri “Evelina” gəmisində erməni-daşnak-bolşevik qüvvələri tərəfindən tərksilah olunurlar. M.Ə.Rəsulzadənin N.Nərimanovun vasitəçiliyi ilə Bakı Sovetinin rəhbərlərindən olan S.Şaumyan və A.Caparidze ilə danışıqları yekunlaşmamış şəhərdə güllə səsləri eşidilir.

 

 

Artıq Bakı və ətraf kəndlərdə çoxlu müsəlmanın öldürülməsi məqsədə çevrilmişdi. Belə bir zamanda Lənkəran bölgəsinə silah-sursat dolu “Aleksandr Jander” və “Avetisov” adlı gəmilər yaxınlaşır. Sahildən yaxın kəndlər – Qızılağacdan başlayaraq Astaraya qədərki ərazi, o cümlədən Lənkəran şəhəri top atəşlərinə tutulur. Qırılanların, ölənlərin sayı-hesabı olmur. Binalar, məscidlər dağıdılır. Az sonra çoxsaylı silahlı dəstələr şəhərə və yaxın kəndlərə doluşur, insanları qanına qəltan edirlər. Prezident təqaüdçüsü Hacı Mirhaşım Talışlı 1918-ci il Lənkəran faciələrindən söz açarkən həmin illərin canlı şahidlərindən pedaqoji məktəbin ilk direktoru işləmiş Teymur Şahverdiyevin aşağıdakı xatirələrini misal çəkmişdir: “1918-ci ilin mart ayı idi. Kolazla (qayıqla) Sütəmurdova gedirdim. Körpü hələ çəkilməmişdi. Su qırmızıya çalırdı. Diqqət verib gördüm ki, insan qanıdır. Suda xeyli cəsəd vardı. Papaqlarından müəyyən etdim ki, öldürülənlər dağ adamlarıdır”.

 

 

Lənkəranın Sütəmurdov, Gərmətük, Mamusta, Girdəni və digər kəndlərində törədilən soyqırımları haqqında həyəcansız danışmaq olmur. Sütəmurdov kəndində quldurlarla açıq şəkildə qeyri-bərabər döyüşdə çətinliklərlə üzləşən elin qoçaq oğul və qızları, eləcə də İrandan, Lerikdən olan müxtəlif qaçaq dəstələri şevkunovçuları ara-sıra cəzalandırır, onların cavabını verməyə çalışırdılar. Bunu əsas gətirən Şevkunov və onun müsəlman qanına susamış qüvvələri kənddə əsl qarətə, qeyrətə sığmayan əməllərə yol verirlər. Bu faktlar bir deyil, beş deyil, yüzlərlədir. Törədilən cinayətlər insanları sarsıdır. Kəndin ağsaqqallarından ibarət 13 nəfərlik bir heyət danışıq üçün Şevkunovun yanına gedərək xahiş edirlər ki, kənddə qaçaq yoxdur, atəşi, qətl-qarəti dayandırın. 13 ixtiyar qocanı girov saxlayan Şevkunov vəziyyəti öyrənmək üçün 3 nəfər əsgərini kəşfiyyat üçün kəndə göndərir. Əsgərlər vəziyyəti öyrənmək əvəzinə kənddə nalayiq işlərlə məşğul olduğundan gözlənilmədən bura gəlib çıxan lerikli Qaçaq Şahverənin dəstəsindən olan silahlı şəxslərin atəşinə məruz qalırlar. Bir nəfər canını qurtarır və Şevkunova bu haqda məlumat verir. Hiddətlənən Şevkunov həmin 13 ağsaqqalı qolubağlı şəkildə şəhərlə kəndi ayıran çayın dəhnəsinə apararaq qılıncla başlarını kəsdirir, sonra isə bədənlərini doğratdırır. Hamısını bir yerdə basdırır. Bir neçə gündən sonra itlərin o ətrafda ulaşdığını görən kənd camaatı meyitləri oradan çıxararaq kənd qəbiristanlığında dəfn edir.

 

 

Denikinçilər və ermənilər Mamusta kəndində həftə ərzində 23 nəfəri qətlə yetirirlər. 8 nəfər mamustalını tövləyə salaraq diri-diri yandırırlar. Həmin qanlı faciələrin canlı şahidi olan 94 yaşlı Cavahir nənənin dediyinə görə, “ruslar və ermənilər bütün kəndə doluşmuşdular. Hər tərəfdən ağlaşma, fəryad səsləri eşidilirdi. Bizim evə də onlardan 3 nəfər gələrək pəncərəni bərk-bərk döydülər. Mən təzə gəlin idim. Evimiz böyük olduğundan çəltik dərzlərini evdə saxlayırdıq. Odur ki, tez ərimi çəltik tayasının altında gizlətdim. Onu tapmayanda məni zorla özləri ilə apardılar.Yolda mənim kimi çoxlu əsirlər dəstəsi yarandı. Tutulanlardan biri yavaşca mənə qaçmağı təklif etdi. Mən ayağımı dəyirman arxının üstünə qoyaraq ora yıxıldım və su ilə üzüaşağı getdim. Onlar ardımca nə qədər güllə atsalar da, mənə dəymədi. Tutulan 8 nəfəri kəndin ortasında qətlə yetirdilər.
Uşaqlara, qadınlara, qocalara rəhm etməyən ermənilər qaynar samovarı adamların belinə bağlayır, yeriməyə məcbur edirdilər. Təkcə iki gün ərzində Gərmətükdə 7 nəfər öldürürlər”.

 

 

Rayonun Girdəni kəndinin yaxınlığından keçən Ləkər çayı ətrafında şevkunovçular qaçaqları bəhanə edib bütün kəndi top atəşinə tuturlar, cavanları Ləkər körpüsünün üstündə qətlə yetirirlər.

 

 

Soyqırımının Lənkəran səhifələri bununla bitmir. Lənkəranda qanlı olaylar 1919-cu ilin avqustuna kimi davam etmişdir. Nəhayət, tanınmış yerli ziyalılardan Teymur bəy Bayraməlibəyov Lənkəran camaatının adından elçi kimi Bakıdakı türk qoşunlarının komandanı Nuru paşanın yanına gedir və kömək istəyir. Yalnız türk sərkərdəsi Camal paşanın Lənkərana gəlişindən sonra vəziyyət qismən normallaşır.

 

 

Teymur bəyin kiçik qardaşı İsmayıl bəyin xatirələrindən öyrənirik ki, 1919-cu ildə milli hökumət tərəfindən Lənkərana qubernator təyin edilən C.Məlikyeqanova hərəkətlərinə görə M.Bayraməlibəyova rus dilində kəskin bir məktub yazaraq “Biz də erməni daşnakları kimi hərəkətlərmi etməliyik?!” deyə etirazını bildirir, qubernatordan humanist olmasını tələb edir. Həmin məktubdan təsirlənən qubernator böyük bir gül dəstəsi ilə Məryəm xanımın evinə gəlir, ondan üzr istəyir, buradan da onların taleləri birləşir. Məryəm xanıma böyük ehtiramıma rəğmən, deməliyəm ki, erməni cinayətləri unudula bilməz. Son hadisələr, Qarabağ münaqişəsi bunu bir daha sübut edir. Prezident İlham Əliyevin “Ermənistan əsgərinin Azərbaycan torpağında nə işi var?” sözləri hədəflərimizi çox düzgün müəyyənləşdirir.

 

 

 

Yədulla AĞAZADƏ,

Lənkəran Dövlət Universitetinin kafedra müdiri

24.04.2015

“Azərbaycan” qəzeti 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !